Mingəçevir teatrında ara qarışdı - aktyorlar direktora qarşı birləşiblər
Bizi izləyin

Tabloid.az

Mingəçevir teatrında ara qarışdı - aktyorlar direktora qarşı birləşiblər

Mingəçevir Dövlət Dram Teatrında aktyorlarla rəhbərlik arasındakı gərginlik səngimək bilmir. Aktyor İbrahim Salamovun işdən çıxarılmasını haqsızlıq hesab edən bir qrup aktyor işdən çıxmaqla bağlı ərizə yazıb.

İşdən çıxmaqla bağlı ərizə yazanlardan biri, aktrisa Əsmər Qurbanova Publika.az-a bildirib ki, teatrın direktoru Səxavət Məmmədov onların haqsızlığa qarşı mübarizəsini “qruplaşma” adlandırır:


“İki il əvvəl də bu teatrda intriqalar yaranmışdı və bizi işdən çıxarmışdılar. Amma məhkəmə vasitəsilə sübut olundu ki, biz haqlıyıq. Teatrın Həmkarlar Təşkilatı iki il əvvəl bizə qarşı elədiklərini indi başqa bir həmkarımıza -İbrahim Salamova qarşı etdi və onu haqsız yerə işdən çıxardılar. Hətta teatrda söz-söhbət gəzir ki, növbəti oyun bizim üstümüzdə qurulmalıdır. Belə şey olur? Guya biz orada qruplaşma yaratmışıq. Sözün düzünü dediyimizə görə adımızı “qruplaşma” qoyublar”.

Ə.Qurbanova bildirib ki, işdən çıxmaqla bağlı ərizəni ilk olaraq aktrisa Günel Əhmədova yazıb. Onun ardınca isə Asim Muxtarov, Rizvan Əzimzadə və özü kollektivdən ayrılmaq istədikləri barədə ərizəni rəhbərliyə təqdim ediblər:


“Teattrdakı haqsızlıqlara dözmək olmur. Direktor Səxavət Məmmədov nazirliyə ərizə yazıb və orada göstərir ki, biz qruplaşma yaratmışıq. Absurd ittihamdır. İki ildir bu teatrda işləyirəm. Bundan əvvəl isə 16 il Sumqayıt Teatrında işləmişəm. Amma belə şey görməmişəm. Bu adam iqtisadçıdır, getsin iqtisadiyyatı ilə məşğul olsun. Teatr sənət ocağıdır. İşdən çıxmaqla bağlı ərizəmdə də qeyd etmişəm ki, teatrın binasına baxanda gözünə ancaq pul görünən direktor mənə lazım deyil və onunla işləyə bilmərəm”.

Aktrisa əməkdaşımızın “ərizənizi geri götürmək fikriniz varmı” sualını belə cavablandırıb:


“Nə qədər ki bu adam direktordur, mən orada işləyə bilmərəm. Bu fikir hamımıza aiddir. O, teatr adamı deyil, ancaq pul güdür. Zirzəmini nəsə edib, qarderobda kafe açıb. Polis, yoldan keçən başqa adamlar gəlib orada otururlar. Məgər teatr kafe ocağıdır, yoxsa mədəniyət? Kiçik zalda məşq edə bilmirik. Bunun üçün müdiriyyətdən xüsusi icazə almalıyq. O da ya icazə verir, ya da vermir”.

Səxavət Məmmədovun İbrahim Salamovun Əsmər Qurbanovanı əxlaqsızlıqda ittiham etməsiylə bağlı fikirlərinə isə aktrisanın reaksiyası belə olub:

“Buyursun, bir fakt qoysun ortalığa. Bütün bunlar bizim haqsızlığa qarşı mübarizə aparmağımıza görədir. İbrahim Salamovla bağlı heç bir problemim yoxdur. Sadəcə, bir həmkarım kimi onun haqqının pozulmağını istəmirəm”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm