Trieri ziyarətə gələn ruhlar - məşhur rejissorun həyatından - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Trieri ziyarətə gələn ruhlar - məşhur rejissorun həyatından - FOTOLAR

Qalmaqal 2011-ci ilin mayın 18-də Kann kino festivalında Lars Fon Trierin “Melanxoliya” filminə həsr olunmuş mətbuat konfransında yaşandı.

Bu barədə axşam xəbərlərində məlumat verdilər, səhəri günü isə bütün qəzetlər ondan yazmışdı. Dünyaşöhrətli danimarkalı rejissor Lars Fon Trierə nəyə görə nasizm estetikasının belə xoş gəlməsi haqda sual verildi. O, bu suala elə cavab verdi ki, hətta bir neçə gündən sonra Fransa şəhəri Qrass polisi ona qarşı cinayət işi qaldırdı.

“Uzun müddət elə bilirdim ki, yəhudiyəm və buna görə də özümü xoşbəxt hiss edirdim. Sonra mən yəhudi əsilli rejissor Süzan Birlə tanış oldum və buna çox da sevinmədim. İndi isə müəyyən etdim ki, ailəm əslən Almaniyadandır və bu, mənə rahatlıq verdi. Bununla da hamıya demək istəyirəm: mən Hitlerin törətdiklərini yaxşı başa düşürəm və ona rəğbət bəsləyirəm. Yox, mən demək istəmirəm ki, İkinci Dünya Müharibəsini və yəhudilərin soyqırımını dəstəkləyirəm. Süzan Birə qarşı da iradım yoxdur, İsrail isə başağrısıdır... ”

Zalda səssizlik yarandı, insanlar eşitdiklərinə inana bilmirdilər: Lars məşhur fitnə-fəsadlarıyla məşhurdur, lakin bu qədər də yox da... Ona daha hansı iribüdcəli kino layihəsi üzərində işləyəcəyi haqda suallar verildi, amma Trier söhbəti davam etməklə odun üzərinə yağ tökürdü:

“Biz nasistlər iribüdcəli layihələri daha çox sevirik və yəhudi məsələsinin həlledici son qərarı haqda film çəkəcəyim də istisna deyil...”.

Bundan sonra Holokost qurbanları cəmiyyəti Larsın üzərinə hücum çəkdi, Kann festivalı isə onu persona non qrata elan etdi.

“Melanxoliya” filmində baş rolda oynayan Kirsten Danst ən yaxşı aktrisa mükafatına layiq görüldü, lakin bu, iflas idi. Daha dəqiq desək, bu hər bir rejissor üçün iflas olardı, amma orta məktəbi psixiatrik klinikada bitirən Lars Fon Trier üçün yox!..

Trier nevrotik, paranoikdir, ağır depressiyadan əziyyət çəkir, qapalı yerlərdən, təyyarə, gəmi və qəfil ölümdən qorxur. Qu quşlarının onu boğa biləcəyindən qorxduğu üçün qayıqda üzməkdən imtina edir. Hamı bilir ki, Trierin film üzərində işləməsi onun üçün psixoterapiyadır: o, burnunu divara söykəyib həftələrlə uzanılı qalır, antidepressant həblər qəbul edir, bu küncdən o küncə sıçrayır. Kənardan bizim üçün dəlilik kimi görünən hərəkətlər baş verən zaman paralel olaraq Trierin beynində növbəti film üzərində işlər gedir. Sonra isə özünə gəlib həftələrlə filmin ssenarisini yazır, filmi çəkir, operatorla dağın zirvəsinə qədər qalxır, kranın başına dırmaşır və bu vaxtadək olan bütün qorxularını unudur. Dəniz səyahətindən qorxduğu üçün 1996-cı ildə Kann kinofestivalında mükafatının arxasınca gəlməyən və əlində tibbi arayışı olan psixdən nə gözləyəsən?..

55 yaşlı Lars öz fobiyaları ilə yaşamağa alışıb. Lakin çox vaxt fobiyalar Lars üzərində hakimiyyəti ələ alaraq onu idarə edir: Kann kinofestivalına gələrkən o, sol çiynində qəribə bir ləkə aşkar edir. Ona elə gəlirdi ki, ləkə getdikcə daha da böyüyür. Kopenhagendə həkim işləyən qohumu Kristiana zəng edir, lakin Kristiana zəng çatmır. Trieri isə heç kim sakitləşdirə bilmir. Qorxu günbəgün artır, o, insanlara qarşı soyuq davranır, az qalır hamı ilə vidalaşsın... Kinofestivalın mətbuat konfransında o, daha çox qəzəbli və hirsli idi. Mətbuat konfransında əvvəlcə deyir ki, baş rolda Kristen Danst olmaqla dini porno çəkmək niyyətindədir və sonra isə dərin məzmunlu və depressiya gətirən “Melanxoliya” filmini komediya adlandırır. Eybi yox, jurnalistlər bunu birtəhər həzm etdi, bəs, Hitler haqda deyilmiş sözlər nə idi?

Trierin isə heç nə vecinə deyildi. Rejissor sakitcə evə getdi və şam yeməyini bitirənə qədər əllərini düz 8 dəfə yuduğunu xatırladı. O, əllərini yara bağlayana kimi yuyacaq və onu heç nə saxlaya bilməz. Sonra isə üzü divara divanda uzandı, adyalım altından qara corablı ayaqları göründü. İndi isə yatmaq olardı. Nə olsun ki, gün pis keçib? Əsas odur ki, səhər hər şey qaydasında olacaq. Lakin gözünə yuxu getmirdi. İki şüşə qırmızı şərab içdi. Onun vəziyyətində içki içmək ümumiyyətlə ziyanlıdır. Nəhayət, gecəni yata bildi. Yatdı ki, səhər depressiya və baş ağrısı ilə yuxudan oyansın və ikiqat dozalı prozak (antidepressant) həblərini qəbul etsin. O, həbin birini qəbul etdi, başını əlləri arasına aldı və özünə gəldi. Özünə gələndə isə qarşısında dodaqlarını bir-birinə möhkəm sıxmış mərhum anasını gördü.

Lars təəccübləndi: o, səbəbsiz yerə panikaya düşür, ürəkkeçmələrdən əziyyət keçir, dənizdən, hündürlükdən, qapalı yerlərdən qorxur. Lakin bu vaxta kimi qarabasmalar olmayıb. Bəlkə, onda şizofreniya halları baş qaldırıb? O, hələ indi-indi dərk edirdi ki, onun sözlərinə görə qalmaqal yaşanacaq. Anasının ruhu Larsa dedi:

- Mən sənə demişdim ki, bunu etməyəsən. Adama bir sözü nə qədər deyərlər?! Nəyə görə sən mənim məzarım üzərində Trier soyadını yazdırmısan? Mən İnger Hest feministəm və mənim öz soyadım var. Mən nə vaxtsa eşidirsən? Heç zaman kişilərin dedikləri ilə oturub-durmamışam! Məni nəyə görə cəzalandırmısan? Ağılsız oğlan!..

Lars nə cavab verəcəyini bilmədən sakitcə oturmuşdu. Mövcud olmayan ruhla danışmaq ağılsızlıqdır. Bütün günahlar qırmızı şərabda və pozulmuş psixikada idi. Birdən Lars dilə gəlib anasını günahlandırmağa başladı:

- Guya sənin heç vaxt günahın olmayıb da, hə? Məsələn, mən sənə yalvarırdım ki, məni balaca nudist kurortuna aparmayasan. Mənim elə zəif psixikam vardı ki, öz bədənimdən utanırdım. Və mən səndən xahiş etməmişdim ki, adımı psixiki klinikanın məktəbinə yazdırasan. Deyirdin ki, bu, sosiallaşmaq üçün xeyirlidir, məni isə orada hər tənəffüsdə kötəkləyirdilər. İndi deyirsən, onlarla dostluq edəydim? Sən cılızın birinə necə meyl göstərdin? Mən ona zəng edib kafedə görüşə çağırmışam. O, isə mənə əvəzində deyir ki, bundan sonra mənimlə vəkil vasitəsilə görüşəcək. Bu Hartman əsil uşaqbaza oxşayırdı, atam ondan min kərə yaxşı idi!

Ana isə dərindən kök ötürüb cəzasının nə olduğunu anladı. Hə, düzdür, o, anasını cəzalandırmaq istəyirdi. Qoy heç olmasa, ölümündən sonra sağlığında onu çox sevən insanın – Larsın atasının soyadını daşısın.

İnger bu soyaddan qıcıqlanırdı. O, başını yelləyib boşluqda qeybə çəkildi. Lars tək qaldı, qarşısında yalnız boş qədəh vardı.

Larsın gözləri önünə xalasının çox sevdiyi tülkü gəldi. Xalası ona danışa bilən tülküdən bəhs etmişdi. Bu heyvan rejissorun “Antixrist” filmində də vardı. Tülkü filmdə “Xaos hamını idarə edir” deyib, lakin “gerçəkdə” tülkü tam başqa şey deyib. “Qarşına çıxan ilk tülküyə heç vaxt inanma” – bunu Larsın xalası öz qulaqları ilə tülkünün dilindən “eşidib” və Larsa danışıb...

Yox, şərabın günahı yoxdur, bu, artıq paranoyadır. Lars özünü əmin edirdi ki, bu qədər içmək olmaz. Uşaqlıqda Lars çox utancaq oğlan olub, həmişə anasına oxşar qızları seçərdi. Özünün paranoik yumor hissi və kobudluğu ilə qızları ələ almağa çalışırdı. Lakin qızlar ona elə baxırdılar ki, sanki, yanında 7 qat dünya “dəlisi” dayanıb. Hər şey aydın idi: o, məktəbdə yoldaşları tərəfindən ələ salınırdı və əcaib ailə şəraiti ilə bağlı (anasının halı tez-tez dəyişir, qadın tənhalığa üz tutardı, atası isə özünü elə apardı ki, guya hər şey yaxşıdır, onun işi-gücü ancaq boş-boş gülmək idi) psixiatrik klinikaya yerləşdirildi. Burada ona lazım olan hər şey vardı: məktəb dərslikləri, rahatlıq... Sakitcə oturub dərslərini oxuyardı. Lakin bir dəqiqə... Əqli çatışmazlığı olan şəxslər üçün nəzərdə tutulmuş stolda Larsın yanında oturanlar kimdir? “II Napoleon”, “mühərrikin ixtiraçısı Savaof”, “inkvizitor Torkvemad”, danışa bilən “kirpi”...

Lars otağında oturub daha bir qədəhi başına çəkir. Bu dəfə onu “görməyə” üçün Milli kino məktəbinin mərhum prorektoru gəlir. Prorektor stulda əyləşib bağırmağa başlayır:

- Alçaq! Bic yaramaz! Kino məktəbin adını batırdın!

Lars gözlərini ovuşdurub diqqətlə baxır: lənətə gələsən, bu qoca çaqqal haradan gəlib çıxıb?

- Məktəbin ən yaxşı şagirdləri olan Qislason və Ellinq öz üzərində çalışıb yaxşı filmlər çəkdi. Bəs sən nə etdin? Şan-şöhrətindən istifadə edib mətbuat konfransında özünü lap xoruz kimi apardın! İstəsəm, səni elə birinci kursdan qovdurardım. Sən oxumaq istəmirdin və başa düşə bilmirdin ki, o zaman bizim hamımız səni əllərimiz üzərində gəzdirərdik?! Sən əsl eşşək idin!

Lars prorektora özünün psixi xəstə olduğunu və buna görə ona güzəşt etməsini xahiş etmək istəyirdi. Lakin prorektorun heç vecinə də deyildi: axı Lars kimi tülkü və alçaq adamlarla çox rastlaşıb.

Lars növbəti qədəhi başına çəkib yeni “qonaqlarını” qarşılamağa hazırlaşırdı. Onun arvadı Sesiliya, təəssüf ki, sağdır və Larsla söhbət edib ona ürək-dirək verməyə gəlməyəcək. Gəlsəydi belə, onların arasında normal söhbət getməyəcəkdi: onların müzakirə predmetinin dairəsi qızlarının alimentindən o yana getmirdi. Lars indi bilirdi ki, sevdiyin qadını atmaqla sevgilisini və dostunu həmişəlik itirib.

Lars onun sevgisini qazanmaq üçün evinə məzəli bağlamalar, gül dəstəsi göndərərdi. 8 il birgə yaşadılar. Hamı onların mükəmməl cütlük olduğunu iddia edirdi. Lars qadın cildinə girib onun həyatını büsbütün dəyişə biləcək insan axtarırdı. O, günlərin birində qadın cildli mələyin Sesiliya olmadığını anladı. Lars arvadına boşanmaq niyyəti deyəndə, Sesiliya qulaqlarına inanmadı və havada çaynik Larsa tərəf uçdu... O vaxtdan onlar bir də barışmadılar...

Xoşbəxtlik qəfil gəlir, sən gözləmədiyin yerdə peyda olur. Lars kiçik qızlarını bağçaya aparardı, orada qızlara Bente adlı müəllimə nəzarət edirdi. Lars və Bente tez-tez söhbət edərdilər. Bir gün Lars ona yaxınlaşıb evlilik təklif edir. Həyəcandan Bentenin dili tutuldu.

- Sabahadək fikirləş, mənə cavab verərsən. Məncə, bizdə hər şey alınacaq və xoşbəxt olacağıq.

Bente fikirləşdi: Lars evlidir, bütün dünya onu tanıyır, bundan əlavə, o çox qəribə adamdır. Bente və Lars, bir dəfə də olsun, seks və ya intim mövzuda danışmayıblar. Səhər açıldı və Bente Larsa “hə” cavabı verdi.

Lars evdən getdi. Yeni cütlük kino şirkətinin ofisində yaşayırdılar. Aralarında isə hələ də intim münasibət yox idi. Qəzetlər isə artıq yazırdı: “Lars Fon Trier xəstə arvadını uşaq tərbiyəçisinə görə atdı”.

Hamı ona tüpürürdü.

Bu qalmaqla keçdi və unuduldu. Onlar birgə xoşbəxt yaşayırdılar. Sonra isə hər şey bir göz qırpımındaca dəyişdi. Bente öldü.

İndi isə onun ruhu Larsı ziyarət etməyə gəlib...

Lars alnına sığal çəkildiyini hiss etdi. O, boynunda istilik hiss edərək yuxuya getdi...

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm