Şeyx hiddətləndi: “Qardaş qardaşın arvadına tamah salar?”
Bizi izləyin

Tabloid.az

Şeyx hiddətləndi: “Qardaş qardaşın arvadına tamah salar?”

Tanınmış rejissor Şeyx Əbdül Mahmudbəyli qəzəblənib. Bu gün çəkilən tarixi filmləri özfəaliyyət adlandıran rejissor həmkarlarını yıxıb-sürüdü. O həmçinin xalq nağıllarının qəhrəmanlarını da “ağ yuyub, qara sərdi”.

Publika.az-a giley-güzar edən Şeyx Əbdül hələ digər taleyüklü məsələlərdən də danışacaqdı, amma söhbətini axıra çatdırmadı. “Məni danışdırmayın, danışdıqca təzyiqim yüksəlir, xəstəxanalıq oluram",- rejissor belə dedi.

- Bu gün iki-üç nəfər ortaya düşüb, guya tarixi film çəkiblər. Heç kimə lazım olmayan o filmlər heç tariximizi də düz-əməlli əks etdirmir. Adamın o filmlərə tökülən pullara heyfi gəlir. Həmin pullara gül kimi filmlər çəkmək olar. Ay qardaş, gedin işinizlə məşğul olun, siz kino çəkən deyilsiniz axı. Özünüzü niyə biabır edirsiniz? Vacibdirmi ki, elə gərək kino çəkəsiniz, bacardığınız işin qulpundan yapışın də. Mənim “Qan yaddaşı” adlı tarixi filmim var, özünüz də görmüsünüz. Qapı-qapı düşüb pul dilənirəm ki, o filmi 3-4 xarici dilə tərcümə eləsinlər. O film havadan çəkilməyib e, tarix, arxiv, sənədlər əsasında ekranlaşdırılıb. Yoxsa ki, özlərindən tarix uydurub film çəkirlər.

- Söhbət hansı filmlərdən gedir? Bizim son illər iki tarixi filmimiz çəkilib – biri Rövşən Almuradlının ekranlaşdırdığı “Cavad Xan”, digəri isə Ramiz Həsənoğlunun “Hökmdarın taleyi”… Hansını nəzərdə tutursunuz?

- Ad çəkmək istəmirəm. Onsuz da adım vayqanlıdır. Mən gecə-gündüz qüsl edirəm, paklanıram ki, bu murdarlar yaxamdan əl çəksinlər, ömrümün qalan hissəsində bir iş görə bilim. Layihələrimi oğurlayıb, verilişlər hazırlayırlar, kino çəkirlər. Mənim ATV kanalında “İrs” adlı verilişim vardı, yaxşı da baxılırdı. Yalandan dedilər ki, bu verilişə sponsor tapa bilmirlər. Amma indi baxıram ki, iki yüz dənə veriliş hazırlayırlar, heç baxan da yoxdur. Bilsəm ki, kimsə bundan ibrət dərsi alacaq, nəticə çıxaracaq, ad çəkərəm. Amma bilirəm ki, ad çəksəm, yenə üstumə hücum çəkəcəklər, əsəb itirəcəyəm. Belə olan halda da oturub bir iş görə bilmirəm.

- Təkcə tarixi filmlərimizi bəyənmirsiniz, yoxsa?

- Bəli, mənim o birilərlə hələ işim yoxdur. Son illər tarixi janrda çəkilən filmlərin hamısı özfəaliyyətdir, bayağıdır, gülməli və əttökəndir. Bu xanlıqları-manlıqları təbliğ edib, keçəlləri-kosaları bəh-bəhlə tərifləyib gözümüzə soxmasınlar. Rusun “Ded-moroz”u qapı-qapı gəzib uşaqlara hədiyyə paylayır, gözəlliyi təbliğ edir, bizim kosayla-keçəl də qapı-qapı düşüb dilənirlər. Biz də buna görə gülürük. Hesab edirəm ki, “Məlikməmməd” nağılını da dərsliklərdən çıxarmaq lazımdır.

- Niyə?

- Ay qızım, kim qardaşının arvadın almaqdan ötrü onu quyuya saldırır? Sonra da ceyranı öldürüb qanlı köynəyini geyinir ki, onun arvadına sahib çıxsın. A balam, qardaş qardaşın arvadına tamah salar? Gül kimi nağıllarımız, dastanlarımız var. “Koroğlu”dakı Gizir oğlu Mustafa bəydən danışaq də.

- Sizin Şah İsmayıl Xətai barədə də filminiz vardı, bəs onun aqibəti necə oldu?

- Necə olacaq, hələ də pul gözləyir. “Şah İsmayıl”a görə, döymədiyim qapı qalmadı, amma faydası da olmadı. Danışdıqca əsəbiləşirəm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm