Tabloid.az
“Röyanın klipini çəkdiyim günə daş düşəydi” - BRİFİNQ
Rejissor Kənan Mahmudov "Brifinq"in qonağıdır. Azərbaycan tamaşaçısının öz istehsalımız olan serial və filmlərimizə laqeyd münasibət göstərdiyini deyən Kənan M.M. Türkiyə bazarından da danışdı. "Ləkə"dən sonra bir daha serial çəkməyəcəyini deyən rejissor bunun səbəblərinə aydınlıq gətirdi. K. Mahmudov dinə münasibətindən, şəxsi həyatından, şeir yaradıcılığından da bəhs etdi.
Nərgiz Ehlamqızı: Kənan bəy, iki ilə yaxındır ki, klip çəkmirdiniz, bir vaxtlar daha klip çəkməyəcəyinizi açıqlamışdınız. Bu yaxınlarda Vüsalə Rəcəbovanın klipi ictimaiyyətə təqdim olundu. Ailəvi dostunuz olduğu üçün çəkdiniz, yoxsa yenidən klip çəkilişinizə start vermisiniz?
- Həmin ərəfələrdə istəsəydim də, klip çəkə bilməzdim. Çünki telekanalla müqaviləm vardı, “Ləkə” serialı çəkilirdi. Klip çəkilişi üçün imkan yox idi. İşi təhvil verəndən sonra ssenarisi və rejissorluğu mənə məxsus olan “Bozbash pictures”in filmini çəkdim, onu da bitirdim. Vüsalə xanıma klip çəkilişinə gəlincə, 10 il öncə ona klip sözüm vardı, 10 ildən sonra bu sözü tutdum. Sən heykəltəraşsansa, işin heykəl düzəltməkdir, dərzisənsə, işin paltar tikməkdir, rejissorluq həyatımın tərkib hissəsidir, istəsəm də, ata bilmərəm. Sadəcə, sifarişçi şəxsiyyət olaraq mənim üçün maraqlıdırsa, davam edə bilərəm. Yoxsa milyonlarla pul versin, insani keyfiyyətlərində problem varsa, onunla işləyə bilmərəm.
N.Ehlamqızı: Kimsə klip
sifarişi verirsə, həmin şəxsin istedadındansa, insani
keyfiyyətlərinə diqqət yetirirsiniz?
- Onsuz da şou-biznesdə olan sənətçilərin hamısını tanıyıram. Onlar
da məni yaxşı tanıyır.
Aqil Lətifov: Xarakterinizə
görə klip üçün Sizə sifariş verməyənlər olur?
- Hə, elə sənətçilər var, xasiyyətimi bildikləri üçün sifariş
vermirlər.
Nərmin Muradova: İllər öncə
çalışdığınız elə insanlar varmı ki, onlarla yenidən
çalışmazsınız?
- Təbii. Onlar da mənimlə çalışmaz. Həmin insanlar mənim qara
qaşıma, gözümə vurulmamışdılar. İnsani keyfiyyətimə yox, istedadıma
görə mənimlə işləmişdilər. Amma klip efirdə gedəndən sonra o işin
onun həyat və yaradıcılığında iynənin ucu qədər də olsa, təsiri
olduğu halda illər sonra “kliplərimə baxanda məni gülmək tutur”
deyən insana yenidən klip çəkmərəm. Deməli, sən o vaxt gülməli
olmusan da.
“Bir il ailəmin üzünü görmədim”
N.Muradova: “Ləkə” serialından
sonra Sizi serial çəkilişində görmədik. Belə bir açıqlama da
vermişdiniz ki, bundan sonra serial çəkməyəcəyəm. Bunun səbəbləri
nə idi?
- Bunun bildiyiniz və bilmədiyiniz o qədər tərəfləri var ki.
Tamaşaçı medalın bir üzünü görür, o biri üzündən xəbəri olmur. İşə
baxır, amma bilmir ki, hansı şərtlər, fiziki və mənəvi təsirlər
altında çəkilib. Üzr istəyirəm, demək olar ki, bir il ailəmin üzünü
görmədim. Səhər çəkilişə gedəndə də, axşam evə qayıdanda da uşaqlar
yatmış olurdu. Bu qrafik bir ildən çox davam elədi. Hətta oğlum bir
gün mənə zəng vurub soruşdu ki, ata, bu gün bizə gələcəksən?
Təsəvvür edirsiniz? Bakının tıxacı, məkandan məkana çatmırdıq və
tamaşaçı məni qıcıqlandırırdı. Azərbaycan tamaşaçısında laqeydlik
var. Mən də azərbaycanlıyam da. Ola bilsin meyxananı, aşıq
musiqisini sevməyim, amma istəsəm də, istəməsəm də bu, mənimdir,
bunu söküb ata bilmərəm. Bir ildən çoxdur ki, əlimi Qurana basıb
söz vermişəm ki, sosial şəbəkələrdə heç bir rəy, yaxud ismarıcı
oxumayım. Çünki internet elə bir şeydir ki, qaranlıq otağa
bənzəyir, səni vururlar, nə zərbənin hansı tərəfdən gəldiyini
görürsən, nə də həmin şəxsin xarakterini bilirsən. Oturub ona baş
qoşmaq ağılsızlıqdır, həyatımda belə hallar olub. Məsələn, bir
səhnə var, aktrisalar çox yaxşı oynayıblar, ağlayırlar, Türkiyədən
ssenarist də gəlmişdi, çəkilişdən sonra əlini Günelin (Günel
Məmmədova- aktrisa - N.E.) gözünə vurdu, dedi “abi, bu qız,
həqiqətən, ağlayır”, söylədim ki, bəs belədir də. Türk ssenarist
dedi ki, bizdə dərman tökməsələr, aktrisalar ağlaya bilməzlər. Amma
həmin səhnəyə Youtube-də bir nəfər yazmışdı ki, bu nədir, qızın
corabı nə gündədir? Mən bu tamaşaçıya nə çəkim?
A.Lətifov: O cür tamaşaçı
rəyinin dərinliyinə qədər niyə gedirsiniz ki... Belə rəylər qəsdən,
düşünülmüş də ola bilər.
- Şəkili nə ləhcəsində danışmalıdır? Şəki ləhcəsində. Bu, kinoda
mövcuddur. “Qatır Məmməd”i yada salaq, rəhmətlik Şahmar (Şahmar
Ələkbərov - N.E.) hansı ləhcədə danışırdı? Gəncəbasar ləhcəsində
“ma elə gəlir ki”. O, Bakı ləhcəsində danışsaydı, o, kino
olmayacaqdı. Bölgələrin özünəməxsus koloritləri var, bunu itirmək
olmaz. Necə olur, “Fatmagülün suçu nə” serialında “yaxarım, lan”
sözləri qəbul olunur, 40 seriya 1 kofta ilə çəkilir, alqışlayırlar,
biz dilənə-dilənə, ordan-burdan paltar tapırıq, bizə deyirlər ki,
nə gündədir. Bir söz deyim, tamaşaçımızın səviyyəsi necədirsə,
teatrımız, kinomuz da o gündədir.
N.Ehlamqızı: Bir-iki rəyə görə
auditoriyanı ümumiləşdirirsiniz?
- Əslində, peşəkarların fikri daha çox maraqlıdır, amma peşəkar da
azdır. Amerikada bir film vardı “Kral danışdı”. Bu film 2012-ci
ilin ən yaxşı filmi adını aldı. Amma Amerikada o filmə baxan
olmadı. Deməli, bu, kütlə üçün deyil. Qəribə bir tendensiya var.
Birinə sual verirsən ki, filankəsin klipinə baxmısan? Əla klipdi.
Qayıdır ki, yox ey, mənim ondan zəhləm gedir. Deyirəm ki, özünə
demirəm, klipinə baxmısanmı, bir bax da, bəlkə, xoşuna gələcək?
Şəxsiyyətə olan münasibət bəzən sənətdə sənin tamaşaçı itirməyinə
bilavasitə səbəb olur. Bu, yanlış bir şeydir.
N.Muradova: Ümumiləşdirmə
edirsiniz, “Azərbaycanda aktyor yoxdur” ifadəniz də böyük səs-küyə
səbəb olmuşdu.
- Mən demişdim, Azərbaycanda gənc aktyor, yeni sima yoxdur.
Həqiqətən də yoxdur. Nə qədər Ramiz müəllimi (Ramiz Novruzov -
N.E.) çəkmək olar? 19-20 yaşlı gənc çəkmək istəyirəm, o yaşda
aktyor tapa bilərsiniz? O gənc aktyoru haradan tapmaq olar?
Mədəniyyət və İncəsənət Universitetindən, əgər söz, duyğu, danışıq
yoxdursa, agentliklərdən tapa bilərsən. İncəsənət Universitetinə
gedirəm, tələbələrə sual verirəm ki, niyə bu universitetdə
oxuyursan? Qayıdır ki, balım bura düşdü də. Deməli, kiminsə yerinə
gəlmisən, haqqını yemisən. Tamada kimi danışırlar.
A.Lətifov: Bizdə bu, ümumi
problemdir, futbolçulara baxırsan, xaricilərlə müqayisədə
bizimkilərin danışıq qabiliyyəti yoxdur.
- Maarifləndirmə yoxdur da. Hərdən gecə Azərbaycanda çəkilən
seriallara baxıram. Bilmirəm kim çəkib, amma 3 il bundan qabaqkı
seriallarla müqayisədə çox böyük inkişaf var. İstər aktyor, istərsə
də musiqi baxımdan inkişafı görürsən. Fərqi yoxdur, mənim orda
imzam gedib ya yox, millətimin nümayəndəsi çəkibsə, bunu deməliyəm,
hər kəs özü haqqında həqiqəti bilir. Bunu deməyib kimi aldadıram
ki, axı yaxşıdır. Müşfiqin (Müşfiq Şahvediyev - N.E.) “My name is
İntiqam” treylerinə baxdım, çox xoşuma gəldi. Nə olsun mən
çəkməmişəm və mən orada oynamıram, axı yaxşıdır bu. Burada əmək
var.
A.Lətifov: Dediniz, 3 il əvvələ
baxanda filmlərimizdə inkişaf var. Bizim seriallar haqda belə fikir
formalaşıb ki, rejissorlar bizim serialları türk seriallarına
bənzətməyə çalışırlar, aktyor işi də süni
alınır...
- O, filmləri çox izləməkdəndir. İşin psixoloji tərəfləri var.
10-15 il Türkiyənin Kanal D, ATV kanalları qarşısında böyümüşük,
istədiyimiz və istəmədiyimiz halda bəzi sözlər mədəniyyətimizə,
ədəbiyyatımıza daxil olub. 10 il bundan qabaq qızlar, oğlanlar
bir-birinə “aşkım” sözü demirdilər. Amma indi deyirlər. Bilmirəm,
bu, yaxşıdır yaxud pisdir. Ssenaristə deyəndə ki, mənə ssenari yaz,
ssenariyə baxırsan ki, hansısa türk serialına oxşayır. Çünki baxıb,
izləyib, xoşuna gəlir. 7 not var, 8-ci mümkün deyil, dramaturgiya
bir neçə hissədən ibarətdir, yeni bir xətt tapa bilməzsən, yalnız
finala doğru gedən ortaq məxrəcdə bir xətt tapa bilərsən. Məncə,
bizim seriallar da düzələcək, amma biz onu görəndə artıq yaşlı
olacağıq, yaxud həyatda olmayacağıq.
“Türklər kimi olsun” sözünü eşitməyim deyə ssenarini türkə yazdırdım"
N.Muradova: Deyəsən, “Ləkə”
serialının ssenaristi türk idi.
- Hə, “Pərvanələrin rəqsi” serialında oynayandan sonra anam qayıtdı
ki, bala, yaxşıdır, hər şey qəşəngdir, sadəcə, türklər kimi deyil.
Bu sözü mən tez-tez eşidirəm. Türklər kimi nə deməkdir? Operator,
aktyor türk olmalıdır, yaxud türk dilində danışmalıyam? Fikirləşdim
və bunun həllini tapdım, hadisədə türk qələmi olmalı idi. Mən
“türklər kimi olsun” sözünü eşitməyim deyə ssenarini türkə
yazdırdım. Dilim uzundur, türklər kimi demirdiniz, buyurun. Bəlkə
də, buna görə 1 il müddətində reytinqdə birinci yerdə
oldu.
A.Lətifov: Müşfiq Şahvediyevin
“My name is İntiqam” filminin adını çəkdiniz, doğrudan da, hələ
treylerində baxanda hiss olunur ki, yaxşı filmdir, öz
ləhcəmizdədir, şirin alınıb. Niyə filmlərimizin hamısı bu səviyyədə
deyil?
- Vaxt lazımdır.
N.Muradova: Amma o da türk
stilindədir.
- Statistika göstərir ki, türklər son vaxtlar dram, komediya,
macəra filmi də çəkirlər, amma komediya daha çox
sevilir.
N.Ehlamqızı: İnsanlar
qayğılardan o qədər sıxılır ki, sanki komediya filmi ilə stresdən
uzaq durmağa çalışırlar.
- Zarafatsız, ən böyük səbəb elə odur. Mən Bakıda “Rəcəb İvedik”in
filminə 15 gün bilet tapa bilmədim. Axı bizdə Rəcəb İvediklər
çoxdur. Həqiqətən, çoxdur.
“"Bozbash pictures"i çəkəndə operatorla ağzımızı tutub gülürdük"
N.Muradova: Sizin çəkdiyiniz “Bozbash pictures” komediya filmi nə ilə fərqlənəcək? “My name is İntiqam”ın reytinqini ötüb keçə biləcəksiniz?
- Kimisə ötüb keçmək barədə fikirləşib işə başlamaq, paxıllıq işə uğur gətirməz. Sən də öz işini görürsən, mən də. Ssenarinin bəzi səhnələrini telefona yazıb sonra kompüterə köçürmüşəm. Filmi çəkəndə səhnədə bir sözdən sonra növbəti sözü bilirdim, yenə də o səhnədə gülürdüm. Elə səhnələr var ki, operatorla ağzımızı tutub gülürdük. Macəralar yaxşıdır. Uşaqların özünün reytinqi var, Youtube-də baxırsan ki, çox izləyirlər. Hələ fraqman yoxdur, indidən kinoteatrlar deyirlər ki, filmi bizə verin.
N.Muradova: Nə vaxt efirə
çıxacaq?
- Yanvarın axırına fikirləşirik. Çünki dostlarımızın da əziyyəti
var, qoy tamaşaçılar “My name is İntiqam”dan doysunlar, sonra biz
təqdim edək.
“Dindar deyiləm, amma mundar da deyiləm”
N.Ehlamqızı:
Dindarsınız?
- Dindar deyiləm, amma murdar da deyiləm. Allahla aramda olan
şeylər barədə danışıb ucuzlaşdırmaq istəmirəm. Amma yaranışımızın
bir səbəbi var və o səbəbə doğru gedəcəyik. Demirəm mələyəm,
qanadlarım var, bacardığım qədər istəyirəm ki, həyatımı normal
yaşayım. Bilmirəm, bu, məndə nə qədər alınır.
“İŞİD-i Azərbaycanda sevən varsa, onlara da lənət olsun”
N.Ehlamqızı: Bu gün bütün
dünyanın dəhşətlə izlədiyi İŞİD qruplaşması barədə nə
deyərsiniz?
- Allah onlara lənət eləsin, onları Azərbaycanda sevən varsa,
onlara da lənət eləsin. Kimin xoşuna gəlmirsə, adresim məlumdur,
gəlsin.
A.Lətifov: Sərtlik
xarakterinizdən irəli gəlir?
- Sən bilsən ki, bir nəfər ətrafındadır və ailə üzvlərinə hörmət
etmir, nifrət edir, nə edərsən? O adamın ətrafında yaşaya bilərsən?
Qəbul edə bilmirəm, özümdən asılı deyil ki. Şükür Allaha ki, mənə
elə bir şey verib ki, onu qəbul edə bilmirəm. Qəbul etsəydim, mən
də o tərəfdən idim. Bu dünyada iki yol var, İmam Hüseyn və Yezid
yolu. Ortada qalmaq söhbəti yoxdur.
A.Lətifov: Siz hansı
tərəfdəsiniz?
- Səncə?
A.Lətifov: Söhbət din
məsələsinə münasibətinizdən getmir. Ümumilikdə danışıq tərziniz
sərt tondadır.
- “Axırıncı aşırım” filmində Kərbəlayi ilə Abbasqulu bəyin söhbəti
var, deyir, Abbasqulu bəy, mənə dəyən təpik sənə dəysəydi... 12 il
az deyil, bir fakt var, ya işlədiyin adam kimi olmalısan, ya da o,
sənin kimi olmalıdır. Mən qidalanmaq və yaşamaq xatirinə kimlərisə
yola vermişəm, amma heç vaxt başqası kimi ola bilmərəm. Allah
hərəni öz simasında yaradıb.
Ruslan Xəlil: Siyasətlə aranız
necədir? Ötən günlərdə 20 noyabr vertolyot qəzasından 23 il ötdü,
bu hadisə barədə məlumatınız var?
- Çox təəssüf ki, 20 Yanvar, Xocalı faciəsinin ildönümlərindən
başqa tarixi günlər yadımda qalmır. Buna görə özümü qınayıram. Kaş
telefonda tarixi günlər barədə avtomatik məlumat olardı. Əgər
tarixi günü bilmirəmsə, övladıma necə başa salım? Bilmirəm də,
yadımdan çıxıb. Biri yaxınlaşıb küçədə mənə sual versə ki, Zəngəzur
nə vaxt işğal olunub, bu suala cavab verə bilməsəm, mənə ayıb
olsun. Hərdən bizi qınayırlar ki, niyə Aşuranı qeyd edirsiniz. Evdə
balaca uşaqlar böyüyür. 20-30 il aşura etməsək, o biləcəkmi Aşura
nə deməkdir? 10 il internetdə, qəzetlərdə, saytlarda Xocalı faciəsi
haqda yazılmasa, yeni doğulan uşaq Xocalı haqda biləcək? Yox. Ona
görə xüsusi günləri qeyd etmək lazımdır.
R.Xəlil: Müasir siyasi
prosesləri, Qarabağla bağlı danışıqları
izləyirsiniz?
- Siyasi xəbərlər qarşıma çıxanda oxuyuram. Xüsusi olaraq hansısa
siyasətçini izləmirəm.
R.Xəlil: Seçkilərdə iştirak
edirsiniz?
- Hə, prezident seçkilərində səsvermədə iştirak edirəm.
R.Xəlil: Ötən ilki prezident
seçkilərində debatlara baxırdınız?
- Hərdən Youtube-də o debatların bəzisinə baxıb gülürəm.
A.Lətifov: Kimə
gülürsünüz?
- “Hamınızı güllələyəjəm” deyən Hafiz Hacıyevə.
R.Xəlil: Deputat olsaydınız,
rayonunuzun ssenarisini necə yazardınız?
- Hamınızı güllələyərdim (gülür). Ssenarini ancaq yoldan yazardım.
Yol təmiz və geniş olmalıdır.
A.Lətifov: Bizim yollar qədər
təmir olunan yollar da yoxdur...
- Biz yol çəkirik, sonra qazırıq, kanalizasiya düzəldirik, yenə yol
çəkirik. Birinci kanalizasiyanı düzəltmək, sonra yol çəkmək
lazımdır.
A.Lətifov: Bəzi rejissorlar var
ki, müğənnilər kimi öz sənətləri ilə yox, şəxsi həyatları ilə
gündəmdə qalırlar. Bu, günün tələbidir?
- İndi cavanlığımı yadıma salıram, baxıram ki, çox şükür, məndə elə
şeylər olmayıb. Qalmaqal peşə ilə əlaqədar deyil, insanın
şəxsiyyətindən xəbər verən bir şeydir. Sənətkar adamsan, başını sal
aşağı, işini gör, sənə başqasının silikon qoydurmasının nə
aidiyyəti var? Axı bu, sənə çörək vermir, əksinə, mən bilən, gözdən
salır. İki cür məşhurluq var: sən məşhursan, səni tanıyırlar, bir
də var, sən məşhursan, səni tanıyırlar və səni sevirlər. Bunların
arasında böyük fərq var. Bir gün təyyarədə gedirəm, yanımda yaşlı
bir xanım əyləşmişdi, dedi ki, filan müğənni var ha, köpək qızı al
da geysə, yaraşır, şal da geysə, yaraşır. Soruşdum ki, istəyərsən
qızın onun kimi olsun? Qulaqlarını çəkdi.
N.Muradova: Qalmaqal istənilən
halda müğənniləri ulduz edir.
- Bir yerə qədər.
N.Muradova: Məsələn, Röya
gündəmə qalmaqallarla gəldi...
- Amma istedadı da var. Həm də qalmaqalla gəlməsəydi, Röyanın bu
istedadı üzə çıxmayacaqdı.
“Röyanın klipini çəkdiyim günə daş düşəydi”
N.Muradova: Röyanın ilk
açıq-saçıq klipini də, deyəsən, Siz çəkmisiniz.
- O günə daş düşəydi.
N.Muradova: İndi o tipli klip
çəkməzsiniz?
- Yox, mümkün deyil.
N.Ehlamqızı: Qınaqlara görə
istəmirsiniz?
- Sadəcə, yaşım o yaş deyil.
A.Lətifov: Bizim müğənnilər
Türkiyəyə axın edir, Siz necə Türkiyədə bir iş görmək niyyətində
deyilsiniz?
- Türkiyədə ən məşhur rejissorlardan Teoman Topçu ailəvi
dostumuzdur, bir həftə onun evində qonaq oldum. O, mənə buradakı
klip bazarının qiymətini soruşdu, dedim, sonra kliplərə baxdı mənə
qayıdıb söylədi ki, anlamıram sizin müğənnilər bura niyə gəlir ki?
Onu başa sala bilmirəm ki, bizdə “acıq vermək” deyə ifadə var.
Tarkanın klip çəkəni mənə klip çəkib deyənlər bəyəm Tarkan olur?
Beyonsun klipində rəqs edən qızlar sənin klipində oynayırsa, sən
Beyons olursan? Pulunu verirsən, edir də, burada nə var ki? Belə
kasad yanaşmalar insanları uçuruma aparır.
“Vandamın xəstəsi idim, təpiklə çılçırağı sındırmışdım”
N.Ehlamqızı: İdman Sizin üçün
gündəlik vərdişdir, yoxsa..?
- İdmanı formada qalmaq üçün edirəm. Burnum, barmağım, çiynim
qırıq-qırıq olub. Mən o vaxt peşəkar boksçu ola bilərdim, indi də
deyirəm, yaxşı ki onun arxasınca getmədim. Tanınmış idmançı
dostlarım var, Zabil Səmədovla söhbət edirsən, hadisəni danışırsan,
axırda görürsən ki, fikri başqa yerdədir. Əlinizə əlcək geyib
peşəkar döyüşdə döyüşsəniz, həyatınıza nifrət edərsiniz, adamı elə
bil KAMAZ vurur. Uşaq vaxtı baxdığım filmlər məni cəlb elədi.
Vandamın xəstəsi idim. Anam evdən çıxan kimi evi dağıdırdım,
kameranı qurub balaca qardaşıma verirdim. Bir gün təpiklə vurub
evin çilçırağını sındırmışdım, qardaşım bunu lentə almışdı. 10
ildən sonra kasetə baxırdılar, anam o lenti görüb qayıtdı ki, mən
də deyirəm çilçırağın altı hanı? (gülür).
N.Muradova: Əvvəllər oğlanların
kumiri Vandam idi, indi isə Polad Alemdardır.
- Hə, odda yanmaz, suda batmaz. Biz “Qurdlar vadisi” çəksək, bizə
nə edərlər?
R.Xəlil: Yamsılamaq xoş
qarşılanmır da.
- Rəmişdən sonra kimsə gitara çalmasın?
R.Xəlil: Çalsın, amma öz xətti
olsun.
- Xətt yoxdur da, dramaturgiyada bir neçə xətt var: “Boevik”,
komediya və s. Çəkən kimi deyirlər, oxşatdılar ona. Onda çəkilək
duraq kənara? Mən dini film çəkə bilmərəm, izin də verməzlər.
İnanıram ki, onlar tamaşaçıya təsir edir. Təyyarədə Naxçıvana
gedirdim, yaşlı bir qadın gəldi, yanımda oturmaq istəyəndə mənə
diqqətlə baxdı, salam verdim, çantasını yerə atdı, qışqırmağa
başladı ki, “bu gədənin yanında oturmaq istəmirəm”. Öz də “gədə”
deyə müraciət etdi. Hamı da baxmaq istəyir ki, bu qadın kimin
yanında oturmaq istəmir. Çox pis olmuşam, suyun içindəyəm. Deyirəm,
“ay xala, niyə istəmirsiniz”. Stüardessa gəldi ki, məsələni
aydınlaşdırsın. Qadın qayıtdı ki, “sən niyə Xəzərə qarşı elə
hərəkət elədin, Arzu ilə niyə görüşdün?” Bu sözləri eşidib dəhşətə
gəldim, dedim “xala, otur yerinə, qurban olum, etmə, eyləmə”. Bir
də gördüm serialı yol boyu 34-cü bölümə qədər danışmışam, arvad
ağlayır.
R.Xəlil: Film çəkəndə
daxilinizdə senzura olur?
- Fikirləşirəm ki, filmə ailəmlə baxacağam.
N.Muradova: Azərbaycanın yeni
filmlərindən hansını bəyənirsiniz?
- Oktay Mir Qasımovun “Qisas almadan ölmə” filmini bəyənirəm,
almanlardan bəhs edir, yaxşı filmdir. Sizə Türkiyə təcrübəsindən
danışım, orada bir kursa getmişdim. Yeni bir şey öyrənmədim, biz
bildiyimiz şeylər idi. Sadəcə olaraq, onlar çoxdurlar, 80
nəfərdirlər, bizsə 6 nəfərik. “O hayat benim” serialının çəkiliş
qrupunun işləri ilə tanış oldum. Deməli, çəkiliş saat 8.00-da
başlayır, evdən saat neçədə çıxıb gəldiyin sənin öz problemindir,
çünki həftəyə 10 min avro alırsan. Gecə saat 4.00-da çəkiliş
qurtarır, deyirlər, gedin evə, 4 saat sonra çəkilişdir. Operator
Efe Karayol maşınını açdı, diş fırçası, alt paltarı, corabı,
yeməyi, çayı hamısı orada idi. Dedi ki, 4 saatdan sonra yenə
çəkilişdir, evə necə gedim, 6 aydır aldığım pulu vaxt tapıb
xərcləyə bilmirəm. Bu rejim sağlamlığa təsir edir. Aktyor normal
dincəlməlidir ki, sifəti sallanmasın.
“Röya ilə Aygün barışandan sonra şou-biznesdə heç nəyə təəccüblənmirəm”
N.Muradova: Kənan bəy, axtarış
sisteminə adınızı yazanda həbsinizlə bağlı o xoşagəlməz materiallar
çıxırdı. Baş verənləri Sizin dilinizdən eşitmək
istəyərdik.
- Hər kəs özü haqqında həqiqəti bilir. Bir sən bilirsən nəyə
qadirsən, bir də Allahın bilir. Hər insanın səbrinin bir həddi var,
qırmızı işıq yananda insan insanlıqdan çıxır. Belə anlar həyatımda
2-3 dəfə olub. Biri əsgərlikdə olub, telefonla danışdım, telefonun
sahibi 1 dəqiqə danışdığım halda 7 dəqiqənin pulunu istədi. Bunu
həzm etsəydim, axmaq olardım. Peyğəmbərimizin bir kəlamı var,
“haqqı söyləməyən axmaqdır”. Mən axmaq deyiləm, nəfəsim boğazımda
qalana qədər haqqı söyləyəcəyəm. Haqqımı yeyənin başını yeyərəm,
budağımı sındıranın meşəsini sındıraram. O hadisə olan günü
həyatımdan silmək istəyirəm, həbsdən çıxanda özümə söz vermişdim
ki, bir də bu haqda danışmayacağam. Hansısa işim düz gətirmirsə,
ilk səbəbi özümdə axtarıram. Axı işim düz gətirmirsə, başqası nə
etsin? Röya ilə Aygün barışandan sonra bu aləmdə heç nəyə təəccüb
etmirəm. Bu iki insan barışdıqdan sonra şou-biznesdə nə desən olar
və mən artıq hər şeyi normal qəbul edirəm.
N.Muradova: Hüseyn Dəryanın
vəfatı ərəfəsində də müğənnilərlə bağlı bu məsələni
qabartdınız.
- Bir az yandım-töküldüm, çünki ona qədər olan münasibəti də
görmüşdüm, doğrudan, görmüşdüm, yaxınlaşıb "nə olar bir duet
oxuyaq" deyən insanları da görmüşdüm, cənazə ortada qalanda, dedim,
hanı bunlar? Sərxoş ölür, cənazəsini yerdən götürmək üçün yüz insan
gəlir. Ümumiyyətlə, bu haqda danışmaq istəmirəm. Qayıdıb dedilər
ki, özünü reklam edir, mən müğənniyəm, toya gedəcəyəm, reklam
edim?
“Ən yaxşı istirahəti Kərbəlada etmişəm”
N.Muradova: Stressli işdən
sonra ailənizlə necə istirahət edirsiniz?
- Ən yaxşı istirahəti Kərbəlada etmişəm. İstirahət onda olur ki,
hansısa işi çəkirsən, ona baxanda istirahət edirsən. Ya da hansısa
şeiri yazırsan, onu oxuyanda istirahət edirsən.
“Nüsrət Kəsəmənli dedi ki, səndə öz gənclik tərzimi görürəm”
N.Ehlamqızı: Sosial şəbəkələrdə
şeirlərinizi nədənsə az-az görürük.
- İndiyədək bir şeyin həllini tapa bilmirəm. Sən dərzisən, paltar
tikirsən, onu asılqana asırsan, biri gəlib bunu kimə tikmisən
demir. Amma niyə məhz şeir yazanda soruşurlar ki, kimisə
sevirsiniz, kimə yazmısınız bunu? Olub ki, masada oturan qızla
oğlan deyiblər, filan şey haqda şeir yaz. Allahın verdiyi
istedaddır, yazırsan, qurtardı getdi. Sənin 300 şeirin varsa, bu o
deməkdir ki, səni 300 nəfər tərk edib? Sən stadionsan? Sənə şeir
lazımdır, yoxsa şeirin ünvanlandığı şəxs? Bir gün soruşan adama
yazdım ki, Lökbatanın kruqundakı peraşki satan Mamedə yazmışam,
tanıdınız? Doğrudan, belə suallarda məntiq yoxdur. Bu sualları o
vaxt Əliağa Vahidə, yaxud Nüsrət Kəsəmənliyə verirdilər? Müqayisə
etmirəm, əstəğfurullah, qələm əhli olduqlarına görə ad çəkdim. Yeri
gəlmişkən, mənim şeir yazmağımda ilk böyük dəstək Nüsrət
Kəsəmənlidən olub. Allah qəni-qəni rəhmət eləsin. Bir şeirim vardı,
onun həyatının son vaxtları idi, apardım yanına, oxudu, mənə
qayıdıb dedi ki, sənə baxanda öz gənclik tərzimi görürəm, davam
elə. O söz mənə bəsdir.
N.Muradova: Ailəsi ilə
münasibətiniz var?
- Oğlu Rəşadla universitetdə bir yerdə oxumuşam, gediş-gəlişimiz
var.
N.Muradova: Səhv etmirəmsə, iki
övladınız var.
- Hüseyn və Fatimə.
N.Muradova: Deyəsən, qızınız
çox dəcəldir. Atalıq necə hissdir?
- Fatiməyə Maşa deyirik. Evin böyük övladı olsam da, 32 yaşında
evlənmişəm. Bacımla qardaşım məndən tez ailə qurmuşdu, həmişə
onların uşaqlarını oynadırdım. Üzr istəyirəm, övladım dünyaya
gələndə onu qucağına götürüb “əminin balası” deyirdim. Elə bilirdim
ki, qardaşımın övladıdır. Fatimə doğulandan sonra başqa cür oldu.
Qız övladı insanı hərəkətlərinə diqqət etməyə məcbur
edir.
R.Xəlil: Yəni qadınlar haqda
fikri tamam dəyişir?
- Hə. Peyğəmbərimizin bir sözü var, qadınına heç kəsin baxmasını
istəmirsənsə, heç kəsin qadınına baxma. Elə o söz
bəsdir.
N.Ehlamqızı: Bayaq dediniz ki,
iş rejiminiz övladlarınızla vaxt keçirməyə imkan vermirdi. İndi
övladlarınıza vaxt ayıra bilirsiniz?
- İndi vaxt ayırıram. Hər səhər onları bağçaya mən
aparıram.
N.Muradova: Sizdən
çəkinirlər?
- Qız o qədər yox, amma Hüseynə bir dəfə baxmaq kifayət
edir.
Nərgiz EHLAMQIZI
Foto: Elçin MURAD
-
Hadisə17:32
Bakıda bazar yanır - Yeniləndi
-
Dünya17:30
Fidan: Dünyanın ən böyük problemi ikiüzlülükdür
-
Nida Xəbər 16:10
Ceyhun Bayramov İran səfiri ilə görüşdü
-
Sosial15:10
Cavanşir Məmmədovun dəfn yeri açıqlandı
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO