Azərbaycanlı xanəndə: “Zaur məni aldadıb”- FOTOLAR+VİDEO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı xanəndə: “Zaur məni aldadıb”- FOTOLAR+VİDEO

Asəf Zeynallı adına Musiqi Kollecinin qapısından içəri daxil olub “Sabir müəllim hansı otaqda dərs keçir” sualını verməyə hazırlaşırdım ki, otaqlardan eşidilən zəngulə sədası sözümü ağzımda qoydu. Astaca qapını açıb, ayaqlarımın ucunda otağa keçdim.

Sabir müəllim zənguləsini davam etdirə-etdirə mənə qaş-gözlə işarə etdi ki, boş stullardan birinə əyləşim. Dərsin şirin yeriydi, tələbə tarzən Rəhim Ağamirzəyevin müşayiəti ilə ustad sənətkar Sabir Abdullayev tələbəsi Cavanşir Kərimova “Zabul-segah”ı öyrədirdi. Bəh-bəh, əsl ustad-tələbə deyişməsiydi, muğamın dadını çıxarırdılar...

- Maşallah, bülbül kimi cəh-cəh vururlar, neçə tələbəniz var?

- Tələbələrim çoxdur, bəziləri gedib, burada on bir tələbəm var.

- Baxıram ki, oğlanlar qızlardan çoxdur. Niyə?

- Qızların marağı daha çox estrada musiqisinədir, yəqin, ona görə. Muğam oxumaq üçün gərək səs ola. İstədiyin pərdəyə yüksələ biləsən. Hamı yüngül musiqinin arxasınca qaçır da...

- Tələbələriniz də özünüzə oxşayır, çox məlahətli səsləri var...

- Nə olsun e, amma heç məni efirə çağıran olmur.

- Amma qardaşınız Cabir Abdullayev efirlərdən düşmür…

- Gedib telekanalların qapısını döyüm ki, məni efirə çağırın?

- Bəs, Cabir müəllim necə gündəmdədir?

- Nə bilim. Mənim bütün enerjim bu tələbələrə sərf olunur.

- Müəllimlik fəaliyyətiniz ifaçılıq fəaliyyətinizi üstələyib. Buna peşman deyilsiniz ki?

- Peşmanam.

- Niyə? Bu qədər qazancınız var - tələbələrinizi nəzərdə tuturam.

- Tələbələri qazandım e, amma çox şey də itirdim axı.

- Məsələn, nə?

- Çox şey - fəxri ad, var-dövlət, pul… Hamısını itirdim. Bəyəm mən onlardan pis oxuyuram? Gedərdim onlar kimi pulun-varın dalınca, öz işimi də gözəl qurardım. İndi fəxri adım da olardı, var-dövlətim də.

- Toylara gedirsiniz?

- Ay qız, bizi toya aparan var?

- Niyə ki? Xanəndələrin əksəriyyəti toya gedir, pul qazanır…

- Yalan söhbətdir. Xanəndəni toya aparıb, pul verən yoxdur. Kim çığırır, efirdə onu-bunu söyur, açıb özünü çölə qoyur, toya onu aparırlar. Güclü səsi olan xanəndəni kimdir toya aparan?

- Güclü muğam oxuyan deyəndə kimləri nəzərdə tutursunuz ki?

- Özümü. Başqası ilə mənim işim yoxdur. Mən tələbə yetişdirirəm, sabah-birigün məşhurlaşıb, özünə bir gün ağlayır, çörəkpulu qazanır. Mən də qazanmalıyam da, tələbə gətirib mənə çörək verməlidir?

- Məşhur olan hansı tələbələrinizin adını çəkərdiniz?

- Tanımırsınız, ad niyə çəkim ki? Tələbəm Samir Cəfərov bu gün xalq artistidir.

- Tələbələrinizdən heç zəhmətinizi yerə vuran olur?

- Yox, Samirin özü həmişə mənimlə hal-əhval tutur.

- Yeri gəlmişkən, siz Opera Teatrında da çalışa bilərdiniz. Məcnun ola bilərdiniz.

- Mənim Məcnunla işim yoxdur. Lazım olsa, o vaxt olardım da. Opera Teatrında işləmək müəllim işləməkdən şərəflidir ki? Müəllim qədər şərəfli bir sənət sahibi ola bilməz.

- Bayaqdan deyirsiniz ki, müəllim olduğunuza peşmansınız, indi də deyirsiniz ki, müəllimlik şərəfli peşədir…

- Getdim də müəllimliyn arxasınca. İfaçılığa, sadəcə olaraq, vaxtım qalmadı.

- Yalnız maaşa gözünüzü dikdiniz?

- Ancaq... Başqa yerdən qazancım olmadı. Amma çox şey edə bilərdim.

- Edə bilərdim deyəndə ki, indi də edə bilərsiniz də…

- İndən belə nə edəcəm? Durub saçlarımı boyayıb toylara, məclislərə gedəsi deyiləm ki… Saçı boyasızları toya aparan yoxdur.

- Saçınızı boyasanız, nə olasıdır ki?

- Olmaz. Mən bu həyata kişi kimi gəlmişəm, kişi kimi də bu dünyadan köçüb gedəcəyəm.

- Saçını boyayan sənətçilərə pis baxırsınız ki?

- Yox, sadəcə, özüm bunu qəbul edə bilmirəm. Mənim təbiətimə yad olan şeydir. Daha gedib yazma e, saçına boya yaxanlara pis baxıram…

- Nə deyirsinizsə, onu yazıram…

- Əslində səhnədə olan insan özünə baxmalıdır. Amma bir xarakter məsələsi var də. Mən bunu qəbul edə bilmirəm. Kim qəbul edirsə, özü bilər.

- İndi deyirsiniz ki, saçınızı boyamadığınıza görə sizi toya, efirə dəvət etmirlər, buna görə gündəmdə deyilsiniz?

- Mən gedib telekanalın qapısını döyüm ki, məni gündəmə gətirin? Onlar bilmir ki, Sabir Abdullayev adlı bir xanəndə var?

- Etiraf edirsinizmi ki, qardaşınız Cabir – hərçənd ki, səsiniz onunkundan heç də zəif deyil – sizdən çox tanınır?

- Əlbəttə, etiraf edirəm. Elə də olmalıdır da...

- Özünüzü qardaşınızdan zəif xanəndə sayırsınız?

- Nəinki Cabirdən, mən ümumiyyətlə, heç kimdən zəif xanəndə deyiləm. Hər bir kəslə oturub qabaq-qənşər söhbət də edə bilərəm, oxuya da bilərəm.

- Bağlaya da bilərsiniz, yəni…

- Lazım gəlsə, bağlayaram da. Heç kim qanadını qaldırmasın ki, məndən yoxdur.

- Hərdən heç Cabir müəllim sizi məzəmmət edirmi ki, bu cür gözəl səslə efirlərə niyə çıxmırsan?

- Yox, heç vaxt. Cabir mənim kiçik qardaşımdır. Bizim evdə böyük-kiçik söhbəti var. Əslində, mənə kiminsə nəsə deməsi də lazım deyil, mən özüm də bunu yaxşı bilirəm. Efirə o vaxt gedəcəm ki, məni çağırsınlar. Zəng edib kiməsə deməyəcəm ki, məni efirə çağırın. Ayıbdır. Bircə “Space” televiziyasına minnətdaram, onun rəhbəri Vaqif Mustafayev sənətkarlara hər zaman hörmətlə yanaşıb. Həmişə də ad günlərimi efirdə qeyd ediblər. Belə də ki, telekanalar heç çağırmasınlar da. Onsuz da mənə dəyər verən adamlar var. Bir dəfə böyük sənətkarımız Cabbar Qaryağdıoğlu konsert verirmiş. Salonda beş yüz adam varmış. Cabbar əmi də nəhəng oxuyanlardandır, bunu hamı bilir. Bir muğamı dörd saat canlı oxuyurmuş. Tarzən Qurban Pirimov yavaşca ona pıçıldayır ki, ay Cabbar özünü niyə öldürürsən, heç kim sənə qulaq asmır. Cabbar əm idə qayıdır ki, ay Qurban, narahat olma, o güncdə birini tapmışam. Beş yüz adamın içində o bir nəfər mənə həvəslə qulaq asırsa, bəsimdir. Bizdə belə olsaydı, görün, sənətimiz haralara gedib çıxardı.

- Birdən telekanallar çağırdılar, bütün verilişlərə gedərsiniz?

- Yox, hamısına yox. Mənə aid olmayan verilişlər var ki, öldür, ora getmərəm.

- Məsələn?

- Qalmaqal, dedi-qodu mənlik deyil.

- Bəs, hansı verilişə gedərdiniz?

- Məni Xəzər Televiziyasına Səyyarə Səyyaf çox çağırır. Sağ olsun.

- Başqa aparıcılardan hansını bəyənirsiniz?

- Açığı, verilişlərə heç baxmıram da.

- Məsələn, Zaurun verilişinə baxırsınız?

- “Ay Zaur”un?

- Hə.

- O, məni bir neçə verilişə çağırıb, sonra aldatdı. Düzü, bir dəfə mən onu aldatdım. Tələbəmin toyuydu, axşam mənə zəng vurdular ki, efirdə çəkilişdir. Dedim, axı mən tələbəmə söz vermişəm, məclisinə getməliyəm. Özü də heç pul da marağımda deyildi ha. Getdim ora, çəkiliş qaldı. Sonra da o, məni aldatdı. Küsmüşəm ondan, çağırsa da, getmərəm.

- Zaurun verilişlərini bəyənirsiniz?

- Son vaxtlar yox. Onun verilişi əvvəllər çox populyar idi -“Ay Zaur”u deyirəm. Sonradan bir qrup şou adamını ora yığdı. İndi də təzə veriliş açıb,çox maraqlıdır, xoşuma gəlir.Amma heç məni çağırmır . O gün bir şamaxılı oğlanı çıxarıblar efirə, başlayıblar ki, bu istedaddır, buna dəstək olmalıyıq. Baxdım yazığım gəldi o oğlana. Əşi, bu uşağı niyə gətirib avara edirsiniz, onun səsi, istedadı yoxdur axı. Yalandan niyə tərifləyib ayağının altına daş qoyursunuz. Onun səsi olmayandan sonra neyləyəcək? İndi, bəlkə də, məni qınayırsınız e. Amma olanı deyirəm də. Vaxt gələcək, bəlkə də məni axtarıb tapmayacaqlar. Amma indi sağam, gəlin bir maraqlanın da. Görün hardayam, nə iş görürəm? Oxumaqla deyil e, gərək şahlıq quşu gəlib insanın başına qona.

- Belə başa düşürəm ki, belə şeylərə görə, ruhdan düşürsünüz?

- Bəs necə? Baxıram ki, sənətdən xəbəri olmayan biri efirə çıxıb mənə dərs keçir, ağıl öyrədir. O adamları zamanında saatlarla qapıda saxlamışam, dərs otağıma girməyə cəsarəti çatmayıb. Belə şeylər mənə ləzzət eləmir.

- Heç özünüzü danlayırsınızmı ki, bir az dəyiş, başqalaş, ay Sabir?

- Bir ara özümü əməlli-başlı danladım. Sonra gördüm ki, yox e, dəyişən deyiləm. Adamın gərək canında ola, dəyişməklə deyil.

- Sabir müəllim, Heydər Əliyev Fondunun prezidenti, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə işıq üzü görən 24 məşhur Qarabağ xanəndəsinin adının daxil edildiyi diskdə sizin də ifanız var. Bu, hər xanəndəyə qismət olmur e…

- Bilirəm. İlk dəfə olaraq mən həmin vaxt sənətimə verilən dəyərə görə sevindim. Sağ olsun Mehriban xanım Əliyevanı. Sənət adamlarına göstərdiyi diqqət və qayğısı danılmazdır. Mən bir dəfə də demişəm, indi də deyirəm. Əlimdə səlahiyyətim olsaydı, Mehriban xanım Əliyevaya Milli qəhrəman adı verərdim. Ona görə ki, o xanım bir ordunun görə bilmədiyi işi gördü. Amma həmin diskin Gülüstan sarayında təqdimatında mən iştirak edə bilmədim. Deməli, məni axtarıblar, deyiblər, guya mən sənətdən uzaqlaşmışam. Təqdimata bir gün qalmış Siyavuş Kərimi məni gördü və soruşdu ki, qardaş, sən hardasan? Dedim, harada olacağam, Bakıda. Qayıtdı ki, bir-iki gün əvvəl səni soruşdum, dedilər, daha o oxumur. Mənə yaxşılıq etmək istədi, dedi, sabah gəl, adını siyahıya salaq. Getdim, amma artıq proqram tərtib olunmuşdu. Mən öz diskimin təqdimatına qatılıb, oxuya bilmədim.

- Kim idi sizə mərdimazarlıq edən adam?

- Kim olacaq sənət adamları. Bax mənə elə zərbə vurdular.

- Tələbələriniz heç şou arxasınca qaçırlar?

- Mənim yanımda yox, amma qıraqda neyləyirlər, onu bilmirəm.

- Neyləsinlər, onlar da pul qazanmaq istəyirlər axı.

- Elə bizim evimizi yıxan puldur də. Əvvəl sənət öyrənmək lazımdır.

- Tələbə qızlar daha çox şou arxasınca qaçır, yoxsa oğlanlar?

- Qızlar. Oğlanlar da muğamları öyrənir, bir də küçəyə çıxanda görürlər ki, səsi olmayan bir müğənni 200 000 minlik avtomobil sürür. Bir onda görürük ki, həmin tələbə əlimizdən sürüşüb çıxdı. Yavaş-yavaş o biri tələbələri də itiririk. Amma tələbə də var ki, estrada fakültəsində oxuyur, amma gəlib məndən muğam sənətini öyrənir. O da istəyir ki, beş adam muğamdan danışanda ağzını ayırıb baxmasın.

- Estrada müğənnilərindən kimləri bəyənirsiniz?

- Var qabiliyyətli oğlanlar. Biri elə Nadir Qafarzadə, Elariz. Adamı görəndə bilmirlər necə hörmət göstərsinlər. Məclisin o başından durub ayağına gəlirlər. Amma var e “keçiqulaq” gədələr, yanından keçir, heç sənə salam da vermirlər. Yazmasaydın, adını da çəkərdim. Amma yox, bilirəm ki, yazacaqsan.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm