• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Arda Turanın azərbaycanlı aktyor oxşarı: “Dərman firmasında da işləmişəm” – FOTOLAR

Arda Turanın azərbaycanlı aktyor oxşarı: “Dərman firmasında da işləmişəm” – FOTOLAR

Gənc aktyor Ümman Budaqov. Bəlkə də, bu ad çoxlarınıza heç nə demir. Amma inanıram ki, deyəcək - bir müddət sonra bu gənci çoxları tanıyacaq. Məşhur türk futbolçu Arda Turana bənzərliyi ilə də seçilən Ümman yaşının o qədər çox olmamasına baxmayaraq, artıq filmoqrafiyasına bir neçə iş yaza bilib.

Publika.az gənc aktyorla müsahibəni təqdim edir.

- Ümman, əvvəlcə səni tanıyaq.

- Özüm barədə geniş danışa bilmərəm. Çünki bu sənətdə yeniyəm. İndiyədək “Küləklər şəhəri”ndə Rüfət, “Sonun başlanğıcı” serialında Cahad, “Canavar qorxusu” bədii filmində isə Qərib rolunu oynamışam. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin dram, teatr və kino aktyoru fakültəsində təhsil alıram.

- Maraqlıdır ki, çəkildiyin hər üç ekran işi - həm “Küləklər şəhəri” və “Sonun başlanğıcı” serialları, həm də “Canavar qorxusu” bədii filmi Samir Qulamovun işidir. Niyə başqa rejissorlar səni çəkmirlər?

- Bəli, çəkildiyim film və serialların rejissoru Samir Qulamovdur. Ümumiyyətlə, onu sənətdə ilk müəllimim də adlandıra bilərəm.

- Niyə məhz aktyor olmaq istədin?

- Orta məktəbi Ağstafa rayonunda bitirmişəm. İqtisadçı olmaq istəyirdim. Sonra Bakıya gəldik. Burada dərman firmasında işləyirdim. Birinci il qəbul olmadım. Evdə filmə, aktyorluğa həvəsimin olduğunu bilirdilər. Dedilər ki, get, maraqlan, filmə çəkil. Hələ rayonda olanda “Küləklər şəhəri”nə baxırdım. Evdəkilərin təkidi ilə getdim və Samir Qulamov məni “Küləklər şəhəri”nin bir neçə seriyasına çəkdi.

- Çox diqqətçəkən imicin var. Hətta ilk baxışdan məşhur futbolçu Arda Turanı xatırladırsan. Hətta cizgilərinizdə də bənzərlik çoxdur.

- Məni indiyə kimi daha kimə oxşatmayıblar ki? Antonio Banderasdan tutmuş, Arda Turana qədər.

- Banderas ağ oldu, amma Ardaya oxşarlığın çoxdur...

- (gülür) Hə, çox adam deyib ki, oxşayırıq.

- Rayonunuzda da bu imicdə idin?

- Yox, rayonda tam başqa cür idi.

- Bu imic diqqət çəkmək üçündür?

- Həmişə saçımı uzatmışam. Sadəcə, rayon camaatı bir az qəribə baxır axı. Rayonda olanda bi-iki dəfə saçımı uzatdım-kəsdirdim.

- “İlişirdilər”?

- Yox, sadəcə, baxışlardan hiss edirdim ki, başqa cür baxırlar. Ona görə də saçımı kəsdirdim.

- Teatr səhnəsində oynamısan?

- Bəli, oynamışam. “Səda” tədris teatrında bir neçə tamaşada rol almışam. Bu, universitetimizin teatrı sayılır.

- Çəkildiyin seriallardan qonorar alırdın?

- Yox, mən onda aktyor deyildim. Dediyim kimi, Samir Qulamov mənim ilk müəllimim olub. Amma “Canavar qorxusu” bədii filminə çəkiləndə qonorar aldım.

- Sirr deyilsə, nə qədər?

- Məbləğ deməyim də.

- Oğurluq etməmisən ki... Mən sənə öz maaşımı deyə bilərəm.

- Mən də deyə bilərəm. Amma istəmirəm.

- Cüzi məbləğ idi?

-Yox, baş rolda idim - Qəribi oynayırdım. Normal qonorar aldım.

- Bildiyimə görə, həm də montajla məşğulsan.

- Məşğul deyəndə ki, bu iş əlavə gəlir yerimdir.

- Hazırda çəkildiyin nəsə var?

- Bəli, Space-də yayımlanan “Səadət” serialında İvan rolunu oynayıram. Hər seriyada varam.

- Oradan nə qədər alırsan?

- Hər çəkilişimə 50 manat.

- Kirayədə qalırsan?

- Bəli.

- Bəs vəziyyətdən necə çıxırsan?

- Valideynim də işləyir. Kirayəni o ödəyir, mənim qazandığımla da dolanırıq.

- Səncə, hazırda Azərbaycanın ən güclü aktyoru kimdir?

- Əməkdar artist Ayşad Məmmədov.

- Onda aktyor kimi diqqətini çəkən nədir?

- Düzdür, Ayşad müəllimi kinolarda eyni xarakterli obrazlarda görürəm. Amma tamaşalarda tam fərqlidir. Bu, mənim subyektiv fikrimdir.

- Niyə teatrda işləmirsən?

- Teatrda işləmək arzum yoxdur. Həm maaş azdır, həm də burada iş rejimi sərbəst deyil. Bir gün gəlmədin, işdən çıxarırlar, elə böyük maaş da vermirlər... Rus Dram Teatrına dəvət etmişdilər. Amma rus dilində bir az ləhcəm var. Ləhcəm olmasaydı, orada işləyə bilərdim. Çox azdır, amma təmiz danışmıram.

- Səni ora kim dəvət etmişdi?

- Müəlliməm, xalq artisti Zemfira Nərimanovaya demişdilər. O da mənə dedi.

-Yeri gəlmişkən, Zemfira xanım necə müəllimdir?

- Həm yaxşı insandır, həm də yaxşı müəllimədir.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR