“Yeni ulduz”un qalibi: “Oqtay Əliyev mənə efir qadağası qoydurdu” – ŞOK İTTİHAMLAR +FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Yeni ulduz”un qalibi: “Oqtay Əliyev mənə efir qadağası qoydurdu” – ŞOK İTTİHAMLAR +FOTOLAR

Təxminən 8-9 il əvvəl Azərbaycanda onu tanımayan yox idi. Özü demişkən, hətta gününün çox hissəsi küçədə keçən dilənçilər də onu tanıyırdılar. Amma hazırda çox nadir hallarda efirdə görünür. Özünü teatra və toylara həsr edib “Yeni ulduz”-3 müsabiqəsinin qalibi Rəşid Soltanov.

Onunla “Azdrama”nın yanındakı çayxanada təsadüfən görüşüb dərdləşdik. Sən demə, iştirak etdiyi layihənin rəhbərlərinin şərtlərinə əməl etmədiyinə görə ona efir qadağası qoyulubmuş. Ardını özü danışır...

- Rəşid, gündəmə gəlməyin də “Yeni ulduz”la oldu, yoxa çıxmağın da. Hazırda nə işlə məşğulsan?

- Bakı Bələdiyyə Teatrının aktyoruyam.

- İxtisasca da aktyorsan?

- Xeyr, Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmişəm, idman müəllimiyəm.

- İdmanla məşğul olmusan?

- Xeyr.

- Bəs niyə müsabiqədən sonra efirlərdən uzaq düşdün? Halbuki həmin müsabiqədə ikinci, üçüncü yerləri tutanlar bu gün gündəmdədirlər.

- "SOY" prodakşnın rəhbərliyinin şərti ilə razılaşmadığıma görə belə oldu.

- Nə şərt idi?

- Şərtləri o idi ki, onlar mənə aylıq əməkhaqqı verib, istədikləri tədbirə göndərəcəkdilər. Amma pulun miqdarını deməyəcəyəm.

- Çox az idi?

- Bəli.

- Beş yüz manat?

- Yox, ondan da aşağı. Çox gülməli məbləğdir.

- Konkret desək?

- Yüz dollar.

- 2004-cü ildə bu pul çox az idi?

- Təbii ki, az idi. Onların şərtinə görə, mən yüz dollara hansı toya göndərsələr, getməliydim. Yəni ayda yüz dollar verəcəkdilər, vəssalam.

- Bəlkə, müsabiqədən əvvəl aranızda belə bir razılaşma olubmuş ki, sən qalib olacaqsan və həmin şərtlərə əməl edəcəksən?

- Xeyr, şərtimiz olmamışdı. Mənə tamaşaçılar səs vermişdi.

- Bəs özün pul xərcləməmişdin?

- Dost-tanış, qohum-əqrəba da səs vermişdi. Amma tamaşaçılar da səs vermişdilər.

- Çoxları hesab edirdilər ki, finaldakı rəqibin Aygün İsmayılovanın müğənni kimi imkanları sənin səs imkanlarından geniş idi. Bəlkə, bu gün Aygünün səndən çox tanınmağı onun, həqiqətən də, güclü səsi olmasından irəli gəlir?

- Xeyr, elə deyil. Sadəcə, Aygün onlarla işləyirdi, mən isə teatrda çalışırdım.

- Deməli, Aygün "SOY" prodakşnın şərtləri ilə razılaşdı?

-Yəqin ki, razılaşdı. Gördüm ki, bunların şərtləri məni qane etmir, məcbur olub toylara getdim. Bir gün gəldim gördüm ki, konsert təşkil ediblər, amma mən siyahıda yoxam.

- Bu konsert müsabiqədən sonra idi?

- Bəli.

- Kimdən soruşdunuz?

- Oqtay Əliyevdən soruşdum ki, məni niyə konsert proqramına salmamısınız? Dedi ki, sən daha toylara gedirsən. Dedim ki, gedirəm, əcəb edirəm.

- O zaman sənin neçə yaşın var idi?

- 1982-ci ildənəm, 22 yaşım var idi. Ondan sonra prodakşnla əlaqələrimi kəsdim.

- Və efirlərdən uzaq düşdün...

- Sözün düzü, mənə qadağalar qoydururdular.

- Səbəb nə idi?

- Onların şərti ilə razılaşmamağım. Bir dəfə də atam gedib ATV-nin rəhbərliyinə dedi ki, oğlumun efirə çıxmağına imkan yaradın. Amma xeyri olmadı.

- İndi toya gedirsən?

- Bəli, gedirəm. Efirə də çox nadir hallarda çıxıram.

- Efirə çıxmaq üçün ödəniş edirsən?

-Yox, ancaq özləri dəvət edəndə gedirəm.

- Qoyulan qadağalar öz yerində. Bəs başqa nə baş verdi ki, birdən-birə uzaqlaşdın efirdən? Yəni digər telekanallara çıxmaq mümkün idi axı.

- Uzaqlaşmaq deyəndə ki, maddi imkanım olmadı.

- Amma həmin müsabiqənin digər laureatları – Elvin Abdullayev, Vüqar Muradov bu gün üzdədirlər.

- Mən də başqa cür üzdəyəm.

- Məsələn?

- Kinolara, seriallara çəkilirəm.

- İndi hansı seriala çəkilirsən?

- Bu dəqiqə heç bir serialda yoxam. Amma tamaşalarda oynayıram.

- Bakı Bələdiyyə Teatrında son oynadığın tamaşa hansı olub?

- “Mürafiə vəkillərinin hekayəti” tamaşasında şahın adamlarından birini oynayıram.

- Yəqin ki, xırda roldur.

- Tamaşa ərzində səhnədə oluram. Düzdür, baş rol deyil.

- “Yeni ulduz”dan çıxan uşaqlardan kimlərlə əlaqən var?

- Bu dəqiqə heç kimlə. Renat adlı bir iştirakçı var idi, onunla hərdən əlaqə saxlayırıq. Toylarda Elvin Abdullayevi, Sevda Yəhyayevanı görürəm.

- Necə dolanırsan?

- Belə də.

- Kirayədə qalırsan?

- Kirayədə qalırdım, təzə çıxmışam.

- Ailəlisən?

- Bəli, bir qızım var. Etiraf edirəm ki, öz canımda da tənbəllik var. Amma dəstək olmayanda adam bir az da passivləşir, ruhdan düşür.

- Yəqin ki, “Yeni ulduz” vaxtlarındakı populyarlığın nostaljisini hələ də yaşayırsan..

- İnanın ki, həmin vaxt məni dilənçilər də tanıyırdılar, üstümə qaçırdılar. "SOY" prodakşnın işçiləri şahiddirlər.

- Qəfil şöhrət qazanmaq və elə o “cəldliklə” də yoxa çıxmaq... Səncə, çox tanınmaq, gündəmdə olmaq yaxşıdır, yoxsa belə?..

- Mən ona şöhrət deməzdim. Bir anlıq tanınmaq idi, gəldi və getdi. Kim istəməz ki, tanınsın?

- Səmimi cavab ver, o yarışmada qalib olmaq üçün özün nə qədər pul xərcləmişdin?

- Bu yarışmada əsas bank özünsən. Özüm də qalib olmaq üçün xeyli pul xərcləmişdim.

- Borc edirdin?

- Rusiyadakı, buradakı dost-tanışlar kömək edirdilər.

- Münsiflər heyətindəki sənətkarlarla münasibətlərin necədir?

- Yaxşıdır.

- Klipin var?

- Klipim yoxdur, bəlkə, gələcəkdə oldu.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm