Pünhan İsmayıllı: “Nazir dostuma istədiyim vaxt zəng vururam” – FOTO/VİDEO
Bizi izləyin

Tabloid.az

Pünhan İsmayıllı: “Nazir dostuma istədiyim vaxt zəng vururam” – FOTO/VİDEO

Tamada, bədii qiraətçi Pünhan İsmayıllının (İsayev) Publika.az-a müsahibəsi

- Pünhan müəllim, sizi hər kəs tamada kimi tanıyır. Təhsiliniz nədir, haranı bitirmisiniz?
- Mədəni Maarif Texnikumunun səhnə mədəniyyəti fakültəsini bitirmişəm.

- Əsas gəlir yeriniz toylardır. İndi toylar yoxdur, nə işlə məşğulsunuz?
- Zəngin kitabxanam var. Son üç ildə kitabxanamı elektronlaşdırmaqla məşğulam. Bir dəqiqə də vaxtım yoxdur. Hətta gecə saat 5-ə qədər bu işlə məşğulam. Çünki çox sərfəli variantdır.

- Kitabxananızda şeir kitabları üstünlük təşkil edər...
- Şeirlər, zərb məsəllər, atalar sözləri... Mənin 12 ensiklopediyam var. Orada ata, ana, bəy, gəlin, musiqi, təbiət mövzuları üstünlük təşkil edir.

- Bütün bunlar toya hesablanmış şeylərdir də...
- Təkcə toy demək olmaz. Çünki təkcə toyda aparıcılıq etmirəm. Konsert proqramlarının, dövlət tədbirlərinin, yaradıcılıq gecələrinin də aparıcısı olmuşam. Dekabrın 3-də Əlillər Günüdür. Heydər Əliyev Sarayında konsertimiz olacaq.

- Toyda tamadalar şeirin ortasında guya kiməsə xitab edirlər. Məsələn, ay filankəs müəllim... Bu nəyə hesablanıb? O adamlar hörmətli olduqlarına görədir, yoxsa tamada hiss edir ki, həmin adamda “çörək” var, bu varianta əl atır?
- Elə şeylə qəti şəkildə razılaşmıram. Təsəvvür edin ki, Məmməd Arazın hansısa şeirini deməliyəm. Onun şeirinin iki bəndini deyib, ortada “ay Əli müəllim” deyib, yenidən davam etsəm, şairin ruhuna toxunmuş olaram. Mən heç vaxt elə etmirəm və etməmişəm. Bu, bir növ şeiri, poeziyanı urvatdan salmaqdır.

- Tamadalar hiss edirlər ki, adam içkilidir və “damar”a toxunacaq şeirlər deyirlər. Təbii ki, məqsəd pul qoparmaqdır. Sizcə, bu düzgündür?
- Mən əvvəlcədən toy sahibi ilə danışıb qonorarımı alıram. Vacib deyil ki, kimsə toyun gedişatında mənə 3-5 manat versin. Verən olanda da yaxınlaşmıram. Ümumiyyətlə, stollara getmirəm, özümə sığışdırmıram.

- Toya neçəyə gedirsiniz?
- Şəhər yerində 1500-2000 manata toyu idarə edirəm.

- Toya yarım saatlıq gedirsiniz?
- Yarım saatlıq da olur. Məsələn, Elnarə Abdullayeva, Cabir Abdullayev, Könül Xasıyeva ilə toylara gedirəm, tar müşayiət edəndə şeirlər, qəzəllər deyirəm.

- Sizə bədii qiraətçi sözü daha yaxındır, yoxsa tamada?
- Bədii qiraətçi. Amma istər-istəməz bədii qiraətçilərin hamısına tamada deyirlər. O qədər belə xalq artistləri var ki.

- Toyda yarım saatlıq tamada necə ola bilər ki?
- Məsələn, bəylə gəlinə ürək sözlərimi deyirəm. Çox vaxt məni toyun açılışına bir saatlıq dəvət edirlər. Bəylə gəlin maşından düşən ərəfədə şeirlə onları “bəzəyirəm”, vəsf edirəm. Ondan sonra zala daxil olanda alqışlar qopur, şərbət stolu qurulur və sair.

- Bəy və gəlin yerlərinə əyləşəndən sonra sizin işiniz bitir?
- Yox, ondan sonra toyun açılışını edirəm, valideynlər xeyir-dua verirlər, çıxıb gedirəm.


- Sizcə, buna ehtiyac var? Bəy və gəlin şeirsiz-filansız gəlib yerlərində otursalar, toy baş tutmayacaq?
- Onda camaat niyə bunu istəyir? Deməli, tələbat var ki, istəyirlər də.

- Ən çox hansı ölkələrdə toylarda olursunuz?
- Rusiyada daha çox oluram.


- Ora neçəyə gedirsiniz?
- Qiymətlər vacibdir?

- Əlbəttə, vacibdir. Oğurluq etməmisiniz ki, gizlədəsiniz.
- Rusiyaya 5-6 min dollara, İsrailə 10 min dollara gedirəm. Dünyanın çox yerində toylarda olmuşam.

- Olubmu ki, bu işdən usanasınız, bezəsiniz?
- Toy həddən artıq çətin məsələdir. Hansısa qurumda 40-50 nəfər oturur və rəhbər şəxs danışır, hamı sakitcə onu dinləyir. Toy belədir ki, içkili vəziyyətdə insanları özünə cəlb etmək çox çətindir.

- Mən deyərdim ki, çox asandır. İçki məclisində, bayaq dediyim kimi, bir “damar” şeiri deyirsən, vəssalam. Evdə anasını döyüb həmin məclisə gələn adam da başlayır kövrəlməyə...
- İçki məclisində hamının başı kefə, yeməyə qarışır, sözə qulaq asan az olur.

- Sizcə, ümumiyyətlə, toyda sözə qulaq asırlar?
- Elə gözəl qulaq asırlar. Böyük Zəlimxan Yaqub deyir:

Ovu quşun qanadından saldırar,
Hökmü ilə qaya susar, sal durar,
Söz yıxanı Allah çətin qaldırar.
Şillə sözdür, yumruq sözdür, pəncə söz...

Baxır necə söz deyirsən. Nağıl danışsan, bildiyin səkkiz bənd şeirin səkkizini də deyib, camaatı yorsan, qulaq asmayacaqlar.

- Sizcə, hansı keyfiyyətlərə sahib olan şəxs tamadalıq edə bilər? Məsələn, 16 bənd şeir bilmək kifayət edər?
- Şeir deyirlər e, camaatı ələ ala bilmirlər, insanları yorurlar.

- Toy idarə etmək üçün şeir bilmək vacibdir?
- Daha yaxşı olar da.

- Tamadanın şeiri maralın buynuzu kimi bir şeydir də, hə?
- Maraqlı olur da. Elə xalq artistləri var ki, aparıcılıq da edir, tamadalıq da.

- Azərbaycanda hansı müğənni həm də yaxşı toy aparır?
- Mən müğənninin məclis aparmağı ilə razılaşmıram.

- Tamadaların bazarını “öldürdüklərinə” görə?
- Təkcə ona görə yox. Hər kəs öz işini görsə, yaxşı olar. O, tamada kimi lazımı qaydada toy apara bilməz. Çünki fikri qalır mahnılarında. Ümumiyyətlə, özünə hörmət edən müğənni toy aparmamalıdır. Bu, mümkün olan iş deyil. Sən gözəl sənətkarsansa, müğənniliyini elə də. Baloğlan Əşrəfovu görmüsən ki, toy aparsın?

- Xalq artisti Səməd Səmədov da toy aparır. Deməli, özünə hörmət eləmir?
- Mən o mənada demədim. Yəni, hər kəs öz sahəsiylə məşğul olmalıdır. Manaf Ağayev, Cabir Abdullayev, Əflatun Qubadov, Gülyaz, Gülyanaq bacıları da toy aparmırlar.

- Kimlərlə eyni toya düşəndə həzz alırsınız?
- Elə sənətkarların sayı lap çoxdur. Nazpəri, Manaf Ağayev, Cabir Abdullayev, Əflatun Qubadov, Gülyaz, Gülyanaq bacıları ilə bir toyda olmaq adama həzz verir.

- Deyilənə görə, müğənnilər Şəmkir tərəfdə yaxşı pul qazanırlar. Sizin o tərəflərə yolunuz düşürmü?
- Yolunuz düşür deyəndə ki, pis çıxmasın, Şəmkirin yolunu mən açmışam da. Əksinə, mən sənət dostlarımı dəvət edirəm ki, Şəmkirdə belə bir toy var. Heç bir müğənniylə getmirəm, əksinə, müğəniləri toya aparıram.

- Tamada, müğənni yoldaşları məclisə göndərib faiz aldığınız olub? Çünki indi sənət aləmində belə şeylər də dəbdir.
- Heç vaxt belə şey etməmişəm. İstənilən sənətçidən bu haqda soruşa da bilərsiniz. Çünki heç vaxt heç bir müğənnidən umacağım olmayıb.

- Son dəfə toy qiymətini nə vaxt artırmısınız?
- On il olar.

- Bəs on il əvvəl toya neçəyə gedirdiniz?
- Beş yüz də olub, üç yüz də, əlli manata da toya getmişik.

- Müğənniləri toylarda tez-tez döyürlər. Yəqin ki, şahidi olmusunuz.
- Döyüldüklərini görməmişəm. Elə toylara gedirəm ki, mədəni və səviyyəli olsun.

- Hər toya getmirsiniz?
- Elə olur ki, imtina edirəm. Məsələn, bir dəfə getmişəm, görmüşəm ki, mənlik deyillər. İkinci dəfə dəvət ediblər, getmirəm, deyirəm ki, işim var.

- Nə əcəb klip çəkdirmirsiniz?
- Mənim dörd klipim var.

- Sonuncusu nə vaxt çəkilib?
- İki il bundan əvvəl “Ay İsmayıllı” adlı kompozisiyaya klip çəkdirdik. Musiqisi Cabbar Musayevin, sözləri mənimdir. Kamilə Nəbiyeva oxuyurdu, arada mən də şeir deyirdim.

- Şeir də yazırsınız?
- Ona şeir yazmaq demək olmaz. Hərdənbir olur.

- Neçə ildir toy aparırsınız?
- 1988-ci ildə mənim 22 yaşım var idi. O vaxta kimi dost-tanış məclislərini, ad günlərini idarə edirdim. Tamada kimi ilk toyum 1988-ci ildə Sabirabad rayonunun Zəngənə kəndində olub. Dava-şavalı toy idi.

- Düşünürsünüzmü ki, gərək vaxtında pedaqoq, yaxud aktyor olardım?
- Hayıf ki, Mədəniyyət və İncəsənət Universitetinə girə bilmədim, aktyorluğu bacarmadım. Bu sahə çox çətindir. Həyatda müəyyən qədər aktyorluq edirik, amma bu, əsl aktyorluq deyil.


- Yaxşı vəzifəli dostlarınız olar.
- Var, çoxdur. Nazir, nazir müavini, polis rəisi, general dostlarım var.

- Nazir dostunuza istədiyiniz vaxt zəng vurub probleminizi deyə bilirsiniz?
- Nazirə zəng də vururam, görüşürük də, söhbət də edirik, bayramlarda da zəngləşirik. Amma mən onlara vəzifəli adam kimi yox, dost kimi baxıram, siyasətdən uzaq adamam.

- Vaxtilə vəzifədə olmuş dostunuz var?
- Bəli, Tağı Əhmədovla indi də dostam. Şeirlərini də demişəm. (Çox təkid etsəm də, nazir dostlarının adını demir – İ.V.)

- Heç hansısa dostunuzdan bahalı hədiyyə almısınız?
- Olub, niyə olmayıb ki. Şirkət sahibləri də olub.

- Azərbaycanda tamadalığın durumu necədir?
- Çox gözəldir. Zəlimxan Yaqub o boyda xalq şairidir, amma tamada olub da. Uzun illər məclislər aparıb. Mikayıl Mirzə bir toya gələndə hamı sakit durub, çəngəl-bıçağı qoyurdu yerə. Səməndər Rzayev, Yaşar Nuri kimi sənətkarlar toy aparıblar, toyların şahı olublar. Alqayıt Xəlilov isə tamadalığın möhürünü vurub.

- Tamada kimi kimlərdən bəhərlənmisiniz?
- Alqayıtdan, Zəlimxan Yaqubdan, Musa Yaqubdan, Mikayıl Mirzədən. Musa Yaqub da gəncliyində dost məclislərini idarə edib.

- Hər mövzuda şeirlər deyirsiniz. Yaddaşınızda təxminən neçə şeir var?
- Dəqiq say deyə bilmərəm, amma minlərlədir.

- Hansı şairin yaradıcılığına daha dərindən bələdsiniz?
- Məmməd Araz, Ramiz Rövşən, Musa Yaqub yaradıcılığını yaxşı bilirəm. Bu yaxınlarda Ramiz Rövşənin bir şeirini oxudum, dəhşətdir.

Təkcə gücsüzlüyündən yıxılmır, atam balası.
Arabir gücündən yıxılır adam.
Başını dik tutub gəzdiyi yerdə,
İçindən yıxılır adam.
İllər boyu neçə dərdə dözür, dayanır,
Qəfil sevincindən yıxılır adam.
Dünya qaçır ayağının altından, yıxılmır.
Bu dünyanın ən dəlisov atından yıxılmır.
Amma bir kəpənəyin qanadından,
Bir otun ucundan yıxılır adam.
Gülmə hər yıxılana, atam balası, gülmə.
Elə bilmə bu dünyada təkcə gücsüzlüyündən,
ya da ki acından yıxılır adam.

Bax şeir budur. Bunu hamı demir, əzbərləmək çətindir.

Musa Yaqub isə görün iki misrada nələr deyir:

Nə var sevgidən özgə, başqa şeylər hədərdi,
Dünyanın ömrü eşqin yaşamağı qədərdi.

Görürsən necədir? İki misrayla nələri ortaya qoyur.


- İmkanlı adamlar şeirlərini sizə təqdim edirlər?
-Olur.

- Ürəyinizə yatmayan şeir olanda nə edirsiniz?
- Etiraf edim ki, bəzən məcburən o şeiri deyirəm. Görürəm ki, güclü olmasa da, qələmi var, şeirlə, poeziya ilə oturub-durur, yaşayır.

- İmkanlı adamların şeirini səsləndirəndə qonorar alırsınız?
- Yox, məclisə gedəndə qonorarımı əvvəlcədən alıram. Həmişə cibimə pul qoyanda kənara qaçıram. Bir yaxın dostum var, polis rəisi idi, indi generaldır. Rayona gedəndə onun kabinetində görüşəsi olduq. Gördüm ki, bir videoya baxır. Dedi ki, bax, bu sənsən, pul vermək istəyirlər, kənara çəkilirsən.

- Hər gün toyda olarsınız...
-Toy sezonlarında oluram. Min şükür, dolanırıq. Bunun üçün işləmək lazımdır. Güclü iradə, dözüm, səbir, zəhmət lazımdır. Böyük Rəsul Rza böyük Səttar Bəhlulzadəyə bir məktub yazır. Allah hər ikisinə rəhmət eləsin:

Səndə bir can var, məndə bir can.
Mənim qələmim var, sənin fırçan.
Mənimki sözdür, səninki rəng.
Mən yazım, sən çək.
Mən dilim olmasa da, yazaram, əlim olmasa da,
Sən gözün olmasa da, çəkərsən, sözün olmasa da.
Heç birimiz yarada bilmərik ürəksiz.
Mənimki sözdür, səninki rəng.
Var olsun Ürək.

Adicə bir şeiri camaata çatdırmağa adamda ürək lazımdır. Sözü vaxtında deməlisən. Məmməd Araz deyir ki, söz beyində mayalanır, ağızdan doğulur, hədəfə dəyəndə atəş açılır.

- Kimsə mikrofonu alıb uzun-uzadı danışanda nə edirsiniz?
- Elə şeylə aram yoxdur da. Onda əlacsız qalıram, toy sahibinə deyirəm ki, denən bəsdir. Yaxud da səs rejissoruna xəbər edirəm, mikrofonun səsini alır, musiqi verilir.

- Ümumiyyətlə, toyda deyilən sağlıq maksimum neçə dəqiqə olmalıdır?
- Ən gözəl natiq beş dəqiqədən artıq danışmamalıdır. Toyda maksimum bir dəqiqə sağlıq demək lazımdır. Mən özüm toyun açılışında dəqiqə yarımdan çox danışmıram. Elə anlar olur ki, cəmi 30 saniyə danışıram. Çünki çox danışanda camaat yorulur. Əvvəllər toy qırx gün idi. Qısaldı, azaldı, gəldi oldu cəmi dörd saat. İndi tamada məclisin rejissorluğunu elə etməlidir ki, həm toy yiyəsi razı qalsın, həm qonaqlar bezməsinlər, həm də məclis maraqlı keçsin.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm