Türkləri evləndirən aparıcı: ”Ana olanda sevinmədim”
Bizi izləyin

Tabloid.az

Türkləri evləndirən aparıcı: ”Ana olanda sevinmədim”

“Dest-i İzdivac", “Esra Erolla İzdivaç”, “Esra Erolda Evlen Benimle” və “Esra Erolla” adlı evlənmə proqramları ilə hər yaşdakı izləyici kütləsinin diqqətini qazanan Esra Erol həyatda da elə ekranda gördüyümüz kimi şən, səmimi və yeri gələndə sözünü üzə deyən bir qadındır.

Üç il öncə oğul anası olan Esra Erol mənəvi dünyasının tamam dəyişdiyini xüsusi vurğulayır. Qazandığı uğuru isə o, nizamlı iş prinsipi və həlledici qərar qəbul etmək bacarığı ilə əsaslandırır. Həyatının heç bir anında hamiləlik dövründəki kimi səbəbsiz sevincə qərq olmadığını deyən Esra Erol həyatı və işləri ilə bağlı Türkiyə mətbuatına maraqlı açıqlamalar verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Ana olacağınızı öyrəndiyiniz o an nə hiss etdiniz?

- Ayaqlarım yerdən üzülmədi. “Aman Allahım, mən ana oluram” deyə bir sevinc də yaşamadım. Ağlıma gələn ilk şey karyeram idi. Bəlkə də, işləyən hər qadın öncə bu hissləri keçirir. Çünki bir tərəfdən televiziya proqramında aparıcıyam, bir tərəfdən də mənimlə bərabər işləyən bir qrup var. Düşüncələrim qarışıq idi. Ancaq həyat yoldaşım Əliyə ana olduğumu söylədiyim vaxt hər şey dəyişdi. Yəni, hamilə olduğumu öyrəndiyim vaxtla Əliyə ana olacağımı dediyim an hiss etdiklərim arasında dağlar qədər fərq var idi. Çünki bu, bizim uşağımız idi.

- Bəs sonrakı proses necə oldu?

- Çox əyləncəli idi. Hətta təxmin edə bilmədiyim qədər əyləncəli keçdi. Sevincli, atılıb-düşən, dinamik, enerjili bir hamilə qadın idim. “32 illik həyatınızın ən xoşbəxt anı nə idi?” deyə soruşsanız, “hamiləlik dövrüm” deyə bilərəm. Həyatımın ən böyük hissəsi studiyada keçir. Mən hamilə olduğumu bilmədən həkimə müayinəyə getdim. Təbii ki, özümdə qəribə hallar hiss edirdim. Yatmağı sevirəm, erkən oyanmağa başlayırdım, çox yemək yeməyi sevmədiyim halda iştaham artmışdı. Əliyə hamilə olduğumu söylədiyim vaxt o da təəccübləndi, üzündə özündən asılı olmadan sevincli bir ifadə yarandı. Sonra ürək bulantılarım başladı. Həmin dövrün xaricində ikimiz də çox xoşbəxt idik.

- Rahat hamiləlik idi?

- Mənim üç ayım çox çətin keçdi. İtirdiyim ikinci uşağımda da elə idi. Davamlı ürək bulantıları olurdu. Ancaq ilk üç ay... Sonra heç bir şikayətim olmadı. Səbəbsiz sevincə qərq olurdum. Təbii ki, hamiləlik vaxtı müəyyən vitaminlər verirlər. Yəqin ki, onlardan da əlavə enerji aldım. Bacılarımla gəzməyə getdikdə onlar yorulurdu, mənim isə, əksinə, enerjim azalmırdı. Bəli, bu, doğuşdan sadəcə 10 gün öncə idi.

- Oğlunuz İdrisəli dünyaya gəldikdən sonra evinizin nizam-intizamında bir dəyişiklik oldu?

- Biz çox xoşbəxt ailəyik. Həmişə sakit və dincik. Bizə gələn qonaqlar heç vaxt yüksək səslə danışmaz. Təbii ki, İdrisəli doğulduqdan sonra da bu davam etdi. Artıq evdə üç nəfərik. Evi onunla bölüşməyə öyrəşdik, o da bizə öyrəşdi. İndi üç yaşı var, artıq hər şey qaydasındadır.

- İdrisəli necə uşaqdır? Xarakterini asanlıqla göstərirmi, hisslərini və düşüncələrini açıq ifadə edirmi?

- Oğlum özünü o qədər yaxşı ifadə edə bilir ki. İstəklərini hiss edərək söyləyir. Mən də həmin vaxt ona ürəkdən inanıram. Əgər əsəbiləşibsə, sakitləşməsini gözləyirəm.

- Ana olduqdan sonra psixoloji gərginlik yaşadınız?

- İlk əvvəl çox gərgin idim. Ancaq o vaxt bunun fərqində deyildim. Uşağımı heç kimə vermək istəmirdim, heç kimə göstərmək istəmirdim. Doğuşdan sonraki 30 günlük müddətdə həmişə evin içində, xüsusən də İdrisəlinin otağında vaxt keçirirdim. Anam çox bacarıqlı qadındır. Buna baxmayaraq, onunla didişirdim, bir şeydən narahat olduğum vaxt “Həkimdən soruşaq” deyirdim. Yəni, həmin dövr bir az sıxıntılı idi. Bir gün yorulub “artıq təslim oluram” dedim. O an dünyanın ən rahat anası və qadını oldum. O qırılma nöqtəsini yaşamasaydım, psixoloji problemlər yarana bilərdi.

- Oğlunuzun adını siz qoydunuz?

- İdris qayınatamın adıdır, atası istədi. Mən də “oğlum olsa, adını Əli qoyacağam” deyirdim. Bu adları birləşdirdik. Ağlımda ikinci bir ad da var - Ömər. Bir oğlum da olsa, adını Ömər qoyacağam.

- Esra Erol necə anadır?

- İdrisəli artıq üç yaşındadır. Təbii ki, iki il çox da asan keçmədi, uşağınızı tanımırsınız, anlamırsınız. Çox təcrübəsizsiniz. Ətrafınızda həmişə “çox bilən analar” var. Bir an sizə elə gəlir ki, siz çox pis anasınız. Bu gün bütün bu neqativ düşüncələrdən qurtuldum, çünki uşağımla münasibətim ona yemək yedirmək, ona yaxşı baxmaqdan ibarət deyil. Onunla münasibətim sevgiyə bağlıdır. Bu gün çox doğru bir iş gördüyümü daha yaxşı anlayıram. İdrisəli səkkiz aylıq olanda da hekayə oxuyurdum, indi də oxuyuram. Artıq oxuduğum hekayələri davamlı eşitdiyi üçün o, özü söz birləşmələri qurur. Ona açıq qaydalar qoyuram. Bu qaydaları pozmuram, onun da pozmasına icazə vermirəm. “Mənə söz ver” dediyim vaxt artıq İdrisəli sözünün arxasında durmağının vacib olmasını bilir. Hər mövzuda detallarına qədər danışırıq. Həyatımda olan hər şeyi ona danışıram. Əsla yalan söyləmirəm. İşə çox rahat gedirəm. İşləməli olduğumu ona başa salmışam və artıq məni öpərək yola salır. Hər şeyi, ağlamasa belə, hər zaman həqiqəti deyirəm, həmin vaxt incimir, ya əsəbiləşmir.

- Daha çox hansınıza oxşayır?

- İyirmi gündür hər şeydə atasını təqlid eləməyə başlayıb. Atası kimi hovuza atılmağa, oturmağa və üzməyə çalışır. Enerjili olmasından savayı, bir çox xüsusiyyətinin Əliyə bənzədiyini düşünürəm.

- Ana olmaq həyatınızda nələri dəyişdirdi?

- Buna qayğıkeşlik problemi deyə bilərsiniz, ancaq yanında mən yoxamsa, hər yola çıxışında ürəyim partlayır. Evdəki qaydalar və incəliklər İdrisəli ilə bağlıdır. Keçmişdə məsuliyyətsiz idim, üç gecə üst-üstə çöldə vaxt keçirə bilirdimsə, indi bunu edə bilmirəm. Adətlərimiz dəyişir, qayğılarınız, qorxularınız artır. Həyatımda heç vaxt heç kimə, ailəmə belə bağlı olmadım, ancaq artıq özümü ona bağlı hiss edirəm. Təbii ki, bu çox gözəl hissdir, ancaq bir tərəfdən də dünyanın ən çətin, naqolay hissidir.

- İdrisəli ilə bərabər nələr edirsiniz?

- Qış fəslidirsə, evə gəldikdən sonra bərabər yemək yeyirik. Sonra oyun oynayırıq. Duş almaqdan çox zövq alır. Duş saatından sonra işıqları söndürüb cizgi filmi izləyirik. Filmdən sonra hekayə oxuyuruq.

- Oğlunuz üçün nə cür gələcək arzu edirsiniz?

- Arzu edirəm ki, hər hansı bir sahədə öz qabiliyyətini uğurla nümayiş etdirə bilsin. Ən böyük duam vicdanlı və əxlaqlı bir uşaq olmasıdır. Mən adət-ənənəmizə bağlı insanam, ənənələrə bağlı xarakterim var. Onda da eyni şeyin olmasını istəyirəm. Yəni, ailə məfhumundan əsla məhrum qalmasın. 20-25 yaşına gəldiyi zaman özünü idarə edə bilən, sakit, qayda-qanunlu və daxili nizam-intizamlı bir uşaq olmasını diləyirəm.

- Evdə atasının sözü keçir, yoxsa sizin?

- Mənim sözüm keçir, atası təslim olur. Normal həyatda heç belə deyilik, amma qaydaları qoyan, “yox”, “etmə” deyən bir ana roluna bürünürəm. Ancaq o formanı çıxarınca çox şən ana rolunda oluram.

- Siz beş uşaqlı bir ailədə böyümüsünüz. Çoxuşaqlı bir ailə planlaşdırırsınızmı?

- Fevral ayında hamiləliyimin erkən pozuldu. Çox istəyirdim ikinci övladım olsun. Hətta əkiz uşaq olmağı üçün dua edirdim. Evimizdə 3-4 uşaq olmasını istəyirəm.

- Analığa namizəd olanlara nələr tövsiyə edirsiniz?

- Sağlamlıq hər şeydən vacibdir.

- İşləyən Esra Erol ilə ana Esra Erol arasındakı tarazlığı necə qoruyursunuz?

- Hamısında qaydalarım var. Evdəki qaydalar fərqli, işdəkilər fərqlidir. İnsanların xəta etməsinə normal yanaşan bir xislətim var və problemin həllinə çalışıram. İndi siz sual verdiyiniz vaxt anlayıram ki, əslində, gördüyüm bütün işlərdə böyük bacı rolunu oynamışam. Məndən böyük iki bacım var. Mən ortancılam, iki də balaca bacım var. Həmişə həyatım boyunca yığıb-yığışdıran mən olmuşam. Əminəm ki, ana olmaq bəzən hadisələrə daha həssas yanaşmağı tələb edir.

- Ana olmaq evlilik proqramı təqdim edən biri kimi peşənizə necə təsir edir?

- Ana olduqdan sonra mənəvi dünyam dəyişdi. Uşaqla bağlı bir problem olanda reaksiyam fərqli olmağa başladı. Analıqla bərabər empatiya qabiliyyətim inanılmaz dərəcədə inkişaf elədi. Hətta bu, bəzən məni yorur. Artıq televiziyada uşaqlarla bağlı xəbərləri də izləmək istəmirəm. Yəqin ki, bu, özünümüdafiə mexanizmidir. Bunlar analığın və övlad sahibi olmağın nəticələridir.

- Səhər pis əhvalda olsanız da, çəkilişə getmək məcburiyyətindəsiniz. Təbii davranmağa üstünlük verirsiniz, yoxsa peşəkar olmağın zəruriliyini hiss edərək lazimi rola daxil olursunuz?

- Sevincliyəmsə, sevincli görünürəm, kədərliyəmsə, elə də görünürəm və bunu tamaşaçılara da hiss etdirirəm. Gizlətməyə çalışmaq məni yorur. Çəkilişdə idarə etməli olduğunuz bir çox insan var, musiqiçilər, izləyici və namizədlər… Bir tərəfdən də izləyicilərlə əlaqə qurmaq məcburiyyətindəyəm. Amma reaksiyamı göstərməkdən əsla çəkinmirəm. Söyləməli olduğum sözü söyləyə bilmirəmsə, özümdə çatışmazlıq hiss edirəm.

- 75 milyonun şahidliyi ilə tanış olub evlilik qərarı verən insanların sevincinə vəsilə olmaq nələr hiss etdirir?

- Bir tərəfdən məsuliyyət hiss edirəm. İnsanları xoşbəxt etmək üçün əlimdə, ürəyimdə nə varsa, səfərbər edirəm. Ancaq insanlar da xoşbəxt olmağın qədrini bilsinlər. Bəli, insanlara vəsilə olaraq yaxşı bir şey etdiyimi düşünürəm, ancaq “Görəsən, bunun qiymətini biləcəklər?” deyə düşündüyüm vaxtlar da olur. Hamının şanslı olduğu bir an var, o andaki davranışınız çox əhəmiyyətlidir. Bu şans evliliklə gələ bilər, eşqlə gələ bilər, lotereya ilə gələ bilər. Əsas məsələ bu fürsəti yaxşı dəyərləndirə bilməkdir. İnsanları evləndirdiyim vaxt çox xoşbəxt oluram, amma ailələr arasında narazılıq varsa, küsülü olanları barışdıra bilirsəmsə, o zaman məndən xoşbəxti yoxdur.

- Həyatınızın dönüş nöqtəsi nədir?

- Bir gün televiziya kanalından gələn telefon zəngi… O zənglə gələn təklif, oraya gedib görüşməyim, sonra işi çox sevib ayrılmamağım. Ən böyük şansımın isə Əli olduğunu düşünürəm.

- Həyatınızda ən çətin çəkiliş hansı idi?

- O qədər çoxdur ki! İlk ağlıma gələn Soma… Canlı yayımda Somada olmaq çox çətin idi. Bir dumanın içərisindəydim ki. Nə sisi tənzimləyə, nə də yol göstərə bilirdim. Ətrafınızda o qədər çarəsiz insan var ki, o çarəsizlik sizi də öz ağuşuna alır. Uşağımı itirərkən apardığım veriliş də mənim üçün çətin idi. Cümə günü uşağımı itirdim, bazar ertəsi verilişə çıxdım. Dünyanın ən çətin vaxtı idi mənim üçün, çox ağır idi. Üstəlik, uşağımı normal doğuşla aldılar. Öz-özümə dedim ki, bir tərəfdə acı çəkirəm, amma digər tərəfdə güclü olmalıyam. Mediada mənə çox ağır təsir edən yazılar yazıldı. Həmin vaxt anladım ki, biz əzab çəkən birini ağrıtmağı daha çox sevirik.

- İki kitabınız var: “Kara Duvak” və “Sessiz Kadınlar”. Yeni kitab gözlənilir?

- Kitabın gəliri ilə 6 min qadına psixoloji məsləhət xidməti göstərdik və bu davam edəcək, hətta bələdiyyələrlə ortaq bir layihə həyata keçirəcəyik. Türkiyənin hər yerinə yaymaq hədəfimizdir. Bu il bütün enerjimi buna sərf edəcəyəm.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm