Tabloid.az
ATV-nin cazibədar aparıcısı: “Özümü onun kimi biabır etmərəm” – FOTOLAR – MÜSAHİBƏ
Müsahibim ATV-nin “Düzünü desək” verilişinin yarlı-yaraşıqlı, dilli-dilavər aparıcısı Günay Firudinqızıdır. Günayla söhbətimiz tam fərqli istiqamətdə oldu. Nə qarderobundakı geyim-kecimdən danışdıq, nə ətir kolleksiyasından, nə də sevgi-məhəbbətdən. Aparıcısı olduğu verilişin də təbirincə, düzünü desək, söhbət özünün də ürəyindən oldu. Sən demə, Günayın sevimli hobbisi kitab oxumaqmış. Hətta çoxlarını mütaliəyə yoluxdurub.
- Adətən, üzdə olan adamlarla daha çox qarderobdan,
stildən, saç düzümündən, nə bilim əyləncədən-filan danışırıq. Amma
istədim bu dəfə intellektual mövzularda danışaq. Nə deyirsən,
Günay?
- Elə mənim üçün də maraqlı olardı.
- Onda başladıq. Sonuncu dəfə hansı filmin premyerasında
olmusan?
- Sonuncu dəfə bir müddət öncə, Türkiyədə yazıçı Elçinin əsəri
əsasında ekranlaşdırılan “Mahmud və Məryəm” filminin premyerasında
olmuşam. Böyük bir qala gecəsi oldu. Açığı, uzun müddət o qala
gecənin təsirindən ayrıla bilmədim.
- Məxsusi olaraq Türkiyəyə premyera üçün getmişdin,
yoxsa?
- Yox, Türkiyədə idim. Orada eşitdim ki, belə bir premyera
keçiriləcək, maraqlandım və getdim. İnanın ki, böyük bir zövq
aldım. Həmişə Türkiyədə olan qala gecələri televiziya ekranlarından
izləyirdik və düşünürdüm ki, yəqin, təqdimatlar da reklam xətrinə
belə möhtəşəm formada təqdim olunur. Amma mən canlı olaraq o zövqü
aldım və gördüm ki, həqiqətən də, Türkiyədə qala gecələr möhtəşəm
səviyyədə keçirilir. Çox tanınmış aktyorlar o təqdimata gəlmişdilər
və hər kəs öz qiymətini verirdi.
- Bəs, Azərbaycanda necə, hansı premyeraları
izləmisən?
- Bu yaxınlarda Türkiyədən məşhur aktyor heyəti gəldi və iki filmin
nümayişi keçirildi. Yalan nə deyim, gedib baxa bilmədim.
- Niyə?
- Verilişimin efir günü olduğuna görə. Amma Azərbaycanda da
Türkiyədə gördüyüm qala gecələr olarsa, həvəslə gedib baxaram.
Bizdə, təəssüf ki, belə səviyyədə tədbirlər olmur. Yəqin ki, nə
vaxtsa olacaq. Çünki əvvəl-əvvəl nöqsanlar olur, sonradan hər şey
yerini alır. Son vaxtlar yerli seriallarımız çəkilir. Zaman
gələcək, biz yerli seriallarımızı da maraqla izləyəcəyik. O zaman
isə artıq uzaqda deyil.
- Yeri gəlmişkən, bu gün bütün telekanallarda yerli
seriallar çəkilir. Özü də dövlət dəstəyi ilə. Hansı serialı maraqla
izləmisən?
- ATV kanalında bilirəm ki, çoxlu seriallar yayımlanır. Həyat o
qədər gərgin problemlərlə əhatə olunur ki, insan haradasa bir
təbəssüm, gülüş axtarışına çıxır. Əhvali-ruhiyyəmin yaxşı olması
üçün Elməddin Cəfərovgilin çəkdiyi “Bacanaqlar” serialına baxıram
və gülürəm. Onu da məxsusi olaraq izləmirəm ha! Vaxtım olanda
baxıram.
- Bəs türk seriallarına necə, baxırsan?
- Yox, baxdığım serial yoxdur. Vaxtım yoxdur buna. İnan ki, vaxt
tapan kimi dəniz qırağına qaçıb kitab oxuyuram. İnanılmaz dərəcədə
bu prosesdən zövq alıram.
- Qadası, bu soyuqda dəniz qırağında kitab oxumaq? Lap üşüdüm…
- Bilirsən, mənim çox sevdiyim məkanlar var dəniz kənarında. Orada rahat əyləşib bir stəkan çayı bəhanə edərək, kitabımla baş-başa qala bilirəm. Adətən, yay fəslində açıq havada otururam, amma soyuq havada bağlı məkanda. Yetər ki, dəniz kənarı olsun, pəncərənin arxasından da olsa, dənizin dalğaları görünsün. Müslüm Maqomayevin dəniz haqqında mahnısını dinləyirəm, sonra isə “ya Allah” deyib, kitabımı alıram əlimə. Yeri gəlmişkən, dəniz kənarında sevdiyim bir məkan vardı, adətən ora gedirdim. Həmin məkanda bir problemlə qarşılaşdım, ondan sonra çox incidim.
- Olmaya, kitab oxuduğuna görə sənə kinayə etmişdilər?
- Elə ona bənzər bir hadisə oldu. Bir dəfə günortadan kitaba necə aludə oldumsa, bir onda gördüm ki, hava qaralır. Həmin məkana da o qədər adam gəlmişdi ki, oturmağa yer də yox idi. Bir onda eşitdim ki, ofisiant mənim qaramca deyinir. Kiməsə deyir ki, bura kitab oxumaq yeridir? O, mənim çox oturmağımdan, daha doğrusu, kitab oxumağımdan əsəbiləşibmiş. Bu söz məni bərk qəzəbləndirdi. Çox əsəbiləşdim, kitabımı da götürüb inzibatçının yanına gedib şikayət etdim. O məkanla da hesab-kitabımı birdəfəlik bağladım.
- Hazırda hansı kitabı oxuyursan?
- Amerikan yazıçısı Paul Austeri oxuyuram indi. Əslində, detektiv janrını heç sevmirəm, amma qəribə xasiyyətim var. Bəzən sevmədiyim janrlarda da kitab oxumağı xoşlayıram. Bu da bilmək, məlumatlanmaq marağından irəli gəlir. Əslində, efir adamı olduğum üçün, istəyirəm, bazam da geniş olsun. Məncə, aparıcı nə qədər mütaliəli olsa, verilişi də bir o qədər maraqlı olar. İndi Remarkı başlamışam oxumağa. Bəlkə də, güləcəksən mənə, deyəcəksən, bu qız Remarkı hələ indi oxuyur. Əslində, həyatımda ilk dəfədir ki, Remarkı oxuyuram. “Zəfər tağı”, “Qayıdış” – çox maraqlıdır. Ümumiyyətlə, kitab oxuyanda rahatlanıram, ruhum dincəlir. Bu zövqü heç bir əyləncəyə dəyişmərəm.
- Bəs ən çox sevdiyin yazıçı kimdir?
- Markesi çox sevirəm. Onu da deyim ki, mən çevrəmdə çoxlarını belə
xəstələndirmişəm.
- Yəni?
- Bir çoxları əlimdə kitab görüblər və deyiblər ki, kitabı bitirən
kimi verərsən, biz də oxuyarıq. Elə də etmişəm. Belə-belə, bir onda
baxıb görmüşəm ki, mənim kitablarımı özümdən başqa nə qədər
insanlar oxuyub. Elə özləri də deyirlər ki, sən bizi kitab oxumağa
yoluxdurdun.
- Bayaqdan əcnəbi yazıçıların adlarını eşidirəm. Bəs yerli yazarlarımızdan kimləri oxuyursan?
- Açığı, yerli yazarlarımızı oxumuram, yalnız xarici ədəbiyyata maraq göstərirəm. Bilirəm ki, çox dəyərli yazıçılarımız var, amma nədənsə yerli ədəbiyyatı oxuya bilmirəm. Söz yox ki, Anarı, Elçini və başqadarını nəzərdə tutmuram, çünki zamanında onları çox mütaliə etmişəm.
- Belə başa düşdüm ki, yeni nəsil ədəbiyyatçıları nəzərdə tutursan. Gənc yazarlarımız, şairlərimiz var, heç olmasa, onları tanıyırsan?
- Uzaqdan-uzağa adlarını bilirəm. Bir dəfə tanınmış yazar Xanəmir Telmanoğlu mənə çoxlu kitab gətirdi. Və onları oxumağı məsləhət gördü. Mən həmin kitablar arasından birini götürüb istədim, oxuyam. Bir neçə vərəq səhifələdim, amma gördüm ki, yox e, boğuluram, oxuya bilmirəm.
- Kim idi ki?
- Yox, adını deməyəcəyəm. Uzaqdan-uzağa o insana hörmətim də var.
Çünki çox tanınmış, həm də yaxşı bir insandır. Buradan adını desəm,
etik baxımdan yaxşı çıxmaz. Sadəcə, mən onu oxuya bilmədim. Kitabı
qaytardım. Ola bilər, onun yazdıqları kimlərinsə xoşuna
gəlsin...
- Yeri gəlmişkən, yazıçıları nədənsə verilişində görə
bilmirik. Niyə dəvət etmirsən?
- Onların yazdıqlarını oxumuram və düşünürəm ki, onları verilişimə
çağırsam, söhbətimiz necə alınar. Ən azı, qonaqlarım barədə bilgim
olmalıdır ki, hansısa suallara cavab ala bilim. Ən azı, mən o
yazarın yazdıqlarını oxumalıyam. Mən söz oyunlarını, maraqlı yazı
maneralarını çox xoşlayıram. Adicə başlığı oxuyanda belə anlayıram
ki, həmin yazıda maraqlı söz oyunu var. Amma başlıqla içərisi düz
gəlməyən köşələr də olur. Baxırsan ki, kimsə eksperiment etmək
istəyib, amma çox da uğursuz alınıb. Həmin adam özünü biabır edir.
Ən azı, o yazını redaktə etdirib ortaya çıxarmaq olardı. Şəxsən mən
özümü onun kimi biabır etmərəm.
- Bəs xanım yazarlar arasında tanıdığın, oxuduğun
varmı?
- Sözün düzü, son vaxtlar çalışıram ki, xanım yazarların əsərlərini
oxuyum. Çünki zərif cinsin qələmi mənə maraqlıdır. Mənə elə gəlir
ki, xanımın yanaşma üsulu kəskin fərqlənir. Ronda Bern, Aqata
Kristi, Stefani Mayer, Elizabet Gilbert bunlar hazırda dünyada ən
çox oxucu auditoriyası toplamış bestsellerlərin müəllifi kimi mənim
də nəzərimdədirlər. Və hər birinin əsəri məzmun və üslubca
bir-birindən fərqlənsələr də, hərəsi bir aləm yaratmağı
bacarıb.
- Saytları izləyirsən?
- Çalışıram izləyim və gündəmin nəbzini tutum. Amma gecə
yatmamışdan öncə mütləq şəkildə saytlara nəzər yetirirəm ki, hər
şeydən məlumatlı olum. Bu artıq məndə ənənə halını alıb.
- Bu məlumatları daha çox hansı saytlardan
alırsan?
- Biri elə Publika.az-dan. Düşünmə ki, üzgörənlik edirəm. Mənə
yazının müəllifi də çox maraqlı olur və digər aktual saytlara da
baxıram.
- Sosial şəbəkələrdə də ki yoxsan...
- Yoxam. Bir il üç ay bundan öncə hesabımı bağladım, indi də açmaq istəmirəm. Amma etiraf edirəm ki, sosial şəbəkələr bu gün dünyada ən çox izlənilən virtual məkandır.
- Nədənsə bir çox həmkarlarından fərqli olaraq üzdə olmağı sevmirsən. Sosial şəbəkələrdə fotolar paylaşmırsan. Nə bilim, çox ehtiyatlanırsan. Bəlkə, şaiyələrdən qorxursan?
- Qorxmuram, sadəcə, təbiətimə uyğun deyil. Həmişə istəmişəm sakit həyatım olsun. Aparıcıyam, yəni üzdə olan insanam, amma qaynar həyat mənlik deyil. Mən öz balaca dünyamda xoşbəxt olmaq istəyirəm.
- Görürəm, çox romantiksən. Şeir
xoşlayırsan?
- Ramiz Rövşənin şeirlərini çox sevirəm. Həddən artıq. Saatlarla
oxuyaram, yorulmaram.
- Bax indi yeri gəlib, Ramiz Rövşəndən ən çox sevdiyin hansı misraları söyləmək istərdin?
- Yox indi şeir deyə bilmirəm. Amma orta məktəbdə oxuduğum vaxtlarda başqa cür idim. Elə gözəl şeir söyləyirdim ki, bütün tədbirlərə məni dəvət edirdilər. İndi şeirin qol-qanadını sındırmaq istəmirəm.
- Bəlkə, birini mən deyim ürəklənəsən?
Çiçəklər doğulur bu yaz gecəsi,
Bu yaz gecəsində ölməyə nə var…
- Mən Ramiz Rövşənin “Qara paltarlı qadın” şeirinin vurğunuyam. Məncə, bu şeiri sevməyən yoxdur…
Kişilər bir olmur, atam balası,
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı
gözəl qadına ümidi var
- ...Yeri-yeri, qara paltarlı qadın,
Kiri-kiri, qara paltarlı qadın…
Doğrudan da, möhtəşəm şeirdir.
- Ölürəm Ramiz Rövşənin şeirlərindən ötrü. Bəzən görürsən hansısa adam kitab nəşr etdirir, təqdimatını keçirir. Elə kitablara baxanda fikirləşirəm ki, heyf o kağızlara. Adını yazıçı, şair qoyur, kitab yazır. Nə vacibdir, gərək yazasan? Başqa bir bacardığın işin qulpundan yapışsa, bəlkə də, uğur qazana bilər. Vallah, mən özümü elə biabır etmərəm.
Cəvahir Səlimqızı
Foto: Elçin Murad
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO