Aşıq Namiqdən şok İDDİA: “Göbək rəqsi oynadıb, sinəsinə pul basır...” – VİDEO
Bizi izləyin

Tabloid.az

Aşıq Namiqdən şok İDDİA: “Göbək rəqsi oynadıb, sinəsinə pul basır...” – VİDEO

Bir müddət öncə oriyental rəqqasə Aytənlə duet ifa edən Aşıq Namiq yenidən xanım rəqqasələrdən biri ilə duet təqdim etmək fikrindədir. Birinci dueti ilə “Yuotube”-da izləmə rekordları qıran, amma elə buna görə də başı qalmaqaldan açılmayan aşıq növbəti dəfə qınaq obyektinə çevriləcəyindən heç qorxmur.

Publika.az-a bu barədə danışan Aşıq Namiq onu tənqid edən həmkarlarını da ağ yuyub, qara sərdi.

- Eşitdik, oriyental rəqqasə Aytənlə qalmaqallı duetdən sonra başqa bir rəqqasə ilə də duet təqdim etmək fikrindəsən?

- Düz eşitmisiniz, Aytənlə qalmaqallı duetdən sonra rəqqasə Oksana Pəsulova ilə bir duet təqdim edəcəyik. Bu dəfə sazda hind mahnısı ifa edəcəyəm, Oksana da rəqs edəcək. Düşünürəm ki, maraqlı və yeni bir layihə olacaq.

- Təklif kimdən gəldi, Oksanadan, yoxsa səndən?

- Açığını deyim ki, bu ideya verilişlərin birində yarandı. Space televiziyasında hər ikimiz qonaq idik. Oksana xanım Hindistandan yenicə qayıtmışdı, özü də mükafatlarla. Rəqqasə xanımın hind libasında olması məndə həvəs yaratdı və artıq, beynimdə bu ideya yarandı. Qayıtdım ki, Oksana xanım, bəlkə, sazda bir hind mahnısı ifa edim, siz də rəqs edəsiniz? Oksana təəccübləndi ki, sazda hind mahnısı ifa etmək olar? Dedim, niyə olmur ki… Başladım sazda hind musiqisi ifa etməyə. Elə orada qərara gəldik ki, birgə duet hazırlayaq. Çox maraqlı bir layihə olacaq.

- Hansı mahnını ifa edəcəksiniz? Yoxsa, hələ mahnı seçimi olmayıb?

- Yox, seçmişik. Mithun Çakrabortinin “Cimi-Cimi” mahnısını seçmişik. Aytənlə partlatdıq, indi də Oksana ilə partladacağıq. Əslində, sazın imkanlarından daha geniş şəkildə istifadə etməliyik. Burada nə var ki?

- Amma nədənsə bu yeniliklər aşıq həmkarların tərəfindən birmənalı qarşılanmır. Hətta bundan hiddətlənənlər də var.

- Bu yaxınlarda televiziyaların birində veriliş vardı, 7-8 aşıq dəvət etmişdilər. Aşıq Zülfiyyə də orda qonaq idi. Zülfiyyə də ki, bilirsiniz də, qadın aşıqların kraliçasıdır. Kişi aşıqlar arasında Aşıq Ədalətdir, qadınlarda da Zülfiyyə xanım. Mən orada türk musiqisinin imperatoru İbrahim Tatlısəsin “Neynim ney” mahnısını ifa etdim. O boyda sənətkar olan İbrahim Tatlısəs o mahnını ifa edəndə qarşısında oriyental rəqqasə Asena oynayır. Zülfiyyə xanım da çox bəyəndi bu ifamı. Qayıtdı ki, burada nə var axı, Namiqin üstünə düşmüşünüz?!. “Yuotube”-a daxil olun, baxın, görün məndən artıq izlənən ikinci bir aşıq varmı? Elə hamının tənqid etdiyi, bəyənmədiyi rəqqasə Aytənlə mənim klipimə baxın, 7 ayda yarım milyon adam baxıb.

- Elə onu soruşacaqdım, Aytənlə təqdim etdiyin duetdən sonra hər kəs səni qınadı, tənqid etdi. Bu tənqidlərin qarşısında duruş gətirə bildinizmi?

- Mənim bir dostum var - Nazilə Səfərli, həmişə mənə deyir ki, bəzi adamlar daldada gizlin işlər görür, amma sən cəmiyyət içindəsən. Mənim heç kimdən qorxacaq yerim yoxdur. Bəzi aşıqlar gizlin məclislərdə, daldada saz çalıb, qabaqlarında qızlara göbək rəqsi də oynadırlar, hələ üstəlik, sinələrinə pul da basırlar. Onların cəsarəti çatmır ki, bunu kütlə içərisində etsinlər. Amma mən hamının qarşısında layihə edirəm, burada ayıb bir iş də görmürəm. Oriyental özü də rəqsin bir növüdür. Efirə çıxıb kimisə baltalamaq asandır. Amma əvvəlcə bir özünə bax, sonra başqasını tənqid elə. Sadəcə, səmimi olmaq lazımdır, bizim bəzi aşıqlarımızda da səmimiyyət yoxdur. Çatışmır. Buna görə də başqalarının uğuruna sevinə bilmirlər. Yenilik elə, qoy səni də sevsinlər. Aytənlə duetim pis idisə, niyə bu qədər izləyicisi oldu? Mən saz sənətinə heç vaxt hörmətsizlik etməmişəm, əksinə, hər zaman bu sənətə qarşı hörmətsizlik edən aşıqlara qarşı çıxmışam. Dəfələrlə bu barədə efirdə də açıq şəkildə fikirlərimi bölüşmüşəm.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm