Tanınmış müğənni dələduzluqda ittiham olunur - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Tabloid.az

Tanınmış müğənni dələduzluqda ittiham olunur - ŞOK TƏFƏRRÜAT

Sabunçu rayonu, Sabunçu qəsəbəsinin sakini Zamiq Həmid oğlu Mehdiyev Publika.az-a müraciət edərək müğənni Arzu Mələyi dələduzluqda ittiham edib.

Z.Mehdiyevin sözlərinə görə, Arzu Mələk onun adına iki bankdan ümumilikdə 8700 manat kredit götürüb və hazırda həmin məbləği qaytarmaqdan boyun qaçırır:

“2014-cü ilin may və iyun aylarında “Kapitalbank”dan 3700, “Dəmirbank”dan 5000 manat məbləğində kredit götürüb müğənni Arzu Mələyə vermişəm. Hər ay 203 manat “Kapitalbank”a, 500 manat isə “Dəmirbank”a ödəməliydi. Birinci banka cəmi iki ay ödəniş etdi. Hazırda “Dəmirbank”a gecikməyə görə 3000 pul yığılıb”.

Z.Mehdiyev deyib ki, Arzu Mələyi o, Atlas adlı jurnalistin vasitəçiliyi ilə yeddi ay öncə tanıyıb:

“Atlas xanım jurnalistdir, gediş-gəlişimiz var, şeirlərimi dərc etdirib. Bildiyimə görə, ATV kanalındakı verilişlərdən birinin işçisidir. Atlas xanımın evini də tanıyıram, 2 nömrəli tibb texnikumunun yanındakı yataqxanada yaşayır. O mənə dedi ki, belə bir adam var, ona kömək etmək lazımdır. Mən də razılaşdım. İki bankdan mənim adıma qeyd etdiyim məbləğlərdə pul götürdük. Artıq 5-6 aydır ödəmədiyinə görə gecikmələr var. Arzu Mələyin evini də tanımıram, tanısaydım, gedib pulumu istəyərdim. İndi zəng vururam, telefonu açmır. Anası da deyir ki, bir az da gözlə. Bu gün isə mesaj yazıb ki, məsələni ictimailəşdirdiyinə görə pulu sən ödəyəcəksən, rüşvətxor bank işçisi də işdən qovulacaq”.

Z.Mehdiyevin sözlərinə görə, müğənni ilə sonuncu dəfə noyabrın 1-də görüşüb:
“Noyabrın 1-də Arzu ad gününü qeyd edirdi. Mənə dedi ki, ad günümdə pul yığılacaq, sənin də borcunu verəcəyəm. Məndən başqa bank işçiləri də pula görə ora gəlmişdilər. Əslində, bank işçilərinin gəlməyindən xəbərim yox idi. Məclis qurtaranda gördüm ki, onlar da restoranın qarşısında gözləyirlər. Gecə 3-dək restoranın qarşısında gözlədim. Amma arxa qapıdan necə keçibsə, xəbərim olmayıb. Axırda atası-anası gəldi, dedi ki, müğənnilər Göyçaya nar bayramına getdiklərinə görə, məclisə gələn olmayıb, pul yığılmayıb”.

Şikayətçi deyir ki, hazırda Xətai rayonu Səid Rüstəmov adına 13 saylı musiqi məktəbində saz müəllimi işləyir və banklarla mütəmadi əməkdaşlıq edir. Məhz bu məsələdən sonra bankdan pul götürə bilmir:

“Əsas istəyim odur ki, bankda zədələnmiş etibarım bərpa olunsun. Mən banklarla işləyən adamam və Arzu Mələklə şəxsi-qərəzliyim yoxdur. Amma indi zəng vurub məni hədələyir. Deyir ki, məsələ ictimailəşsə, borcunu ödəməyəcək. Bilirəm ki, bu yazıdan sonra məni qınayacaq, aqressivləşəcək. Amma başqa yolum qalmayıb. Çünki mənə başqa yol qoymadı. Bu barədə özünə mesaj da yazdım. Lazım olsa, əlavə faktlar və sübutlar da təqdim edəcəyəm”.

Əməkdaşımız məsələ ilə bağlı Arzu Mələklə də əlaqə saxlayıb. Sənətçi əvvəlcə Z.Mehdiyevin ünvanına təhqiramiz ifadələr işlətsə də, sonradan qarşı tərəfin dediklərini qismən təsdiq edib:

“Zamiq mənim tanıdığım adamdır. Zəng vurub, cavab verməmişəm deyə, prinsip aparır. Dostumdur, amma sevgilim deyil. Mən onu tanıyandan əlli banka borcu var. O, sadəcə, prinsipə belə edir. Bir müddət əvvəl də buna bənzər bir şayiə yaymışdı”.

A.Mələk ad günüylə bağlı keçirilən mərasimə bank işçilərinin borc dalınca gəlməyi ilə bağlı iddialara isə belə münasibət bildirib:

“Zamiq qələt eləyir ...(burada yazılması mümkün olmayan ifadələr işlədir – İ.V.) Ad günümdə bank işçisi gəlməmişdi. Bank işçisi heç insanın evinə gəlmir, o ki qaldı restorana. Onlar mənim dostlarımdır. Zamiqin dediyi rəqəmlər doğru deyil. Bu adam bankdan 5000 götürüb və dostuma 4000 manat verib. 3700 manata gəlincə, orada da məsələ başqa cürdür. Zamiq dedi ki, “Kapitalbank”a pul götürməyə gedərkən iş yoldaşını da zamin kimi aparmalıymış. İş yoldaşı gəlmədiyinə görə, 3700 manatın 500 manatını rüşvət kimi verib ki, pulu götürə bilsin. Bu, Zamiqin mənə dedikləridir. Dostum mənə 2-3 ay 206 manat pul göndərdi və mən ödəniş etdim. Sonra isə ödəməyə imkanı olmadı. Zamiqə dedim ki, əgər dekabrın sonunadək dostum pulunu ödəməsə, özüm sənə kömək edəcəyəm. Amma məsələ ictimailəşdiyinə görə, mən bu işdə yoxam. Hətta bu həftənin sonuna kimi dostum borcunun müəyyən qismini göndərməliydi. Amma Zamiq belə etdisə, mən heç bir məbləğ ödəməyəcəyəm”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm