Azərbaycanın tanınmış rejissoru Rusiyada tamaşa hazırlayır
Bizi izləyin

Tabloid.az

Azərbaycanın tanınmış rejissoru Rusiyada tamaşa hazırlayır

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı ilə Rusiya Federasiyası Kalmıkiya Respublikasının Milli Dram Teatrı ilə 3 ildən artıqdır ki, sıx qarşılıqlı yaradıcılıq əlaqələri mövcuddur.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Mübariz Həmidov və Kalmıkiya Milli Dram Teatrının baş direktoru, Rusiyanın əməkdar mədəniyyət işçisi Qalina Şurayeva arasında imzalanmış qarşılıqlı yaradıcılıq əlaqələri barədə müqavilənin bəndlərinə uyğun olaraq bu il oktyabrın sonunda Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanov yeni tamaşaya quruluş vermək üçün Kalmıkiya Respublikasına ezam olunub. Hazırda o, istedadlı yazıçı-dramaturq Əli Əmirlinin “Sevən qadın” əsəri əsasında eyniadlı tamaşa (iki hissəli komediya) üzərində yaradıcılıq işi aparır.

Quruluşçu rəssamı Saqlar Çulkayev olan tamaşada Kalmık Milli Dram Teatrının aparıcı aktyorları Kalmıkiya Respublikasının əməkdar artisti Sandji Pursyakov, aktyorlar Marina Kikeyeva, Tanya Zarayeva, Saqlara Qoydıkova və başqaları çıxış edəcəklər.

İlk tamaşanın premyerası bu ilin dekabrın 12-i və 13-də baş tutacaq.

Məlumat üçün onu da qeyd edək ki, teatr rəhbərləri arasında imzalanmış müqaviləyə uyğun olaraq, Kalmıkiya Milli Dram Teatrının bədii rəhbəri, RF-nin əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının fəxri mədəniyyət işçisi Boris Manciyev Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ə.Haqverdiyevin “Xortdanın cəhənnəm məktubları” əsəri əsasında eyniadlı tamaşaya quruluş vermək üçün 2015-ci ilin mayında Bakıya ezam olunacaq.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm