• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Qaraçılar kralı”nın azərbaycanlı xanımı - Məşhur aktrisa Tamilla ilə qaraçı rəqqas Nikolayın eşq HEKAYƏSİ

“Qaraçılar kralı”nın azərbaycanlı xanımı - Məşhur aktrisa Tamilla ilə qaraçı rəqqas Nikolayın eşq HEKAYƏSİ

Teatr və kino aktrisası, rəqqasə və dövrünün ən füsunkar qadınlardan biri kimi tanınan Tamilla Ağamirovanın adı Azərbaycanda orta və gənc nəsil üçün yəqin ki, tanış deyil.

Halbuki, Bakıda anadan olmuş, 50-60-cı illərdə çəkilən bir çox Azərbaycan filmlərində rol alan Tamilla Ağamirova həyatını qürbətlə bağlayan ən məşhur azərbaycanlılardan biridir. 60 ildən artıqdır ki, Rusiyada yaşayan azərbaycanlı xanım maraqlı həyat tarixçəsi, qaraçı əsilli SSRİ Xalq artisti (1981), aktyor və müğənni Nikolay Sliçenko ilə uzun illərdi ki, davam edən xoşbəxt evlilik həyatı və peşəkar karyerası ilə daim diqqət mərkəzində olub. Təsadüfi deyil ki, karyera xidmətlərinə görə aktrisaya Təhlükəsizlik, Müdafiə və Hüquq Qaydası Akademiyasının professoru, , Beynəlxalq Akademiya Teatrının fəxri magistrı və ən əsası, 1988-ci ildə Rusiyanın Xalq artisti fəxri adı verilib. O, həm də "Maski" Fondunun vitse-prezidentidir.

Modern.az saytı uzun illərdir Rusiayada yaşayan məşhur azərbaycanlı aktrisa Tamilla Ağamirovanın həyat yoluna nəzər salır.

Tamilla Ağamirova 1928-ci il mayın 21-də Bakı şəhərində anadan olub. Onun atasi Sucay Ağamirov bəy nəslindən idi və hər üç övladının (2 qız, 1 oğlan) hərtərəfli təhsil almasına çalışırdı. Lakin 1937-ci ildə başlayan repressiyalar Ağamirovlar ailəsindən də yan keçmədi. Sucay Ağamirov və xanımı “xalq düşməni” kimi sürgün edildilər. Xoşbəxtlikdən gələcək aktrisanın bibisi Suqra xanım Tamillanı və onun bacı ilə qardaşını öz himayəsinə götürüb. Maraqlıdır ki, Suqra xanım dövrünün ən mükəmməl təhsil almış qadınlarından biri idi və qadınlara xas olmayan “mühəndis-neftçi” ixtisası üzrə Bakı buruqlarında çalışırdı.

Böyük Vətən Müharibəsinin davam etdiyi 4 il ərzində Bakıda ciddi maddi sıxıntılar içində yaşayan Tamilla Ağamirova müharibədən sonra aktrisa karyerası qurmaq və ümumittifaq məşhurluğu qazanmağın xəyalları ilə yaşayırdı. Bibisi qardaşı qızının bu istəyinə hərtərəfli dəstək oldu. Həm zahiri gözəlliyi, həm də daxili istedadı ilə Moskvanı fəth etmək barədə düşünən 18 yaşlı Tamilla bu yolda ilk addım olaraq Bakı Teatr Məktəbinə daxil olur. Burada təhsilini başa vurduqdan sonra 1951-ci ilin əvvəllərində çoxdan görməyi arzuladığı Moskvaya gedir. Və elə ilk imtahandaca münsifləri valeh edərək birbaşa SSRİ Teatr İncəsənəti İnstitutunun 3-cü kursuna daxil olur. 2 il sonra təhsilini yekunlaşdırır və bu dəfə MXAT məktəb-studiyasına daxil olur. SSRİ-nin aparıcı incəsənət ocaqlarında aldığı aktrisa təhsili Tamilla Ağamirovaya teatr qastrollarına getməyə imkan verir.

1952-ci ildə konsert vermək üçün yollandığı Sverdlovsk şəhərində (indiki Yekaterinburq) Tamella Ağamirovanın taleyini dəyişəcək görüş baş verir. Həmin vaxt Sverdlovskda tamaşa proqramı ilə çıxış edən və dünyaya yeganə qaraçı teatrı sayılan Moskvanın “Romen” teatr truppasının üzvlərindən olan Lyalya Çernaya şəhər mehmanxanalarından birində Tamilla Ağamirova ilə üzləşir. Uzun illər “Romen” teatrında çalışan Çernaya qaraçı hissiyatı və qocaman təcrübəsi ilə hiss edir ki, qarşısındakı yaraşıqlı gənc xanım böyük istedada malikdir. Tamilla dərhal Çernayanın “Romen” teatrında işləmək barədə təklifini qəbul edir. Elə həmin gün teatrın bədii şurası azərbaycanlı xanımın truppaya qəbul olunması ilə bağlı müsbət rəy verir. Beləliklə, 24 yaşlı Tamilla Ağamirova 1952-ci ildən etibarən qaraçıların “Romen” Musiqili Komediya teatrının aparıcı aktrisası olur. Bu zaman “Romen” teatrı “İnadkar ürəklər” tamaşasını səhnələşdirməyə hazırlaşırdı və azərbaycanlı aktrisaya tamaşadakı ən çətin rollardan biri – mühəndis Yelanina obrazı həvalə olunur. Tamaşanın premyerasına 1 aydan az vaxt qalmasına baxmayaraq əməksevər Tamilla Ağamirova tamaşada Yelena obrazını uğurla canlandırır. Hətta buna görə Stalin mükafatına namizəd də göstərilir. “Romen” teatrında aktrisa ard-arda 40-dan artıq tamaşada iştirak edir və teatr truppasının ayrılmaz üzvünə çevrilir.

Amma teratr kareyrası ilə yanaşı, Tamilla Ağamirova kino təklifləri də almağa başlayır. Onun ilk filmi 1957-ci ildə rejissor Qriqori Kozintsevin Miqel de Servantesin “Don Kixot” romanı əsasında ekranlaşdırdığı eyni adlı film olur. Tanınmış aktyorlar Nikolay Çerkasov, Yuri Tolubeyev və Serafima Birmanın yer aldığı filmdə Tamilla Ağamirova cazibədar qrafinya İltisidora obrazını yaradır. Film sovet tamaşaçıları tərəfindən böyük maraqla qarşılanır. Onlar ilk növbədə Tamilla Ağamirovanın aktyor oyunu və gözəlliyindən heyrətlənmişdilər. 29 yaşında böyük ekranda debut edən azərbaycanlı xanım kino karyerasını ikinci planda saxlayır və daha çox teatr tamaşalarında iştirak edirdi.
Təsadüfi deyil ki, uzun karyerası boyu Ağamirova cəmi 12 filmdə çəkilib. Yeri gəlmişən azərbaycanlı kinomatoqrafçılar da “Don Kixot” filminin uğurları fonunda aktrisanı Azərbaycan kinostudiyasındakı filmlərə çəkilməyə dəvət edir. Aktrisa xüsusən kinorejissor Əjdər İbrahimovla məhsuldar əməkdaşlıq edir və “Don Kixot” filmindən sonra növbəti filmi “Onun böyük ürəyi” (1958) psixoloji-məişət dramı olur.

Müsahibələrindən birində Tamilla Ağamirova Azərbaycan filmlərində çəkilməsi ilə bağlı detallara belə aydınlıq gətirib.

“Mən Azərbcyan kinolarında çəkilməyə başlayanda artıq Moskvada yaşayırdım və “Romen” teatrında çalışırdım. Təyyarə ilə Bakıya gəlib-qayıdırdım. Maraqlı aktyor və rejissorlarla çalışırdım və maraqlı çəkiliş proseslərində iştirak edirdim. “Don Kixot” filmindəki debütdən sonra rejissor Əjdər İbrahimovun “Onun böyük ürəyi” filmi ikinci kino rolum idi. Amma “Don Kixot”dakı İltisidordan fərqli olaraq bu filmdə yaratdığım Səmayə obrazı kinoda ilk baş rolum idi. Çəkildiyim hər bir film mənim üçün əzizdir və onların çəkilişləri barədə ən xoş xatirələrim qalıb”.

Azərbaycan kinosunun incilərindən sayılan filmdə Səmayə obrazını canlandıran Tamilla xanım Leyla Bədrbəyli, Nodar Şaşıqoğlu və Gündüz Abbasov kimi tanınmış aktyorların tərəf müqabili olur.

Daha sonrakı karyerasında Tamilla Ağamirova "Əsl dost" (1959, Tofiq Tağızadə) filmində Bilqeyis, "Koroğlu" (1960, Hüseyn Seyidzadə) filmində Alagöz, "Matteo Falkone" (1960, Tofiq Tağızadə) filmində Cüzeppa, "Zəncirlənmiş adam" (1964, Kamil Rüstəmbəyov) filmində Fatma, "Yenilməz batalyon" (1965, Hüseyn Seyidzadə) filmində musiqi müəllimi obrazlarını yaratmaqla adını Azərbaycan kinematoqrafiya tarixinə yazır.

Tamilla Ağamirovanın şəxsi həyatına gəlincə, o karyerasını “Romen” qaraçı teatrı ilə bağladığı kimi, həyat yolunu da qaraçı oğlanla – SSRİ Xalq artisti (1981), tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə bölüşür. Onlar uzun illər birgə çalışdıqları “Romen” teatrında tanış olublar.

Nikolay Sliçenko Tamilla Ağamiorova ilə aralarında sevgi münasibətlərinin yaranmasını müsahiblərinin birində belə xatırlayır.

“Açığı uzun əhvalatdır. Mən teatra 1951-ci ildə, Tamilla isə 52-ci ldə gəlmişdi. Məndən dərhal sonra. Həmin ərəfədə o, MXAT-ın məktəb studiyasını da bitirmişdi. Sizə deyim ki, Tamilla füsunkar idi. Onunla küçədə getmək dözülməz idi. Sözlə ifadə edilməz gözəlliyi var idi. Bir sözlə azərbaycanlı idi”.

Tamilla Ağamirova da əri ilə həmfikirdi.

“Görüşməli olan iki nəgər görüşdü. Bizim nigahımız göylərdə kəsilmişdi. Əsl sevgi hissləri yaşadığımız üçün illər keçdikcə bu, daha da güclənirdi”.

Qaraçı Nikolay Sliçenko evlənmək məqamı çatan zaman azərbaycanlı sevgilisinin valideynlərinin problem yaratmadığını deyir. O zarafatla bunu qaraçı olması ilə əlaqələndirir.

“Onun valideynləri müsəlman idi. Lakin razılığa gələ bildik. Bəlkə də onlar mənim qaraçı olmağımdan qorxmuşdular. Düşünüblər ki. birdən qızı oğurlayar?”.

Sliçenkonun sözlərinə görə, onlar evliliklərinin ilk illərində ciddi maddi sıxıntı içində birotqalı mənzildə yaşasalar da, aralarındakı güclü sevgi bu çətinlikləri görünməz edib.

“Mən ona sevgi etirafı edəndə sanki qanadlanıb uçurdum. Toy etməyə pulumuz yox idi, çünki teatrda qəpik-quruş verirdilər. Toydan sonra ilk vaxtlar 14 metrlik kommunal otaqda yaşayırdıq. Otağı təmir etməyə pulumuz da yox idi, amma əvəzində aramızda sevgi var idi”.

Beləliklə, 1960-cı ildə 26 yaşlı Nikolay Sliçenko ilə 32 yaşlı Tamilla Ağamirova nikaha daxil olurlar.

Qeyd etmək lazımdır ki, Nikolay Sliçenko da Tamara Ağamirova kimi çətin həyat sınaqları ilə üzləşmişdi. 1934-cü il dekabrın 27-də Rusiyanın Belqorod şəhərində oturaq həyat tərzi sürən qaraçı ailəsindən olan Sliçenko Böyük Vətən Müharibəsi zamanı alman hərbçilərinin onun atasını güllələməsinə şahidlik etmişdi. O, müharibədən sonra çoxsaylı bacı-qardaşlarını dolandılrmaq üçün Voronej vilayətindəki kolxozda çalışır və təsadüfən haqqında eşitdiyi “Romen” musiqili dramatik qaraçı teatrında çalışma üçün Moskvaya yollanır. Aktyor kimi çoxsaylı tamaşaçı rəğbəti qazandıqdan sonra Sliçenko rejissorluq kurslarını bitirir və 1977-ci ildə “Romen” teatrının baş rejissoru olur.

Hazırda Nikolay Sliçenko dünyada yeganə professional qaraçı teatrı olan “Romen”in bədii rəhbəridir. Bütün bu illər ərzində Tamilla Ağamirova onun bütün uğurlar və məyusluqlarının şahidi olub. Onların artıq 54 ildir ki, davam edən iş və sevgi ittifaqı Rusiya teatr aləmində dillər əzbəridir.

Nikolay Sliçenko Tamilla Aağamirova ilə sevgi hisslərinin güclü olmasını aralarında qısqanclıq hissinin olamaması və bir-birini dəlicəsinə sevmələri ilə əlaqələndirir.

“Hər şey çox sadədir. Əgər iki yar bir-birin sevirsə, nə problem olur, nə də sual yaranır. Mən gözəl xanımlarla dost olmuşam, amma bundan artıq heç nə. Hesab edirəm ki, şəxsi həyatda mənim bəxtim gətirib”-deyə Sliçenko Ağamirova ilə keçirdiyi illərin xoşbəxtliyini belə bölüşür.

Onların bir-birinə bağlılığının 2010-cu ilin oktyabrında Tamilla Ağamirovanın başına gələn xoşagəlməz olay zamanı da görmək olardı. Həmin il oktyabrın 19-da Moksvanın Yuri Nikulin adına sirkində tamaşa izləyən zaman Tamara xanım müvazinətini itirərək yer yıxılmışdı. Başından xəsarət alan aktrisa xəstəxanaya çatrıdılaraq əməliyyat olunmuşdu. Bütün bu müddət ərzində Nikolay Sliçenko sevimli həyat yoldaşını bir dəiqə belə, tək qoymurdu. “Romen” teatrının qastrol turunu təxirə salan Sliçenko həyat yoldaşının buna etiraz etməsinə də məhəl qoymurdu.
“Mənim üçün əsas olan həyat yoldaşımın səhhətidir. Qalan hər şey gözləyə bilər”-deyə o, qətiyyətlə bildirmişdi. Bir aylıq müalicədən sonra Tamilla Ağamirova ərinin müşayiəti ilə xəstəxananı tərk etmişdi.

Bu xoşbəxt evlilikdən onların 3 övladı – oğulları Mixail və Pyotr, qızları Tamilla (1963) dünyaya gəlib. Övladları valideynlərinə 7 nəvə, 1 nəticə və 1 kötücə bəş edib. Nikolay Sliçenko qız nəvələrindən birini də sevimli həyat yoldaşının şərəfinə Tamilla adlandırıb. Yerli gəlmişən onların qızları Tamilla da valideynləri kimi “Romen” teatrında aktrisa kimi çalışır.

Nikolay Sliçenkonun 7 nəvəsindən biri isə babasının şəfərinə Nikolay adını daşıyır. Nəvə Nikolay da nənəsi kimi “Ruisya Teatr İncəsənəti Universiteti”ni bitirib və Rusiyanın “Fabrika Zvezd” telelayihəsində iştirak edib.
İndi bu ailədə 3 Tamilla var: nənə, qız, nəvə...

Tamilla Ağamirovanın doğma vətəni –Azərbacanla əlaqələrinə gəlincə, səhhətinə görə uzun illərdir Bakını ziyarət edə bilməsə də, valideynlərinin dəfn olunduğu bu şəhəri özü üçün müqəddəs hesab edir.

“Mən Bakıda çoxdan olmamışam. Amma uşaqlıq və gənclik illərimin keçdiyi şəhəri böyük hərarətlə xatırlayıram. Mənim hər iki valideynim Bakıda dəfn olunub və bu məni Bakıya daha çox bağlayır. Mən onu bilirəm ki, atamın qəbri üstə həmişə canlı güllər qoyulub. O, Azərbaycan üçün çox işlər görüb.

60 ildən çoxdur ki, Bakını tərk etmişəm amma o həmişə mənim yaddaşımdadır. Bakı mənim üçün müqəddəs şəhərdir. Bakıya gəlmək istərdim, amma yaşım və sağlamlığım buna imkan vermir”.

Doğma şəhərinə gələ bilməsə də, Tamilla Ağamirova Moskvada yaşayan bacısı ilə azərbaycanca danışdıqlarını etiraf edir.

“Azərbaycanca hər şeyi anlasam da danışmaq praktikam yoxdur. Amma Moskvadakı bacımla danışan zaman, ya da Moskavdakı Azərbaycan səfirliyində görüş zamanı azərbaycanca sözlərdən istifadə edirik”.

Tamilla xanımın sözlərinə görə, əri Nikolay Sliçenko da Azərbaycana qarşı isti münasibət bəsləyir və hətta əmisi Mirsuca Ağamirovun onu bir vaxtlar “azərbaycanlı qaraçı” adlandırdığını təbəssümlə xatırlayır.

Həyatını qaraçı kişi ilə bağlayan 86 yaşlı Tamilla Ağamirova bu gün çox xoşbəxtdir. Övladlarının və nəvələrinin qayğısı ilə əhatələnən Tamilla xanım 18 yaşında Bakıda xəyallarını qurduğu bütün arzularını Moskavada gerçəkləşdirə bilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR