• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qaliblərin Eurovision Mahnı Müsabiqəsindən sonrakı karyerası

Qaliblərin Eurovision Mahnı Müsabiqəsindən sonrakı karyerası

Eurovision Mahnı Müsabiqəsinin 56 qalibi arasında musiqi karyerasını bitirib, fəaliyyətini digər sahələrdə davam etdirənlər az deyil. Lakin bir çoxlarının ulduz həyatı məhz Eurovision səhnəsindən başlayıb.

Publika.Az Eurovision.az saytına istinadən, bu qaliblərin bəzilərinin Eurovision Mahnı Müsabiqəsindən sonrakı həyatından ən maraqlı məqamları sizinlə bölüşür.

1956-cı ildə keçirilən Eurovision Mahnı Müsabiqəsinin ilk qalibi Lis Assia (Lys Assia) səhnə həyatına rəqqasə kimi başlayıb. 1940-cı ildən isə müğənni kimi çıxış edir. 1965-ci ildə ailə həyatı qurduqdan sonra həyat yoldaşının otel biznesində çalışmağa başlayır. 1995-ci ildə həyat yoldaşının vəfatından sonra yenidən səhnəyə qayıdır. Eurovision Mahnı Müsabiqəsinin ilk qalibi sonrakı illərdə demək olar ki, hər il bu layihəyə fəxri qonaq kimi dəvət olunur. 1958-ci ildə isə İsveçrəli müğənni kraliça II Elizabeta qarşısında çıxış edir.

Eurovision Mahnı Müsabiqəsi 1957-nin qalibi Jori Broken (Corry Brokken) müxtəlif filmlərdə çəkilir. 1976-ci ildəki Eurovision şousunun aparıcısı olur. Bundan sonra isə o, ümumiyyətlə musiqi karyerasına son verərək hakim olmaq qərarına gəlir.

Müsabiqənin 1959-ci il qalibi, Niderlandlı müğənni Tedi Şoltenin (Teddy Scholten) karyerası bir müddət yüksələn xəttlə davam edir. Lakin 1974-cü ildə şou biznes sahəsindən uzaqlaşaraq, Niderland Qırmızı Xaç Cəmiyyətinin ictimai əlaqələr üzrə mütəxəssisi kimi çalışır.

Jan Klod Paskalın (1961-ci ilin qalibi) Eurovision səhnəsində qazandığı qalibiyyət onun həyatında dönüş yaradır. Paskal özünü moda sahəsində sınayır, filmlərdə rol alır.

İtaliyalı müğənni, müsabiqənin 1964-cü il qalibi Ciqliola Çinkvetti (Gigliola Cinquetti) qələbədən sonra yeni bir hitlə bu yarışmaya qayıdır və bu dəfə 2-ci yerə sahib olur. Lakin Ciqliola sonradan peşə istiqamətini dəyişir. O, indiyədək peşəkar jurnalist kimi fəaliyyət göstərir.

İrlandiyalı təmsilçi Dana 1970-ci ildə qələbə qazanaraq "All Kinds of Everything" mahnısı ilə bütün Avropa tamaşaçılarının qəlbini fəth edir. O, bir müddətdən sonra musiqi fəaliyyətinə ara verərək, İrlandiyadakı prezident seçkilərində iştirak edir və topladığı səslərlə namizədlər arasında 3-cü yerdə qərar tutur. 1999-cu ildə isə Dana Avropa parlamentinə seçilir. Sonra yerli siyasətə atılır. Lakin bir müddət sonra siyasi fəaliyyətini donduraraq yenidən musiqiyə qayıdır.

1972-ci ildə Viki Lindrosun (Vicky Leandros) əsl ulduz həyatı başlayır. Həmin il müsabiqədəki qələbəsindən sonra Avropa, Kanada, Amerika və Yaponiyada möhtəşəm karyera qurur. 90-cı illərin sonunda "Titanik" filminin məşhur "My Heart Will Go On" mahnısının alman versiyasını yazdırır. Viki Yunanıstanda Pirey şəhərinin məsləhətçisi, daha sonra isə şəhər merinin müavini

vəzifəsinə seçilir. O, 2008-ci ilədək bu vəzifədə olur. Sonra yenidən musiqi aləminə dönür və Avropaya səyahət edir.

1974-cü ildə Eurovision səhnəsinə çıxarkən ABBA artıq kifayət qədər populyar idi. "Waterloo" mahnısı ilə qalibiyyəti əldə edən qrupun bundan sonra uğurunun ardı-arası kəsilmir. Onların oxuduğu hər mahnı hitə çevrilir. Qrup üzvlərindən Benny & Björn yazıçı kimi fəaliyyətlərini davam etdirir. ABBA dağılsa da, onun şöhrəti hələ də dillərdə gəzir.

Eurovision Mahnı Müsabiqəsi Kanadalı müğənni Selin Diona (Celine Diona) fenomenal uğur gətirir. 1988-ci ildə "Ne Partez Pas Sans Moi" mahnısı ilə qələbə qazanan Selin Dion bundan sonra hər mahnısı ilə bütün dünyada hitlər şahzadəsinə çevrilir. O, bütün dövrlərin ən çox musiqi albomu satılan müğənni kimi məşhurdur.

Eurovision Mahnı Müsabiqəsi Ukraynalı müğənni Ruslananın həyatını tamamilə dəyişir. Bütün Avropa çartlarını zəbt edən müğənni bundan sonra siyasətə atılır və 2006-2007-ci illərdə Ukrayna parlamentinin üzvü olur. Qələbə münasibətilə şəxsən Ukrayna prezidentinin mükafatını alan Ruslana UNİCEF-in xoşməramlı səfiri təyin edilir.

2011-ci ilin qalib dueti olan Eldar və Nigar Eurovision səhnəsindən vətənə əsl ulduz kimi dönür. Eldar Qasımov hazırda Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələr ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirir. O, rejissor Yuli Qusmanın lentə aldığı "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsində baş rollardan birinə çəkilib. Nigar Camal da karyerasını uğurla davam etdirir. Nigar hazırda yeni musiqi albomu üzərində işləyir.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR