“Canlı səs“-in aparıcıları arasında nə baş verir? - EKSKLÜZİV
Bizi izləyin

Tabloid.az

“Canlı səs“-in aparıcıları arasında nə baş verir? - EKSKLÜZİV

Publika.Az xəbər verir ki, “Azad Azərbaycan” telekanalının baş prodüseri Mirsalam Mirsalamov adıçəkilən telekanaldan uzaqlaşandan sonra onun layihə rəhbəri və aparıcısı olduğu “Canlı səs” verilişinə də yeni aparıcı təyin olunub. Belə ki, tanınmış teleaparıcı Cavid Gülə “Canlı səs” verilişinin idarə olunması həvalə edilib.


Cavidin aparıcısı olduğu verilişin ilk qonaqları isə xanəndələr Cabir Abdullayev və Zakir Əliyev oldu ki, bu da birmənalı qarşılanmadı. Çünki estrada müğənnilərinin yarışdığı verilişdə xanəndələrin üz-üzə gəlməsi, verilişin konsepsiyasına uyğun gəlmirdi. Məlum məsələdir ki, xanəndələr hər zaman canlı ifalarıyla və performanslarıyla seçiliblər. Bu isə layihənin təhrif olunmasına gətib çıxarıb.
Məsələ ilə bağlı “Canlı səs”-in layihə rəhbəri və ilk aparıcısı olan Mirsalam Mirsalamov ilə əlaqə saxladıq. M.Mirsalamov Publika.Az-a açıqlamasında bildirdi ki, o, verilişin hazırkı vəziyyətindən də narazıdır.

“Mən “Canlı səs” verilişini fikirləşəndə və yaradanda bir sərt qanun qoymuşdum ki, fonoqrama olmamalıdır, hər şey canlı olmalıdır. Mən bunu təklif etdim və tamaşaçıların qarşısına çıxdım. Verilişi başqa cür təsəvvür edirdim. İndi Cavid belə görüb, belə də idarə edir. Verilişin yaradıcısı olaraq onu deyə bilərəm ki, mən bəyənmirəm. Verilişi elə fikirləşməmişdim. Amma bu mənim heç vecimə də deyil. Əgər bunu mən fikirləşmişəmsə, bundan sonra da yaxşısını fikirləşərəm. Hazırda Bakıda deyiləm. Moskvadayam. İstirahət edirəm. Bakıya gələndə, bunu bir daha nəzərdən keçirəcəyəm”.

Məsələ ilə bağlı “Canlı səs”-in hazırkı aparıcısı Cavid Gülün də fikirlərini öyrəndik. Cavid bu barədə məsuliyyət daşımadığını və verilişin növbəti çəkilişlərində dəyişikliklər olacağını söylədi:

“Cabir Abdullayev ilə Zakir Əliyevin qarşı-qarşıya gəlməsi haqqında onu deyə bilərəm ki, bu, məndən əvvəl danışılmışdı. Sonda da həmin verilişin aparıcısı olmaq mənə tapşırılmışdı. Bu barədə bir söz deyə bilmərəm. Çünki mən verilişə nə əvvəlcədən hazırlaşmışdım, nə də formatdan xəbərim var idi. Çəkiliş prosesinə iki gün qalmış məni çağırdılar. Qonaqlar da məndən iki həftə əvvəl məlum olmuşdu. Artıq orada nə baş veribsə, bunun da məsuliyyətini mən daşımıram. Bu məsələ məndən əvvəl Mirsalam ilə danışılıb. Axı mən verilişin hazırlanmasında və bu layihənin danışıq proseslərində iştirak etməmişəm. Çıxıb oxuyublar da... Nə deyə bilərəm?! Amma bundan sonra verilişin formatı dəyişəcək. Artıq veriliş yarışma xarakterli olmayacaq. Yəni ki, iki müğənni çıxıb yarışmayacaq. Sadəcə olaraq, bəzi sevilən ifaçılar dəvət olunacaqlar və onlar canlı performanslarını nümayiş etdirəcəklər”.

Qeyd edək ki, bugünlərdə M.Mirsalamov adıçəkilən telekanaldan uzaqlaşmağı haqqında KİV-ə məlumat verib.

Fuad Mədətov
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm