• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Türkan Şoray: 23 yaş böyük sevgili, 38 yaşında rəsmi nikah, pornodan imtina – ARAŞDIRMA

Türkan Şoray: 23 yaş böyük sevgili, 38 yaşında rəsmi nikah, pornodan imtina – ARAŞDIRMA

Publika.az məşhur sənət adamları ilə bağlı araşdırma layihəsini davam etdirir. Bu dəfə “hədəf”imiz “Şərqin Elzabet Teyloru” adlandırılan əfsanəvi türk aktrisası Türkan Şoraydır.

Bəri başdan qeyd etmək yerinə düşər ki, aktrisanın uşaqlıq illəri və kinoya gəlişi ilə bağlı yetərincə təzadlı məqamlar var. Elə onun böyük ekranlara yol tapması barədə bir neçə versiya mövcuddur və onlarla bu yazıda tanış ola biləcəksiniz…

Türkan Şoray 1945-ci ilin iyununda dövlət dəmir yolu idarəsində işləyən Halit Şoray və ev xanımı Meliha Şorayın ailəsində dünyaya gəlir. Hələ uşaq ikən gözəlliyi ilə göz oxşayan gələcəyin aktrisası 15 yaşında rejissorların diqqətini çəkməyi bacarır. Küçədə oynayan qızcığazı teatr rejissoru və "Pesenfilm" kinostudiyasının sahibi Nevzet Pesen görür və bu gözəlliyə aşiq olur. Qızın filmə çəkilməsi üçün Şoray ailəsindən razılıq alan Nevzet Pesen 15 yaşlı Türkanı "Məhəbbətdən qaçmaq olmaz" adlı filmə çəkir. Cəmi bir neçə ay sonra başqa bir məşhur rejissor Şəmsi Ezonuk onu "Nadinc uşaq" filmində baş rola layiq görür. Məhz bu iki filmdən sonra “sultan” ardı-arası kəsilməyən dəvətlər almağa başlayır…

Artıq 28 yaşına çatanda Türkan Şoray 200-ə yaxın filmə çəkilmişdi. Əgər o, 1960-ci ildə bir filmə çəkilmişdisə, 1961-ci ildə səkkiz, 1962-ci ildə isə artıq on bir filmdə rol almağı bacarmışdı. Karyerasının ilk illərində onun “Qırmızı ləçək”, “Sərçə balası” və “Yol” kinofilmlərində oynadığı rollar aktrisaya tamaşaçı məhəbbəti və şöhrət gətirir. 1972-ci ildə istedadlı aktrisa "Qayıdış" filmində baş rolu ifa etməklə bərabər, ilk dəfə quruluşçu-rejissor ampluasında da çıxış edir. 1965-ci ildə Türkan Şoray artıq Türkiyənin dörd ən məşhur və aparıcı aktrisalarından biri idi. 1972-ci ildə isə istedadlı aktrisa özünü rejissor kimi sınayıb. Özünün də baş rol aldığı “Dönüş” filmində o, Gülhan obrazını canlandırıb. 1974-cü ildə isə o, ikinci dəfə rejissor kimi özünü sınamaq qərarına gəlir. Bu dəfə Türkan Şoray “Əzab” filminə quruluş verir və baş rolda özü çəkilir. Nəhayət, 1976-cı ildə aktrisa “Bodrum hakimi” filminin rejissoru qismində çıxış edir. Təsadüfi deyil ki, hazırda bu ölkədə Türkan Şorayın adına ibtidai məktəb fəaliyyət göstərir. Həmçinin türk kinosu sultanının xüsusi siyahısı da var. Həmin siyahı “Şorayın şərtləri” adlanır. Onu filminə dəvət edən rejissorlar bilməlidirlər ki, aktrisa heç vaxt açıq-saçıq səhnələrə çəkilmir. Filmin ssenarisi “Türkiyənin Sofi Loreni”nə bir ay əvvəl təqdim edilməlidir. Rejissor Şoray tərəfindən edilən düzəlişlərlə razılaşmalıdır. Əlbəttə ki, bu düzəlişlər aktrisaya aid olan rolla bağlıdır. Və nəhayət, aktrisa bazar günləri çalışmaq fikrində deyil. Sözsüz ki, bu şərtlər elə-belə formalaşmamışdı. Amma bu barədə yazının növbəti hissəsində danışacağıq…

Keçmiş SSRİ-də o, rejissor Əjdər İbrahimovun Nazim Hikmətin əsəri əsasında çəkdiyi "Məhəbbətim mənim, kədərim mənim" filmindəki Məhin Banu obrazından sonra məşhurlaşıb. Antalya və Daşkənd kinofestivallarında “Ən yaxşı aktrisa” adına, rejissor kimi isə Moskvada keçirilən kinofestivalda “Böyük priz” mükafatına layiq görülüb. Bundan başqa İstanbul və Roma kinofestivallarında da mükafatlandırılıb. Vətən qarşısında xidmətlərinə görə ona Türkiyənin Dövlət Sənətçisi fəxri adı verilib. Türk kinosunun sultanı, “Türkiyənin Sofi Loreni” Türkan Şoray artıq neçə illərdir qardaş ölkənin ən yüksək gəlirli sənətçiləri sırasındadır. Türkan Şoray “Ginnesin Rekordlar Kitabı”na ən çox baş rol ifa edən aktrisa kimi düşüb və 52 illik kino karyerasına malikdir. 2010-cu ildə Türkan Şoray YUNESKO-nun sülhməramlı səfiri seçilib.

Uşaqlıq illəri

Saysız-hesabsız uğurlar qazanan, dünya kinosunda öz yeri olan Türkan Şorayın uşaqlıq illəri yetərincə ağrı-acılı keçib. O, iqtisadi baxımdan çətinliklər yaşayan ailənin qızı idi. Orta təhsilini Rami Taş adlanan bölgədə başlayır və mütəmadi olaraq ayrı-ayrı məktəblərdə təhsil alıb. Çünki ailənin maddi durumu o qədər yaxşı olmadığı üçün kirayə qaldığı ünvanlar da tez tez dəyişirdi. Hər yeni kirayədə başqa məktəbə keçməli olan Şoray dərslərini elə də yaxşı oxuya bilmirdi. Nəhayət, Şoray 1956-cı ildə Feriköy ibtidai məktəbində orta təhsilini başa vurur.

Türkanın atası Halit bir müddət sonra işindən uzaqlaşıb polis əməkdaşı olur. Anası isə rezin fabrikində işə düzəlir. Belədə ev qayğıları yeniyetmə Türkanın üzərinə düşür və o, məcburən ev işlərini öyrənir. 1954-cü ildə bacısı Nazan Şoray dünyaya gəlir. Bundan sonra ailənin maddi durumu bir qədər də ağırlaşır və gələcək aktrisanın valideynləri boşanmaq qərarına gəlirlər. Bacısıyla birlikdə anasında qalan Türkan təhsilini liseydə davam etdirir. Boşanma qərarından sonra Karagümrükdəki “Sarmaşıq sokak”a köçən ailəni burada daha çətin günlər gözləyir…

Filmə gəlişiylə bağlı ikinci versiya

Aktrisanın filmə gəlişi ilə bağlı ikinci versiya isə belədir: deyilənə görə, Şorayın qaldıqları ev sahibinin qızı Emel Yıldızla tanışlığı onun həyatının dönüş nöqtələrindən biri olur. Yıldız sayəsində “Yeşilçam”a addım atan Şorayı o dövr Nisan Haperin assistenti olan Türker İnanoğlu kəşf edir. “Kənddə bir qız sevdim” adlı filmdə Emel Yıldız çəkiləcəkdi. Amma Şorayı görən rejissor ona şans vermək qərarına gəlir. Anası Meliha qızının aktrisa olmasını istəməsə də, maddi çətinlikləri üzündən buna razı olur. İlk filmi üçün kamera önünə keçən Şorayı kinoda uzun və şöhrət dolu bir karyeranın gözlədiyi heç kim ağlına belə gətirmirdi.

15 yaşda nişanlanan qız və 23 yaş böyük sevgili

O dövrdə hələ 15 yaşında olan və Şadi Çadırcı ilə nişanlı olan Şoray ilk filmindən sonra yeni təkliflər almağa başlamışdı. Bir müddət sonra Çadırcıdan ayrılıb İnanoğlu ilə nişanlanan gənc aktrisa “Aşk rüzgarı” və “Utanmaz adam” filmlərindən sonra mətbuatın da diqqətini çəkməyə başlayır. Hətta o, dövrünün məşhur jurnallarının üz qabığına çəkilir.

1962-ci ilin sentyabrında film çəkilişi zamanı tanış olduğu Rüçhan Adlı isə 17 yaşlı Türkanın həyatında bir ömür silinməyəcək iz buraxır. Özündən 23 yaş böyük olan Rüşhan Adlıyla eşq yaşamağa başlayan aktrisa maqazin dünyasının sərt tənqidinə tuş gəlir. Çünki Türkanın 40 yaşlı sevgilisi ailəli idi.

Şorayın “Sultan” kimi xatırlanmasında və "Şoray qanunları" olaraq xarakterizə edilən qaydaların meydana gəlməsində Rüçhan Adlının böyük rolu var. Çünki Adlı sevgilisi Şorayın hər filmdə rol almasını istəmir, dekolte geyməsinə, filmlərdəki ağır iş şərtlərinə və öpüşməsinə qarşı çıxırdı. Adlı aktrisaya məhdudiyyətlər qoyur, ona "Sultanım" deyə müraciət edirdi. Bu xitab forması daha sonra dövrün məşhur nəşrlərində xəbərə şevrildi və Şoray, "Sultan" ləqəbiylə xatırlanmağa başladı.

Şoray "Avtobus Yolcuları" ndan sonra daha da tanındı və “Acı Hayat”da rol aldı. Kino ssenaristləri tərəfindən "İlin filmi" seçilən “Acı Hayat” Şoraya 1964-cü ildə Birinci Antalya Qızıl Portağal Film Festivalında ən yaxşı qadın aktrisa mükafatını qazandırdı.

Türkan məşhurlaşdıqca ailəsinin sıxıntıları da geridə qalmaqda idi. Artıq o dövrün məşhur prodüserləri və film şirkəti sahibləri Murat Köseoğlu (Aca Film), Osman Seden (Kamal Film), Nevzat Pesen (Pesen film) Şorayın filmlərində çəkilməsi üçün bir-birləriylə yarışırdılar. Aktrisa çox qısa müddətdə türk film sənayesinə damğasını vurur. Yuxarıda da qeyd olunduğu kimi, 1965-ci ildə Fatma Girik, Hülya Koçyiğit, Filiz Akınla birlikdə türk kinosunun ən yaxşı dörd aktrisasından biri olmuşdu.

Ancaq 1966-cı sonra prodüserlərin pul maşını kimi gördüyü Şoray ard-arda bənzər mövzulu filmlərdə rol almağa və bir müddət sonra tamaşaçıda bezginlik yaratmağa başladı.

Pornodan imtina

Ötən əsrin 70-ci illəri Türkan Şoray yenə də zirvədəydi. Amma aktrisa daha az filmə çəkilmək qərarı vermişdi. Bunun başqa bir səbəbi həmin dövrdə Türkiyədə porno filmlərin meydana gəlməsi və bu tip ekran işlərinə daha böyük marağın olmasıydı. Ancaq buna rəğmən, aktrisanın Atif Yılmazın rejissorluğu ilə çəkildiyi “Selvi boylum, al yazmalım” filmi böyük maraq doğura bilmişdi. Hər halda, burada onun baş rolu başqa bir məşhur aktyor Kadir İnanırla paylaşması da öz sözünü deyirdi.

38 yaşda ilk rəsmi evlilik

1980-ci illər isə Türkan Şorayın həm şəxsi, həm də kino həyatında önəmli dəyişiklilkərlə yadda qalır. Belə ki, aktrisa 1983-cü ildə Rüçhan Adlıyla 20 il davam edən münasibətlərinə son qoyur. Elə həmin il Şoray aktyor Cihan Ünalla ailə qurur. Cəmi bir il sonra aktrisanın anası Meliha Şoray dünyasını dəyişir. 1985-ci ildə qızı Yağmur Ünal dünyaya gəldikdən sonra Şoray film işlərinə bir müddət ara verir və 1987-ci ildə “Xəyallarım eşqim” filmində baş rolu oynayır. Elə həmin il Şoray Ünaldan da ayrılır və cütlük rəsmən boşanır. Ardınca isə “Rumuq Goncagül”, “Qramafon arvad”, “Soyuq idi və yağış yağırdı” kimi uğurlu filmlərdə rol alır.

1993-cü ildə aktrisa Əziz Nesinin eyni adlı romanı əsasında ekranlaşdırılan”Tatlı Betüş” serialına çəkilir və bundan sonra ona “Qızıl Portağal”da ikinci dəfə ən yaxşı qadın aktrisa mükafatını qazandıracaq “Bir Aşk Uğruna” filminə çəkilir.

Eniş dövrü və itkiləri

Həmin il atasını, bir il sonra isə 20 illik sevgi yaşadığı Rüçhan Adlını itirən “Sultan”ın yaradıcılığında eniş dövrü başlayır. Yalnız 2001-ci ildə Haluk Bilginerle baş rolları paylaşdıqları “Tatlı Hayat” filmi ilə yenidən tamaşaçısıyla görüşür.

Onun son çəkildiyi isə 2006-cı ildə Uğur Yücelin rejissoru olduğu "Həyatımın qadınısan” adlı film olur.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR