• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Fəxriyyə Xələfova: “O, hər zaman mənimlə birlikdə olur”

Fəxriyyə Xələfova: “O, hər zaman mənimlə birlikdə olur”

Əvəzolunmaz olmaq üçün daima seçilməlisən. Seçilmək üçün də sənin özünəməxsus stilin olmalıdır. Dəbin tez ötüşən trendləri hər mövsüm gedir, yenisi ilə əvəz olunur, stil isə həmişəlik qalır. Stil insanın həm daxili aləmi, həm də dünyagörüşü və biliyi haqqında çox söz deyir. Məsələn, əməkdar incəsənət xadimi və Azərbaycan moda dünyasında qabaqcıl, təcrübəli modelyer Fəxriyyə Xələfova dəbdəbəli və eleqant stili ilə hər zaman heyrət doğurur. Onun dəb haqqında fikirləri və məsləhətləri zövqlü görünmək istəyən xanımlara bələdçilik edir. Uzaq keçmişə qayıdıb, daş dövründə yaşasaydı, yəqin ki, bəşəriyyətin ilk geyim ustası olardı.

İstər beynəlxalq tədbirlər, istər ziyafətlər zamanı düzgün geyim forması, geyim rəngi və üslubu seçmək protokol qaydalarının əsasını təşkil edən amillərdən biridir. Bu mənada Fəxriyyə Xələfovanın zərif üslubunu bir nümunə kimi göstərmək olar. F.Xələfova tez-tez bildirir ki, xüsusi görüşlər zamanı geyim insanların “vizit kartı”na çevrilir. Bu səbəbdən hər zaman iştirak etdiyiniz rəsmi ziyafətlərdə, bayram günlərində və digər xüsusi günlərdə tələb olunan geyim qaydalarına uyğun geyinməyin vacibliyini vurğulayır. Fikrimizcə, işinin peşəkarı haqqında çox şərh vermək düzgün olmazdı. Ən yaxşısı dəb haqqında fikirlərini öz dilindən dinləyək.

Beləliklə, tabloid.az “Kokteyl” layihəsi çərçivəsində Azərbaycanın əməkdar incəsənət və mədəniyyət xadimi, modelyer Fəxriyyə Xələfova qonağımız oldu və dəb haqqında fikirlərini bizimlə bölüşdü.

- Siz həmişə qüsursuz görünürsünüz. Sizin üçün dəb ilk növbədə nə deməkdir?

- Modanın yaranma tarixindən bu günə qədər bir çox elmi araşdırmalar aparılır. Sosiologiya, fəlsəfə və psixologiya elmlərinin nəzəriyyəsinə baxanda dəb aləminin də nəzəriyyəsinin daimi inkişafda olduğunu deyə bilərəm. Mənim dəbin nəzəriyyəsinə, konsepsiyasına böyük marağım var. Həm də şəxsi təcrübəmdən irəli gələrək dəbin fəlsəfəsini və nəzəriyyəsini bu illər ərzində çox yaxşı mənimsəmişəm. Dəbin istifadəçisi olduğuma görə, həm də dəbin əsas prinsiplərinə söykənərək yaradıcılığımı bu istiqamətdə inkişaf etdirirəm. Mən düşünürəm ki, sadəcə müasir kolleksiyalardan istifadə etməklə dəbə riayət etmək əsas deyil. Yalnız öz zövqünü inkişaf etdirib, hansısa bir stili seçərək onu tətbiq etmək də dəbi dərk etmək demək deyil.

- Bəs dəbi necə dərk etmək olar?

- Dəbi dərk etmək daxildən gələn bir prosesdir və dərk etdikcə də onun xüsusiyyətlərindən istifadə edərək öz şəxsi tərzini, dəb kolleksiyasını hazırlamaq olar. Bunun üçün də dəbin əsas xüsusiyyətlərini çox yaxşı qavramaq tələb olunur.

- Sizcə, nə üçün qadının üzünün ifadəsi geyimindən daha vacib hesab olunur?

- Bu, çox maraqlı yanaşmadır. Bu ifadə geyimin informasiya vasitəsi olduğunu bildirir. Yəni, biz geyimimizlə ətrafa özümüz haqqında müəyyən məlumat ötürürük. Hətta XXI əsrdə geyimin informasiya vasitəsi olması artıq qəbul və təsdiq olunmuş faktdır. Çünki geyim tərzləri müxtəlifdir. Ümumiyyətlə, geyim konsepsiyalarında müxtəliflik çox nəzərə çarpır. Ona görə də bu gün hər bir fərdin şəxsi dəb anlayışına, zahirinə əsasən onun haqqında məlumat toplayıb nəticə çıxartmaq olar. Dəbin xüsusiyyətlərinə söykənərək bu gün özünün çox gözəl fərdi təqdimatını hazırlaya bilərsən. Çox şıq, eleqant geyimləri geyindikdə insan istər-istəməz maraqlı və fərqli görünür. Amma üz ifadəsi artıq emosiyaların, hisslərin təzahürüdür. İnsanın daxili aləminin emosianal statusu, həyata baxışının inikasıdır. “Qadının üz ifadəsi geyimindən daha vacibdir” fikrini təhlil etsək, bu nəticəyə gəlmiş olarıq ki, geyimlə qüsurları ört-basdır etmək, nələrisə dəyişmək, zahirən gizlətmək olar. Amma üz ifadəsi konkret olaraq emosiyaların ifadəsidir.

- Sizcə, qadının ən gözəl aksessuarı nədir?

- Mən bu fikri tez-tez vurğulayıram. Məncə, təbəssüm qadının ən gözəl aksessuardır. O, hər zaman mənimlə birlikdə olur.

- Qadının gözəlliyi onun uğur qazanacağına zəmanət verir?

- Gözəllik fəlsəfi anlayışdır. Çıxışlarımda gözəllik haqqında danışanda onun fəlsəfəi tərəflərini izah etməyə çalışıram. Gözəllik nə deməkdir? Biz gözəlliyi necə qəbul edirik? Gözəl olmayan xanım yoxdur, sadəcə baxımsız, dəblə ayaqlaşmayan, özünə çox diqqət göstərməyən xanım ola bilər. Hətta özünə müsbət yanaşmayan xanımlarla da qarşılaşmışam. Psixologiya elmini yaxşı bildiyim üçün cəmiyyətdə belə situasiyalarla rastlaşanda bu halı tez sezirəm. Bir xanımın özünə münasibəti mənfidirsə, ətrafdakıların onun haqqında müsbət və xoş düşünməsi mümkün deyil.

Uğur qazanmaqda gözəllik faktorunun nə dərəcə rol oynadığına gəldikdə isə əgər gözəllik sənayesindən söhbət gedirsə, burada əlbəttə ki, rol oynayır. Məsələn, uğurlu model, müğənni və ya aktrisa olmaq üçün zahiri görünüş, bədən ölçüləri çox vacibdir. Ona görə ki, bu insanlar həddindən artıq ictimailəşirlər. Həddindən artıq ictimailəşdiyi, sosial mediada, ənənəvi jurnallarda yer aldıqları üçün hər yerdə onların fotoları dərc olunur. Onlar fotolarında şux, gümrah formada, gözəl təbəssümlə əks olunmalıdır. Bu baxımdan zahiri gözəllik çox vacibdir.

Mənim nəzəriyyəmə görə, hər hansı bir sahədə uğur qazanmaq üçün mükəmməl təhsil labüddür. İşinin peşəkarı olmaq üçün ilk növbədə mükəmməl təhsil tələb olunur, daha sonra təcrübənin də böyük rolu var. Bundan əlavə, insanın dünyagörüşü də geniş olmalıdır, daimi praktiki inkişaf çox zəruridir. Nailiyyətlər əldə etmək üçün öz üzərində işləyib peşəsini inkişaf etdirməlisən. Bu sadaladıqlarımın hamısı çox vacib amillərdir.

- Fəxriyyə xanım, maraqlıdır sizin üslubunuz nə dərəcədə sizin xasiyyətinizi özündə əks etdirə bilir?

- Mən 1998-ci ildən Azərbaycan Dövlət Televiziyasında moda rubrikasını inkişaf etdirməyə başladım. O vaxtdan etibarən ictimaiyyət məni tanıyır. Üstündən 15 il müddət keçib. İllərdir mənim geyim stilimi müşahidə edən insanlar artıq ona bələddirlər. Özüm isə geyim stilimi belə ifadə edərdim: hər zaman müsbət rəng seçiminin olmasına diqqət edirəm. Müxtəlif rəng kombinasiyaları ola bilər, amma onlar hər zaman müsbət tonlarda olmalıdır: mülayim, incə, bənövşəyi, yaşıl rəngləri çox sevirəm. Seçdiyim geyimlərin rəngindən əlavə, həm forması, həm də məzmunu əsasdır. Geyimin məzmunu kimi məsələlər çox vacibdir. Geyimin rəngində, formasında və məzmununda insanın xarakterik xüsusiyyətləri bəlli olur. Mənim öz təqdimatında geyimin məzmunu birinci plana çıxır, mənim dünyagörüşümü, ətraf mühitə çox-çox müsbət münasibətimi ifadə edir. Həddindən artıq kommunikativ və mediatik insanam.

- Biz də bu ifadələrlə tamamilə razıyıq.

- Təşəkkür edirəm. Mediatik bir çox insanların rəğbətini qazanmaq və xoş münasibət, xoş aura ötürmək deməkdir. Sizə maraqlı bir məqam açıqlayım.

- Buyurun.

- Mən indiyə qədər heç bir zaman heç kimə mənfi təəssürat bəxş etməmişəm. Belə bir hadisə baş verməyib. Allah bundan sonra da kiməsə mənfi təəssürat bəxş etməyimi nəsib etməsin.

- Çünki hər zaman gülümsəyirsiniz. Fikir vermişəm, xüsusən də gözləriniz hər zaman parıldayır, onlarda da sirli təbəssüm gizlənib.

- (Gülür) Lakin bu o demək deyil ki, mənim heç bir problemin, çətinliklərim yoxdur. Üzümdən təbəssümün əskik olmaması mənim həyatımın rahat, çox-çox xoş keçməsinə dair bir əlaməti deyil. Məsələn, bu gün 3 istiqamətdə işləyirəm. Birinci kolleksiyaların yaradılması, onların təqdimatı, ikincisi ətirlərin istehsalı və bu, çox mürəkkəb prosesdir. 3-cü də təhsil sistemində işləyirəm. Bildiyiniz kimi dosent rütbəsini aldım, bu isə o deməkdir ki, mənim 10 illik müəllimlik fəaliyyətim var. Bu 3 istiqamətdə çalışmaq heç asan məsələ deyil. Hər biri çox məsuliyyətlə işlərdir.

- Hansı sizin üçün daha ön planda dayanır?

- 3-ü də mənim üçün əziz və vacib istiqamətlərdir. Bütün bunları çatdırmaq özü də bir məharətdir. Bütün bunlara baxmayaraq, ən gözəl aksessuarımı- təbəssümü hər zaman yanımda daşıyıram.

- Bu vaxta qədər ünvanınıza deyilmiş ən gözəl kompliment hansı olub?

- Sosial media vasitəsi ilə mənə çox gözəl sözlər yazırlar. Ünvanıma, zahiri görünüşümə aid komplimentlər eşitmək çox xoş təsir bağışlayır.

Bir dəfə Rusiyada Azərbaycan mədəniyyət günləri çərçivəsində ilk dəfə öz kolleksiyamı nümayiş etdirəndə ölkəmizin bayrağını təmsil edən paltarı da təqdim etmişdim. Onda bir tamaşaçı mənə yaxınlaşıb kolleksiyaya baxanda bunu bir azərbaycanlının yaratdığını hiss elədiyini söylədi. “Kolleksiyaya baxanda Azərbaycan mədəniyyətinə xas olan elementlər, Azərbaycan millətinə mənsub olan yaradıcı insanın yaratdığı aydın şəkildə hiss olunur” söylədi. Bu sözlər indiyə qədər mənə deyilən ən gözəl təəssürat idi. Dünyanın bir çox yerlərində kolleksiyalarımı nümayiş etdirəndə oradakı tamaşaçılar və media nümayəndələri yaxınlaşıb eyni sözləri deyirlər.

Çində “İpək yolu” festivalında kolleksiyamı nümayiş etdirəndə də media nümayəndələrindən biri nümayişdən sonra yaxınlaşıb dərhal soruşdu “Azərbaycan bu qədərmi gözəl ölkədir?” İnsanlar ölkənin gözəlliyini kolleksiyadan dərk edirlər. Mənim üçün ən vacibi də elə budur.

- Moda dünyasında inqilab etmək üçün nə tələb olunur?

- Moda tarixinə nəzər salsaq, orada illər ərzində köklü dəyişikliklər olduğunu müşahidə edərik. Buna nail olmaq üçün müəyyən zaman kəsikləri lazımdır. Məsələn, II Dünya müharibəsindən sonra Koko Şanel çox böyük dəyişiklər etdi. O, hətta dünya tarixində dəb yenilikləri vasitəsi ilə dünya əhalisini depressiyadan çıxaran qadın kimi də tanınır. Bu baxımdan onun mühüm rolu olub.

70-ci illərdə hippi stili, ənənəvi geyimə tamamilə əks olan istiqamətin üzə çıxması demək idi. Daha sonra Pyer Kardenin dəbdəbədən uzaq stili təqdim etməsi böyük dəyişikliyə səbəb ola bildi. Pyer Kardendən sonra sənayeləşən dəb aləmində artıq bir çox tanınmış ticarət brendləri və markaları yarandı. Onlar da öz növbəsində dəbə müəyyən yenilikləri dərhal gətirib istifadəçilərin ixtiyarına buraxdı.

Müasir dövrdə isə çox maraqlı proseslər gedir. Ümumiyyətlə, dəb aləminin öz mahiyyətini itirəcəyi ilə bağlı proqnozlar verilirdi. İnsanların həyat tərzi çox dinamik olacağı üçün daha dəblə geyinməyə ehtiyac, hətta onun haqqında fikirləşməyə vaxt olmayacağı söylənilirdi. Amma bu proqnozlar özünü doğrultmadı. Əksinə dəb daha da inkişaf etməyə başladı. Dəb dünyasında bu gün maraqlı bir tendensiya müşahidə olunur. Dəblə geyinmək əvvəllər maddi imkanlara söykənirdisə, elitar təbəqəyə xas olan cəhət idisə, bu gün artıq dəblə geyinmək bütün təbəqələrə aid edilir. Məncə, dəbin cəmiyyətimizin bütün təbəqələrinə xidmət etməsi dövrümüzün ən böyük nailiyyətidir.

Həmçinin mənə dəbdən sual verən xanımların dəbdən anlayışı olduğunu hiss edirəm və buna çox sevinirəm. Müşahidə elədiyim nailiyyətlərdən biri də məhz budur. Hətta stilini dəyişib dəbə uyğunlaşmaq istəyən çox yaşlı insanlarla qarşılaşıram. Yaxud həddindən artıq gənc yaşlarında yeniyetmələrin dəblə geyinmək istəyi məni ruhlandırır. Ən maraqlısı isə lap balaca uşaqların da dəblə geyinmək istəməsidir. Əvvəllər uşaqların dəbdən heç anlayışı yox idi. İndi isə dəbin cəmiyyətin bütün təbəqələrinə və bütün yaş qruplarına xidmət və təsir etmək gücünə malik olduğu müşahidə olunur.

- Xanımlar üçün xeyli geyim nümunələri hazırlamısınız. Maraqlıdır ki, öz zövqünüzü xanımlara diktə edə bilmisiniz?

- Hər tanınmış modelyerin təqdim etdiyi yaradıcılığı brendə çevrilir. Bir çox brendlərin onun yaradıcısının adı ilə tanınması bir ənənədir. Mən də adımın və soyadımın - Fəxriyyə Xələfovanın bir brendə çevrilməsinə çalışdım. Brend o stilin tanınması, onun pərəstişkarlarının sayının çox olması və ona inananların sayının çox olması deməkdir. İnsanlar həmin brendin paltarlarında özlərini daha yaxşı hiss edirlər. Brendin təklif etdiyi geyimlər eksklüziv və dəbə uyğun olur. Mənim önümdə qoyduğum məqsədlərimdən biri də yuxarıda saydıqlarıma nail olmaq idi. Mən öz məqsədimə nail ola bildim. Ona görə ki, bu, mənim qarşıma qoyduğum əsas məqsədlərdən biri idi. Brendləşmə prosesinin necə baş verdiyini, hansı mərhələlərdən keçdiyini, o cümlədən dəb nəzəriyyələrini, hansı prinsiplərlə fəaliyyət göstərdiyini araşdırdım. Bu gün əminliklə istədiyimə nail olduğumu deyə bilərəm.

Ətirlərimi təqdim edəndə də özümə əmin idim. Mənim brendimə etibar edirlər ki, təqdim etdiyim hər hansısa məhsula inam və maraq müşahidə olunur.

- Gözəllik qurban tələb edirsə, sizcə, o dünyanı necə xilas edə bilər?

- Dostayevskinin əsərində qeyd etdiyi “Gözəllik dünyanı xilas edəcək”, yaxud “Gözəlliksiz yaşamağın lüzumu yox” ifadələrini çox cəsarətlə deyilmiş fikirlər hesab edirəm. Ona görə ki, bu ifadələr özündə həqiqəti əks etdirir. Rənglərin olmadığı dünyanı ağ-qara təsəvvür edin, yaxud incəsənətin bütün istiqamətlərində gözəlliklərin olmadığı bir cəmiyyət düşünün... Necə də solğun olardı... Məsələn, dizayn elmi XX əsrin 60-cı illərində inkişaf etməyə başlayıb. Nə arxitekturada, nə də şəhərsalmada, nə dəbdə heç bir maraqlı yeniliklər olmasaydı, bütün xətlər düzbucaqlı şəklində olsaydı, həyatımız çox sönük və darıxdırıcı olardı. Ona görə də, gözəllik dünyanı hər zaman xilas etməyə xidmət edir.

Müharibələrin baş verməsinə, böyük dağıntıların olmasına çox təəssüf edirəm. Amma görürsünüz ki, sonradan o dağıntıların yerində yenə nələrsə yaranır. Gözəlliyi məhv etmək mümkün deyil, o yenidən doğulur və inkişaf edir. Bu, əbədi bir prosesdir. Nə qədər ki, gözəllik var, dünyada yaxşılıqlar və yeniliklər olacaq. İnsanın yaşantısı gözəllik vasitəsilə müsbətə doğru dəyişir.

- Fəxriyyə xanım, siz gözəl xanım olduğunuzu nə vaxt dərk etdiniz və onun fərqinə nə zaman vardınız?

- Çox sağ olun, xoş sözlərə görə təşəkkür edirəm. Mən bu cür ifadələri eşidəndə, hətta deyərdim utanıram. (Gülümsəyir) Ümumiyyətlə, təvazökar insan olduğum üçün bu barədə danışmağa çətinlik çəkirəm. Sadəcə belə ifadə edə bilərəm ki, gözəlliyin tanrının mənə bəxş etdiyi hədiyyə kimi qəbul edirəm. Bəlkə də ən gözəl hissləri mənə bəxş edən dəyərdir.

- Sokratın gözəllik haqqında belə bir fikri var: “Gözəllik uzun müddət idarə oluna bilməyən hakimiyyətdir”. Sizin bu fikrə münasibətinizi öyrənmək maraqlı olardı.

- Burda zahiri gözəllik nəzərdə tutulur. Bizim misilsiz mahnılarımızda da belə ifadələrə rast gəlmək mümkündür. Məsələn, “Gedər bir gün sənə də qalmaz”. Yəni, gözəllik istər-istəməz bəlli bir yaşdan sonra solmağa başlayır, gənc yaşlarındakı kimi parlaq olmur. Bu, elə bir prosesdir ki, fəlsəfi yanaşmaq lazım gəlir. Lakin gözəlliyin dəyişməsi həyatın dayanması demək deyil. Həyat ancaq zahiri gözəllikdən ibarət deyil ki? Yaxşı təhsil, peşəsində istədiyi uğurlara nail olmaq, gözəl ailə, yüksək dünyagörüşü, ətrafımızda olan dostlar, doğmalar da çox vacib mövhumlardır.

Konkret olaraq zahiri görünüşün bəlkə də hansısa müəyyən bir müddətə qədər zamanı var. Gözəlliyin müəyyən yaşdan sonra solması danılmaz faktdır və bu təbiətin qanunudur. Buna da normal yanaşmaq lazımdır.

- Dəb, gözəllik və zövq anlayışlarının bir-birindən fərqi nədir?

- Dəb peşəkarların, brendlərin, modelyerlərin yaratdığı istiqamət və sənayedir. Onlar işləyib öz təkliflərini verirlər. Bunun nəticəsində dəb tendensiyaları meydana gəlir. Zövq isə hər insanın xarakterik xüsusiyyətidir. Zövq xarakterik xüsusiyyət olsa da, onu inkişaf etdirmək lazımdır. Onu inkişaf etdirmək üçün həm dəb aləmi ilə maraqlanmaq, həm də dünyagörüşümüzü artıraraq şəxsi zövqümüzü inkişaf etdirə bilərək. Zövqün üzərində hər zaman inkişaf prosesi getməlidir. Bunun üçün ilk növbədə valideynlər köməklik göstərməli, uşaqları istiqamətləndirməlidirlər.

Yaxın və daha zövqlü insanlardan bəhrələnə, yaxud ictimailəşmiş zövqlü insanlara baxıb nümunə götürə bilərlər. Zövq daima inkişafda olan maraqlı bir prosesidir.

Gözəlliyi isə daxildən hiss edib, onunla yaşamaq lazımdır. Bu, insanın ətrafında çox gözəl emosional sahə yaradır. Bütün bu sadaladıqlarımın üçü birləşəndə ortaya çox inanılmaz dərəcədə gözəl mənzərələr çıxa bilər.

- İndi qış mövsümünü yaşayırıq. Xanımlarımıza geyimlə bağlı nə məsləhət görərdiniz?

- Payız-qış mövsümü üçün qarderobu formalaşdıranda rahat, hər hava şəraitinə uyğun münasib geyimlər daxil etmək lazımdır. Payız-qış mövsümündə üst geyimlər aktuallaşdığı üçün daha çox diqqət etməyi tövsiyə edirəm. Üst geyimlərin konsepsiyası hazırda dəb aləmində çox maraqlı formada təqdim olunur. Məsələn, incə plaşın üstündən jilet istifadə etmək olar. Əvvəlki illərdə dəbdə belə anlayış yox idi. O jileti sviterin üstündən də geyinmək olar. Klassikləşmiş paltolardan daha çox üst geyimlərin müxtəlif yeni konsepsiyaları daha aktualdır. Trikotaj geyimlər payız-qış mövsümləri üçün çox əlverişli və ideal istiqamətdir. Təəssüf ki, trikotaj istiqaməti bizdə çox populyar deyil. Üst geyim olaraq jaketlərdən və sviterlərdən çox az istifadə edilir. Halbuki çox rahat və əlverişli geyimlərdir, həm çox isti saxlayır. Bu isə sağlamlığa faydalıdır.

- Əsasən hansı rənglər ön plana çıxacaq?

- Bu mövsüm üçün üst geyimlər əlvan rənglərdə təqdim olunacaq. Boz və qara rənglər o qədər də aktual olmayacaq. Daha əlvan, krem, pastel tonlar aktual olacaq. Klassika ilə avanqard istiqamət hardasa sintez olunmuş variantda təqdim olunaq. Ona görə də avanqard ideyalar klassik geyimi hər zaman daha müasir göstərir. Məsələn, bir müddət yubka-şalvar tipli geyimlər çox aktual idi. Onlar öz aktuallığını yenidən bərpa edəcəklər.

Daha sonra ətəklər midi uzunluqda aktual olacaq. Dəri elementlərlə bəzədilmiş, həmçinin dəridən olan geyimlər bu mövsüm dəbdədir. Mövsümün əsas prioriteti avanqard görünüşdür. Klassik cizgilərlə avanqard görünüşün konsepsiyası aktual olacaq. Bu stilə nail olmaq üçün hər bir dəb istifadəçisinin şəxsi fantaziyası tələb olunur. Xanımlara da hər zaman şəxsi fantaziyalarını dəbin tendensiyalarına uyğunlaşdırmağı tövsiyə edirəm. Şəxsi fantaziya ilə özünə inam hissini müasir dəblə uzlaşdıranda çox gözəl nəticə verir.

- Son günlər Azərbaycanda da “street style” deyilən bir istiqamət yaranır. Siz bir peşəkar kimi onların stilini necə qiymətləndirirsiniz? Ümumiyyətlə, getdiyiniz məkanlarda xanımların geyimində nöqsanlarını və qüsurlarını axtarırsınız?

- Toplantılarda və ya toy məclislərində olanda bir peşəkar kimi xanımların geyimlərinə nəzər salıram. Peşəkar xüsusiyyəti olduğu üçün istər-istəməz baş verir, lakin müşahidə etdiyim nöqsanları daxilimdə təhlil edirəm. Məsələn, belə geyinsəydi daha yaxşı olardı. Çox zaman fikir verməməyə çalışıram.

Amma müxtəlif moda jurnallarının "instagram" səhifələrində “street style”-la bağlı mərkəzi küçələrdən şəhər sakinlərinin şəkillərini çəkib reportajlar qoyurlar. Bu şəkillərə baxanda şəhər sakinlərinin maraqlı geyim stilinin olduğunu görürsən. Hər hansı fərd şəxsi fantaziyasından istifadə edərək yeni dəb qaydalarına uğunlaşdırmaqla özünü ifadə edir. Burada sərbəstlik, özünə əminlik, orijinallıq, avanqardlıq da ola bilər. Konkret olaraq bizim mühitdə baş verən "street style"-ın təhlilinə gələndə isə mən yuxarıda sadaladığım şəxsi fantaziyanı, orijinallığı, avanqardlığı çox az müşahidə edirəm. Təkrarçılığa çox yol verilir, sanki hər kəs dəbin eyni istiqamətindan istifadə edir və bu istiqamət populyarlaşır. Hər kəsin bir-birinə oxşamağa çalışmasını, qara, boz rənglərdən çox istifadə etməsini müşahidə edirəm. Şəhərin mərkəzi küçələrində rənglərin bolluğuna və çeşidinə çox az rast gəlinir. Buna aid maraqlı reportajlar hazırlayaraq, "street style"ı inkişaf etdirmək olar. Hələlik mühafizəkarlığı daha çox hiss edirəm, bəlkə də zamanla düzələr.

Amma qışdan fərqli olaraq yay aylarında çox gözəl mənzərələr görürəm. Maraqlı, əlvan, orijinal stillər mənim çox xoşuma gəlir.

Payız-qış mövsümünün hazırkı dəbi isə geyimlərin əlvan rənglərdə olmasını diktə edir. Qırmızı bu ilin ən dəbli rəngi olduğu üçün qırmızı sviterlər əyində çox maraqlı görünür. Hətta qırmızı rəngin viruslardan qoruduğu haqqında məlumatlar da deyilir. Bu ənənə yəqin ki, zamanla formalaşacaq.

- Hər bir modelyerin onu ilhamlandıran pərisi olur. Hətta modelyerlər kolleksiyasını ilham aldığı kəsə həsr edirlər. Sizin ilham pəriniz varmı? Varsa kimdir?

- Kolleksiyalarımı təqdim edəndə onun hər zaman azərbaycanlı tərəfindən, Azərbaycan mədəniyyətinə və Azərbaycan xalqının bir nümayəndəsinə məxsus olan insan tərəfindən yaradıldığının bilinməsi mənim üçün çox vacibdir. Yəni, milli mənsubiyyət anlayışının qabardılamasına və əks olunmasına çalışmışam. Buna nail olmuşam. Çünki kolleksiyalarımla hər zaman seçilə və fərqlənə bilmişəm. Bir çox beynəlxalq müsabiqələrdə iştirak etmişəm. Müşahidələrim əsasında deyə bilərəm ki, stil, kolleksiyadakı əhval-ruhiyyə, rəng çalarları tamamilə seçilir. Bu istiqamətin məni seçilən etməsi qazandığım ən böyük nailiyyətlərimdən biridir və buna çox sevinirəm. Bu il may ayında Parisdə festival çərçivəsində moda nümayişi olmuşdu. Bəyənildiyi üçün dekabr ayının əvvəlində “Oriental Fashion” festivalına yenindən dəvət ediblər. Bu istiqamətimə görə Parisdə maraqlı və nüfuzlu festivallara dəvət aldığım üçün çox sevinirəm.

- Belə başa düşdüm ki, siz öz ölkəmizdən ilham alırsınız?

- Azərbaycanın əsrarəngizliyindən, təbiətinin gözəlliyindən, mədəniyyətindən, adət-ənənəsindən, milli geyim istiqamətindən, tətbiqi incəsənətimizdən və xalçaçılıq sahəsindən necə ruhlanmamaq olar?! Uşaqlıqdan bəri bu dəyərlər və gözəlliklərlə böyümüşük. Məni ilhamlandıran da məhz bu gözəlliklərdir.

- Sizin kimi mütəxəssisin dəb haqqında geniş müzakirələrini dinləmək çox xoş oldu. Dəyərli vaxtınızdan bizə də ayırdığınız üçün çox sağ olun.

- Buyurun.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR