Leyla: “Məni Braziliya qızlarına bənzədirlər”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Leyla: “Məni Braziliya qızlarına bənzədirlər”- FOTOLAR

Şou-biznes aləmində olsa da, hər zaman özünü dedi-qodu, qalmaqallardan uzaq tutur. Buna sadəcə, əsas vermir. Bəzi həmkarları kimi həftə səkkiz, mən doqquz, açıq-saçıq geyimlərdə fotolar çəkdirib sosial şəbəkələrdə paylaşmır. Özünəməxsus ifa tərzi və publikası var. Leyladan danışıram. Çoxlarının braziliyalı qızlara bənzətdikləri azərbaycanlı müğənni, kliplərini yalnız bacısı Xavərə etibar edən cazibədar, eyni zamanda, punktuallığı ilə məni təəccübləndirən Leyla Ramazanlıdan. Bəlkə də, yeganə müğənni idi ki, görüş yerinə vədələşdiyimiz vaxtdan bir neçə dəqiqə tez gəlmişdi.

- Leyla, adətən, müğənnilərimizin əksəriyyəti fotoqrafımızın kamerasına açıq-saçıq geyimlərdə poza verirlər. Belə daha cazibədar göründüklərini zənn edirlər. Amma alışdığımız kimi, sən bu dəfə də qapalı geyimdəsən… Bəlkə, soyuq havanı nəzərə almısan, ona görə?

- Havadan asılı olmayaraq hər zaman geyimimə nəzarət etmişəm. Heç vaxt açıq-saçıq geyimlərdə olmamışam.

- Xasiyyətcə beləsən, yoxsa şou-biznes aləmində olduğun üçün ehtiyatlanırsan?

- Əslində, mən özümü tam olaraq şou-biznes aləmində görmürəm. Amma o ki qaldı geyimə, bu, insanın xarakteri ilə bağlıdır. Mən həmişə belə olmuşam. Açıq-saçıq geyinən insanlara da münasibətim normaldır. Sadəcə, mən səhnədə də olsa, açıq-saçıqlığa üstünlük verməmişəm, bu açıq-saçıqlığı, düşünürəm, daha başqa maraqlı nələrləsə əvəzləmək olar.

- Məsələn?

- İfa tərzi və musiqilərdəki rəngarəngliklə.

- Maraqlıdır ki, indiyə qədər sənin haqqında şayiələr də eşidilməyib. Buna necə nail olursan?

- Bu, insanın həyat tərzindən asılıdır. Mən xaraktercə qapalı insanam, böyük çevrəm yoxdur. Dostum da, rəfiqəm də ailəmin içində olan insanlardır. Eyni zamanda, düzgün həyat tərzi yaşayan insanlardanam. Fərqi yoxdur, müğənni olsun, həkim olsun, ya başqa peşə sahibi, normal həyat tərzi keçirirsə, heç vaxt onun barəsində xoşagəlməz şayiələr yayıla bilməz.

- İçərisində olduğun şou-biznesdə səni daha çox nə qıcıqlandırır?

- Həmişə istəyirəm ki, müğənnilər bir-birlərinə dəyər versinlər. Dedi-qodu, qalmaqalların olmasını istəmirəm. Söz yox ki, yalnız müğənnilər arasında deyil, istənilən peşə sahibləri arasında bu dedi-qodular, paxıllıqlar var. Müğənnilər üzdə olduqları üçün barələrində daha çox dedi-qodu yayılır. Burda sosial şəbəkələrin də rolu böyükdür. Bir də görürsən, hansısa müğənni barəsində mənfi rəy yazırlar. Hansısa müğənni əldə edə bilmədiyi uğuru başqasında görəndə, onu həzm edə bilmir. Başlayır onun haqqında xoşagəlməz rəylər yazmağa. Həmin insan içində olan aqressiyanı şərhlərə tökərək acığını soyutmağa çalışır. Təbii ki, bunu hamıya şamil etmək olmaz. Hesab edirəm ki, bu, düzgün deyil. İnsan başqasının uğuruna sevinməyi bacarmalıdır.

- Gənc xanımsan, mənə çox maraqlıdır, ailənizdə sənə hər hansı qadağalar qoyulur?

- Ailəmizdə qadağalar yoxdur, sadəcə, mən gözümü açandan bilirəm ki, nə olar, nə olmaz. Müğənni olsam da, olmasam da, ailəmizin müəyyən qayda-qanunları var. Hesab edirəm ki, hər ailədə belədir, o cümlədən də bizdə.

- Gənc, cazibədar qızsan. Təbii ki, tanış olmaq istəyənlər də çoxdur. Sevənlərin sevgilərini sənə hansı formada və harada etiraf edirlər?

- İstər xanım olsun, istər də kişi, pərəstişkarlarımın dilindən xoş söz eşitmək məni sevindirir. Amma sevgi elan edən oğlanları yaxına buraxmağı sevmirəm. Təbii ki, zamanı çatanda mən də ailə quracağam, amma hələ ki, bəyəndiyim adam yoxdur.

- Yəni, ağ atlı şahzadə, hələ ki gəlib çıxmayıb?

- Hə…

- Leylanın o ağ atlı şahzadəsinin obrazı necədlir, görəsən?

- Xarici görünüşə o qədər də önəm verən insan deyiləm. Mənim üçün daxili mədəniyyət çox vacibdir. Onun xarakteri, dünyagörüşü, mədəniyyəti ailəmlə tam uyğun gəlməlidir.

- Ay Leyla, birdən üst-üstə düşmədi. Bu sevgi, türklər demişkən, bir “tutqu”du. Vuruldun və heç nə gözünə görünmədi…

- Bu gün onsuz da insanlarda Leyli-Məcnun sevgisi qalmayıb. Mən kimisə sevsəm, yəqin ki, onun daxili gözəlliyinə vurulub sevəcəyəm.

- Səncə, niyə bu gün Leyli-Məcnun sevgisi yoxdur?

- Çünki dəyərlər çox adiləşib. Mobil dövrdə yaşayırıq, internet, texnika hər şeyi adiləşdirib. Əvvəllər sevənlər bir-birlərinə məktubu quşla göndərərdilər. Bir oğlan sevdiyi qızı görmək üçün dəridən-qabıqdan çıxırdı. Çətinliklə əldə olunan sevginin də dəyərini bilirdilər. İndi hər şey çox asandır. Heç darıxmağa da macal tapmırlar, telefon əllərinin altındadır. Hisslər də ucuzlaşıb. Təbii ki, bunu hamıya da aid etmək olmur. Mənim üçün ailə dəyərləri çox önəmlidir. Seçəcəyim insan istəyirəm ki, bir ömür boyu yanımda olsun və məni heç zaman xəyal qırıqlığına uğratmasın.

- Leyla bir az da sənətdən danışaq. Maşallah, həmkarlarının başı qalmaqala, dedi-qoduya qarışanda sən də yeni mahnılar yazdırırsan. Hər yeni mahnın da dərhal hitə çevrilir. İndi təzə nə var, nə yox?

- Daha bir yeni mahnı üzərində çalışıram. Musiqisi İsmayıl Əsədova, sözləri Arzu Əsədova məxsus “Yuxular” adlı mahnı üzərində çalışırıq. Mahnını gənc muğam ifaçısı Pərviz Qasımovla birgə duet şəklində ifa etmişik.

- Sənin ifa tərzin də maraqlıdır, bu dəfə bizi hansı yeniliklə təəccübləndirəcəksən?

- Bu mahnı rokla muğamın sintezidir. Artıq mahnı tam hazırdır. Səslənməsi və bəzi texniki işlər üçün mahnını Londona göndərmişik. Hər zaman istəmişəm mahnılarım keyfiyyəti ilə seçilsin.

- Klip nəzərdə tutulubmu?

- Çox maraqlı bir klip olacaq. Mən keyfiyyətli işə önəm verən insanam. Düşünürəm ki, bu mahnım da əvvəlki mahnılarım kimi seviləcək.

- Ay Leyla, eşitdim ikinci təhsil də alırsan...

- Düz eşitmisiniz. Mədəniyyət və İncəsənət Universitetində musiqi sənəti üzrə təhsil alıram.

- Bu qədər işi necə tənzimləyirsən?

- Qaçaqaçdayam. Düşünürəm ki, hələ gəncəm, ailə-uşaq olana qədər istəklərimi reallaşdırım. Uşaqlıqdan bu sənətin içində olmuşam. Hər zaman həyatım məşhur insanların əhatəsində keçib. Musiqi ilə məşhur olanda yorğunluğum canımdan çıxır.

- Bəs ev işləri, mətbəxlə aran necədir?

- Əla. Dadlı yeməklər hazırlayıram. Deyilənə görə, əlimin duzu var. Özümü çox təriflədim, deyəsən.

- Bişirdiklərini yeməklə aran necədir?

- Yaxşıdır. Üzgüçülüklə də məşğul oluram. Yeməkdən aldığım kalorini gəzməklə yandırıram. Bir də, rəqslə məşğul oluram. Kliplərimdə də bu rəqslərdən istifadə edirəm. Hazırda “Sənə dəyməz” adlı klipim də hazırlanır. Orada da rəqslərimi görəcəksiniz.

- Komplekslərin var?

- Xüsusi kompleksim yoxdur. Makiyajsız və yastıdaban ayaqqabılarla da həyətə düşüb harasa gedə bilərəm. Mənə nə rahatdırsa, onu etməyi xoşlayıram. Efirə çıxanda hər şeyin yerli-yerində olmasını istəyirəm, bu da tamaşaçılara hörmətdən irəli gəlir.

- Özünü gözəl qız sayırsan?

- Hesab edirəm ki, bacım məndən daha gözəldir. Xavər həm də kliplərimin rejissorudur. Onunla fəxr edirəm. Bu yaxınlarda də ad günüdür, bəri başdan təbrik edirəm.

- Mən də təbrikə qoşuluram... Klip çəkərkən heç fikir ayrılığı olur aranızda?

- Heç vaxt. Evdə necə mehribanıqsa, çəkiliş meydançasında da eləyik.

- Yaxşı, de görək, özünü niyə gözəl saymırsan e, gözəl olmayanlar özlərinə gözəl deyir, sən ki gözəl-göyçək qızsan… Səni Şakiraya da bənzədirlər, Ceyloya da...

- Nədənsə məni çoxları avropalı qızlara bənzədirlər. Xüsusən də Braziliya qızlarına. Bəzən elə insanlar var ki, gözəl olsalar da, onlarla yaxınlaşıb ünsiyyət qurandan sonra görürsən ki, daxili gözəl deyil. Buna görə də o gözəllik də gözündən düşür. Gözəllik deyiləndə yalnız gözəl sima yetərli deyil. Mənim üçün gözəllik daxildən gəlir. Zahiri gözəllik mütləq daxili gözəlliklə vəhdət təşkil etməlidir.

- Doğrudan da, Braziliya seriallarındakı qızlara bənzəyirsən. Yeri gəlmişkən, bizim seriallara dəvət etməyiblər hələ səni?

- Dəvət almışam. Sadəcə olaraq, sənətimlə bağlı məşğul olacağım o qədər çox iş var ki… Həm də açığı, kinoya çəkilmək istəmirəm.

- Niyə açıq-saçıq səhnələrə çəkilməkdən qorxursan?

- Yox, heç açıq-saçıq səhnələrə çəkilmərəm də. Sadəcə, istəmirəm. Bir-iki serialdan dəvət almışam, amma imtina etmişəm. İşlərim çoxdur - təhsil, yeni mahnılar, eyni zamanda rəqs, idman...

Cəvahir Səlimqızı

Fotolar Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm