Vaqif Mustafazadə musiqisi Londonda səsləndi
Bizi izləyin

Tabloid.az

Vaqif Mustafazadə musiqisi Londonda səsləndi

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan İncəsənəti Festivalı çərçivəsində görkəmli pianoçu, bəstəkar, caz-muğam janrının banisi, əməkdar incəsənət xadimi Vaqif Mustafazadəyə həsr edilən konsert olub.


Londonun məşhur “Mərkəzi Vestminster” salonunda təşkil edilən gecədə diasporumuzun təmsilçiləri, yerli və xarici ictimaiyyətin nümayəndələri də daxil olmaqla xeyli sayda sənətsevər iştirak edib.

“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev cazmenin uğurlu sənət yolu haqqında məlumat verib. Qeyd edilib ki, Vaqif Mustafazadənin şöhrəti vəfatından sonra da dünyaya səs salmaqda davam edib.


Vaqif Mustafazadə Dövlət mükafatı laureatı adına layiq görülüb. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib.


Beynəlxalq caz müsabiqələri və festivallarının laureatı olub. Vaqif Mustafazadənin nadir muğam-caz sintezi Azərbaycan musiqisinə yeni bir janr gətirib.


Vaqif Mustafazadə sənətinin Şərq və Qərb musiqisinin sintezini caz janrında ecazkar təcəssüm etdirən qızı Əzizə Mustafazadə tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.


“Buta” Festivalının növbəti tədbirləri haqqında məlumat verən N.Piriyev iştirakçılara xoş gecə keçirməyi arzu edib.


Sonra gecədə cazın "Azərbaycanlı şahzadəsi” kimi tanınan Əzizə Mustafazadə özünün bəstələdiyi musiqilərlə yanaşı, klassiklərin əsərlərini də ifa edib.


Caz ustasını məşhur musiqiçilər Ralf Cetto və Simon Zimbardo müşayiət ediblər. Onun ifasındakı muğam-caz sintezi tamaşaçıların böyük rəğbətini qazanıb.


Daha sonra görkəmli saksafon ifaçısı İqor Butman və gürcü müğənnisi və bəstəkarı Nino Katamadze, musiqiçilər Tamaz Kuraşvili (bas), David Abuladze (nağara), Zura Ramişvilinin (pianino) müşayiəti ilə gecəyə rəng qatıblar.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm