Xalq artistindən şok ittiham: “Əxlaqsızlığını bütün Azərbaycan bilir, amma...”
Bizi izləyin

Tabloid.az

Xalq artistindən şok ittiham: “Əxlaqsızlığını bütün Azərbaycan bilir, amma...”

Xalq artisti, tanınmış aktyor Tariyel Qasımov son vaxtlar telekanallarda təqdim olunan şou-proqramlardan gileylidir.

Aktyor həmin verilişlərdə ekspert qismində iştirak edən bəzi həmkarlarının əlindən “zəncir çeynəyir”. Onu əsəbiləşdirənsə əxlaqdan xəbəri olmayan dırnaqarası ekspertlərin camaata əxlaq dərsi keçməsidir. Bütün bunlara qeyri-peşəkar televiziya işçilərinin zəmin yaratdığını deyən xalq artisti seriallarda da eyni vəziyyətin hökm sürdüyünü deyir.

- Bu gün hansı telekanala baxırsan, əksər şou verilişlərində bizim tanınmış aktyor və aktrisalarımız ekspert qismində çıxış edirlər. Buna münasibətinizi bilmək maraqlı olardı…

- Dərdimi təzələmə. Mən belə şeylərə çox əsəbiləşirəm. Bir də görürsən, hansısa sənət adamı efirə çıxıb, camaata əxlaq dərsi keçir. Baxırsan ki, özünün normal ailəsi yoxdur, tində-bucaqda min hoqqadan çıxır, amma kiməsə məsləhət verir. Günah onları ekrana çıxarandadır e. Kimisə bir verilişə çıxaranda baxıb görməlisən ki, o sənət adamının əxlaqı hansı səviyyədədir. Adama gülərlər e. Əgər o insanın əxlaqı bərbad vəziyyətdədirsə, onun kiməsə məsləhətinin nəticəsi nə olacaq? Adama deməzlərmi ki, ay kişi, ay xanım, get bir öz əxlaqına nəzər sal, sonra mənə məsləhət ver? Bu şeylərə görə camaat çox əsəb keçirir. Dəfələrlə mənə yaxınlaşıb deyiblər ki, ay Tariyel müəllim, niyə belə insanlara bir əncam çəkmirsiniz? Deyirlər ki, axı filan sənət adamını tanıyırıq, onun əxlaqsızlığını bütün Azərbaycan bilir, amma adamı efirə çıxarıb nümunə kimi millətə sırıyırsınız. Onları başa salıram ki, ay camaat, mən nə telekanalın müdiriyəm, nə də işçisi. Mən kiməm ki, gedib kiməsə qadağa qoyum və ya deyim, filan sənətçini efirə çıxarma. Çıxar e, amma belə verilişlərdə camaata dərs keçməsin. Getsin qalmaqalını etsin, şou-verilişlərdə istədiyi qədər özündən danışsın.

- Sizin özünüzü necə, ekspert qismində hansısa verilişə dəvət edirlər?

- O qədər… Heç birinə getmirəm. Lap boğaza yığılanda məcbur qalıb gedirəm.

- Siz getmirsiniz, ona görə də meydan verilir belə sənət adamlarına.

- Tək verilişlərə yox, seriallara da çağırırlar, getmirəm.

- Niyə?

- Çünki seriallar da o verilişlər kimi bərbad gündədir. Prodüser tapırlar, pul buraxırlar, qohum-əqrəbalarını da gətirib çəkirlər. Hətta küçədən keçənin birinə serialda baş rol da verirlər.

- Siz peşəkarlar çəkilməyəndə məcbur qalıb küçədən keçən insanı çəkəcəklər də. Axı özünüz deyirsiniz ki, sizi dəvət edirlər, amma çəkilməkdən boyun qaçırırsınız… Bəlkə, başqa səbəblər var?

- Əlbəttə, var. Serialların rejissorları peşəkarları çəkmək istəmirlər. Peşəkar aktyor axı onlardan pul istəyir. Amma o küçədən keçənlər özləri pul təklif edir ki, məni seriala çək. O, pul verəni qoyub, məni çəkməyəcək axı.

- Amma “Muradına çatan Günəş” serialında baş rolda çəkilmişdiniz. Həmin layihə çox maraqla da izlənildi…

- O seriala ona görə çəkildim ki, rejissor peşəkar idi. Asif Abramova inandım və təklifini qəbul etdim. Öyrəndim və gördüm ki, o rejissor üç il Türkiyədə təcrübə keçib.

- Başqa rejissorlar dəvət eləsə, çəkilməzsiniz?

- Rövşən İsax dəvət eləsə, çəkilərəm. Çünki bu adam işinin peşəkarıdır. Əvvəllər gözəl aktyor olub, indi də rejissor kimi fəaliyyət göstərir. Onun çəkdiyi filmlərə də böyük maraqla baxırlar.

- “Muradına çatan Günəş” serialında sizə nə qədər qonorar verdilər?

- Hər çəkilişə görə 200 manat alırdım. Amma adam vardı ki, hər çəkilişə görə cəmi 20 manat alırdı. Buna baxmayaraq, həmin insanları bu məbləğ qane edirdi.

- Sonradan həmin serialın rejissoru Asif Abramov “Qisas” serialını çəkdi. Bəs nə əcəb, yenidən sizi orada görə bilmədik?

- Amma məni o seriala dəvət eləmədi. Etsəydi, çəkilərdim.

- Maraqlıdır, niyə?

- Eşitdiyimə görə, serialın ssenari müəllifi ona deyib ki, polkovnik obrazına Tariyel Qasımovu çək. Amma Asif Abramov müəllifə deyib ki, Tariyel bahalı aktyordur. Ona istədiyi qədər pul verə bilmərəm. Əslində, mən ondan heç küsüb-incimirəm də. Qeyd edim ki, mən əvvəlki serialda da polkovnik roluna çəkilmişdim.

- Belə götürəndə hər çəkilişə 200 manat çox məbləğ də deyil…

- Əlbəttə, Türkiyənin özündə əgər 25 seriyalı bir filmə çəkilsəydim, ondan gələn pula on il yaşayardım. Hələ üstəlik özümə villa da alardım, bahalı avtomobil də. Amma mən “Muradına çatan Günəş” serialından cəmi iki min manat qonorar aldım.

- Teatrda vəziyyət necədir?

- Yaxşıdır, kollektivimiz çox mehribandır, birgə tamaşalar hazırlayırıq.

- Maşallah, bu yaşı heç sizə vermək olmur, yaraşıqda Hollivud ulduzlarına doqquz qoyarsınız… İndi ürəyinizdən hansı rolları oynamaq keçir?

- Arzuladığım rolların hamısını vaxtilə oynamışam. Hər zaman ürəyim istəyən iki rol olub. Hələ ikinci kursda oxuyanda “Sən həmişə mənimləsən” tamaşasında Əli Zeynalovun oynadığı Həsənzadə obrazını çox sevirdim. Onun oyun tərzi o qədər xoşuma gəlirdi ki, deyirdim, kaş mənim altmış yaşım olaydı, o rolu mən də oynayaydım. Elə oldu ki, 65 illik yubileyimdə mənim üçün benefis tamaşa hazırlandı. Mədəniyyət və Turizm Nazirliyindən təklif etdilər ki, hansı əsəri ürəyin istəyir, onu da repertuara salaq. O saat dedim ki, “Sən həmişə mənimləsən” tamaşasını istəyirəm. İkinci arzuladığım rol “Atayevlər ailəsi” tamaşasında böyük Atayev obrazı idi. Amma qismət elə gətirdi ki, “Sarıköynək və Valehin nağılı” tamaşasında prokuror Muradzadəni oynadım.

- Həmişə müsbət obrazlar yaratmısınız. Mənə çox maraqlıdır, bu qədər müsbət obrazlardan sonra hansısa tamaşada bir əclaf rolunu oynayardınızmı?

- Düz deyirsiniz ki, həm kinoda, həm də teatrda müsbət rollar oynamışam. “Sən neçin yaşayırsan”da qadını, qızı bədbəxt edən bir dəliqanlı rolunda oynamışam. O tamaşada adım Pərviz idi. Tamaşaçılardan o qədər məktublar aldım ki… Hamısında da yazırdılar, Tariyel müəllim, siz o rolu oynamayın, sizə yaraşmır. O mənada ki, siz həyatda pis adam deyilsiniz. Əslində mən o rolla nifrət qazana bilmişdimsə, deməli, bir aktyor kimi bu, mənim uğurum idi. Peşəkar aktyor faciə də oynamağı bacarmalıdır, komediya da.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm