Aygül Qaradağlı: “İstəmədim tamaşaçılar qırışlarımı görsün”
Bizi izləyin

Tabloid.az

Aygül Qaradağlı: “İstəmədim tamaşaçılar qırışlarımı görsün”

Onu bir qədər çətinliklə müsahibəyə razı sala bildik. Bir xeyli tərəddüd etdi, “Nədən danışacağıq ki?” deyib soruşdu. Müsahibə verəcək qədər bu sənətdə zirvə fəth etmədiyini dedi.

Söhbətə də bu fikirlərlə başladı:“Nədənsə özümə bu sənətdə önəm verə bilmirəm. Ana-atamın peşəkarlığına, sənətinə dəyər verirəm. Onlar bu peşənin zirvəsində olublar. Mən isə yanından ötəri keçmişəm sadəcə. Onların əlindən su içmişəm, keyfiyyətləri qanla, genetika ilə mənə keçib. Televiziyada simam görünüb, ola bilər kiminsə yadında qalmışam, kiminsə xoşuna gəlmişəm. Amma zirvə fəth etməmişəm”. Əslində təvazökarlıq etdi. Bir zamanlar Azərbaycanın ən məşhur diktorlarından biri idi. Onu çoxları tanıyırdı, çoxları sevirdi. Amma sonradan bu gözəl sima bir daha mavi ekrandan boylanmadı. Arada yalnız səsi eşidildi - dublyaj sayəsində. Vəssalam... Çoxdandır nə siması görünür, nə səsi eşidilir, nə də sorağı gəlir.

Beləliklə, müsahibimiz zamanının populyar diktoru Aygül Qaradağlıdır. Aygül Qaradağlı əfsanəvi diktorlar Aydın Qaradağlı və Gültəkin Cabbarlının qızıdır. Onu da qeyd edək ki, Aygül ismi də sıradan bir isim deyil. Aydın və Gültəkin adlarının ilk hecalarının birləşməsindən yaradılıb.

- Necə oldu televiziyaya gəldiniz?

- Əslində mən musiqiçiyəm. Bülbül adına orta ixtisas musiqi məktəbində oxumuşam. Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında tanınmış Ədilə Vəkilovanın sinfində təhsil almışam. Oranı əla qiymətlə bitirəndən sonra təyinatım Azərbaycan Dövlət Teleradio Komitəsinin Simfonik Orkestrinə verilir. Orada yer olmadığı üçün məni Xalq Çalğı Alətləri Orkestrinə pianoçu vəzifəsinə keçirirlər.

AzTV mənə yad məkan deyildi, əksinə, doğma idi. Çünki uşaqlığım orada keçmişdi. Ordakı yaşlı sənətkarların gözünün qarşısında böyümüşdüm. Atam tez-tez məni və bacım Xanımı özü ilə işə aparırdı. Studiyada otuzdurub deyirdi “bax, sakit olun ha”. Həmin anda atamız dönüb olurdu tamam başqa biri. “Danşır Bakı” deyəndə ona elə qəribə baxırdıq...

Tale elə gətirdi ki, məni təyinatla məhz o doğma məkana göndərdilər. Təzə işə başlayanda Nərgiz Cəlilovanı, Nailə İslamzadəni gördüm. Mənim də ürəyimdən diktorluq etmək keçdi. Bu, birdən-birə, anidən baş verdi. Uşaqlıqda məndə belə bir istək, arzu olmamışdı heç vaxt. Amma onları görəndə fikrim dəyişdi. Rafiq Hüseynova yaxınlaşıb istəyimi ona dedim. Təəccübləndi, çünki konservatoriyanı əla qiymətlərlə bitirdiyimi bilirdi, məni yaxşı musiqiçi kimi tanıyırdı.

Dedi “Aygül, sənin gül kimi sənətin var”. Dedim, yox, Rafiq müəllim, özümü sınamaq istəyirəm. Razılaşdı. Məni yoxladılar, mətn verdilər oxudum. Xoşlarına gəldi. Ştata götürdülər və 1984-cü ildə televiziya diktoru kimi işləməyə başladım.

- Televiziyada ilk çıxışınızı xatırlayırsız?

- “Səhər görüşləri” verilişi vardı. Hər bazar efirə gedirdi. Həmin dövr üçün olduqca baxımlı veriliş idi. İlk dəfə orada Şərqiyyə Hüseynova məni təqdim etdi. Tamaşaçılarla salamlaşdım, proqramı dedim. Həmin gün “Günün ekranı”ndan əvvəl də efirə çıxıb, bir-iki proqramı təqdim etdim. Birinci çıxışım bu oldu. Sonra ardı gəldi. İnformasiya proqamlarında, “Günün ekranı”nda efirə çıxmışam, “Dalğa”nın, bir neçə uşaq verilişlərinin aparıcısı olmuşam.

- Neçə il AzTV-də çalışdız?

- 10 il

- Bəs niyə davam etmədiz?

- İstəmədim tamaşaçılar mənim yaşlanmağımı, qırışlarımı görsün (gülür). Fikirləşdim ki, hər yerdən vaxtında getmək lazımdır. Həm də öz sənətimə qayıtmaq istədim. Düzdür, diktor işlədiyim müddətdə paralel olaraq Asəf Zeynallı adına musiqi məktəbində işləyirdim. Sənətimi atmamışdım. Amma televiziyadan ayrılandan sonra Bülbül adına orta ixtisas musiqi məktəbinə keçdim. O vaxtdan indiyə qədər orada işləyirəm, fortepiano ixtisası üzrə dərs deyirəm, yaxşı şagirdlərim var, işimdən də məmnunam.

Düzü, hər iki sənəti xoşlayırdım. Televiziyanı ona görə sevirdim ki, valideynlərimin sənətini davam etdirirdim. Amma musiqi öz ixtisasım idi. Üstəlik musiqini çox sevirəm, onu heç vaxt atmamışam. Və açığı, həmişə musiqiyə daha çox üstünlük vermişəm.

- Televiziyada işlədiyiniz müddətdə hansı maraqlı hadisələr baş verib?

- İşlə bağlı elə bir hadisə yadımda deyil. Amma yadıma gəlir ki, bir gün Vasif Adıgözəlov məni televiziyada gördü. Axı o, məni pianoçu kimi tanıyırdı. Soruşdu “sən burda neyləyirsən?” Dedim burda işləyirəm. Qayıtdı ki, “sənətindən möhkəm yapış, öz peşənin ardınca get. Gedər o gözəlik sənə də qalmaz”.

- Siz bir müddət də “Lider”də dublyajda çalışdınız.

- Hə, AZTV-dən ayrılandan sonra müəyyən müddət ümumiyyətlə, televiziyadan uzaqlaşdım. Sonra məni “Lider” televiziyasına dublyaja dəvət etdilər. Orada özümü kəşf etdim sanki. Çox maraqlı iş idi. Obrazları səsləndirmək, duymaq, xarakterini səs vasitəsilə göstərmək, incəlikləri tutmaq. Məni tamaşaçılar daha çox “Klon” serialında Hadenin səsindən tanıyırlar. O filmdə 20 obraz səsləndirmişəm. Hamısı da fərqli, müxtəlif obrazlar, səslər idi. Çalışırdım hansısa obrazın xüsusiyyətini tapıb səs tembrimlə çatdırım. Onların heç biri oxşamasın.

Bu işdə mənə musiqini bilməyim kömək edirdi. Obrazın orijinal səsini eşidirdim deyə, çalışırdım aktyorun yerinə oynamayım, amma hansısa incəliyi tutub obraza uyğun səsləndirim. Bunu edə bilmişəmsə, nə xoş mənə. Mən uşaq obrazı da səsləndirmişəm, yaşlı insanı da.

Amma nədənsə tamaşaçıların yadında Hade obrazı qaldı. Məni o səslə tanıyırdılar, xoş münasibət bildirdilər. Əslində elə mənə də o, doğmadır. Çünki o səsimdən heç bir filmdə istifadə etməmişəm. “Klon”dan sonra başqa filmlər də səsləndirdim. Amma sonra dublyajdan da aralandım.

- Televiziyanı da tez tərk etdiz, dublyajı da. Niyə?

- Çağırmadılar da (gülür). Mən özüm qapı döyən deyiləm. Heç vaxt gedib kiməsə ağız açmaram. Kiminsə yadında olsam, məni istəsə, desə ki, bu işdə Aygülü görmək istəyirəm, onda çağırar. Bu saat zənglərlə telefonumu dağıdıb məni harasa çağırmırlar. Bilmirəm nəyə görə. Həmişə professionaldan çəkinirlər. Mən bunu giley kimi demirəm.

Heç vaxt heç yerə gedib özümü peşəkar kimi təqdim etmərəm. Bir də ki, mən öz əsas işimə arxayınam. Sırf televiziya işçisi deyiləm axı. Amma hazırda “Lider” kanalında redaktor vəzifəsində çalışıram. Oradakı aparıcılara nitq mədəniyyətindən dərs keçirəm. Musiqi məktəbindəki işimi də davam etdirirəm.

- Dublyajda işləyən peşəkar kimi bu gün Azərbaycanda həmin sahədəki vəziyyəti necə qiymətləndirirsiz?

- Elə şeylər olur ki, onlar məni qıcıqlandırır, qəbul etmirəm. Ya da hansısa məqamda səhv tuturam. Aparıcılarda da ciddi səhvlər olur axı. Bir də görürsən sözü düz demirlər. Ləhcədə danışırlar, vurğunu düz vurmurlar. Hərdən istəyirəm zəng edib deyim ki, bu sözü belə demirlər. Mənim atam üçün söz çox dəyərli idi. Sözə böyük qiymət verirdi. Əgər sözü tapdalayırlarsa, hörmət qoymurlarsa, ögey münasibət bəsləyirsə, bu, artıq adamı qıcıqlandırır. Onu eşitməmək, əsəbləşməmək, bütün bunlardan uzaq olmaq üçün çox vaxt yerli kanallara baxmıram.

- Aktrisalardan biri danışırdı ki, “bir dəfə dublyaja getmişəm. Mətndə “buruncuqlar” sözünü gördüm. Nə demək olduğunu anlamadım. Dublyaj prosesində filmin orijinalını eşidəndə anladım ki, demə bu “noski” sözünün tərcüməsiymiş”.

- O qədər belə hadisələr olub. Danışsam, elə bilərsiz nağıldı. Mən açıq deyim ki, rus dilliyəm. Məktəbdə, Konservatoriyada rus dilində təhsil almışam. Amma evdə rusca danışmağa ixtiyarımız yox idi. Atam icazə vermirdi.

Bir də görürsən tərcüməçi mətni ruscadan tərcümə edirdi, amma incəlikləri bilmirdi. Hərfi tərcümə edirdi. Biz mətni yoxlayırdıq, mənasını biləndən sonra səsləndirirdik. Sözə, tərcüməyə həssas yanaşırdıq. Sadəcə, tərcümə edəndə də gərək savadlı edəsən. Gərək heç olmasa mütaliən olsun, bir neçə kitab oxuyasan.

- Ümumiyyətlə, çoxları bizim kanallarda nümayiş olunan filmlərə baxmadığını deyir. Sizcə, belə bir vəziyyətin yaranmasının başlıca səbəbi nədədir?

- İşin peşəkar əlində olmaması. Hər kəs işinin peşəkarı olmalıdır. Bizim nəslimiz pedaqoq nəsli olub. Atamın babası Həsənəli xan Qaradaği maarifçi idi. “Məclisi-fəramuşan”ın faəl üzvü idi. “Vətən dili” ilk əsaslı Azərbaycan dərsliyinin təsisçisilərindən biridir. Şuşada öz vəsaiti ilə ilk məktəbi o açıb, ilk dəfə uşaqları parta arxasında otuzdurub, lövhədən istifadə edib. Babamın qardaşları da müəllim olub. Eləcə də atam. Həmişə deyirdi ki, “gənclər məndən öyrənirlər. Ona görə də mən sözü düzgün tələffüz etməliyəm. Sabah baxıb deyəcəklər Aydın Qaradağlı belə demişdi axı”.

Aparıcılar danışırsa, düzgün danışmalı, peşəkar olmalıdır. Çünki gənc nəsil onlara baxıb nəsə öyrənir. Bir də ki, gərək səs də adamın qulağına və ürəyinə yata. Elə səslər olur ki, adam heç qulaq asmaq istəmir. Nə rola, obraza yaraşır, nə adamın qulağına yatır. İstəyirsən kanalı tez çevirəsən. Belə şeyləri görəndə ürəyim ağrıyır, pis oluram. Amma neyləyə bilərəm?

- Hərdən televiziya üçün darıxırsız heç?

- Hə, darıxıram. Hərdən uşaq verilişi aparmaq keçir ürəyimdən. Elə bir yaşdayam ki, uşaqlarla ünsiyyətdə olmaq, danışmaq istəyirəm. Amma vaxt olmur. Əgər veriliş aparırsansa, gərək ona bağlı olasan. Hər halda bu, mənim xasiyyətimdir. Bir iş görürəmsə, ona o qədər həssas yanaşıram ki, başqa işlər görmürəm. Yəni, televiziyada işləyirsənsə, gərək sırf televiziya işçisi olasan.

- İstədiyiniz verilişə sizi dəvət etsələr gedərsiz?

- İnanmıram dəvət etsinlər. Dəvət eləməyəcəklər. Eləsələr, baxaram... Həm mənim üçün efirə çıxmaq şərt deyil axı. Bu yaşımda efirə çıxmağa da can atmıram. Efir cavan simaları sevir, yaşlıları yox. Əsas şərt efirə çıxmadan yaşlı və peşəkar nəsildən öyrəndiklərimi gənc nəslə öyrətməyimdir. Əgər təcrübəmi, bildiklərimi cavanlara az da olsa ötürə bilirəmsə, o zaman xoşbəxt olmağa dəyər. Deməli, mən bu həyatda elə-belə yaşamamışam.

Xəyalə Muradlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm