Nüsrət Kəsəmənlinin nəvəsindan babası haqda maraqlı AÇIQLAMALAR – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nüsrət Kəsəmənlinin nəvəsindan babası haqda maraqlı AÇIQLAMALAR – FOTOLAR

Cavidandan gənc aktyor kimi müsahibə almaq istəyirdim. Hər halda, kinoya, seriala yaraşacaq fakturaya sahib olduğundan, onu rejissorlara təqdim etmək fikrim var idi.

Amma Nüsrət Kəsəmənlinin nəvəsi olduğunu biləndən sonra söhbətimizin istiqaməti tamamilə dəyişdi. Beləliklə, Publika.az şairin nəvəsi Cavidan Kəsəmənli ilə müsahibəni təqdim edir.

C. Kəsəmənli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin aktyorluq fakültəsində təhsil alır.

- Cavidan, səndə bu həvəs haradandır?

- Aktyorluq mənim uşaqlıqdan istədiyim, bəyəndiyim və arzuladığım peşədir. Özümü başqa sənətdə görmürdüm. Ailəmizdə incəsənət adamları var deyə, getdikcə bu sahəyə marağım daha da artırdı.

- Bir az da babandan danışaq. Onu xatırlayırsanmı?

- Bəli, əlbəttə. O, mənim doqquz yaşım olanda - 2003-cü ildə vəfat edib.

- Onu necə xatırlayırsan?

- Başqaları onu şair kimi tanıyır. Amma mənim üçün çox əziz bir baba olub.

- Şeirlərini bilirsən?

- Hamısını yox, amma bildiklərim var. O, mənim xatirəmdə şair kimi qalmayıb.

- Niyə?

- Çünki mənim babamdır. O, rəhmətə gedəndə uşaq idim. Ona görə də Nüsrət Kəsəmənlini baba kimi daha çox xatırlayıram. Hətta açıq deyim ki, onun himayəsində böyümüşəm. O, mənim həm atam, həm babam olub.

- Sən Araz Kəsəmənlinin oğlusan?

- Bəli, amma bu barədə danışmaq istəmirəm.

- Əmin Reşat Kəsəmənli ilə münasibətlərin necədir?

- Münasibətlərimiz çox yaxşıdır. O, mənim böyük qardaşım kimidir. Tez-tez məsləhətlər verir, bilmədiklərimi ondan soruşuram. Cəmi 19 yaşım var, ondan öyrənəcəyim çox şeylər var.

- Müsahibədən əvvəl dedin ki, çox da diqqət mərkəzində olmağı xoşlamırsan. Bu nə ilə bağlıdır? Axı aktyor belə olmamalıdır.

- Sizə açıq bir söz deyim də. Mən sırf Cavidan Kəsəmənli kimi tanınmaq istəyirəm, Nüsrət Kəsəmənlinin nəvəsi kimi yox. İstəyirəm ki, gələcəkdə də peşəkar aktyor kimi öz adımla tanınım.

- Amma istər-istəməz başlanğıcda belə olacaq...

- Heç yerdə də bu “vizitka”dan istifadə etmirəm. Bəlkə də, babamın adından istifadə etsəydim, çox qabağa gedərdim.

- Çəkildiyin film var?

- Hələ ki yoxdur. İnşallah, yaxın gələcəkdə yaxşı layihələr olacaq.

- Təkliflər var?

- Bəli, var. Sadəcə, müəyyən səbəblərə görə alınmayıb. Gələcəyimi yaxşı görürəm.

- Şeir yazırsan?

- Bəli, şeirlərim var.

- Babanın şeirlərinə oxşayır?

- Nüsrət Kəsəmənli üslubu tam fərqlidir. Oxşarlıq olsa da, çox cüzi olar. Çünki əmimin şeirləri ilə də müqayisə edəndə görürəm ki, fərq var.

- Atan da şeir yazırmı?

- Onun, ümumiyyətlə, incəsənətə, şeirə marağı olmayıb.

- İşləyirsən?

- Xeyr, ancaq dərslərimlə məşğulam.

- Tələbə üçün bu durum çətin deyil?

- Günümüzün yarısı universitetdə keçir. Ona görə də alınmır. Bizdə dərs qrafiki bir az başqadır. Səhər gedib, axşam gəlirik.

- Son dəfə babanın qəbrini nə vaxt ziyarət etmisən?

- Bayramlarda gedirik qəbrinin üstünə. Axırıncı dəfə Qurban bayramında getmişəm.

- Niyə belə gec-gec?

- Açığı, evdəkilər mütəmadi ziyarət edirlər.

- Bəs sən niyə getmirsən?

- Səhər dərsə gedib, axşam gəlirəm.

- Babanla bağlı ən yaddaqalan nə olub?

- Xatirələrim çoxdur.

- Onun son günü yadındadır?

- Yox, çünki onun vəfat etdiyini sonradan bildim. Mən, babam, nənəm babamın müalicəsi üçün İrana getmişdik. Onda mən ikinci sinfə gedirdim. Elə alındı ki, 1-2 ay məktəbə gedə bilmədim, orada qaldıq. Babamın müalicələri çox idi. Sonra məni nənəm sərhəddən Bakıya göndərdi. Qohumlarımızın evində qalırdım. Mən bura gələndən sonra əmim də İrana getdi. Bir müddət sonra məni öz evimizə apardılar. Sonra gördüm ki, evdə yas məclisi var. Məndən gizlətmişdilər. Nənəm də bilirdi ki, babama həddən artıq çox bağlıyam. Həm də onun ilk nəvəsiydim. İndi də onun haqqında danışanda kövrəlirəm (gözləri dolur). Uşaq olsam da, hər şeyi yaxşı xatırlayıram. O günlər mənə çox əzizdir. O, baba kimi çox gözəl baba olub.

- Onunla harasa gedirdin?

- Əlbəttə, ömrümün ən yaxşı vaxtları babamla keçib.

- Sənə şeir oxuyurdu?

- Şeir oxumurdu, amma gecələr mənə əzizləmələr, oxşamalar deyirdi.

- Evinizə kimlər gəlib gedirdi?

- Hamısı məşhur adamlar idi. Babamın ofisi var idi. Yazıçılar İttifaqının yanında. Müğənnilər də gəlib gedirdilər. Amma yadımda qalmayıb.

- Əsəbi adam idi?

- Bəlkə də, onun kimi kövrək insan yox idi.

- Ondan sənə keçən xüsusiyyət varmı?

- Konkret xüsusiyyət deyə bilmərəm. Amma talelərimiz çox oxşardır. O da sıxıcı həyat keçirib, mən də. Sırf ailə baxımından. Çox dərinə getmək istəmirəm. Amma maddi baxımdan heç vaxt əziyyətim olmayıb. Nənəm və babam mənə çox yaxşı baxıblar.

- Yazdığın şeirlərdən ibarət kitab çap etdirmək fikrin var?

- Hazırda aktyorluq haqda daha çox düşünürəm və özümü şair saymıram. Qismət olsa, bəlkə, kitab da çıxartdım.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm