Əməkdar artist: “Azdrama” yığma komandadır” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əməkdar artist: “Azdrama” yığma komandadır” – FOTOLAR

Paytaxt teatrlarında çalışan əksər aktyorları, hər gün efirdə gördüyümüz müğənniləri hamımız tanıyırıq. Kimini adıyla, kimini oynadığı rolla, kimini sifətdən, kimini də... soyunmağından...

Amma əyalət teatrlarının aktyorları, rayon müğənniləri çox vaxt diqqətdən kənar qalırlar. Bəzən elə bir istedadı itiririk ki, fərqində olmuruq. Bəlkə də, həmin aktyor gələcəyin Ələddin Abbasovu, Məmmədrza Şeyxzamanovu, həmin müğənni gələcəyin Rəşid Behbudovu olacaqdı.

Publika.az saytı bu həftədən etibarən yeni layihəyə start verir. “Kəndimizin məşhurları” adlanan layihənin məqsədi region teatrlarında çalışan aktyorları, aktrisaları, rayon müğənnilərini, hətta öz kəndində, rayonunda böyük nüfuz sahibi olan ağsaqqalları tapıb, onların düşüncələrini oxucuya təqdim etməkdir.

İlk həmsöhbətimiz isə Gəncə Dövlət Dram Teatrının aparıcı aktyorlarından olan əməkdar artist Elxan Abbasovdur.

- Elxan müəllim, region teatrında çalışmağın hansı özəllikləri var?

- Mən buralıyam, gəncəliyəm. Bakıya dəvət olunsam da, öz teatrımı qoyub heç yerə gedəsi deyiləm. Çox fəxr edirəm ki, bu teatrda çalışıram.

- Bəs regionda işləməyin nə kimi çətinlikləri, özəllikləri var?

- Heç bir çətinliyi və özəlliyi yoxdur. Teatr teatrdır. Məni Bakıda da tanıyırlar, seriallara da çəkilirəm. Fərqi nədir ki, Akademik Milli Dram Teatrında işlədim, ya burada?

- Amma Akademik Milli Dram Teatrı ölkənin əsas teatrı hesab olunur.

- Bəli, əsas teatr sayılır. Gəlin futbolla teatrı müqayisə edək. Kim istəməz, öz dövlətinin yığma komandasında oynasın? Bizim də yığma komanda “Azdrama”dır. Məsələn, gedib oynaya bilərəm, amma daimi işləmək mənə sərf etməz.

- Amma aktyorlar deyirlər ki, region teatrında işləməyin bir sıra mənfi tərəfləri var. Rejissorların diqqətindən kənarda qalırsan, film, serial çəkəndə gəlib region teatrından seçim etməyə ərinirlər, daha çox Bakı teatrlarına üstünlük verilir və s...

- Mən Qazax, Lənkəran teatrlarını deyə bilmərəm. Amma Gəncəyə rejissorlar gəlib baxırlar, çəkirlər və bir neçə aktyorumuz seriallarda, filmlərdə çəkilir. Deməzdim ki, bizim teatrın aktyorlarının diqqətdən kənarda qalmaq problemi var.

- Mən iddia etmirəm ki, region teatrı pisdir. Məsələn, Gəncədə Ələddin Abbasov kimi nəhəng aktyor işləyib. Amma konkret sizə gəlincə, geniş tamaşaçı auditoriyasına 2012-ci ildə - “Pərvanələrin rəqsi” serialındakı Murad roluyla tanışsınız. Həmin vaxt sizin qırx yaşınız vardı. Amma paytaxtda çalışaydınız, ola bilərdi ki, qırx yox, iyirmi beş yaşınızda tanınasınız.

- Gəlin belə danışaq da. Əgər aktyor qırx yaşında tanınırsa, yenə də yaxşı ki, tanınır. Ola bilərdi ki, tamam başqa bir yerdə çəkilib, sonradan aktyor kimi məhv olardım. Ya elə rejissorun əlinə düşərdim ki, hamı qınayardı. Çəkilişdə çox diqqətli olmaq tələb olunur. Məsələn, tamaşada bir dəfə etdiyin səhvi növbəti dəfə düzəldə bilirsən, sabah daha yaxşı oynayırsan. Çəkilmək isə daha məsuliyyətlidir. Aktyorun taleyi rejissordan asılıdır.

- Teatrınızın keçmiş baş rejissoru Gümrah Ömər bizə müsahibəsində bildirmişdi ki, Gəncədə gənc və təhsilli aktyor qıtlığı var. Bu nə ilə bağlıdır?

- Əlbəttə, qıtlıq olacaq və olmalıdır. Gəncədə yetişdirirsən, gedir, ali məktəbə daxil olur və bura qayıtmır.

- Sizcə, niyə qayıtmırlar?

- Yenə deyirəm ki, paytaxt paytaxtdır. Orada aktyorun dolanışığı üçün çox şeylər var. Dublyajı var, serialı var... Düzdür, Gəncədə də dublyaj mövcuddur. Məsələn, məni Gəncədə kimsə 50 manata çəkilişə dəvət edə bilməz və o qiymətə çəkilmərəm də. Amma Bakıda seriallar çoxdur, çəkilirlər, inkişaf edirlər. Açığı, burada dolanışıq yoxdur.

- Bəs bölgədə çalışmağın üstünlüyü nədir?

- Hər kəsin öz yeri, yurdu var. Məsələn, deyə bilmərəm ki, bizim teatr Bakı teatrlarının hansındansa zəifdir. Buyurun, gəlin, baxın. “Azdrama”da Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah”ını Gümrah Ömərin quruluşunda, Qoqolun “Evlənmə”sini isə İradə Gözəlovanın quruluşunda oynadıq. İki gün dalbadal çıxış etdik və hər kəs gördü ki, bizdə necə aktyorlar var. Ona görə deyirəm ki, paytaxtdakı heç bir teatrdan geri qalmırıq. Buyurub, işimizə baxsınlar.

- Tamaşaçı qıtlığınız varmı?

- Tamaşanın afişaları şəhərin müxtəlif yerlərində asılır. Tamaşaçılar gəlirlər. Gəncə tamaşaçısından heç yerdə yoxdur. Bu dəqiqə Bakı teatrlarından bizdə qastrolda olanlardan soruşun. Özləri də deyirlər ki, bizim tamaşaçıdan yoxdur. Çox istiqanlıdırlar, tamaşaya gəlirlər. Tamaşadan sonra bir nəfər mənimlə söhbətləşir, obrazı mənim üçün açıqlayır, təhlil edir. Soruşuram ki, sənət adamısınız? Deyir yox, riyaziyyat müəllimiyəm. Təsəvvür edirsinizmi, riyaziyyat müəllimi aktyorla obrazın analizini edir. Baxıram ki, konkret və düzgün danışır. Çox teatral tamaşaçımız var, sanballı təhlillər ortaya qoymağı bacarırlar.

- Paytaxtda seriallara çəkilirsiniz, Gəncədə teatrda işləyirsiniz. Bütün bunları necə çatdırırsınız? Teatrda sizə güzəşt edirlərmi?

- Lazım olanda teatrımızın direktoru Əli Qasımov icazə verir, heç bir maneə törətmir. Amma bir şey də var ki, belə rejimlə işləmək çox çətindir. Mən bir gündə 360 kilometr yolu Bakıya gedirəm, çəkilirəm və təzədən 360 kilometri qayıdıb, gəlib tamaşa oynayıram. Bu, aktyor üçün çox çətindir. Deyirlər ki, işlək aktyor sifətindən məlumdur. Üzünə baxanda bilinir ki, bu işləkdir, ya işlək deyil. İşlək aktyorun sifətindən yorğunluq yox, nur yağır. Hiss edirsən ki, gözəl üz cizgiləri var. İşlək olmayan aktyorun üzündən isə zəhrimar yağır. Ona görə də işləməlisən. Əgər bu dövlətin mədəniyyətinə qulluq edirsənsə, əlindən gələni etməlisən, istedadın nəyə çatırsa, hansı yükü götürə bilirsənsə, qaldırmalısan.

- Gəncə Dövlət Dram Teatrında gələcəyinə ümidlə baxılası gənc aktyorlardan kimlərin adını çəkə bilərsiniz?

- Onların əksəriyyəti Mədəniyyət və İncəsənət Universitetini bitirməyiblər. Məsələn, iki gün əvvəl Nodar Dumbadzenin “Ağ bayraqlar” tamaşasını təhvil verdik. Həmin tamaşa həm yerli publika, həm də nazirlik tərəfindən yüksək səviyyədə qarşılandı. Tamaşada Elmir adlı gənc aktyorumuz oynayır. Ona studiyamızda mən də, digər aktyorlarımız da dərs keçib. Necə deyərlər, öz əlimizdə yetişmiş uşaqdır. Çünki bizə lazımdır. İnanın ki, çox gözəl və səmimi oynadı. Nə olsun ki, ali məktəb oxumayıb? Hardasa 20-22 yaşı olar. Nisbətən təcrübəli gənclərdən Kəmalə Məmmədova, Elşad Əhmədov da çox istedadlıdırlar. İlyas Əfəndiyevin “Unuda bilmirəm”ində Kəmaləylə tərəf müqabiliyik. Mən Kamranı, o isə mənim sevdiyim qızı oynayır. Qeyd edim ki, həmin tamaşanın quruluşçu rejissoru Bəhram Osmanovdur.

- Teatrınızda baş rejissor dəyişikliyi baş verdi. Sizcə, keçmiş baş rejissorunuz Gümrah Ömərin işi necə alındı və yeni baş rejissor İradə Gözəlovadan hansı gözləntiləriniz var?

- Gümrah Ömər çooox əla rejissordur. Sırf aktyor kimi danışıram. Onun təxminən beş tamaşasında oynamışam. Yüksək səviyyədə intellektə, ağıla və savada malik rejissordur. Təəssüf ki, onun müqavilə müddəti bitdi və Bakıya getdi. Amma İradə xanım da bizim teatrda işləyib, tamaşalar qoyub. Bizim şansımız gətirdi ki, Gümrahın yerinə İradə Gözəlova təyin olundu. Ona da böyük ümidlərimiz var. İradə xanımın quruluşunda “Evlənmə” tamaşasıyla haralarda olmamışıq ki? Ukraynada o tamaşanı oynadıq. Necə qaşrılandığını gərək gözünlə görəsən... Hələ heç bir rejissor bu traktovkada “Evlənmə” qoymamışdı.Ukraynalıların ağızları açıq qalmışdı. Yeri gəlsə, heç bilmirlər ki, Gəncə harada yerlşir. Amma tamaşaya necə heyranlıqla baxırdılar. İnanıram ki, İradə Gözəlova Gəncədə olduğu müddətdə teatrımız daha da irəli gedəcək.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm