“Santa Barbara”nın qəhrəmanı Publika.az-a danışdı – FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Santa Barbara”nın qəhrəmanı Publika.az-a danışdı – FOTOLAR

Aktyor Leyn Deyvis (Lane Davies) təcrübəli tamaşaçılara çox yaxşı tanışdır. Aktyorun “Santa Barbara” serialının əsas qəhrəmanlarından olan Meyson obrazı isə, şübhəsiz ki, onun vizit kartıdır. Bu yaxınlarda rejissor Vahid Mustafayevin “Qanlı yanvar” filminə çəkilən amerikalı aktyor Publika.az-a həm oynadığı rol, həm də başqa məsələlərlə bağlı müsahibə verib.

- Cənab Deyvis, əvvəlcə “Qanlı yanvar” filmi barədə təəssüratlarınızı bilmək maraqlı olardı.

- Bu film xalqınızın müstəqillik mübarizəsini özündə əks etdirir. Ssenari mənə təqdim olunanda çox bəyəndim. Burada mən amerikalı jurnalisti – Viktoru oynayıram. Viktor həmin hadisələr zamanı Bakıya gəlir və baş verənləri işıqlandırmağa çalışır. Hadisələrini gedişatını isə filmdən izləyə bilərsiniz.

- Azərbaycanla bağlı təəssüratlarınız necədir?

- Azərbaycan barədə çox gözəl təəssüratlarım var. Ölkənizdəki inkişaf göz önündədir. Bu inkişafı görəndə çox təsirləndim. Bakıda çox gözəl əyləndim. Avropanın qabaqcıl şəhərlərindən heç də geri qalmır. Burada insanlar da çox səmimidirlər.

- Azərbaycanda ilk dəfədir olursunuz?

- Xeyr, bundan əvvəl də bir dəfə Azərbaycanda olmuşam. O zaman da ölkənizdən maraqlı təəssüratlarla ayrılmışdım.

- Azərbaycana ilk gəlişiniz nə vaxt olmuşdu?

- İki il öncə.

- Səfəriniz nə ilə bağlı idi?

- O zaman da Azərbaycana rejissor Vahid Mustafayevin dəvəti ilə gəlmişdim. Onun çəkdiyi filmin aktyorlarına treninq keçirdim.

- Hazırda çəkildiyiniz film varmı?

- Artıq xeyli vaxtdır ki, təqaüdə çıxmışam.

- Bəs nə əcəb bu filmə çəkilməyə razılıq verdiniz?

- Çoxdandır heç bir filmə çəkilmirəm. Ancaq dostlarımdan gələn təklifləri qəbul edirəm. Bu filmin rejissoru ilə dost olduğuma görə təklifi də qəbul etdim.

- Nə zamandan təqaüdə çıxmısınız, filmlərə çəkilmirsiniz?

- Xeyli vaxtdır. Artıq kinodan bezdim və öz istəyimlə təqaüdə çıxdım. İndi də müxtəlif dəvətlər olur. Amma dediyim kimi, yalnız dostlarımın dəvətini qəbul edirəm.

- Azərbaycanın digər rejissorları sizi öz filmlərində, seriallarında görmək istəsələr, təklifi qəbul edərsinizmi?

- Əgər maraqlı bir layihə olsa, qəbul edərəm. Məsələn, indi çəkildiyim “Qanlı yanvar” kimi dəyərli layihəyə mütləq razılıq verərəm.

- Bəs maliyyə ilə bağlı şərtləriniz necə olar?

- Mənim üçün məsələnin maliyyə tərəfi o qədər də önəmli deyil. Əgər görüləcək işin keyfiyyətli olduğuna inansam, çəkilərəm. Film nə deyəcək, mesajı nə olacaq və sair – bunları bilsəm, çəkilərəm. Amma pul da hər zaman əhəmiyyətlidir.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm