Elariz: “Səməd Səmədov tarixə düşəcək”-MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Elariz: “Səməd Səmədov tarixə düşəcək”-MÜSAHİBƏ

Azərbaycanlı müğənni Elariz Məmmədoğlu uşaqlıq dövründən danışıb. Şəxsi həyatını kənara qoyan ifaçı prodüserlərə məsləhət verməyi də unutmayıb. Müğənni bir zamanlar səsini bəyənmədiyi insanlardan da söz açıb. Elariz Məmmədoğlunun Publika.Az-a verdiyi müsahibəni sizlərə təqdim edirik:


-Bu vaxtadək hansı problemlərlə və əziyyətlərlə rastlaşmısınız?
-Hər kəsin özünə məxsus problemi var. Kənardan milyonçuların xoşbəxt görsənməsinə baxmayaraq, onların da özlərinə məxsus problemləri olur. Qaldı ki, işimlə bağlı çox əziyyət çəkmişəm. Studyalarda gecələmişəm. 6 saat dayanmadan toylarda oxumuşam. Yəni ki, rahat həyatdan imtina etmişəm.

- Bu zamanadək sənətinizi tənqid edənlər olub?
-Mənə elə gəlir ki, sənətimi tənqid edən olmayıb. Çünki yaradıcılığımda tənqid olunası heç nə yoxdur. Hər kəsin yaxşı tanıdığı “Bu şəhərdə” qrupunun üzvləri olan Rafael və Coşqundan başqa heç kim sənətimi tənqid etməyib. Çox sevdiyim aktyorlardır, onlardan heç vaxt incimərəm.

- Uşaqlıq dövrünüzü ürəyiniz istədiyiniz kimi yaşamısınız?
-Xeyr, uşaqlıq dövrümdə istədiyim həyatı layiqincə yaşaya bilməmişəm. Çünki maddi və mənəvi baxımdan problemlərim olub. Ancaq zaman keçdikcə hər şey yaxşılığa doğru gedib.

-Siz də nə vaxtsa bəzi həmkarlarınız kim görünüşünüzü dəyişmək istərdiniz?
- Repertuarımda bir çox dillərin və janrların mahnısı var. Şou-biznesdə tutduğum yol imicimə olduğu kimi qalmağa imkan verir. Görünüşümü də dəyişmək fikrim yoxdur. Çünki mənə belə xoşdur.

- Elariz Məmmədoğlunun gözü ilə baxsaq, indiki cavanlardan tarixə düşənlər var ?
-Yaxşı ifaçılarımız var. Ancaq ola bilsin ki, onlar tarixə düşə bilməsinlər. Həmkarlarımdan xalq artisti Səməd Səmədovu, Arzu Rzayevi və başqlarını deyə bilmərəm ki, onlar da nə vaxtsa, tarixə düşüb yaddaşlarda qalacaqlar. Ancaq özümün yadda qalacağımı deyə bilmərəm.

-Şou-biznes aləminə qatılmağınıza görə, peşman deyilsiniz?
- Yeni sənətə gələndə çox peşman idim. Hətta məclislərdə mikrafonu mənə verməyənlər belə var idi. O zamanlar səsimi bəyənməyən insanlar indi məni övladlarının toyuna dəvət edirlər.

-Həmkarlarınızdan kimisə özünüzə nümunə götürərək onun haqında maraqlanmısınız?
- Dünyaca məşhur insanların yaradıcılıqları haqda maraqlanmışam. Azərbaycan musiqisində isə Rəşid Behbudovun, Yalçın Rzazadənin, Zeynəb Xanlarovanın və digər sənətkarların mahnılarına qulaq asmağı özümə hər zaman borc bilmişəm.

-Nə üçün gənclər başqa peşəyə yox məhz incəsənətə meyillidirlər?
-Hər kəsin öz düşüncə tərzi olduğu üçün kimə necə xoşdur, elə də etsin.

- Nəyə görə müğənnilər konsertlərdən yox, toylardan qazanırlar?
-Şou-biznes nümayəndələri haradan daha çox pul qazanırlarsa, ora da üstünlük verirlər. Konsert verəndə ifaçıların əksəriyyəti ziyana düşür. Ona görə də hazırda konsert verənlərin sayı azdır. Ancaq onu da deyim ki, “Bu şəhərdə” qrupu 10 gün konsert verirsə, zal tamaşaçılarla dolu olur. Azəri ifaçılarının 10 gün dalbadal konsert verib zalı doldurmaları mümkün deyil. Şəxsən mənim özüm konsert vermək iqtidarında deyiləm. Bir məqamı da deyim ki, oxumadığım mahnılar çoxdur. Maddi baxımdan vəziyyətim yaxşı olmadığı üçün hələ də o mahnıları aranjeman etdirə bilməmişəm. İnşallah, nə vaxtsa, konsert versəm, o musiqiləri üzə çıxardacam.

- Sponsor baxımından əziyyət çəkmisiniz?
-Əksər müğənnilərin sponsorlarla bağlı problemləri olub. Ancaq bu zamanadək maddi baxımdan özüm-özümə köməklik etmişəm.

-Prodüserlərlə aranız necədir?
- Özlərini prodüser adı verən kəslər disk daşımağı kənara qoyub müğənnilərə konsertlər təşkil etsinlər və faizlərdən gələn pulları lazımlı yerlərə xərcləsinlər.

- Televiziya məkanlarında tez-tez səslənən mahnılardan razısınız?
-Ümumiyyətlə, Azərbaycanda musiqi qıtlığı yoxdur. Çünki Azərbaycan musiqisinin Üzeyir Hacıbəyov kimi bəstəkarı olub. Onu da nəzərinizə çatdırım ki, savadı olmayıb istedadı olan bəstəkarlarımız da çoxluq təşkil edir. Ancaq elə mahnılarımız da var ki, ürək bulandırır.

Dəniz
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm