Aktyordan aktrisaya ŞOK İTTİHAM: “Restoranda əxlaqsızlıq edib, indi gəlib burada işləyir”
Bizi izləyin

Tabloid.az

Aktyordan aktrisaya ŞOK İTTİHAM: “Restoranda əxlaqsızlıq edib, indi gəlib burada işləyir”

Son günlər mətbuatda Mingəçevir Dövlət Dram Teatrında baş verənlərlə bağlı təzadlı məlumatlar dolaşmaqdadır. Dünən isə aktyor İbrahim Salamov 10 il işlədiyi teatrdakı işindən uzaqlaşdırılıb.

Publika.az aktyorla müsahibəni təqdim edir.

- İbrahim bəy, əvvəlcə özünüz barədə bir neçə kəlmə məlumat verərdiniz.

- 1977-ci ildə Şəkidə anadan olmuşam, Mingəçevir şəhərində böyümüşəm. Qafqaz Universitetinin şərqşünaslıq fakültəsində təhsil almışam. 2004-cü ildən Mingəçevir Dövlət Dram Teatrına seçim yolu ilə işə qəbul olunmuşam. Üç ay ərzində ali dərəcəyə qədər yüksəlmişəm.

- İxtisaslı aktyor olmadığınız halda necə işə qəbul olunmusunuz?

- Məni bizim ovaxtkı baş rejissorumuz Zülfüqar Abbasov və direktor Nadir Qafarov işə götürmüşdülər və sınaq üçün üç ay vaxt vermişdilər. Həmin üç ay ərzində ali dərəcəyə qədər qalxmışam.

- Bəs hazırda narazılığınız nədən ibarətdir?

- Təxminən ilyarım əvvəl bizim teatrda əsassız bir qalmaqal başladı və üç həmkarımız işdən qovuldu.

- Kimlər idi?

- Ali dərəcəli aktrisa Əsmər Qurbanova, Günel Əhmədova və teatrın nəzdində fəaliyyət göstərən studiyadan Rizvan Əzimzadəni qovmuşdular.

- Onları kim qovmuşdu və səbəb nə idi?

- Direktorumuz Həsən Həsənov və Həmkarlar Təşkilatının sədri Esmira Hacıyeva bu adamları işdən qovdu. Həsən Həsənov bizə müqavilə ilə gəlmişdi və müddəti bitdiyinə görə getdi. Esmira Hacıyeva isə teatrda həm baş inzibatçıdır, həm həmkarlar təşkilatının sədridir, həm 8 nömrəli orta məktəbdə, həm də “EL” televiziyasında işləyir...

- İki il əvvəl başlayan qalmaqal konkret nə ilə bağlı idi?

- Bakıdan bizə Sərvər Əliyev adlı bir aktyor gəlmişdi. O vaxt baş rejissorumuz Günay Səttarova idi. Sərvər Əliyev istəyirdi ki, Günayın “torbasını tikib”, baş rejissor keçsin. Teatrda Günaya qarşı kampaniya aparırdılar. O kampaniyanı ifşa etdiyimizə görə böyük bir qalmaqal yarandı.

- Sərvər Əliyev orada aktyor işləyirdi?

- Bizdə bir müddət adı aktyor kimi, sonra isə quruluşçu rejissor kimi getdi.

- Məhz bu hadisədən sonra teatrda münasibətlər pozuldu, ara qarışdı?

- Bəli, ondan sonra belə oldu. İlyarımdan çoxdur, mənə işləməyə imkan vermədilər və bizim Günaya qarşı olan təxribatı ifşa etməyimizin adını “qruplaşma” qoydular. Ondan sonra mübarizə aparıb işdən çıxarılmış Əsmər Qurbanova, Günel Əhmədova Rizvan Əzimzadəni işə qaytardıq.

- Siz hazırda teatrın aktyorusunuz, yoxsa sizi işdən çıxarıblar?

- Dekabrın 5-də icazə ərizəm olduğu halda, heç bir əsası olmadan işdən çıxarılmışam. Bu yaxınlarda Əhməd Orucoğlunun “Nənənin kələyi” tamaşasını hazırlayırdım. Bir ay müddət vermişdilər, 12 günə tamaşanı hazırladım. Bu barədə mətbuatda da xəbərlər getmişdi. Tamaşanın təhvilinə iki gün qalmış “montirovka” (səhnənin qurulması prosesi -İ.V.) ilə bağlı qalmaqalların fəallarından biri, səhnə rəisi Könül Hacıyevaya iradlarımı bildirdim. Doğrudan da, iş lazımınca görülməmişdi. Bu vaxt direktor içəri giribmiş, mənim də xəbərim yox. Müdiri görən kimi Könül səs-küy salmağa başladı və direktor hər ikimizə töhmət yazdı. Direktora dedim ki, yazdığınız töhməti əsaslandırın.

- Hazırda teatrın direktoru kimdir?

- Bizim hazırkı direktor Mingəçevirdəki “Çinar” restoranının keçmiş videooperatoru, “politexnik”i bitirmiş Səxavət Məmmədovdur. Bu adam “EL” televiziyasında yeddi ay işləyib və hansısa restorana borcuna görə oradan uzaqlaşdırılıb.

- Necə yəni restorana borcuna görə?

- İcazə verin, deyim. Onun “Premyer” videostudiyası var. Hazırda o studiya teatrın zirzəmisində yerləşir.

- Yəni bu studiya qanuni şəkildə fəaliyyət göstərir?

- Təbii ki, qanunsuzdur. Əvvəlcə başqa yerdə işləyirdilər, Səxavət Məmmədov direktor təyin olunandan sonra studiya teatrın zirzəmisində yerləşdi. Bu adam teatrın qarderobunda kafe açıb. Teatrın kiçik zalı əlavə məşqlər üçündür, amma Səxavət Məmmədov orada proyektorla tələbələrə kino verdirir, zorla bilet satdırır.

- Tələbələrə, yoxsa şagirdlərə?

- Tələbələr də olur, şagirdlər də.

- İndi mənə dedikləriniz barədə Səxavət Məmmədovla söhbətiniz olubmu? İradlarınızı bildirmisiniz?

- O, teatra gəlməmişdən keçmiş inzibatçının dostu idi deyə saxta bilet çıxarıb satırdılar.

- Siz mənim sualıma cavab verin. Bu barədə onunla söhbətiniz olub?

- Bəli, bir neçə dəfə irad bildirmişəm. Hətta üzbəüz söhbətimiz də olub. Dünən məsələ ilə bağlı nazirliyin mətbuat katibi İntiqam Hümbətovla danışdım. Dedi ki, bu barədə rəsmi məktub yazın.

- Teatrda başqa hansı neqativ hallar var?

- Biz həmkarımızın tərəfini saxlayırıqsa, haqsızlığa qarşı çıxırıqsa, bunu “qruplaşma” adlandırırlar. Teatrda qruplaşma rəhbərlik tərəfindən yaradılıb. Bizdən keçmiş rəhbərliyin heyfini çıxır.

- Niyə keçmiş rəhbərliyinn heyfini çıxsın ki? Bəlkə, aralarında prinsip olub?

- Səxavət Məmmədovu teatra gətirən əvvəlki direktor olub. Hətta keçmiş direktorumuz burada müavin kimi qalmaq istəyirdi, alınmadı. Müddəti bitdi və getdi.

- Əgər bu direktoru, siz dediyiniz kimi, əvvəlki direktor gətiribsə, niyə aralarında prinsip olmalıdır?

- Onların arasında prinsip yoxdur.

- Amma indicə dediniz ki, prinsip var.

- Yəni, bizdən heyfini çıxır.

- Səxavət Məmmədov əvvəlki direktorun dövründə teatrda hansı vəzifədə işləyirdi?

- Onlar yaxın dost olublar, hər gün “Çinar” restoranında bir yerdə oturublar. Biletlərin surətini Səxavət Məmmədov çıxarıb satırdı.

- Bəs bir yerə iki bilet satılanda problem yaranmırdı?

- Xeyr, yaranmırdı.

- Bu, necə mümkündür ki?

-Teatrın biletləri say hesabı ilə nazirlik tərəfindən gəlir. Yəni, bilet satıldısa, pulu nazirliyə göndərilməlidir. Amma surətini çıxarıb satıb, pulu ciblərinə qoyurdular. Biletləri də nazirliyə göndərirdilər ki, guya bilet satılmayıb.

- Səxavət müəllim nə vaxta kimi videoperator işləyib?

- 1997-ci ildən 2005-ci ilə qədə işləyirdi. Hazırda 37 yaşı var.

- Teatrın direktor müavini Vüsal Məmmədovla bağlı nə deyə bilərsiniz?

- O, neytral insandır. Baş verənlərdə onun təqsirkar görmürəm. Çünki o özü bu hadisələrdə pərt olmuş vəziyyətdə görünür.

- Sizcə, o, aktyorların tərəfindədir?

- Direktor tərəfdə olsa da, onu günahkar görmürəm.

- Əməkhaqlarınızı vaxtında ala bilirdiniz?

- Bizim məvacibimiz həmişə vaxtında verilib.

- Ayda nə qədər məvacib alırdınız?

- Əlimə çatan əməkhaqqım 168 manat olub.

- Deməli, hazırda teatrın işçisi sayılmırsınız...

- Dekabrın 5-də gizli əmr verilib və 9-da bilmişəm.

- Bundan sonra fikriniz nədir? Mübarizə aparacaqsınız, yoxsa teatrdan uzaqlaşacaqsınız?

- Mən sona qədər mübarizə aparacağam. Əlimdə icazə barədə ərizələrim var. Dünən işdən çıxmağımla bağlı əmrin surətini almaq üçün teatra getmişdim. Teatrın qabağına polis tökmüşdülər ki, birdən hay-küy salaram, polis məni tutsun. Amma mən bu təxribata getmədim. Hətta mənim sözümü deyən həmkarlarımı da təxribata getməkdən çəkindirdim. Dedim ki, qalmaqal yaratsalar, susun.

- Teatrda elə adamlar varmı ki, adı ştatda olsa da, işə gəlmir?

- Bizdə qaynaqçı ştatında adam var, qaynaq işindən xəbəri yoxdur. Son zamanlar bir neçə nəzarətçinin də işdən qovulma planı hazırlanıb. Onların yerinə min manat alıb, yeni işçi götürmək istəyirlər. Bu barədə telefon danışıqları da var.

- Kimin telefon danışıqları?

- Bizdə zalda 4 nəzarətçi olur. Planlar həyata keçməliydi. İndi qalmaqal olduğuna görə planı saxlayıblar.

- Nəzarətçi nə qədər əməkhaqqı alır ki, işə götürməyə 1000 manat versin?

- Onlar 110 manat alırlar.

- Sizi niyə belə sıxışdırdılar?

- Mən sözümü deyirəm, mətbuata açıqlama verirəm.

- Amma sizə deyə bilərlər ki, ixtisaslı aktyor deyilsiniz, şərqşünassınız...

- Bunu mənə deyə bilmzələr. Çünki bizim teatrdakıların 90 faizinin heç bir təhsili yoxdur. Orada işləyənlərin bəzilərinin haradan gətirildiyini biləndə, adam utanır.

- Haradan gətiriblər ki?

- Mən demirəm ki, bu işlər pisdir. Biri maşın yuyub, biri aşpaz işləyib, biri hansısa restoranda əxlaqsızlıq edib. Amma indi gəlib burada işləyir.

- Sizin səsləndirdiyiniz yetərincə ağır ittihamlardır. Dediklərinizi sübut edə bilərsiniz?

- Bəli, belə insanların arxivləri hətta polis orqanlarında da olur. Lazım gələndə hər bir şeyi sübut etmək çox asandır. Bizim teatrda təhsilli yeganə insan var idi, o da işdən qovulmuşdu - Əsmər Qurbanova. Bu adamın 25 ilə yaxın teatr təcrübəsi var.

- Bəs oradakı xalq artisti və əməkdar artislərin təhsili yoxdur?

- Əməkdar artist Akif Mirabovun heç bir təhsili yoxdur.

- Bəs əməkdar artist Ella Yaqubova?

- O, pedaqoji texnikum bitirsə də, əsl sənətkardır.

- Xalq artisti Qəzənfər Abbasov necə?

- O, bizim keçmiş baş rejissorumuzdur. Qəzənfər Abbasov indi teatrda işləmir. Onun da heç bir təhsili yoxdur. Arabir teatra tamaşa hazırlamağa gəlir.

- İbrahim bəy, söhbətimizdə səsləndirdiyiniz fikirlərin yazılmağına razısınızmı?

- Əlbəttə, razıyam.

İntiqam VALEHOĞLU

P.S. Mingəçevir Dövlət Dram Teatrının direktoru Səxavət Məmmədovun aktyorun ittihamlarına cavabını sabah saytımızdan oxuya bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm