• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Gənc ifaçı Şamaxıda klip çəkdirəcək

Gənc ifaçı Şamaxıda klip çəkdirəcək

Beynəlxalq Muğam Müsabiqəsinin diplomantı, gənc xanəndə Nişanə Baxışovanın Publika.Az-a müsahibəsi


- Bu günlərdə Fransadan səfərdən qayıtmısınız. Səfər nə ilə bağlı idi?

- Fransadan çox gözəl təəssüratlarla qayıtmışıq. Azərbaycan nümayəndə heyəti ilə mayın 29-dan iyunun 6-dək İsveçrədə və Fransada qastrol səfərindəydik. Fransada konsert proqramı ilə çıxış etdik. Mədəniyyət və Turizm Nazirliyi və Xarici İşlər Nazirliyinin dəstəyi ilə mayın 30-da İsveçrənin Cenevrə şəhərində qala konsertimiz oldu. Daha sonra Fransaya yola düşdük. Burada 3 şəhərdə konsert verdik. Xüsusilə, Evian və Tinyon şəhərlərində keçirilən konsertlər yaddanqalan oldu. Belə ki, Azərbaycanın Şamaxı şəhəri ilə Fransanın Qaylard şəhəri qardaş oldu.

Mən səhnəni həmkarım Elbrus Niftəliyevlə bölüşdüm. Bir saat davam edən konsertdə muğam, caz, vokal, milli rəqslərimizdən ibarət nömrələr təqdim olundu. Xarici vətəndaşların bizə münasibətləri çox yüksək səviyyədə idi. Biz mahnını ifa edərkən tamaşaçılar arasında göz yaşlarını saxlaya bilməyənlər də vardı. Bir sözlə, çox razı qaldılar. Bizə söylədilər ki, istəyirik ki, siz bizim ölkədə hər il konsert proqramı ilə çıxış edəsiniz. Biz bu təklifi fərəh hissi ilə qarşıladıq.

- Hazırda nə kimi yaradıcılıq işlərilə məşğulsunuz?

- Dövlət tədbiri ilə əlaqədar klipmizin bəzi çəkiliş prosesi yarımçıq qalıb. İnşallah, işimizi tamalayandan sonra, bu barədə ilk sizə məlumat verəcəyəm. Ustadım Əlibaba Məmmədovun bəstəsi olan “Gəl bizə yar” mahnısına doğulduğum Şamaxı şəhərində klip çəkdirəcəyəm. Bunu yaxın günlərdə bitirmək fikrindəyəm.

- Bəzi dövlət konsertlərində iştirak edən xanəndələrin seçimini kimlər edir?

- Mədəniyyət və Turizm Nazirliyi tərəfindən seçilirik. Və seçiləndə də harada olursa, Azərbaycanı yüksək səviyyədə təmsil etmişəm. Təbii ki, məni istedadıma görə seçirlər.

- Həmyaşıdlarınızın ifasında, səhnə mədəniyyətində, geyimlərində və s. xanəndəyə yaraşmadığını qocaman sənətkarlardan eşidirik. Gənc xanəndə olaraq, bu barədə nə deyə bilərsiniz?

- Hələ ki bizim sahədə hər şey çox yüksək səviyyədədir. Başqa heç nə deyə bilmərəm. Hər bir şəxs özünə cavabdehdir. O cümlədən, mən də özümə cavabdehəm. Arzu edirəm ki, muğam sənətimiz bu cür də davam etsin.

- Gənc xanəndələr ifa etdikləri muğamlarda yeni qəzəllər səsləndirmirlər...

- Bəli, düzdür... burada elə həmin xanəndələrin özləri təqsirkardır. Ustadımın bir sözü vardı: “Nə qədər öz üzərində işləsən, nə qədər günü-gündən yeni qəzəllər səsləndirsən və nə qədər xalq mahnılarını ifa etsən, özünə bir o qədər hörmət qazanarsan”.

- Nəzərə alın ki, elə ustad xanəndələr var ki, neçə ildir ifa etdikləri muğamda eyni qəzəlləri səsləndirirlər. Bəs buna nə sözünüz?..

- Eyni muğamla, qəzəllə tamaşaçıları yormaq olmaz. Əgər gündəlik eyni mahnını ifa edəcəksənsə, inanmıram ki, bununla yaxşı nə isə qazanasan. Eyni sözləri, musiqini nə qədər təkrar etmək olar? Yeri gələndə özüm də təkrarçılığa yol vermişəm. Amma onu etiraf edim ki, bu baxımdan əvvəllər tənbəl idim. Hazırda isə çalışıram.

- Xanəndənin bəstəkar mahnısı oxuması və yaxud müğənninin muğam oxuması... sizcə, bu ifaçıların janr baxımından seçimləri düzgündür?

- Niyə də olmasın? Əgər bir insanın səsi, qabiliyyəti və ümumiyyətlə, istedadı varsa, həmin şəxs muğam da, caz da, pop da oxuya bilər. Əgər həmin ifaçının sənəti xanəndəlikdirsə, elə muğam oxusa, yaxşıdır. Həmyaşıdlarımın ifasında bir nöqsan hiss edirəmsə, buna cavab verirəm, özlərinə deyirəm. Min şükür, hazırda elə də problem yoxdur. Mən xanəndəyəm. Estrada mahnısını bir dəfə oxuya bilərəm. İkinci dəfə isə hətta istəsəm də o mahnını oxuya bilmərəm. Çünki artıq mənim yolum var.

- Bəzi müğənnilər gənc xanəndələrdən muğam dərsləri alırlar. Niyə qocaman sənətkarlara deyil, məhz gənc xanəndələrə müraciət edirlər? Maddi məsələ ilə bağlıdır?

- Muğamda hər hansı tələbəni və yaxud müğənnini hazırlaşdırmağın, maddiyyatla heç bir əlaqəsi yoxdur. Şəxsən mən özüm də dərs keçirəm. Tələbələrimə deyirəm ki, düz yolunuzu seçin və bu yolla gedin. Çünki müəllimlərimdən belə öyrənmişəm.

Fuad Mədətov
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR