Əşrəf Dərya: “Hüseyni məhv edənlər məni də narkoman etmək istəyirlər”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

Əşrəf Dərya: “Hüseyni məhv edənlər məni də narkoman etmək istəyirlər”- FOTOLAR

Çoxları onu mərhum Hüseyn Dəryanın dünyasını dəyişdiyi ərəfədə, daha dəqiq desək, məşhur repçinin vəfatından sonra tanıdı.

Həmçinin də mən. Hətta onu Hüseynin adından istifadə edib məşhurlaşmaqda qınayanlar da oldu. Ancaq istənilən halda, bu gün Azərbaycan repinin əfsanəsinin sənət yadigarı kimi hər kəs məhz Əşrəf Dəryanı tanıyır. Gənc repçi Publika.az-a müsahibəsində bir sıra maraqlı mətləblərə toxunub...

- Əşrəf, bir ara efirlərdə göründün, müəyyən işlər gördün. Amma son zamanlar kənara çəkilmisən. Bu nə ilə bağlıdır?
- Efirlərə çıxanda maddi durumum pis deyildi, dolana bilirdim. İndi maddi sıxıntılarım var. Səsyazma studiyalarının qiyməti nə qədər münasib olsa da, maddi baxımdan çatdırmaq olmur. Mənim işim yazıb deməkdən ibarətdirsə və təzə heç nə yazmıramsa, efirə necə çıxım?

- Sosial şəbəkədə yazmışdın ki, bu sahədən uzaqlaşmaq istəyirsən. Doğrudanmı, vəziyyət bu qədər kritikdir?
-Yox, orada söhbət maddiyyatdan getmirdi. Bilirsiniz necədir? Bir var rəqib canavar kimi olsun, onunla ürəklə vuruşaram və o savaşdan həzz alaram. Bir də var ki, kişisi qadın kimi cırmaq atsın, qadını kişi kimi “torba tiksin”. Mən onların ucbatından kənara çəkilmək istəyirdim.

- Söhbət sənət adamlarından gedir?
- Əlbəttə.

- Sırf rep aləmindən?
-Yox, ümumiyyətlə. Ətrafımda mənə əməlli-başlı “torba”lar hazırlanırdı. Mən də istədim kişi kimi vuruşum. Onlardan kişi çıxmadı deyə, sənətlə vidalaşmaq istəyirdim. Nə etməliydim?

- Həmin “torbalar” nədən ibarət idi?
- Məni pis vəziyyətə salmaq istəyirdilər.

- Nə mənada?
- Məsələn, olmayan şeyləri danışırdılar. Guya ki, o sözləri məndən eşidiblər.

- Söhbət hansı şayiələrdən gedir? Mümkünsə, bir az açıq danış.
- Çox şayiələr olub. Mən sənət adamıyam, sən yazırsan, mən də sənə cavab verirəm. Bundan istifadə edib, gedib orada-burada şayiə buraxırlar. Öz yazdığını silir, mənim yazdığımı saxlayırlar. Sonra deyir ki, baxın, Əşrəf mənə yalvarır.

- Çox güman ki, bunu edən qadınlardır.
- Onların arasında oğlanlar da az deyil. Sənət aləmindən olmayan insanlar da belə edirlər.

- Şəxsən mən səni Hüseyn Dərya rəhmətə gedəndən sonra tanımışam. Həmin ərəfədə Dəryanın tələbəsi kimi təqdim olunmağın insanları bir qədər qıcıqlandırdı. Hətta sənin Hüseynin adıyla reklam olunduğunu deyənlər də az deyildi...
- Elə sözləri mən də çox eşitmişəm.

- Bəs bu iddialara münasibətin necədir?
- Dəfələrlə bu suallara cavab vermişəm. Ustadımı yaxşı tanıyanlar bilir ki, o, mənim efirə çıxmağıma imkan vermirdi. Məni tanınmağa qoymurdu. Hər dəfə deyirdim ki, qoy çıxım oxuyum da, yaxşı bacararam. O, deyirdi ki, gözlə.

- Səbəb nə idi?
- Deyirdi ki, öyrən. Mən səni onunçun hazırlamıram ki, efirə çıxıb, şıllaq atasan. Ona görə hazırlayıram ki, məndən sonra bu yolu davam etdirəsən.

- Əşrəf, çoxları deyir ki, Azərbaycan repi Hüseyn Dərya ilə “öldü”. Razısan?
- Məncə, elə deyil. Əgər o, məni davamçısı kimi hazırlayıbsa, Azərbaycan repi necə ölə bilər? Sadəcə, onun kimi olmaq mümkün deyil.

- Səncə, Hüseyn Dərya Azərbaycan repinin zirvəsi idi, yoxsa ondan da güclüləri var idi?
- Çox gözəl sualdır. Nə qədər əsəbi və sıxıntılı insan olsam da, vətənimi sevirəm, vətənpərvərəm. Bu baxımdan ustadım mənimçün nümunədir. O, repi elə milliləşdirib deyirdi ki, elə bilirdin, rep Azərbaycanda yaranıb. Ona görə də nəinki Azərbaycanda, dünyada, həyatımda ən sevdiyim sənətçi, əfsanə Hüseyn Dərya idi. Mənimçün ondan güclüsü yoxdur.

- Ailəsi ilə münasibətin var?
- Münasibət yaxşıdır.


- Hər iki xanımı və övladları ilə də?
- Hər iki övladı və xanımları ilə də münasibətim əladır.

- Kömək edə bilirsən onlara?
- Maddi kömək etməyə imkanım yoxdur. Amma mənəvi baxımdan hər zaman yanlarındayam.

- Toylarda nadir hallarda repə yer verilir, albom, disk satışından da gəlir yoxdur. Bəs necə dolanırsan?
- Yaxşı reper olsan, elə toydan da qazanacaqsan. Repimiz milliləşib və 6-8 ritmində də deyilir. Ona görə toylarda da repə rast gəlmək mümkündür. Amma ümumilikdə repçinin ən yaxşı gəlir yeri konsertdir.

- Konsert vermək fikrin var?
- Yox, çünki ustadımın ili çıxmayıb. Amma ondan sonra ilk böyük konsertimi verəcəyəm. Hüseyn Dəryadan sonra repçilər arasında ən böyük solo konsert mənim olacaq.

- Son dəfə nə vaxt Hüseynin qəbrini ziyarət etmisən?
- Srağagün. Mən həftədə dörd dəfə mən onun ziyarətinə gedirəm.

- Hüseyn Dərya da bir zamanlar yaxın bildiyi insanların tələsinə düşdü, narkotikə qurşandı və sair. Hiss edirsənmi ki, sənə qarşı da belə cəhdlər var?
- Hiss etmirəm e, görürəm.

- Sənə də narkotik təklif edirlər?
- Əlbəttə, həddən artıq çox.

- Nə deyirlər?
- Açıq-aşkar deyirlər ki, narahat olma, bunun ləzzəti başqadır, “kayfı” zordu. Qız təklif edirlər...Amma o barədə də gözütoxam. Həyatımda sevdiyim bir insan var. O, mənə bəsdir. Mən içki içmirəmsə, narkotiki necə qəbul edə bilərəm?

- Deməli, burada məqsəd təkcə səni yox, həm də onun yolunu məhv etməkdir. Düz başa düşdüm?
- Ay sağ ol. Axır ki, məni düzgün başa düşən insan gördüm. Çox sağ ol. Bunu heç kim həzm etmir. Söhbət məni məhv etməkdən getmir. Mənimlə bir yerdə bu yolu, bu adı öldürməyə çalışırlar.

- Bir vaxtlar onun da rəqibləri var idi və bu rəqiblərlə münasibət hətta düşmənçilik səviyyəsinə qədər gedib çıxmışdı. Həmin insanlara münasibətin necədir?

- Elşad Xose bir ara mənə söz atdı. Elə bildi ki, mənimlə də gündəmə gələcək. Amma elə şey yoxdur. Heç mən onu bu baxımdan saymadım. “Dəyirman”la münasibətim sıfırdı. Anar Nağılbaz vaxtilə Hüseynlə rəqib olub. Amma rəqiblikdən əvvəl ustadımla işbirliyi qurublar, iş görüblər. Yəni, münasibətləri sonradan pisləşib. Bunların heç birinə baxmayaraq, sonucda mənim ustadımın xoşuna gəlməyənləri mən qəti bəyənmirəm. Ona düşmən olan mənə düşməndir və barışıq qəbul etmirəm. Halallığı Hüseyndən almalıydılar ki, dünyasını dəyişəndə onlara düşmən kimi getməyəydi.

- Danışdıqlarından belə məlum olur ki, təklənmiş durumdasan. Bu qədər rəqiblə necə bacaraqcaqsan?
- Əslində, bilmədiyiniz o qədər şeylər var ki... Əgər Allah mənə izin versə, nəinki bacarmaq, onların üstündən keçib gedəcəyəm.

- Düşünmürsən ki, bu açıqlamadan sonra sənə qarşı bir qədər də aqressivləşəcəklər?
- Mənimçün fərq etməz. Əgər məhv olmalıyamsa, bunun sizə müsahibəmdən sonra, yaxud başqa vaxt olması əhəmiyyətli deyil. Məhv olmasam, deməli, mən qalibiyyət üçün doğulmuşam.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm