Rəqsanənin lüt şəkilləri, Brillianta “təxribat”, “Kamasutranın tətbiqi” – HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Rəqsanənin lüt şəkilləri, Brillianta “təxribat”, “Kamasutranın tətbiqi” – HƏFTƏBECƏR

“Həftəbecər” altıncı dəfədir ki, sizə təqdim olunur. Amma heç bir dəfəsində bu qədər maraqlı xəbərlər olmamışdı. Çünki ötən həftə şou-biznes aləmi üçün daha çox lüt şəkillərlə yadda qaldı. Deməli, lüt şəkillər varsa, maraqlı söhbət də olacaq. Lüt şəkillərsiz şou-biznes qanadsız quş, buynuzsuz maral, şeirsiz şair, klaviaturasız kompüter, qayçısız bərbər... kimi bir şeydir.

...Əvvəlcə xəbər çıxdı ki, Rəqsanənin lüt şəkillərini yayıblar. Sonra məlum oldu ki, şəkillər hələ tam yayılmayıb. Ardınca sənətçi efirə çıxıb açıqlama verdi ki, həmin fotolar onun telefonundan iki il əvvəl oğurlanıb. Amma adamın insafı olar, doğrudan da, yaxşı şəkillər idi. Çünki təsadüfən mən də o şəkilləri görmüşdüm. Heç baxanda deməzsən ki, bu, Rəqsanədir. Dərhal pis yerə yozmayın. O mənada ki, yəni, fotolardakı totuş-motuş bir qadın idi. Ancaq yaxınlaşdırıb baxanda bilinir ki, kimdir. Hətta bu fotoların Rəqsanə xanıma aid olmadığını iddia etmək də olar.

Jurnalist mövqeyini bir kənara qoyub deyə bilərəm ki, həmin fotolar heç də fotosessiyalardakından geri qalmır. Sadəcə, fotosessiyalarda müğənninin əynində bir balaca geyim olur, amma burda ümumiyyətlə heç nə yoxdur. Yox, yox, lənət şeytana, şəkillərdən birində Rəqsanənin ayağında hamam “tapıçka”sı var idi. Sonra verər məhkəməyə, deyər ki, bəs deyirdin əynimdə heç nə yoxdur? O boyda “tapıçka”ları görmədin?..

Yeri gəlmişkən, bir sual vermək istəyirəm. Sizcə, ayağında ayaqqabı, şəpit olan və bütün geyimlərdən imtina edən şəxsi lüt kimi təqdim etmək olarmı? Növbəti xəbərimizi oxuyun. Axırda bu barədə düşünərsiniz...

Yeri gəlmişkən, məsələ ilə bağlı polisə müraciət edilib...

Qədimdə çayı ta Hindistandan gətirirdilər, tamaşaçılar, pərəstişkarlar sənətkarlara gül buketləri, açıqcalar, məktublar göndərirdilər. Amma ölmədik, bu günü də gördük. O gün bir cavan uşaq xalq artisti Brilliant Dadaşovaya tərbiyəsiz şəkillər göndərib. Ehtimal etmək olar ki, bu şəkillər həmin uşağın özünə aiddir. Bəs niyə məhz tərbiyəsiz? İnsanın harası tərbiyəsiz ola bilər ki? Nəysə... Deməli, xalq artistinə at, yaxud da dəvə şəkli göndərilməyib. Elə olsaydı, gənc 15 sutkalıq həbs cəzası almazdı. Amma Brilliant xanım həmin fotolara baxmayıbmış. Çünki yaradıcı insanlar depressiyaya tez düşürlər. Təsəvvür edin ki, həmin şəkillərə sənətkar özü baxardı. Sizcə, o zaman nə baş verərdi? Yox, yox o baxan kimi “vauuu” eləməzdi. Birincisi, Brilliant xanım sənətkar adamdır, ikincisi, nə qədər emosional olsa da, bir o qədər təmkinlidir. Əgər təmkinli olmasaydı, fotoları köməkçisindən alıb şəxsən özü baxardı. Sitat:

“Mən bilmirəm. Mən heç həmin şəkillərə baxmadım da. Dediyim kimi, köməkçim bildirdi ki, belə şəkillər gəlib, dedim gedin, şikayət verin. O şəxs azyaşlıdır. Şəkilləri o göndərib. Çox açıq-saçıq, əxlaqsız şəkillər olub. Köməkçim bunu vəkilimə deyib. Vəkilim də şikayət ərizəsi yazıb. Dövlət və qanun var. Kimsə bir insanın şərəf və ləyaqətini alçaldırsa, onun üçün cavab verməlidir. Şikayət əsasında ona 15 sutka cəza verilib. Heç kəs qanundan kənar qaça bilməz”.

Heyif o cavan uşaqdan. Tərbiyəsiz şəkillərin badına getdi...

“Mənə sənətkar deyin”, “siz hələ bilmirsiniz ki, mən sənətkaram” deyən müğənni Mətanət Əsədova da 9 toydan imtina edib. Aşağı-yuxarı 50 min manat batdı, getdi. Amma Əsədova 50 min manatdan kefindən imtina etməyib. Üstünüzə sağlıq, sənətçi, daha doğrusu, sənətkar, naxoşlayıbmış:

“Artıq 2 aydır ayılmıram. Öskürək məni əldən salıb. Ciyərlərimə keçib, bəlkə də... Bilikli həkimlərimiz var. Onlara da müraciət edəcəyəm. Bəlkə, mənə deyəcəklər, vərəmsən. Ona da razıyam. Amma bilim neçə ay yaşayacam”.

Doğrudan, öskürək çox pis şeydir. Oxuyan üçün isə dəhşətdir. Allah şəfa versin. Amma inanmaq istərdim ki, Əsədova vərəm xəstəsi deyil...

“Pişik” Günel kimi tanıdığınız müğənni Günel Ələkbərova isə deputat Rəfael Cəbrayılova cavab verib. Millət vəkilinin vergi ödəməsi ilə bağlı ittihamları sənətçini hövsələdən çıxarıb. Deyib ki, müğənnilər vergi ödəməsələr də, çooox fədakarlıqlar edirlər:

“Rafael müəllim niyə bunları nəzərə almır? Bütün dövlət tədbirlərində müğənnilər günlərlə rayonlarda olurlar. İfaçılara qarşı bu qədər də haqsızlıq olmasın. Bəli, mən vergi ödəmirəm. Çünki çox az hallarda toylara gedirəm”.

Birincisi, müğənninin hansısa rəis, məmur dostunun toyunda bir-iki ağız oxumağının büdcəyə heç bir dəxli yoxdur. Heç restoran kabinetlərində hansısa biznesmenlə “İsrail-Fələstin münaqişəsinin həlli yolları” mövzusunda aparılan müzakirələr və həmin müzakirələrin çoxmərtəbəli villada “Kamasutranın tətbiqi” adlı praktiki məşğələlərlə davam etdirilməsi də vergini ödəməməyə əsas vermir. Özünüzə götürməyin haa...

O ki qaldı ifaçılara qarşı haqsızlığa, bu ölkədə ən böyük haqsızlıqları edənlər sırasında müğənnilər ilk pillələrdədirlər. Günün günorta çağı yarıçılpaq vəziyyətdə camaatın evinə soxulmaq haqsızlıq deyil, bəs nədir?

Aygün Kazımova da mediayla qaçdı-tutdu oynamaqda davam edir. Yenidən gənc futbolçu Elhad Nəziri ilə adı hallanan xalq artisti bu dəfə də susub. Elhad bir üzük şəkli paylaşıb, Aygün Kazımovanın adını da statusunda qeyd edib. Jurnalist zəng vurub soruşanda deyib ki, üzüyü mən almamışam:

“Aygün xanım mənə göndərmişdi şəkili, mən də paylaşdım və dostlarım soruşduqda zarafatla “dostuma almışam” dedim. Böyüdüləsi heç nə yoxdur burada".

Əla məntiqdir. Onda Aygün Kazımova gələn dəfə də nişanlananda nişan üzüyünün şəkillərini Elhad dostumuza göndərəcək. Əgər düşünürsünüzsə ki, üzüyün fotosunun futbolçuya göndərməyinin başqa mənası var, yanılırsınız. Məsələn, fikirləşə bilərsiniz ki, Aygün xanım həmin fotonu Elhada göndərib ki, mənim başım çıxmır, bax gör, bunun “prob”u neçədir, yenə də yanlış yanaşırsınız. Çünki mən bilən Elhadın zərgərlik təcrübəsi yoxdur. Deməli, ortada babat “ƏMMA” var...

Müğənni Bahar Lətifqızı da bu həftə maraqlı açıqlamalar verib. Deyib ki, 3 dəfə ailə həyatı qurub:
“İlk dəfə 18 yaşında ailə qurdum. Birinci ailəmin dağılmasına səbəb çox oldu. Amma ikinci ailəmin dağılmasına səbəb övladım olmaması idi. 9 il bir yerdə yaşadıq, amma uşağım olmadı. Daha sonrakı ailəmdən bir qızım oldu, onunla da ayrılmalı olduq. Çalışıram pis şeylərdən uzaq durum, bu barədə danışmayım. Keçmiş həyat yoldaşım ailə qurdu, xoşbəxt olsun. Hazırda da həyatımda biri var. Niyə də olmasın? Həyatıma kimsə daxil ola bilər, sevə bilərəm. Nə qədər ki, dərinə getməmişəm, düşünürəm. Amma çox istəyərdim bir övladım da olsun. Belə şeylərə gülmək lazım deyil. Bu həyatın çərxi-fələyidir, bizlə belə rəftar edir. Mən də istəməzdim belə həyat qurum”.

Görəsən, Bahar xanım niyə düşünüb ki, belə şeylər gülməlidir? Alınmayanda alınmır da. Bahar xanım desəydi ki, cəmi bir dəfə ailə qurub və bundan sonra ərə getmək fikri yoxdur, onda gülməli olardı. Çünki yaradıcı insan sevib-sevilməsə işləyə, yaşaya bilməz. Seda Sayan Türkiyənin 5-10 tanınmış, üzdə olan sənətçisindən biridir. Amma baxın, cəmi-cümlətani 8 dəfə ərdə olub. Hər dəfə də ərə gedəndə sənətində ciddi yeniliklər baş verib. Məgər o boyda Seda Sayan ağılsızdır ki, orta hesabla ildə bir dəfə ərə getsin? Deməli, xeyri var da...

Faytonçu Nazim də təxminən eyni söhbətlə gündəmdədir. Amma o boşanmayıb. Sadəcə, bir dəfə qısqanclıq üstə həyat yoldaşı küsülü qalıb:

"25 ildir ailəliyəm, ancaq cəmi bir dəfə qısqanclıq üstə ayrılmışıq. Cəmi bir dəfə xanımım tərəfindən qısqanclıqla üzləşmişəm. Klipimdə İlhamə adlı gözəl bir qız çəkilmişdi. Xanımın gözəlliyi başıma bəla oldu. Dedi-qodu yayıldı ki, həmin xanımla Nazim gizli eşq yaşayır. Bunu edənlər də bəzi dırnaqarası jurnalistlər oldu. Xanımıma zəng edib, yalan informasiyalar verdilər. O da küsüb evdən getdi, müəyyən müddət küsülü qaldıq. Amma sonra barışdıq. İndi hər şey yaxşıdır, şükür Allaha".

Nazim bəy, tutaq ki, o məsələni jurnalistlər elədi. Bəs bu yaxınlarda efirdən açıqlamaları kim vermişdi? Danışandan öncə düşünmək lazımdır. Çünki hər bir müğənni yenicə sənətə qədəm basdığı dönəmlərdə jurnalistlərə yalvarmalı olur. İddia etmirəm ki, siz də yalvarmısınız. Amma belələrinin yetərincə olduğundan xəbərdarsınız yəqin ki.

Ötən həftə müğənnilər Nazənin və Təranə Qumral bir-birini məhkəməyə veriblər. Nazənin Nərimanov rayon məhkəməsinə, Təranə Qurmal isə Xətai məhkəməsinə üz tutub. Bu xəbərlərə şərh vermək üçün ayrıca yazıya ehtiyac var. Mənə maraqlı olan odur ki, məhkəmə hansı tərəfi haqlı sayacaq...

Çoxdandır görünməyən əməkdar artist Şəbnəm Tapdıq isə çəkisindən danışıb. Deyib ki, ona qarşı təxribat həyata keçiriblər və başlayıb kökəlməyə:

“Mən hər zaman səhnədə arıq olmuşam. İlk dəfə efirlərə çıxanda o qədər arıq idim, mənə "skelet" deyirdilər. 1995-ci ilə qədər mən çox arıq idim. Ondan sonra mənə kiçik bir təxribat etdilər. Bu faktı ilk dəfə açıqlayacam. Çayıma dərman atdılar ki, kökəlim. Səhnə görünüşümü itirdim. Bundan xəbərim yox idi. Həkim mənə dedi. Ondan sonra yenidən istədiyim bədən quruluşunu əldə edə bildim. İndiki televizorlar bizi pis günə qoyur. Çox kök göstərir. Əslində, belə deyilik. Hazırda pəhrizdəyəm. Ümümiyyətlə, çox yeyən deyiləm. Hər səhər yerimdən duranda, alma şirəsi içirəm. Ağ çörək yemirəm. Nə yeyirəmsə, qədərində yeyirəm".

Şəbnəm xanım, bəs camaat sizə harada baxsın ki, kök görünməyəsiniz? Radioda?...

Bayaq verdiyim sualın cavabını kim tapdı?

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm