Porno disk, Lamiyənin ayağı, Zaurun kababı – HƏFTƏBECƏR
Bizi izləyin

Tabloid.az

Porno disk, Lamiyənin ayağı, Zaurun kababı – HƏFTƏBECƏR

Bir həftə keçdi. “Həftəbecər“ yeddinci dəfə şou-biznes və mədəniyyət aləmində baş verənlərlə ixtiyarınızdadır. Ramiz Əzizbəyli demişkən, tərifləmək olmasın, amma babat xəbərlərimiz olucey…

Başlayaq müğənni Rəqsanə İsmayılovadan. Sənətçi yenə də qızıldan qiymətli, hətta hər kəlməsi bir barel neftə bərabər açıqlamalar verib. Yeri gəlmişkən, indicə iş yoldaşlarından öyrəndim ki, neftin bareli 68 dollardır. Kalkulyatorlarınızı götürüb başlayın hesablamağa:

“Qalmaqalla gündəmə gəlmək, kiməsə cavab vermək istəmirəm. Bəli, eşitmişəm, deyirlər ki, hər hansı kişinin pulu ilə bunları edir, reklam üçün belə gündəmə gəlir. Amma bu fikirlər məni narahat etmir. Dava-dalaşa qoşulub, cavab verən deyiləm. Allah mənim başımdan töksün, səsimə qüvvət versin. Kişi pulu ilə xeyirxahlıq eləmirəm. Çox şükür bu günümə... İki gün pulsuz konsert verəcəyəm. Hərbçiləri, qocalar evində olan qocalarımızı ora dəvət edəcəyəm. Xeyirxahlıq etməkdən, insanları xoşbəxt etməkdən xoşum gəlir".

Açıqlamanın ortasında bir yerdə üç nöqtə var. O nöqtələri özüm qoymuşam. Rus demişkən, “tak çto”, o nöqtələrin Rəqsanənin açıqlamalarının ümumi qiymətinə dəxli yoxdur. O ki qaldı açıqlamada səsləndirilən fikirlərə, mən də şəxsən ikiəlli razıyam. Əllərim klaviaturada olmasaydı, hətta on barmağımı da göyə qaldırıb “yes” deyərdim.

Məncə də, barəsində deyilən sözlər, şayiələr Rəqsanəni narahat etmir. Kim nə deyir-desin, onsuz da bütün bunlar Rəqsanənin nə 6-7 minlik toy qiymətinə, nə də çəkdirdiyi kliplərə təsir edəcək. Amma “Kişi pulu ilə xeyirxahlıq etmirəm” söhbəti bir balaca qəliz oldu. Rəqsanə xanım konkret açıqlamayıb ki, ümumiyyətlə, kişi pulu ilə heç nə eləmir, yoxsa eləyir, intəhası, xeyirxahlıq eləmir. Xeyriyyə konsertini isə çox yüksək qiymətləndirirəm. Yadımdadır, bir dəfə hansısa qocalar evinə 2-3 qazan dolma aparmışdı, sonra həmin dolmaların, qazanın şəklini çəkib sosial şəbəkədə yaymışdı. Məncə, xeyriyyə konserti bir qazan dolmadan daha yaxşıdır…

Gənc müğənnilər Lamiyə Novruzova və Günay İbrahimli isə yola getmirlər. Bilinmir mahnılarımı şərik düşüb, prodüserlərimi, ya sponsorlarımı. Amma bir şey dəqiqdir ki, ortada şərik olan nəsə var. Günay İbrahimli Lamiyənin onun barəsində dediklərinə çox pis cavab verib. Hətta deyərdim ki, Lamiyə bu açıqlamanı oxuyubsa, yüz faiz xətrinə dəyib. Sitat:
“Elə danışanlara deyirəm: it hürər, karvan keçər. Mən öz işimlə məşğulam”.

Aparıcı Zaur Kamal da məsələnin üstünə, necə lazımdır, benzin töküb. Təxminən bir barel:

“Lamiyə bir dəfə verilişimizin qonağı oldu. Oturub, ayağını aşırıb bir-birinin üstünə. Ayaq qalxıb hara, axırda dedim ki, ay qız, düz otur. Ayıbdır, efirə yaraşmaz. Sonra başladı ki, canlı ifa edəcəm. Elə bir gündə oxudu ki... Rejissora deyirəm, niyə efirə verdiniz? Deyir, qoy özü görsün ki, nə gündə oxuyur”.

G.İbrahimli də aparıcının sözlərinə münasibət bildirib:
“Verilişə baxmamışdım. Mənə sonradan göndərdilər, baxdım. Biabırçılıq idi. Çox xaric oxuyurdu”.

Görəsən, Lamiyə ayağını ayağının üstünə aşıranda nə baş veribmiş? Hmm…Zaur ”ayıbdır, efirə yaraşmaz” deyibsə…Ha düşünürəm, ağlıma bir şey gəlmir. Görəsən, Lamiyə axırda ayağını o biri ayağının üstündən aşağı salıb?..

Rəqqasə Aytən isə dədədən oğula, oğuldan qonşuya, qonşudan uzaq qonşuya keçən məsləhətlər verib həmkarlarına. Deyib ki, istər rəqqas olsun, istər rəqqasə, öz oyun tərzi olmasa, onu peşəkar saymaq olmaz:

“Mən Asenanın etdiyi hərəkətləri etsəm, doğru çıxmaz. Mən oriental oynayıram, milli rəqsdən başım çıxmır. Milli rəqs haqqında heç nə bilmirəm. Oriental rəqsin indiyədək məktəbi olmayıb. Mənim əsl sənətim piano çalmaqdır. Buna görə yeddi il dərs almışam. Üç il Küveytdə qalıb, rəqqasəliyi öyrəndim. Musiqi savadım və ritmim var”.

Əvvəla, siz Asenanın etdiyi hərəkəti edə bilməzsiniz. Heç istəsəniz də alınmaz. Çünki İbrahim Tatlısəs elə vəziyyətdədir ki, ancaq canının həşirinə qalıb. O ki qaldı Asenanın rəqqas kimi peşəkarlığına, bu da qəliz məsələdir. Çünki Türkiyədə Asenanı göbəyinə alıb fırladacaq o qədər rəqqasələr var ki. Asena sadəcə, İbrahim dayıyla cükküldəşəndən sonra, məşhurlaşmış orta səviyyəli rəqqasədir…

Mehriban Xanlarova isə sözün əsl mənasında AÇIQlama verib. Aktrisa gündəmdə qalmaq üçün soyunan həmkarlarını və müğənniləri qınayıb. Sonra da dünya birliyini özünün soyunacağı ilə hədələyib:

"Mən danışanda məni qınayırlar. Niyə insanlar öz sənətini ucuzlaşdırır? Mən elə insanlardan dərs almışam ki, onların adını söyləsəm, inanmazsız. İnadkar olmuşam. Qəbul olmaq, irəliyə getmək üçün yalnız çalışmışam. Soyunaraq qabağa getmək olmur. Elə soyunaram, bütün dünya şəkillərimə baxar. Ucuz gündəm mənə lazım deyil. Mən rolumla sevilmişəm. Özümü tanıtmışam. Bir obraz oynadım. Orada libasım bir az yuxarı qalxanda bütün saytlar məni qınadı. Mənim obrazım belə idi. Özüm bilərəkdən qaldırmamışam".

Bilirsiniz bir anlıq nə təsəvvür elədim? Barak Obama “Ağ ev”də oturub Mehriban Xanlarovanın şəkillərinə baxır. Sonra Beyonsu, Şakiranı, Cenniferi yığıb bir iclas çağırır, başlayır danlamağa ki, siz də özünüzə sənətçi deyirsiniz? Görürsünüz, soyunmaq belə olar. Heç əynində “tapıçka” da yoxdur. Amma deyirəm Mehriban xanım bu fikrə heç olmasa, 10-15 il əvvəl düşsəydi, bəlkə də, indi Suriyada baş verənlər olmayacaqdı, Hüsnü Mübarəki “kaznit” eləyib, sonradan bağışlamayacaqdılar. Ona görə də atalar deyib ki, hər şeyin öz vaxtı, hər vaxtın öz şeyi. Yəni soyunmaq istəyəndə də gərək vaxtında soyunasan…

Əməkdar artist Sevda Ələkbərzadə bilmədən özünü qalmaqala salıb. Daha doğrusu, sala bilər. Sənətçi “Sev məni bu payız” adlı mahnısına çəkilmiş klipə həyat yoldaşı ilə çəkilib. Deməli, bu, əri olmayan sənətçilərə göz dağı verməkdir. Bəs onda əri olmayan klipinə kimi çəksin? Sponsorunu? Axı sponsorun arvadı gəlib həmin müğənnini iki yerə bölüb bir yarısını Qurd Qapısının ağzından, bir yarısını da Sədərək bazarının girişindən asar…

Müğənni Roza Zərgərli isə spirtli içki içdiyini etiraf edib. Hə, nə olsun? İçməsin? Bayramlarda, ziyafətlərdə içir də. Camaatın boğazına sayğac qoyası deyilsiniz ki...

Xuraman Şuşalı da deyib ki, nə qədər hicaba keçməmişdim, hamı məni dəvət edirdi, örtünəndən sonra isə bəzi kanallar yolumu bağlayıb. Dediyinə görə, təkcə ANS onu hicab taxandan sonra efirinə çağırır. Amma inanıram ki, Xuraman xanım kanalların bu hərəkətinə etiraz olaraq, əvvəlki imicinə qayıtmayacaq…

Mətanət Əsədova 8400 manata ətir ala bilməyənlərə əməlli-başlı yanmışlıq verib. Şəxsən mən bu açıqlamadan sonra 12 manatlıq “kitayski” ətirimə nifrət eləməyə başladım. Sitat:

“Parfüm dəlisiyəm. Parfümə, geyimə ürək edib, xərclədiyim pulu hər kişi ürək edib, xərcləməz. Mən məkana daxil olmamış, birinci ətrimin iyi gəlir. Və o zaman dost-tanışlarım deyirlər ki, Mətanət gəldi. Ən bahalı ətrimin qiyməti 8400 manatdır. Ancaq ətir qarderobumda 1500 manata da ətrim var. Ən aşağı qiymətə olanı da elə odur”.

Mətanət xanım düz deyir. Doğrudan da, bəzən həmkarlar adamı görmədən onu ətrinin iyindən tanıyırlar. Düz bir həftədir, redaktorumuz mənim “kitayski” ətirimin iyindən redaksiyada az qala burnunu tutub gəzir. Nə olsun ki, 12 manatlıqdır, amma məni də ətirimin iyindən tanıyırlar da. Deməli, Mətanət xanım 8388 manat ziyana düşüb…

Hörmətli jurnalistlər, Elza Seyidcahan barədə xoşagəlməz məqalə yazsanız, məhkəməyə veriləcəksiniz. Niyə Elza xanımı xalqın gözündən salmağa çalışırsınız? Bu, ən azından qeyri-peşəkarlıqdır. Necə hirsləndimsə, məcburam bir sirri açım. Elza xanım, bir dəfə həmkarlardan biri sizin “Verdi” şeirini mənə göndərmişdi. Dərhal dostumu atdım bloka. Çünki bilirdim ki, həmin göndəriş xoşməramlı deyil. Şeirdə o boyda gözəl sözlər var, niyə başlığa məhz bu sözü çıxarıblar, başa düşmürəm. Sitat:

“Şeirlərimi ələ salırlar. Mənə xələl gətirmək üçün hərə bir kompüter arxasına keçib, nə gəldi yazır. Özü də ki, yazıların çoxu məndən açıqlama alınmadan verilir. Hansı ixtiyarla belə edirlər? Dəfələrlə xaricdə Azərbaycanın bayrağını qaldırmışam. Xalqını sevən, tərənnüm edən, dövlətin əməkdar artistinə, Bəstəkarlar İttifaqının üzvünə bu cür tərbiyəsizlik edilərmi? Allaha şükür, Elzanı hamı yaxşı tanıyır. Bu cür sözlər onun nə tərbiyəsinə, nə də savadına ziyan vurmaz, qara yaxmaz. Buradan mənim şeirlərimi ələ salanlara xəbərdarlıq edirəm: özünüzü yığışdırın. Yoxsa hamınızla məhkəmədə görüşməli olacam. Haqqımda boş-boş şayiələr uydurmasınlar, onları məhkəməyə verəcəm. Məni xalqın gözündən salmağa çalışmasınlar, onsuz da, bacarmayacaqlar. Özlərini Allahın nəzərindən salacaqlar. Çox xoşbəxtəm ki, nə özüm, nə övladlarım, nə də nəslim həyatda heç kimə şər atmayıb”…

Xalq artisti Səməd Səmədovla keçmiş duet ortağı Sevda Əliqızının məsələsi isə pik nöqtəyə çatıb. İndi də yazırlar ki, ortada nəsə disk söhbəti var. Biri deyir ki, o diskdəkilər porno görüntülərdir, biri deyir ki, keçmiş cütlüyün ifa etdiyi duetlərdir. Əsas odur ki, disk boş deyil, içində nəsə var. Yeri gəlmişkən, Sevda Əliqızının qocaldığını deyən Səmədovun yeni duet ortağı Şəbnəm Aslanqızının 29 yaşı var. Həqiqətən də, gənc xanımdır, Səməd müəllimin qızı yaşındadır…

Aparıcı Zaur Kamal isə isə aparıcısı olduğu verilişin canlı yayımında, elə çəkiliş pavilyonundaca oyun çıxardıb. Təsəvvür edin ki, efirə nə qədər hörmətsizlik etmək lazımdır ki, canlı yayımda kabab bişirəsən. Zarafatsız, filansız bu, tamaşaçıya hörmətsizlikdir…

Növbəti həftəyə qutab gözləyirəm…

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm