İttiham: “Film başlayanda pulun yarısı yox olur” – FOTOLAR
Bizi izləyin

Tabloid.az

İttiham: “Film başlayanda pulun yarısı yox olur” – FOTOLAR

Bakı Bələdiyyə Teatrının aktyoru, əməkdar artist Əfqan Soltanovun Publika.az-a müsahibəsi.

- Əfqan müəllim, teatrda işlər nə yerdədir?

- Teatrda hər şey qaydasındadır. Binayla bağlı bir balaca problemimiz var.

- Binada nə problem var?

- Qəzalıdır. Söz veriblər ki, yenidən təmir edəcəklər. Amma kənarda tamaşalar hazırlayırıq.

- Bəzi aktyorlar, xüsusən də Bakı Bələdiyyə Teatrının keçmiş aktyoru Ramin Şıxəliyev bildirib ki, orada yaradıcı baxımından durğunluq hökm sürür, ən yaxşı halda, ildə bir tamaşa təhvil verilir...

- Yox, demək olmaz ki, ildə bir tamaşa təhvil veririk. Bəzən 2-3 tamaşa hazırladığımız da olur. Sadəcə, dediyim kimi, bina ilə bağlı problem olduğuna görə tamaşanı başqa yerdə oynayırıq. Bununla belə, yenə də işləyirik.

- Son dəfə premyeranız nə vaxt olub?

- Dəqiq yadımda deyil. Amma səhv etmirəmsə, may ayında “Diaqnoz D” tamaşasının premyerası oldu. Dövlət Musiqili Teatrında oynadıq. Binanın olmaması aktyor üçün əlavə problemdir. Ola bilsin ki, bəzi teatrlarda ildə 4-5 tamaşa qoyulur. Amma biz qoyanda tamaşa qoyuruq da. Keyfiyyətə fikir veririk...

- Akademik Milli Dram Teatrında, Musiqili Teatrda, Gənc Tamaşaçılar Teatrında qoyulan tamaşaların keyfiyyəti sizin tamaşaların keyfiyyətindən fərqlənir?

- Bəli, fərqlənənlər var.

- Hansı tamaşanız digər teatrların tamaşasından üstündür?

- Məsələn, “Diaqnoz D” tamaşası bizdə də hazırlanıb, Akademik Milli Dram Teatrında da. Məncə, tamaşaların arasında fərq böyükdür. Çünki ayrı-ayrı adamlar hazırlayıb.

- Hansı daha yaxşı alınıb? Yəni tamaşaçı zövqünə daha uyğun olanı hansıdır?

- Kim öz malına pis deyər? Öz tamaşamız daha çox xoşuma gəlir.

- Rolunuz nə idi?

- Orada Partiya liderini oynayırdım...

- Toylara gedirsiniz?

- Gedirdim, amma son 1-2 ildə getmirəm.

- Niyə?

- Əvvəlki toylarda olan mühit qalmayıb. Toyda həm oxuyuram, həm aparıcılıq edirəm. Orada verilən zəhmət haqqı məni qane etmir.

- Aktyor gedib günü 50 manata çəkilməyə razı olur, amma toydan 50 manat almağa razı olmur?

- Əlli manata çəkilmirəm. Toyda əlli manat verirlər. Sovet dönəmində olub ki, bir toydan 13-14 min pul götürmüşəm.

- Sizi itirilmiş müğənni saymaq olar?

- Mən ilk növbədə aktyoram, əməkdar artistəm. Aktyor hər şeyi bacarmalıdır.

- Hazırda çəkildiyiniz film, ya serial var?

- Çəkilişlərimiz təzə bitib. “Səndən sonra” serialında baş rolda idim, Rövşən rolunu oynayırdım. “Xəzər” televiziyası başqa bir filmə çağırdı. Şərtimi dedim, razılaşmadılar.

- Şərtiniz nə idi?

- Oğluma da deyirəm ki, insan özü özünün hörmətini saxlamalıdır. Elələri var ki, gedib 30 manta da çəkilirlər.

- Siz neçəyə çəkilirsiniz?

- Günə 100 manat dedim. Bilirəm ki, çəkdiyimiz əziyyət üçün yüz manat da azdır. Kinostudiyada Ramiz Fətəliyev film çəkirdi. Günə 400-500 manat pul verirdi. İranda 92 seriyalıq seriala çəkilmişəm.

- Orada neçəyə çəkilirdiniz?

- Səni nə maraqlandırır?

- Müqayisə edəcəyəm. Məni maraqlandırmır, oxucunu maraqlandırır. Oxucu deyəcək ki, sən niyə bizimkiləri ittiham edən aktyordan soruşmursan ki, İranda nə qədər alırdın?

- Altı ay çəkildim, 7-8 min pul aldım. Müntəzəm çəkiliş olmurdu. Burada elə çəkilsəydim, maksimum 2-3 min alardım. Burada seriallarda pul vermirlər ki... Amma mən pulumu danışıb gedirəm.

- Dövlət seriallara, filmlərə bu qədər pul ayırır. Sizcə, bu pul harada “itir” ki, aktyora 50 manat gəlib çatıır?

- (gülür) Guya bilmirsən harada itir?...

- Mən çox şey bilə bilərəm.

- İlanı seyidə Əhməd əli ilə tutursan? Gör məni rejissorlarla düşmən edə bilirsən?

- Deməli, rejissorlarda itir?

- Yox, elə film çəkilməyə başlayanda pulun yarısı yox olur...

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm