Oğul itkisinə dözməyən məşhur aktrisa – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Oğul itkisinə dözməyən məşhur aktrisa – FOTOLAR

Onun yoxluğu ilə bizləri 9 illik zaman kəsiyi ayırır. Sağ olsa, 96 yaşını qeyd edəcəkdi. Səhnəmizin Ərəbzəngisi, yanıqlı səsi ilə ürəkləri titrədən aktrisa - xalq artisti Gülxar Həsənovanın bu gün ad günüdür. Çoxları onu bənzərsiz aktyor Hamlet Qurbanovun anası kimi də xatırlayır. Bəli, Gülxar Həsənova Azərbaycan teatr sənətinə Hamlet Qurbanov kimi aktyor bəxş edib. Gülxar Həsənova Azərbaycan incəsənətində yalnız gözəl obrazlarla yadda qalmayıb, eyni zamanda, gözəl sənətkarlar yetişdirib. Mərhum müğənni Nəzakət Məmmədova onun yetirməsi idi.

Sevinirəm ki, onunla ünsiyyətdə olmaq mənə də nəsib olub. Onunla tez-tez müsahibələr edərdim. Məni evində qarşılayan Gülxar xanım sənətinə olan məhəbbətdən, yetirmələrindən, səhnədə başına gələn maraqlı hadisələrdən danışdıqca danışardı. Sözünün əvvəli də sevimli oğlu Hamlet Qurbanov idi, axırı da. Oğlunun vaxtsız ölümündən sarsılan aktrisa ömrünün son günlərinə qədər onun xatirəsi ilə yaşayırdı. Hətta ona şeirlər də yazırdı. “Gülü budağında xar olan Gülxar” deyib haray çəkən Gülxar Həsənova oğlunun vaxtsız ölümü ilə heç cür barışmaq istəmirdi. Onu ölüm yatağına salan da elə həkimlərin məsuliyyətsizliyi üzündən dünyasını dəyişən Hamletin itkisi oldu. Mənzilinin bir otağını başdan-başa Hamletin fotoları ilə bəzəmişdi. Bu otağa göz yaşları içərisində daxil olardı. Hətta özü ilə də bağlı sualları hərləyib-fırlayıb oğlunun üzərinə gətirərdi. Gülxar xanım oğlunun xatirələri ilə ovunardı.

Gülxar Həsənova Azərbaycan Opera və Balet Teatrında yaratdığı obrazlarla yadda qalıb. Gəlin onun həyat və yaradıcılıq yoluna birgə nəzər salaq… Sənət yolu o qədər də hamar olmayan sənətkarın şəxsi həyatı da uğursuzluqla müşayiət olunub. Bir qadın kimi xoşbəxt deyildi. Xoşbəxtliyini yalnız səhnədə tapırdı.

Çox erkən, 16 yaşında ikən ailə həyatı quran Gülxar xanım ömür-gün yoldaşı, milli teatrımızın görkəmli nümayəndəsi Ağadadaş Qurbanovla qısa evlilik həyatı yaşayıb. Amma Gülxar xanım ömrünün sonuna qədər ilk sevgisinə sadiq qalıb...

Gülxar Həsənova 1918-ci il dekabrın 10-da Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Bakı Teatr Texnikumunda teatr sənətinin incəliklərini öyrənən aktrisa daha sonra İncəsənət Universitetini bitirib.

1936-1942-ci illərdə səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb. O, Üzeyir Hacıbəyovun məsləhəti və köməyi ilə 1942-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrına işə qəbul olunub. Nadir səs tembrinə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. Aktrisa burada parlaq, koloritli qadın obrazları yaradıb. 1980-cı ildən teatrın məşqçi-pedaqoqu olub.

Onun ifasında “Əsli və Kərəm”, “Koroğlu”, “Aşıq Qərib” , “Bahadır və Sona”, "Gəlin qayası" və digər operalarda oynadığı partiyalar böyük professionallığı, özünəməxsusluğu ilə seçilir. Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin "Şah İsmayıl" operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun "Leyli və Məcnun" operasında Leyli, Leylinin anası partiyalarıdır.

Səhnə fəaliyyətinə son verən G.Həsənova gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədirdi. Teatr sənətində göstərdiyi xidmətlərə görə aktrisa dövlət tərəfindən ən yüksək mükafatlara layiq görülüb, o cümlədən “Şöhrət” ordeni" ilə təltif edilib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm