Rəmiş: “Mənə razılığı Heydər Əliyev vermişdi” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Rəmiş: “Mənə razılığı Heydər Əliyev vermişdi” – FOTOLAR

O, Azərbaycan musiqi tarixinin, xüsusən instrumental ifaçılıq sənətinin gəlmiş-keçmiş ən məşhur simalarındandır.

Amma təkcə sənətiylə yox, zamanında bir çox qadağalara qarşı çıxdığına görə də xalq onu qısa zamanda sevdi, şöhrət zirvəsinə ucaltdı. Rəmiş elə bu gün də həmin zirvədədir, yaşayan əfsanədir. Sadəliyi, səmimiliyi və sənətiylə. Amma nədənsə son zamanlar mətbuatdan bir qədər incikdir. Təbii ki, bu da səbəbsiz deyil. Sənətkar Publika.az-a müsahibəsində həm bu məqama toxunub, həm də yetərincə maraqlı xatirələrini bölüşüb.

- Rəmiş müəllim, yeni nəsə yazdırmısınız?

- Mən həmişə canlı ifa etmişəm. Əvvəllər mənim ifalarımı “Səbuhi” studiyası yazırdı. Heç onlardan pul da almırdım.

- Sənətə tarla gəlmisiniz. Niyə tarla nəsə yazdırmırsınız, necə deyərlər, master-klass göstərmirsiniz?

- Bəli, mən sənətə tarla gəlmişəm. Amma onu yazdırmaq üçün gərək kimlərsə hərəkət eləsin. Düz gəlməz, gedim deyim ki, gəlin, kömək edin, mən bunu yazdırım. Tar, royal, qarmon, gitara - bunların hamısını eyni səviyyədə, eyni qüvvədə ifa etməyi bacarıram.

- Bəs gitara?

- Gitara ilə pul qazanırıq da. Mən Azərbaycanda tar çalanda Əhsən Dadaşov kimi dahi sənətkarların gözləri dolub, ağlayıblar.

- Amma 70-ci illərdə sizi tarın və tarzənlərin qənimi kimi təqdim edirdilər...

- O vaxt tarçalanlar hamısı deyirdilər ki, Rəmiş gəldi, çörəyimizi əlimizdən aldı.

- Hətta buna görə sizdən inciyənlər, xoşu gəlməyənlər də olurmuş.

- Çoxları intriqa aparıblar. Hacı Məmmədov və başqa tar ifaçıları məndən incimişdilər. Sonra istədilər gitaranı efirə buraxmasınlar. Əfrasiyab Bədəlbəyli məni və Vaqif Mustafazadəni efirə çıxardı. 1974-cü ildə efirdə “Azad bir quşdum” mahnısını Vaqif Mustafazadənin müşayiəti ilə gitarada ifa etdim.

- Bildiyimə görə, Vaqif Mustafazadə ilə möhkəm dostluğunuz olub.

- Dostluq nədir, illərlə bir yerdə nəfəs almışıq. Məhz həmin ifamdan sonra gitaranı efirə buraxdılar.

- 1974-cü ilə qədər gitara efirə buraxılmırdı?

- Toylarda, məclislərdə çalırdım. Amma bizim ansambl xalq çalğı alətləri ansamblı olduğuna görə rəhbərimiz Əhməd Bakıxanov gitaraya icazə vermirdi. Mən o ansamblın solisti idim.

- Əhməd Bakıxanovun ansamblında neçənci illərdə solist olmusunuz?

-1968-70-cı illər idi. 1967-ci ildə film çəkilirdi. Fikrət Əmirovun simfonik “Şur” muğamı səsləndi. Arif Babayev, Əlibaba Məmmədov, İslam Rzayev oxuyurdular. İslam oxuyanda muğamın “Sarənc” hissəsini royalda mən çalmışam. Bu, filmdə də var.

- Səhv etmirəmsə, özünüzün də bəstələriniz olub.

- Yox, mən özümə bəstəkar deyə bilmərəm. Hələ ona ixtiyarım çatmır. Amma böyük sənətkarlar deyərdi ki, sənin əlindən axan hər bir not böyük sənət əsəridir. Heç vaxt bəstəkarlıq kimi yükün altına girə bilmərəm, mümkün olan iş deyil. Bəstəkarlıq çətin addır. İndi hər uşaq çıxır ki, özüm bəstələmişəm, neynəmişəm... Bunlar havayı söhbətlərdi. Tofiq Quliyev, Cahangir Cahagirov, Qara Qarayev, Fikrət Əmirov, Hacı Xanməmmədov, Rauf Hacıyev kimi dahi sənətkarların ruhu adamı bağışlamaz. Bu adamların dünya miqyasında tanınmış əsərləri var.

- Xarici bəstəkarlardan kimləri dinləyirsiniz?

- Motsartın, Baxın əsərləri xoşuma gəlir və həmin əsərləri bilirəm, bəhrələnmişəm də. Çaykovskinin də gözəl əsərləri olub. Rusiyada bir bəstəkar qadın var idi, Alla Puqaçova onun mahnılarını oxuyurdu. Bax, o da gözəl bəstəkardır. Musiqinin dili yoxdur ki. Roman Pavloviç adlı məşhur bir pianoçu var idi. Riqada restoranların birində təsadüfən görüşdük. Royalda necə ifa etdisə, elə bildim segah çalır. Mən də gitaranı götürdüm. 3-4 saat ifa etdik. Sözün əsl mənasında həzz aldım.

- Həyat yoldaşınız Gülü xanım deyir ki, Rəmiş heç kimin xətrinə dəymir, kim xahiş etsə, ifa edir. Sizcə, belə olmalıdır, yoxsa hər dəqiqə, hər xahişə gitaranı ələ götürmək olmaz?

- Baxır gitaraya kim qulaq asır. Gitaranı başa düşən insan qulaq asanda pul-mul gözümə görünmür. Bilirsən ki, bu adam səni başa düşür, hiss edir. Onu musiqiyə həsrət qoymaq kişilikdən deyil. Çox sənətkarlar görmüşəm. Aftandillə, Vəli Qədimovla çox toylara düşmüşük.

- Bir dəfə demişdiniz ki, Aftandil İsrafilov cavan vaxtı özümə çata bilmirdi, indi tozuma da çata bilməz...

- Heç vaxt, heç kim çata bilməz. Mən 25-30 il bunu oxumuşam. Tək ifa etməklə deyil ki, bunu bilmək lazımdır.

- Gənc ifaçılara, xanəndələrə qulaq asırsınız?

- Baxır kimə.

- Kimə qulaq asırsınız?

- Təyyar Bayramova, Mənsum İbrahimova qulaq asıram.

- Babək Niftəliyev, İlkin Əhmədov kimi gənc xanəndələrimiz də var. Onları necə, bəyənirsiniz?

- Babək yaxşı sənətkardı, İlkin də pis sənətkar deyil. Amma dinlədiklərim Təyyar və Mənsumdur. Hər ikisi də xətrimi çox istəyir.

- Estrada müğənnilərindən kimi dinləyirsiniz?

- Röyaya qulaq asıram, xoşuma gəlir. Cavanlardan elə biri yoxdur axı, adını da çəkəm. Elə bircə Röyadır.

- Sizcə, Röyanı digərlərindən nə fərqləndirir?

- Röyanın səs diapazonunda şirinlik və ürəyi oxşamaq, adamın tüklərini biz-biz qaldırmaq var.

- Xahiş etsə, onu müşayiət edərsiniz?

- Mən onunla dostam. İstəsə, etiraz etmərəm. Bu yaxınlarda atası ilə bizə gəlmişdi. Müşayiət elədim, 1-2 mahnı oxudu. Yaxşı sənətkarı müşayiət etmək olar. Bir var sənətkarla oturasan, bir də var dilbilməzi öyrədəsən. Dilbilməzi öyrətmək çətin işdir.

- Sovet vaxtı sizə qadağalar var idi, qalstuk taxmırdınız. Bəs indi qalstuk taxırsınız?

- Bura gələndə taxmışdım, çıxartdım. Mənim “dobro”mu Heydər Əliyev vermişdi. Onlar kim idi ki, mənə nəsə desinlər? Heç kim mənə heç nə deyə bilməzdi.

- Çox maraqlıdır ki, məcbur edəndə qalstuk taxmadınız, amma indi taxırsınız...

- İndi özüm taxıram, kimsə desə tax, o mümkün olan iş deyil. Özüm baxıram, aristokrat məclisə gedəndə taxıram.

- Narahat olmursunuz ki, qalstuk taxanda?

- Yox. Mən lap adamyeyən banditlərlə də oturub-durmuşam. Qalstuk taxa da bilərəm, taxmaya da. O, başqa məsələdir, sənət ayrı şeydir.

- Son günlər jurnalistlərdən bir az inciksiniz...

- Heç mən onları yaxın buraxmıram, çoxunu özlərindən yazırlar.

Xanəndə Elnarə Abdullayeva də əyləşdiyimiz məkanda imiş. Söhbətin bu yerində xanım sənətçi Rəmişin də burada olduğunu eşidib, onunla görüşməyə gəlir.

Rəmiş onu görəndə ayağa qalxır:

-Yaşla deyil, gözəl sənətkara həmişə eşq olsun.

Elnarə:

- Allah köməyiniz olsun, Allah sizi saxlasın. Əlinizdən öpürəm.

Elnarə xanımla sağollaşırıq və Rəmiş davam edir:

- Bunun hamısı sənətin böyüklüyündən irəli gəlir. Sənətkar bilir ki, böyük sənətkarla necə rəftar etmək lazımdır. Mən də özümdən böyüklərlə belə rəftar etmişəm.

- Elnarə xanıma qulaq asırsınız?

- Elnarə gözəl sənətkardır. Rəhmətlik Qədir Rüstəmovun oğlunun toyunda onu müşayiət etmişəm. Muğamat oxuyan insan heç vaxt pis ola bilməz...

- Ağdamda son dəfə nə vaxt olmusunuz?

- (düşünür) Yeni icra başçısı təyin olunandan hələ getməmişəm. Amma sentyabrda hərbi hissədə konsertdə olmuşam.

- Oralara gedəndə hansı hissləri keçirirsiniz?

- Hər dəfə Ağdama gedəndə o dünyanı görüb gəlirəm. Doğulduğun yerdə erməni şıllaq ata, adam necə olar? Atam orada basdırılıb, qardaşlarım orada dəfn olunub, beş min yaxşı oğlan, dostlarım - hamısının qəbri oradadır. Bir dəfə gələrsən, lent yazısı var, verərəm baxarsan. Əsgərlərə toy eləmişik. Onların toyunda çalmışam. Əsgərlərimizin toyunu Qədirlə aparmışıq. Güllənin səsi gəlirdi, atırdılar, biz burda əsgərlərə ad günü, toy edirdik. Elə bir lent var məndə, verərəm baxarsan...

- Həmişə də vəzifəli dostlarınız olub.

- Vəzifəli dostlarım da var, vəzifədən getmiş dostlarım da. Məsələn, İsgəndərlə (keçmiş daxili işlər naziri İsgəndər Həmidovu nəzərdə tutur - İ.V.) indi də dostam.

- Deyəsən, oğlunun toyunda da ifa etmişdiniz.

- Bəli, həmişə dost olmuşam, olacağam da.

- Müğənnilər tez-tez yüksək toy qiymətləri açıqlayırlar. Sizcə, bu, doğrudurmu?

- Bir də görürsən, getdiyim toydakı ofisiantın da toyuna gedirəm. Onun nə pulu var ki, mən də nə verə? Mingəçevirdə, Şəkidə belə toylar olub. İndi Şəkiyə mənsiz get, soruş. Şəkinin kəndində Rauf adlı oğlanın toyunu təmənnasız çalıb gəlmişəm. Pulu olan verir, olmayanda pul söhbəti eləmirəm. Hələ 100 manat da adıma yazdırıb gəlirəm. Çox vaxt şabaşa yığılan pulları da məclis sahibinə verirəm ki, bunu da mənim adımdan ora yazın. Bu millətin adamın xətrini çox istəməyinin səbəbi olmalıdır da. Heç kimi elə-belə istəmirlər. Dostum Gülməmməd Babaxanov var. Atası uzun illər Şəmkirdə məhkəmənin sədri işləyib. Bu yaxınlarda qızının toyuna çağırdı, getdim, bir manatsız ifa etdim, gəldim. O vaxt varı idi, indi yoxdur. Amma dostluq, dostluqdur...

- Sizə qarşı qadağalar olanda da vəzifəli dostlarınız var idi?

- Həmişə olub. O gün Ağdamda əsgərlər qarşısında çıxış elədik. Hamıya pul payladılar, mən qəpik də götürmədim. Ana vətənimdə əsgərlərə konsert veririk. Mən ondan nə almalıyam ki?

- Rəmiş müəllim, gözəl dostlarınız var, sevilirsiniz. Bircə fəxri adınız yoxdur...

- Ayın 13-də 70 yaşım tamam oldu. Mənə zəng vurdular ki, olacaq. İnsan ömrü çox qısadır. Eləsələr də, sağ olsunlar, eləməsələr də. Fəxri adım olsaydı, hökumət 5-3 manat verərdi, xərcləyərdik, pula görə özümü də çox yormazdım.

- Toyda özünüzdən yaşda və sənətdə kiçik olan xalq artistlərini görəndə sizə necə təsir edir?

- (Söhbətin bu yerində Rəmişin həyat yoldaşı Gülü xanım müdaxilə edir. Deyir ki, həmin xalq artistlərinin bəziləri özlərini dartırlar, yekəxanalıq edirlər. Rəmiş isə məsələyə özünəməxsus yumorla cavab verir - İ.V.) Amma onlara düşmür axı. Habil Əliyev birindən soruşub ki, sənə fəxri ad veriblər? O da deyib ki, bəli. Habil deyib ki, sən nə əcəb qəbul etdin? Yəni, sən ona layiq deyilsən...

- Gülü xanım sizi qısqanır?

-Yox, e yox. Deyir, axşam evimizə gələcəksən də.

Gülü xanım isə Rəmişə verdiyim son sualı belə cavablandırır:

- Əri qısqanmaq vəhşilik deməkdir. Könlündə varsa, edəcək. Qısqansan da, qısqanmasan da.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm