İcra başçısının aparıcı sevgilisi, sauna müğənnisi və Tezik - HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

İcra başçısının aparıcı sevgilisi, sauna müğənnisi və Tezik - HƏFTƏBECƏR

Geridə qalan həftə də Azərbaycanın şou gündəmində maraqlı hadisələrlə yadda qalıb. Şou aləminin bu HƏFTƏ BECƏRdiklərini diqqətinizə çatıdırırıq.

Müğənni Musa Musayev yenə qılıncı alıb əlinə, başlayıb qardaşı Cabbar Musayevi “qılınclamağa”. Deyib ki, Cabbarı gənc yaşlarımdan dindirmirəm, həmişə də küsülü olmuşuq. Sən demə, qardaşların niyə küsülü olduğunu da ancaq ailələri bilirmiş. Uzun sözün qısası, Musa Musayev həyat yoldaşı Təranə Qumralın “Instagram” profilindən qardaşını rüsvayi-cahan edib:

“Küsülü olmağımızın səbəbi Təranə deyildi. Əksinə, Cabbar həmişə ailəmizi dağıtmaq istəyib. Amma Təranənin ağlına qurban olum, ona görə şükür, ailəmiz dağılmayıb. Nazənini öyrədərək, dəfələrlə mənim ailəmdə dava salıblar. Onun üzündəki maskanı çıxardacam, onda biləcəksiniz ki, o, hansı xalq artistinin evini yıxıb, arvadını analıqdan məhrum etdirib. O, elə indi də ev yıxmaqla məşğuldur. Xalq məni qınasa da, illərlə saxladığım sirləri açıb-tökəcəm".

Amma şəxsi qənaətimə görə, Musa müəllim tezliklə özünə şəxsi “Instagram” profili açmalıdır. Çünki yaxın gələcəkdə bu cür statusların tez-tez yazılacağı gözləniləndir. Ancaq Təranə Qumral da yetərincə ağıllı qadındır. Musa müəllimin statuslarını “rastamoşka” etməmiş ictimaiyyətə təqdim etməz…

Müğənni Xatun isə Zaur Kamalı şayiələrə inanmaqda ittiham edib. Teleaparıcı müğənnidən soruşub ki, eşitdim, ərə getmisən? Xatun da qınaq dolu nəzərlərlə aparıcıya baxıb və deyib:

“Şayiədir. İnanırsız?! Mən bir dəfə ərdə olmuşam. İkinci dəfə ailə qurmaq haqqında düşünmürəm. Ərə getsəydim, toy edərdim. Dostlarımı başıma yığardım".

Rəhmətliyin nəvəsi, elə də qəribə reaksiya verirsən ki, guya müğənninin ikinci dəfə ərə getməyi “zapadlo”dur. Belə də ki, Azərbaycanda bir dəfə ərə gedən müğənniyə birtəhər baxırlar. Müğənni ki həftənin bu başı nişanlanıb, o biri başı ərə gedib, növbəti həftənin bazar ertəsi boşanma xəbərini “Instagram” səhifəsindən paylaşmadısa, mən onu ciddiyə almaram. Hələ müğənnini qoyaq bir kənara, “Bacanaqlar” serialının “Esya”sı model Esmira cəmi səkkiz günün gəlini oldu. Bax, əsl şou-biznes budur. İndi oğul istəyirəm bu rekordun qabağına rekord çıxara. Səkkiz gün e… Deməli, kimsə bu rekordu qırmaq istəsə, uzağı yeddi gün ərdə olmalıdır. Artıq səkkizinci gün rekord sayılmayacaq.

Günel Hümbətova adlı bir teleaparıcımız var. Deyilənə görə, əliaşağıdır, “Range Rover” maşınını lap ucuz qiymətə satır. Təki bütün əliaşağı olanların satmağa, heç olmasa, “Range Rover”i olsun.

“Yeni ulduz” İlhamə Qasımova da həmkarlarının paxırlarını açıb. Deyib ki, müğənnilər “filan əşyanı bir milyona aldım” deyirlərsə, bilin ki, öskürəyə basırlar – yəni boş-boş söhbətlərdi:

“Mən heç vaxt 10 min manata paltar almaram. Düzdür, bahalı çantam var. Amma mənə onları hədiyyə edirlər, özüm pul vermirəm. Mən sadəliyimlə çox həmkarlarımdan fərqlənirəm. Bizim şou-biznes nümayəndələrimiz pafosu xoşlayırlar”.

İlhamə Qasımova düz deyir, çox sadə xanımdır, toylara getmir, hay-küydən uzaqdır. Hədiyyə çantaları gəlir, bahalı maşını var, vəssalam da. Hamısı sağlığına qismət…

Xatirə İslam isə durub-durub elə adamla qalmaqal edib ki, yatsan, yuxuna girməz. Xanəndə Elnarə Abdullayevanın bir neçə gün öncə verilişlərin birində müğənnilər haqda dediyi sözlər Xatirəni bərk əsəbiləşdirib. Elnarənin dediklərini qısaca xatırlatmaq yerinə düşür:

“Mən müğənni qızı almaram, qızımı da oxuyana vermərəm. O qədər şeylər görürəm ki, dəli oluram. İnsan bu qədər xaraktersiz olar? Qadın necə bəzi pis hərəkətlərə yol verə bilər? Mən özüm də bu sənətə gəlməyimə peşmanam”.

Xatirə də deyib ki, Elnarə bu fikirləri camaata xoş getmək üçün deyib:

“Siz bir-birinizə belə deyəndə, sizə adi insanlar görün hansı gözlə baxır. Mən kim olursa olsun, o cür danışan adamlara salam da vermirəm. Ümumiyyətlə, müğənni həmkarına hörmət etməyəndə mən o ifaçıya düşmən ola bilərəm. Bizim sənətə nə olub ki? Özünüzə qiymət qoyun, danışığınıza fikir verin. Toyda da həmin qadının özünə dedim ki, sən düzgün hərəkət eləmədin. Mən şəxsən o xanımın danışığına görə ərimin yanında utandım”.


Elnarə xanım, sizə lazım idi ki, Xatirə dediklərinizə görə ərinin yanında utansın? Kimsə sizə eynisini etsəydi, xoşunuza gələrdi? Qız sizin, oğul da sizin. Nə verməyin, nə də almayın. Daha bunu camaata car çəkməyin nə adı var idi? Guya camaat bilmir ki, adicə şou proqrama düşmək üçün müğənnilər (bəzilərini çıxmaq şərtilə - İ.V) hansı dizlərin üstündən keçirlər? Guya camaat görmür ki, sevgilisiylə istirahət etdiyi saunadan çıxıb, saçını qurulayandan sonra ərinin maşınıyla efirə gəlib “namus-qeyrət dərsi” keçən müğənnilər var? Şəxsən mən sizin gözünüzü yumub oxumağınızı çox bəyənirəm. Hiss edirəm ki, oxuyanda sözün yaxşı mənasında özünüzdə olmursunuz. Amma mənə elə gəldi ki, bu çıxışınız da oxumaq ab-havasında olub. O ki qaldı Xatirənin iradlarına, o da öz aləmində haqlıdır…

Doğuş-Xoşqədəm söhbəti hələ də aktualdır. Cütlük İstanbula gedib. Orada şam yeməyinə çıxan təzə bəy və təzə gəlini qardaş ölkədən olan həmkarlarımız eninə, uzununa, sağına, soluna çəkiblər. Sonra Doğuş sualları cavablandırıb. Deyib ki, vaxtının çox hissəsini Bakıda keçirir. “Bakı gözəl şəhər, mehriban diyar”… Hə, sonra da deyib ki, həyat yoldaşımın işləri çoxdur:

“Hətta bal ayına gedə bilmədik. Toydan sonra Bakıya getdik, səhəri gün məni qoyub işinin arxasınca yollandı. Bu gün gəldim, səhər xanım gedir, belə şey olar (gülür)? Məhərrəmlik ayı bitsin, özümüzə böyük toy edəcəyik”.

Bıııyy, böyük toy? Bəs şəkilləri yayılan böyük toy deyilmiş? Bu söhbəti ya bizim saytlar düzgün tərcümə etməyiblər, ya da ortada “əmma” var. Qardaş, təmtəraqlı, dəbdəbəli, bahalı toy olar, amma böyük toy bir az başqa məsələdir. Onda belə çıxır ki, birinci toyunuz kiçik toy idi? Əşşi belə də ki, mənim nəyimə lazım, özləri bilərlər. Keçək növbəti söhbətə…

Müğənni Rəqsanə İsmayılova qızı Aysunla türk müğənni Ozanın arasında olan münasibətdən danışıb. Ozanla Aysunun sevgili olmaqları barədə şayiələri nə yalanlayıb, nə də təsdiq edib.

"Ozan mənim evimin içinə gəlib-gedən adamdır. Aysun Ozanı çox istəyir. Vallah gələcəkdə aralarında nəsə olacağı barədə heç nə deyə bilmərəm. Qismət... Amma Aysun bu dəqiqə ərə getmək istəmir, karyerası barədə düşünür. Gələcəkdə özü necə istəsə, qızım nə qərar versə, valideyni kimi həmişə yanındayam, dəstəyəm”.

Laap torbadakı pələngə oxşayır… Amma o qismət söhbətini başa düşmədim. Əgər Ozanla Aysun evlənsələr, bu, o anlama gəlir ki, gənc müğənni yüz faiz Doğuşun yoluyla gedir, onun fanatıdır. ..

Aparıcı Afaq Gəncəlinin tədbirlərin birində taxdığı boyunbağı söz-söhbətə səbəb olub. “AG” hərflərindən ibarət boyunbağı ilə bağlı sualları cavablandıran aparıcı deyib ki, zinət əşyasını dəyər verdiyi bir şəxs hədiyyə edib. Camaat da bunu yozub ki, guya həmin şəxs Afaq xanımın sevgilisidir.

“Dəyər verdiyim insan mənim qohumum, dostum, ailəm ola bilməz? İnsan “dəyər verirəm” deyəndə sevgili nəzərdə tutur? “AG” – Afaq Gəncəli. Öz ad və soyadımın baş hərfləridir. Mənim həyatımda sevgi mənasında heç bir insan yoxdur. Məni ucuz piar etməsinlər. Mən nə müğənni, nə də aktrisayam. Belə reklamlara ehtiyacım yoxdur. Bunu isə doğma, yaxın bildiyim dost hədiyyə edib”.

Doğrudan da, bizim jurnalistlər bekarçılıqdan əziyyət çəkirlər. Ay balam, niyə gedib icra başçısıyla sevgi macərası yaşayan xanım teleaparıcılardan yazmırsınız? Kim olduğunu bilmirsinizsə, müraciət edin, deyim. Hələ başçının həmin aparıcıya nələr aldıqlarını da açıqlayım…

Namiq Qaraçuxurlu düz 5 ildir evlənmək istəyir, evlənə bilmir. Hər dəfə ya kimsə rəhmətə gedir, ya Məhərrəm ayı olur, ya yaradıcılıq məsələləri…Amma bu dəfə dəqiq söhbətdir. Meyxanaçı Məhərrəm ayı çıxan kimi evlənəcək…

Gənc müğənni Aysel Əlizadə isə deyib ki, bir otaq paltarım var, amma kirayədə qalıram. Buna deyirlər, atı almamış yəhər almaq…

Almaz Ələsgərovanın “Səs verməyin” verilişində başına gələnlərdən sonra daha maraqlı və rəngli açıqlamalar verəcəyini düşünürdüm. Amma ta beləsini yox. Əməkdar artist itlərinin toyunu görmək arzusundadır:

“Çapa və Tezik adlı iki itim var. Həmişə Çapaya deyirəm ki, fikir eləmə, sənin üçün də bir qız tapılar. Əgər kimsə eşidir, ya görürsə, bildirim ki, oğullarıma qız axtarıram. Mənim də oğlum evlənməlidir".

Əsas Tezikdi, Tezik. Deyirəm, görəsən Tezik divarın bu üzündə ayağını bir balaca yuxarı qaldırıb, o məsələni eləyəndə, Almaz xanımın qonşularının divarı nəm çəkmir ki?..

Xatirə İslamla bağlı daha bir xəbərimiz var. Xatirənin həmkarı Rüfət Axundovla səyahətə çıxmağı bu iki sənətçinin sevgili olmasıyla bağlı söz-söhbətlərin yaranmağına səbəb olub. İslam Rzayevin sonbeşik tələbəsi də sosial şəbəkədəki profilindən şayiəni yayanlara yarıtəhqir, yarıtənqid dolu cavab verib:

“Şəklimin altında “qatıqlayan” səviyyəsizlər, ailəm məni Rüfətə qısqanmaz. Ağıllı olun! Rüfəti tanıyanda mənim 7 yaşım var idi. Görün, nə qədər bədbəxtsiniz ki, dostluğun dəyərini anlamırsınız. Dost olmağı bacarmırsınız. Məni bəyənməyən insan profilimdən rədd olsun”…

Məndən olsaydı, indi verəcəyim xəbərləri həftənin şou gündəminin manşeti kimi təqdim edərdim. Deməli, müğənni Samir Bağırov Ukraynada hərbi xidmətdə olubmuş. Deyirəm, əsgər yoldaşlarının maraqlı xatirələri olar… Röya Ayxan isə 2004-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil olub və təhsilini bitirib.

Əməkdar artist Elza Seydicahanın isə villada yaşayanlara yazığı gəlirmiş. Elə mənim də. İnanın ki, hər dəfə o villaların qarşısından keçəndə həmin villada yaşayanların taleyinə acımışam…Hayıf deyil fevral ayında günün günorta çağı yorğana bürünüb televizora baxmaq. Tutaq ki, yaxşı bir konsertə baxırsan, hava da bərk soyuqdur, adəti üzrə yorğana bürünüb ailəvi oturmusan televizorun qabağında. Adam nə təhər üşüyürsə, dişləri bir-birinə dəyir, ansambldakı nağaraçalanla bəhsə girirsən. Villada yaşayanlar belə şeylərin ləzzətini bilməzlər. Dişlərin şaqqıltısı ilə ritm tutmağın "kayf"ı başqadır.

Keçən dəfə də qonşuluqdakı bir villanın qarşısından keçirəm. Elə keçə-keçə qəhər məni nətəhər boğdusa, başladım hönkürüb ağlamağa. Hönkürtümə villanın həyətindəki Doberman iti diksindi. Əvvəlcə elə bildim ki, yaxınlıqdan “elektriçka”-zad keçir. Çünki nəsə silkələnmə oldu. Sonra başa düşdüm ki, it hasardan tullanıb məni parçalamaq istəyirmiş. Amma məsafəni düzgün hesablamadığına görə səkkizmetrlik divarın altıca metrindəcə qəzaya uğrayıb. Keçmiş olsun!..

Elza xanımdan birini də yazım, sağollaşaq. Srağagün oxudum ki, Elza Seyidcahan milli futbol komandamızın oyunçusu Mahir Şükürovun şəkillərinin altında xoş sözlər yazır, ürək şəkilləri düzür. Hələ deyilənə görə, sevgiliymişlər. Həmkarlarımız əməkdar artistə zəng vurublar. O da ikibaşlı cavab verib ki, tanışlığımız var, aramız pis deyil. Sonra da deyib ki, amma bu o demək deyil ki, aramızda nəsə var.

Norveçlə dünənki oyundan sonra Mahirdən bu barədə soruşacaqdım. İntəhası, hesab elə oldu ki, oyundan sonra üzümə oyunun biletini tutub çıxdım ki, norveçli azarkeşlər görməsin.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm