Polad Bülbüloğlunun çəkildiyi film Rusiyada üzə çıxdı – FOTO
Bizi izləyin

Tabloid.az

Polad Bülbüloğlunun çəkildiyi film Rusiyada üzə çıxdı – FOTO

Rusiya paytaxtında “Qorxma, mən səninləyəm! 1919” filminin təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, paytaxtın “Puşkin” kinoteatrında keçirilən mərasimdə Rusiya və Azərbaycanın tanınmış siyasət və mədəniyyət xadimləri, Ümumrusiya Azərbaycan Konqresinin, Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun nümayəndələri iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan filmin rejissoru Yuli Qusman ekran əsərində 1919-cu ildə baş verən hadisələrin əks olunduğunu söyləyib: “Yeni filmdəki hadisələr ilk filmdə baş verən hadisələrdən 20 il sonrakı dövrü təsvir edir. Mən Azərbaycan prezidentinə, Heydər Əliyev Fonduna, doğma vətənim Azərbaycandan olan bütün dostlarıma təşəkkürümü bildirmək istəyirəm”.


Filmin çəkiliş qrupunu təqdim edən Y. Qusman çəkiliş zamanı Rusiyanın bir çox tanınmış kinematoqrafçılarının Azərbaycanda olduğunu qeyd edib: “Onların bəziləri işin çoxluğundan çətinliklə gəlməyə razılıq versələr də, indi Azərbaycana bir daha getməyi arzu edirlər”.


Azərbaycanın Rusiyadakı səfiri, filmin bəstəkarı və baş rolun ifaçılarından biri Polad Bülbüloğlu isə filmin çəkiliş qrupunun təqdimat mərasimini məhz 17 noyabr tarixində, Azərbaycanın Milli Dirçəliş günündə keçirilməsinə qərar verdiyini söyləyib. “Qorxma, mən səninləyəm! 1919” filmi haqqında danışan P. Bülbüloğlu bildirib ki, bu film 1981-ci ildə çəkilən kinolentin davamı deyil: “Bəli, iştirakçılar da, rejissor da eynidir. Lakin bu, başqa bir tarixdir. Vaxt gələcək, bu iki film bir-birini tamamlayacaq”.


Səfir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına göstərilən köməyə görə təşəkkürünü bildirib.


Filmin prodüseri, “Vayt Media” şirkətinin rəhbəri Timur Vaynşteyn isə noyabrın 20-dən etibarən “Qorxma, mən səninləyəm! 1919” filminin Rusiyada kinoprokata çıxacağını söyləyib.


Öz növbəsində TASS İnformasiya Agentliyinin baş direktor müavini Mixail Qusman çıxışı zamanı filmin yaradıcılarını təbrik edib: “Filmin Bakıda isti qəbul olunmasına çox şad oldum. Çox ümid etmək istəyirəm ki, Moskvada da belə olacaq. Bu gün tamaşaçılar arasında çoxlu bakılılar var. Filmin təqdimatı bizim hamımızın bir yerə toplaşması üçün gözəl bəhanədir”.


Qeyd edək ki, film C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kinoşirkəti ilə birgə istehsal olunub. Yeni ekran əsərinin ssenari müəllifi və rejissoru Yuli Qusman, operatoru Vadim Alisov, quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov, prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.

"Qorxma, mən səninləyəm. 1919" filmində Polad Bülbüloğlu, həmçinin rusiyalı aktyorlardan Lev Durov, Muxtarbek Kantemirov, Mixail Yefremov, Edqar Zapaşnı, Vladimir Dolinski, Yuri Kobaladze, eləcə də yerli aktyorlardan Kristina Güləliyeva, Eldar Qasımov, Həmidə Ömərova, Məbud Məhərrəmov, Teymur Bədəlbəyli, Zaur Şəfiyev, Bəhram Bağırzadə, Nuriyə Əhmədova və Rövşən Əsgərov çəkiliblər.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm