ANS-in aparıcısı: “Mənim adım o siyahıda yoxdur”- FOTOLAR
Bizi izləyin

Tabloid.az

ANS-in aparıcısı: “Mənim adım o siyahıda yoxdur”- FOTOLAR

Müsahibim “Əslində mən” proqramının aparıcısı Lətafət Ələkbərovadır. Çoxdan idi ki, efirlərdə görünmürdü. Hardaydı, nə işlə məşğul olurdu, bu barədə Publika.az-a özü danışacaq. Xanım aparıcı zövqündən, qarderobundan, komplekslərindən, eyni zamanda, veriliş zamanı baş verən pərdəarxası məqamlardan da söz açacaq.

- Bir ara fasilə verdin, heç yerdə görünmədin, eşitdik, ailə qurduğuna görə efirlərdən uzaq düşmüsən?

- Yox, qızımın artıq yeddi yaşı var. Sadəcə, ürəyimcə olan layihələr yox idi, buna görə kənarda idim. Amma hazırda apardığım veriliş - “Əslində mən” ürəyimcədir. Şoudan uzaq bir verilişdir. Yəni, daha sanballı proqramları daha çox xoşlayıram. Bu verilişdə sanballı sənətkarlarımız, idmançılarımız və digər peşə sahibləri qonaq olur. Ən maraqlısı budur ki, onların əslində kim olduqları üzə çıxır. Çox maraqlı verilişdir.

- Stilində də xeyli dəyişikliklər nəzərə çarpır…

- Hə, əsasən də, saç rəngimdə dəyişiklik etmişəm. Əvvəllər də saçım sarı rəngdə idi, sonradan dəyişdim, indi yenə də sarı rəngə qayıtmışam.

- Hər zaman səni klassik geyimlərdə görürük. Deyəsən, bu stili çox sevirsən...

- Məni tanıyanlar bilir ki, gündəlik həyatda idman üslubuna çox üstünlük verirəm. Cins şalvar və idman ayaqqabıları mənlikdir. Amma efirdə ciddi, klassik stildə geyimlərdə oluram.

- Bu yaxınlarda Milli Teleradio Şurası yol verdikləri dil qüsurlarına görə bir qrup teleaparıcını tənqid etdi. Yəqin, xəbərin var...

- Əlbəttə, xəbərim var. Çox şükür ki, mənim adım o siyahıda olmadı.

- Sevindin?

- Sevindim deyəndə ki, mən hər zaman öz üzərimdə çalışan aparıcıyam. Yerimdə saymağı heç sevmirəm. Ustad sənətkarlarımız Sabir Ələsgərov, Rafiq Həşimov, Nərgiz Cəlilovadan gözəl rəylər almışamsa, bu, mənimçün böyük göstəricidir.

- Müxtəlif xarakterli insanlar qonağın olur. Onlarla davranışda əsasən nəyə üstünlük verirsən?

- Həyatda da beləyəm, insanlarla məqamına və yerinə görə davranıram. Elə insanlar olur ki, onlarla sakit, yaxud da dinamik davranıram.

- Efirdə qonaqlarının səni əsəbiləşdirdiyi məqamlar olur?

- Olur, amma çalışıram bunu üzə vurmayım, gizlədim, çünki bizə milyonlarla tamaşaçı baxır.

- Əsasən hansı məqamlarda qıcıqlanırsan?

- İnsanlar səmimi olmayanda. Onları dinləyəndə içimdə gülürəm. Yəni o adamı hər kəs tanıyır və bilir ki, kimdir, nəçidir, hansı imicə malikdir. Amma özünü tamamən başqa obrazda təqdim edir.

- İndiyədək ən səmimi qonağın kim olub?

- Qonaqlarımın hamısı əslində səmimidir.

- Bayaqdan deyirsən axı, obraza girən qonaqların da olur...

- Ən səmimi qonağım tanınmış futbolçu Qurban Qurbanov olub. Onu həyatda hər kəs çox ciddi bir insan kimi tanıyır. Sözsüz ki, elə elədir də. Sadəcə, bizim verilişdə qonaq olarkən o qədər rahat oldu ki… Hətta məni gülmək tutdu, çəkilişi yarımçıq dayandırmalı olduq. Mən futbolla bağlı bəzi terminləri anlaya bilmirdim, unutmuşdum. Sualları qura bilmirdim. Buna görə çəkilişi saxlayıb, yarım saat durmadan güldük. O zaman mən onun çox səmimi bir insan olduğunu gördüm.

- Ən çox nəyə pul xərcləyirsən?

- Baxımlı olmağıma, salona getməyə, qidama daha çox pul xərcləyirəm. Brend dalınca qaçmıram.

- Pəhriz saxlayırsan?

- Davamlı şəkildə yox. Bir müddət pəhriz saxlayıram, sonra yenidən başlayıram yeməyə.

- Elə bir qida varmı ki, onu rasiondan çıxarmısan?

- Yox. Bir də görürsən, heç şirniyyata əl də vurmuram, amma elə məqam da olur ki, şirniyyatı çox yeyirəm.

- Çəkin nə qədərdir?

- Boyum 176-dır. 68 kiloyam, amma hesab edirəm ki, 62 kilo olsam, çəkim daha ideal olar.

- Özünü zövqlü xanım sayırsan?

- Çox zövqlü xanımların içində deyə bilmərəm ki, məndən zövqlüsü yoxdur. Amma mənim də özüməməxsus imicim var. Bəzən elə mağazalar olur ki, oradan düz-əməlli paltar tapıb verilişə geyinə bilmirsən. Bəlkə də, o məqamda camaat baxıb deyir ki, bu nə paltardır, geyinib çıxıb efirə. Amma efirarxası bunu heç kim başa düşmür axı. Ola bilər, onda zövqsüz kimi görünüm.

- Adam var ki, evdən bayıra çıxanda mütləq ən xoşladığı hansısa aksessuar mütləq üstündə olmalıdır. Bax sən nə olmadan evdən çıxa bilməzsən?

- Telefonum mütləq üstümdə olmalıdır.

- Bəs makiyajsız evdən çıxarsan?

- Mən, ümumiyyətlə, efirdən kənarda makiyajsız oluram. Üzümü yuyub, çıxıram.

- Komplekslərin varmı?

- Var, özümü heç vaxt bəyənmirəm. Söz yox, çox adam mənə deyir ki, efirdə qəşəng görünürsən. Amma tərifi sevmirəm. Əlbəttə, xoşuma gəlir, amma düşünürəm ki, görəsən, buna layiqəmmi, məni belə tərifləyirlər?

- Vücudunda ən çox bəyəndiyin və sənə yaraşıq verən nədir?

- Deyilənə görə, mənə yaraşıq verən gözlərim və gülüşümdür. Deyirlər ha, mən demirəm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm