Habil Əliyev: “Şərqiyyənin nəzarətindəyəm”
Bizi izləyin

Tabloid.az

Habil Əliyev: “Şərqiyyənin nəzarətindəyəm”

Xalq artisti, ustad sənətkar Habil Əliyevin səhhəti normaldır. Publika.az kaman ustası ilə hal-əhval tutdu.

Bizi yüksək əhvali-ruhiyyə ilə salamlayan sənətkar zarafatlarından da qalmadı.

- Necəsiniz, Habil müəllim, kef-əhval necədir?

- Əlayam, a qızım. Səsimdən də, yəqin, hiss edirsiniz ki, əhvali-ruhiyyəm çox yaxşıdır. Şərqiyyə uşaq kimi nazımı çəkir, yeməyim qabağımda, kamançam yanımda, daha nə dərdim ola bilər ki…

- Maşallah, maşallah, Allah nəzərdən saxlasın. Şərqiyyə xanımsız bir gününüz olmasın.

- Mənim üzüm güləndə Şərqiyyənin də kefi əla olur. Arvad sarıdan yaman yarımışam.

- Gəlib-gedən, baş çəkən çoxdurmu?

- Telefonlar, demək olar ki, susmur. İstər ev telefonu olsun, istərsə də mobil, hər kəs zəng edir, hal-əhval tutur. Çoxları yanıma gəlib məni narahat etmək istəmir. Amma ürəklərinin mənimlə olduğunu deyirlər. Yanıma gələnlər də çoxdur. Nəvələrim də yanımdan əl çəkmir, başımı qarışdırırlar.

- Kimlər maraqlanır?

- Millət vəkilləri Aydın Mirzəzadə, Ziyafət Əsgərov – sağ olsunlar, tez-tez halımı soruşurlar, maraqlanırlar. Dünən şair dostum Vüqar Əhməd gəlmişdi. Elə imkan tapıb mənim haqqımda bir veriliş də elədilər. Ordan-burdan danışdıq, eynim açıldı. Sözün düzü, hələ verilişə çəkilmək istəmirdim, amma Vüqarla köhnə dostuq.

(Söhbətə Şərqiyyə xanım da müdaxilə edir: “Habil Vüqar müəllimlə keçmiş xatirələri danışıb, o qədər güldülər ki…Vüqar müəllim Habilə dedi ki, sən kompüter kimi hər şeyi necə də dəqiqliklə yadda saxlamısan”. – C.S)

- Habil müəllim, inşallah, nə vaxt Sizi çöldə-bayırda görə biləcəyik?

- İndi havalar soyuyur, yoxsa çıxıb havada gəzərdim. Şərqiyyə qoymur, yoxsa məndən olsa, tədbirlərə də gedərəm, televiziya verilişlərinə də. Sizin kimi jurnalistlər zəng edirlər müsahibə almaq, görüşmək, veriliş hazırlamaq istəyirlər. Amma Şərqiyyə deyir ki, bir az gözlə. Əslində, çox yaxşıyam, amma inşallah, mayda yenə əvvəlki kimi tədbirlərə də gedəcəm, verilişlərə də çıxacam.

- Mayda ad gününüzdür axı…

- Hə, Şərqiyyə indidən tədarük görür.

- Kamançanızla aranız necədir e, heç əlinizə alırsınız?

- Anamın şəkli, bir də kamançam daima gözümün qabağındadır. Kamança ilə nəfəs alıram.

- Həkimlər necə, müalicəni davam etdirirlər?

- Elə evdəkilərin hamısı həkimdir də. Şərqiyyə də başda.(gülür) Şərqiyyənin nəzarəti altındayam. Əvvəllər səhhətim yaxşı deyildi, bilirsiniz. Amma indi əvvəlki Habiləm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm