Səməd Səmədov Brilliant Dadaşovanın bacısının cavabını verdi – QALMAQAL– MÜSAHİBƏ
Bizi izləyin

Tabloid.az

Səməd Səmədov Brilliant Dadaşovanın bacısının cavabını verdi – QALMAQAL– MÜSAHİBƏ

Xalq artisti Səməd Səmədovla Sevda Əliqızı arasında yaranan gərginlik səngisə də, xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın Sevdanın müdafiəsinə qalxması hadisələri yenidən qızışdırıb.

Bir tərəfdən də Sevda Əliqızı Səmədlə arasının pozulmasında onun prodüserini günahlandırır, Səməddən sadəcə incidiyni deyir, ortada barışıq söhbəti gəzir. Məsələ ilə bağlı xalq artisti Səməd Səmədova müraciət etdik. Bu gecə efirdə canlı bağlantı vasitəsi ilə bütün həqiqəti açıb deyəcəyini bildirən və buna görə də qabaqcadan müsahibə vermək istəmədiyini deyən xalq artistini birtəhər yola gətirdik.

- Sevda Əliqızı əvvəl sizə qarşı çox qəzəbli olsa da, indi hirsi soyuyub. O hətta peşman olub, sizin ona etdiyiniz yaxşılıqları danmadığını deyir. Aranızın dəyməsində isə prodüseriniz Rövşəni günahlandırır. Bütün bunlar nə dərəcədə doğrudur?

- Mən bütün bunlara bu gecə ANS-in efirinə canlı bağlantısına qoşulub cavab verəcəyəm. Madam ki, siz israr edirsiniz, deyim. Birincisi, burada prodüserimi günahlandırmaq tam doğru olmazdı. Söz yox ki, mənim prodüserimin sözləri onu əsəbiləşdirib. Amma mən də Sevda Əliqızının yerinə olsaydım, partlayardım və ağzıma gələni deyərdim. Mən Sevdaya xəbər yollamamışam ki, sən yaşlanmısan. Mən ona belə xəbər yollamışam ki, hər ikimiz yaşlanmışıq, ansambla yeni nəfəs, istedadlı gənclər götürmək lazımdır. “Sən yaşlanmısan” ifadəsi ilə “biz yaşlanmışıq” ifadəsi arasında yerlə-göy qədər fərq var. Nəinki qadına, heç bir kəsə belə söz demək olmaz. Etik baxımdan bu düzgün deyil. Prodüserim bu məsələdə səhv etmişdi.

- Buna görə onu məzəmmət etdinizmi?

- Məzəmmət eləmədim, amma başa saldım ki, bu məsələdə düzgün etməmisən. Qadına belə söz deməzlər.

- Xalq artisti Brilliant Dadaşovanın bacısı Lalə Dadaşovanın məsələyə qarışmasına, Sevdanı müdafiə etməsinə və sizin barənizdə təəccüblü açıqlamalarına münasibətiniz necədir? O deyib ki, guya siz toy məclislərinin birində mikrofonu onun əlindən almısınız və o, göz yaşları içində məclisi tərk edib.

- Mən hansısa qadının əlindən mikrofon almışam və göz yaşı tökdürmüşəm? Kimə desən, inanmaz. Çünki məni tanıyan adamların hamısı - müğənniləri nəzərdə tuturam - bilirlər ki, həmkarlarıma qarşı necə hörmətlə davranıram. İstər Ədalət Şükürov, istər Eyyub Yaqubov, yaxud Lalə Dadaşova olsun - mən onları toyda elə gözəl təqdim edirəm ki, özləri də minnətdarlıq edir. Lalə xanım mənim haqqımda nə qədər pis ifadələr işlətsə də, onunla mübarizə aparmayacağam. Çünki o, xanımdır, xanımla mübarizə aparmazlar. Çalışacağam ki, sülh yoluyla hamısıyla münasibəti yoluna qoyum. Lalə xanımdır, yəqin, hirslənib və Sevda xanımla rəfiqə olduğu üçün belə deyib... Sizcə, mən düz etmirəm?

- Əlbəttə, Səməd Səmədov yalnız belə bir centlmensayağı addım ata bilər. Bəs Sevda xanımla barışıq ehtimalı varmı?

- Yox. Mən onu yenidən ansambla qaytarmaq fikrində deyiləm. Artıq axtarışlara çıxmışam və yeni nəfəs axtarıram. Gənc istedadları üzə çıxarmaq və ansamblda birgə çalışmaq niyyətindəyəm. Sevdanın geri dönüşü yoxdur.

- Mən ansambla qayıdışını nəzərdə tutmuram, dost kimi barışığınızı nəzərdə tuturam.

- Açığı, Sevda qəlbimə dəydi, məni incitdi. Əsəbiləşdi, sosial şəbəkədə haqqımda ağzına gələni yazdı. Mən də insanam axı. Yenə də deyirəm, onu qınamıram, prodüserimin sözlərindən belə əsəb keçirdi. Amma biz 15 ilin dostlarıydıq, gərək belə danışmayaydı.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm