Günel Məmmədova: “Artıq-əskik səhnələrə çəkilmək təklif olunsa...” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Günel Məmmədova: “Artıq-əskik səhnələrə çəkilmək təklif olunsa...” – FOTOLAR

Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədovanın Publika.az-a müsahibəsi

- Günel xanım, teatrda hansı yenilikləriniz var?

- Teatrda yeniliklər çoxdur. Bu yaxınlarda “Qoğalın sərgüzəştləri” nağıl-tamaşanı təhvil verdik. Bundan öncə isə İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” tamaşasının premyerası oldu. Hazırda yeni ilə hazırlıqlar gedir. Onu da qeyd edim ki, bu il balaca dostlarımız üçün çox maraqlı yeni il şənliyi və yeni il tamaşaçı hazırlanacaq.

- Bir müddət öncə tez-tez müsahibə verirdiniz. Amma son zamanlar, demək olar ki, KİV-də görünmürsünüz. Səbəb nədir?

- Səbəb yalnız vaxtla bağlıdır. Amma əslində, müsahibə verməyi heç sevmirəm. Mənim işim səhnədir, ekrandır. Danışmağa üstünlük verənlərdən deyiləm. Ancaq jurnalistlər sağ olsunlar ki, müsahibə verməkdən qaçsam da, məni unutmurlar, yeniliklərimi tamaşaçılara, oxuculara çatdırırlar.

- Deyilənlərə görə, Azərbaycan teatrlarında elə hadisələr baş verir ki, şou-biznesdə baş verənlər onların yanında toya getməlidir. Nə baş verir teatr aləmində?

- (gülür) Elə deyirlər? Başqa teatrlarda nə baş verdiyindən xəbərim yoxdur. Amma Gənc Tamaşaçılar Teatrında sülh şəraitidir. Təbii ki, müəyyən anlaşılmazlıqlar olur. Belə şeylər keçicidir. İnandırım sizi ki, əgər hər kəs öz işi ilə məşğul olsa, heç bir hadisə baş verməz. Fikrimcə, hadisələr bekarçılıqdan əmələ gəlir. İş olan yerdə bekarçılıq olmur, bu halda isə hadisələr baş vermir.

- İndiyə kimi çəkildiyiniz seriallardan ən bəyəndiyiniz və ürəyinizcə olanı hansıdır?

- Çəkildiyim və teatrda oynadığım bütün obrazlarımı sevirəm. Ümumiyyətlə, aktyor, aktrisa bir obrazı oynayırsa, gərək ürəyinə yatsın. Əks halda, obraz alınmaya bilər. Dediyim kimi, bütün obrazlarımı bəyənib, sevib oynamışam. Bir müddət seriallarda, filmlərdə ancaq müsbət rollar oynayırdım. Çox istəyirdim ki, mənə mənfi obrazları da həvalə etsinlər. İndi isə ancaq mənfi rollar verirlər (gülür). Hazırda çox istərdim ki, ürəyimə yatan bir müsbət obrazı canlandırım.

- Nə üçün aktrisalar, aktyorlar – təbii ki, bəzilərini nəzərdə tuturam – teatra ikinci növ iş kimi baxırlar. Ümumiyyətlə, teatrsız aktyor, aktrisa olmaq mümkündür?

- Deməzdim ki, ikinci iş kimi baxırlar. Sadəcə, ola bilər ki, bu, maddiyyatla bağlıdır. Bildiyiniz kimi, teatrda əməkhaqqı az olduğundan, bəzi həmkarlarımız teatrdankənar iş götürməyə məcburdurlar. Amma mən inanıram ki, teatr onlar üçün əsasdır. Çünki çox vaxt aktyorları teatrdakı rollarda görüb, bəyənib, hansısa layihəyə dəvət edirlər. O ki qaldı teatrsız aktyor olmaq məsələsinə, ümumiyyətlə, aktyor, aktrisa olmaq çox çətindir. İlk növbədə Allah vergisi, məktəb savadı olmalıdır. İstər teatrda, istərsə də kinoda bu, belədir. Teatr canlı sənətdir, aktyora püxtələşmək imkanı verir. Teatrın özü böyük bir məktəbdir. Amma mən həmişə deyirəm ki, teatr və kino fərqli sahələrdir. Ona görə də insanın qabında olmalıdır. Əgər yoxdursa, ona nə teatr, nə kino, nə də məktəb kömək edə bilər.

- Teatrda, kinoda və serialda rollarınız olub. Hansı rejissorla işləmək daha rahatdır?

-(gülür) Bu, çox qəliz sual oldu. Düzdür, Allaha çox şükür edirəm ki, bu yaşımda mən bir çox yerli və xarici rejissorlarla işləmişəm. Hərəsi də mənə bir şey öyrədib və indi də öyrənməyə davam edirəm. Onların hər biri mənim üçün dəyərli və əzizdir. Ona görə də ayrıseçkilik etmək istəmirəm. İnanın səmimiyyətimə ki, onların hər biriylə işləmək həm rahat, həm də maraqlı olub.

- Bəs hansı aktyorla tərəf müqabili olanda sizinçün daha maraqlı olur?

- Mənim tərəf müqabillərimə böyük hörmətim var. Amma təbii ki, aralarında elələri var ki, onlarla işləmək daha rahatdır. Bəziləri ilə bir balaca çətinlik çəkirsən. Bunlar boş şeylərdir. Əsas sonda ərsəyə gələn işdir. Ümumiyyətlə, teatr sənəti birliyi, kollektivçiliyi sevir. Biz bir-birimizlə zəncirvari bağlıyıq. Əgər zəncir qırılsa, onda tamaşa uçuruma gedəcək. Biz də çalışırıq ki, o uçurum olmasın.

- İmtina edə biləcəyiniz rol varmı?

-Təbii ki, var. Mənə, çərçivələrimə zidd olan bir rol olsa, imtina edəcəyəm.

-Yəni?

- Artıq-əskik səhnələri nəzərdə tuturam. Yəni açıq-saçıq...

- Azərbaycanda, yaxud digər ölkələrdə bənzəmək istədiyiniz aktrisa varmı?

- Yerli və əcnəbi aktrisalar var ki, oynadığı obrazları sevə-sevə izləyirəm. Amma mən heç kimə bənzəmək istəmirəm. Elə özümə - Günelə bənzəmək istəyirəm.

- Sizcə, niyə bizim seriallar uğursuz alınır və tamaşaçılarımız türk seriallarına baxmağı üstün tuturlar?

- Deməzim ki, indi bizim tamaşaçılar öz seriallarımızı izləmirlər, yaxud da uğursuz alınır. Bu, qətiyyən belə deyil. Artıq neçə ildir ki, yerli seriallarımızın çəkilməsinə start verilib. Təbii ki, aralarında zəifləri də var, güclüləri də. İndi seriallarımız xeyli inkişaf edib və tamaşaçılarımızın da marağı artıb. Azərbaycanda çəkilən seriallar heç də əcnəbi seriallardan geri qalmır. Hər halda, hər birimiz əlimizdən gələni edirik.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm