Oqtay Əliyev “Yeni ulduz”un ittihamlarına cavab verdi
Bizi izləyin

Tabloid.az

Oqtay Əliyev “Yeni ulduz”un ittihamlarına cavab verdi

Tanınmış teleprodüser, “SOY prodakşn”ın təsisçilərindən biri Oqtay Əliyev “Yeni ulduz”-3 müsabiqəsinin qalibi Rəşid Soltanovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Qeyd edək ki, R.Soltanov Publika.az-a müsahibəsində “SOY prodakşn” rəhbərliyinin onun efirə çıxmağına qadağa qoydurduğunu bildirmişdi:

“Mənə dedilər ki, ayda yüz dollar verəcəyik, istədiyimiz yerə gedəcəksən. Mən də bu şərtlə razılaşmadım və münasibtlər pozuldu. Sonradan isə mənim efirə çıxmağıma qadağalar qoydurdular”.

Oqtay Əliyev Publika.az-a açıqlamasında bildirib ki, Rəşid Soltanovun ittihamları yersizdir:

“Mən niyə ayda ona yüz dollar ödəməliyəm ki? O, mənim işçim deyil. Allaha şükür, Azərbaycanda 7-8 telekanal var. Digər telekanallara da gedə bilər. Nə oldu, onlara da mən qadağa qoydurmuşam? Özü də bilmir nə danışır. Mənim üçün onun danışdıqları maraqlı deyil. Biz heç kimə qadağa qoymaq iqtidarında deyilik. Nə telekanalıq, nə telekanal rəhbəriyik. O səlahiyyətimiz yoxdur. Yaxşı mahnısı varsa, istənilən telekanala gedib, mahnısını oxuya bilər”.

Oqtay Əliyev əməkdaşımızın “nə zamansa Rəşid Soltanovla aranızda gərginlik olubmu” sualına belə cavab verib:

“Mənim onunla münasibətlərimdə nə gərginlik ola bilər? Cavan uşaqdır, gəncdir. Gəldi, oxudu, “Yeni ulduz” oldu, insanlar onu tanıdı. İndiyə kimi 11 müsabiqəmiz olub və ümumilikdə 160-170 nəfər iştirak edib. İndi onların hərəsi bir işlə, sənətlə məşğuldur. Bu o demək deyil ki, kim efirdə yoxdursa, ona mən cavabdehəm. Efirdə olanlar isə bu arzuyla yaşayanlardır və özlərini doğrultdular. Bu gün də efirdədirlər, sözlərini deyirlər. Bu müsabiqə belədir ki, gəlib oxudu, bizim də əlimizdən nə gəlirsə, kömək etdik. Biz öhdəçilik götürməmişik ki, onu axıra kimi saxlamalıyıq”.

Rəşid Soltanovun müsahibəsini bu linkdən oxuya bilərsiniz.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm