Alim Qasımovun ağlı başdan çıxaran müsahibəsi
Bizi izləyin

Tabloid.az

Alim Qasımovun ağlı başdan çıxaran müsahibəsi

Özümdən qaçmağa yerim də yoxdu...

4 tərəf, 12 guşə və 40-cı məqam

Bakıdakı evində görüşməyi qərarlaşdıranda yadıma düşdü - Alim Qasımovun mənzilinə getmək üçün üstündə "40" yazılan məhəlləyə girməliyəm. Ağlıma gələn ilk fikir də bu oldu: "Ustad "40-cı otaq"da olmayıb, harda olasıdır ki!"…

İllər öncə necə görmüşdüm, eləcəydi - həmən təmirsiz, adi ev.

"Adi" evmi?

- Sənin yerdə oturmaqla aran necədir?

Söhbət üçün rahat yer axtara-axtara soruşdu.

- Əla, bardaş qurmaqdan gözəl nə ola bilər!

- Onda keçək arxa otağa, heç kim mane olmasın…

İş otağından fasilələrlə səs gəlirdi: "Uşaqlar məşqə toplaşıblar" - Ustad dedi. Səsi aldım - tar, kaman, ney, qaval… səsə, "uşaqlar" muğama köklənirdi; "Görəsən, hansı muğama?"

- Təzə gəliblər?

- Elə sənin qabağınca toplandılar…

Toplanmaq, yığışmaq, yəni "bərdaşt"! Yoxsa muğamlar içərisində bəlkə də yeganə süjeti olan və illərlə düşündüyüm "Çahargah" başlayırdı?

- Yox, ordan-burdan məşqlər edəcəyik.

Onda 40-cı məhəllənin 4 otaqlı evində "Çahar gah"ı biz başlayaq, Alim Qasımovla On İki guşəni 4 Rəngdə gəzək!

1. Bərdaşt (yığın, toplama)

(devrilmiş hakimiyyətin tərəfdarları bir araya yığılır)

Xanəndənin səsini qızdırmadan, elə bismillahdaca zildən başlaması çətin olur. Ona görə də uzun müddət idi "Çahargah" "bərdaşt"dan başlamırdı. Ənənəni Alim Qasımov bərpa etdi.

- Ustad, səsinizə gücünüz çatır?

- Əksinə, bəzi məqamlarda dolduğum hala səsimin gücü çatmır…

- Alim Səsinin gücü çatmayan nə HALdır o elə?

- Nə haldır?.. Necə deyim: bir az təcrübədi, eşitdiyim, öyrəndiyim musiqidi, bu yaşımda istədiyim oxumalardı, bir az hissimdi - elə məqamda elə hal gəlir ki… Başa sala bilirəm?

- Təxmin eləyirəm…

- Ona görə indi daha çox səsimin gücü çatanı qaldırıram… Əvvəl səsim mənim istədiyimi eləyirdi, indi mən səsimin istədiyini edirəm…

Səsin ardınca düşüb Ustad…

2. Maye (axan, tökülən) və ya mayə (səbəb, təməl)

(toplantının səbəbi müzakirə edilir)

- Niyə stuldan endiniz?

- Çünki biz elə əvvəldən yerdə oturmuşuq da. Kənddə böyümüşəm, əsasən yerdən oturardıq - süfrə arxasında, ya ağsaqqal söhbətlərində.

- Ona görə düşündünüz ki, dəfi də götürüb, yerə enmək gərəkdir?

- Yox. Bu təsadüfən oldu. Yadımdan çıxıb dəqiq vaxtı, neçə illər əvvəl idi, Belçikadaydıq, konsertdən qabaq gəldik məşq eləməyə. Gördük, səhnəni yerdən düzəldiblər. Dedim, bəs, biz yerdən necə oxuyacağıq, axı, oturacaq lazımdır? "Sorri, sorri" (yəni, "bağışlayın" - A.) - getdilər oturacaq gətirməyə. Onlar hazırlığa başlayanda biz də boş qalmadıq, dedik, məşqimizi eləyək. Oturduq yerdə, başladıq məşqə. Gördüm, yerdə oturmaq çox yaxşıdı. O vaxt iki dəf aparırdım - onları qoydum qarşıma, suyu, dəsmalı böyrümə - yəni əl at, onu götür, bunu qoy…

- Ayağı yerdə olmağın ucalığını gördünüz…

- Yox, rahatlığını… Soruşdum, Malik, Elşən (tanınmış tarzən və kaman ustası - A.) necədir, dedilər əla. Elə o oturan olduq - yerin dadı ayrıdır, axı.

- Tədqiqatçılar maraqlı hesablama aparıblar: müğənnilərin zildən oxuması bəzən bir neçə yüz kilo ağırlıq qaldırmağa bərabər sayılır. Bu baxımdan stulda oturanda və ya ayaq üstə duranda bu ağırlığı daşımaq daha asan sayılır, nəinki oturanda…

- Doğrusu, ayaq üstəmi, ya oturandamı asandı, sınamamışam. Onu bilirəm ki, yerdə rahat oluram. Əslində, qədimdə də stul olmayıb da, xanəndələr yerdən oxuyublar…

İş otağından səs eşidilir, deyəsən artıq kökləniblər, nəsə ifa edirlər. Ustad qaşını qaldırıb, səsə qulaq verir - hansısa təsnif (rəng) çalırlar.

Lap yerinə düşdü…

I Rəng

Fərqanə xanım xoruzquyruğu çay gətirir. Sinini ortaya qoyar-qoymaz Ustadın xoş ovqatla "könülalması" başlayır.

- Hərdən mən başqa cür danışanda sən qəbul elə ey. Coşuram da mən…

Ustad balası xəfifcə gülümsəyir:

- Bilirəm.

- Ay sağ ol, ürəyinə salma.

(Deyəsən, məndən qabaq coşubmuş - axx, necə bir məqamı qaçırmışam!)

İçəri girəndə məni saran auranı bir daha hiss eləyirəm:

- Ustad, sizinlə adam həddən artıq səmimi olur…

- Əksinə, evdə mənə deyirlər ki, bizdən nəsə istəyəndə özümüzü itiririk, çaşıb qalırıq. Deyirlər ağzın faldı, nəyi itirmişiksə, onu istəyirsən…

- Yəqin, ailədə zəhminiz var.

- Yox, bəhanə eləyirlər. Evdəkilər artıq qocalıb, yaddaşları zəifləyib, ona görə elə deyirlər. Görürsən, bax, sən deyirsən ki, adam səninlə rahat olur…

Deyəsən, axırıncı sözü "yaddaşı zəifləyən qocalara" göndərirdi.

3. Bəstə Nigar

(devrilib, əsir edilmiş şahın xanımı - bəstə boylu Nigarı yığıncaq özünə başçı seçir və mübarizə başlayır)

- Alim Qasımovu Azərbaycana, səhv etmirəmsə, Türküstan tanıtdı. Orta Asiyada Muğam Festivalından uğurla qayıtdınız…

- İlk dəfə Bəhram Mansurov məni aparmışdı ora. İkinci dəfə artıq Bəhram müəllim dünyasını dəyişmişdi, biz Ramiz Quliyev və Şəfiqə Eyvazova ilə getdik. Orda bizi bəyəndilər, sonra Amerikaya çağırdılar…

- Və dünya turnesi başlandı, sonra da Azərbaycan bu qeyri-adi istedadı gördü. Hərdən mənə elə gəlir ki, Səmərqənd - Türküstan həyatınızda xüsusi rol oynadığından, qızınızın adını Fərqanə qoymusunuz və bu Fərqanə də həmişə sizi bir uğur kimi müşayət edir…

- Yox-yox, Fərqanənin adını rəhmətlik qayınanam qoyub.

- Alimin adını kim qoyub?

- Əvvəl, bir neçə ad qoyublar mənə…

- Hansı adları?

- "Pənah" deyiblər, sonra… Unutmuşam, bir neçə ad veriblər. Sonra qonum-qonşuda bu adlar olduğundan, - bizim eldə bir adı daşıyan adam varsa, o ad təzə doğulan uşağa qoyulmur, - dəyişiblər. Ad axtarırlarmış. Anamla eyni palatada yatan qadın varmış, soruşub, uşağa nə ad verdiniz? Anam da deyib, tapa bilmirik. Həmin qadın təklif eləyib ki, mənim oğlumun adı Alimdir, siz də bu adı qoyun. Belə də olub.

- Ümid eləyiblər ki, Alim adını verməklə alim olacaqsınız?

- Eh, çəlimsiz uşaq olmuşam, iynə-dərmanla saxlayıblar məni. Heç bilməyiblər, həyatda qalacam, ya yox, o zaman ağıllarına gələrdi mənim təhsilim?

Söhbətə daha bir rəng qatmağın məqamıdır…

II Rəng

- Başımız qarışdı, içmədik, bax, çayımız soyudu - dayan, dəyişim.

- Mən dəyişərəm, Ustad, sizsə, orta məktəbi necə oxumağınızdan danışın.

- Heç yaxşı oxumamışam. Yadıma gəlir, hərflərdən "d"nan "k"nı qarışdırırdım, müəllim döyürdü məni. Ancaq şeir əzbərləməyə həvəskar idim, - düzdü, əziyyət çəkirdim, ancaq öyrənirdim ki, qiymət alım. Bir də Nəğmə dərsində müəllim məni durğuzurdu, partanı döyəcləyə-döyəcləyə oxuyurdum.

- Nə oxuyurdunuz?

- O vaxt heç nə öyrənməmişdim axı, elə ağlıma gələndən - meyxanadan, mahnıdan oxuyurdum.

4. Hisar (hasar)

(ordunun ilk cəhddə aşa bilmədiyi sədd)

- Nə vaxt başladınız ürfan ədəbiyyatını öyrənməyə?

- Doğrusu, hələ də ürfanı öyrənməyə başlamamışam, o dünyanı dərk eləmirəm. Klassik poeziyadan qəzəllər öyrəndim 3-5 dənə, oxumaq üçün… Amma görürəm ki, muğamın özü məni yavaş-yavaş ürfana aparır. Oxumağa başlayandan 10-15 dəqiqə sonra hiss eləyirəm ki, başqa aləmə düşürəm.

- Nə aparır sizi o aləmə - səs, yoxsa, söz?

- Vallah, yəqin ki, ikisi birləşəndə olur o hal. Biri gedib, biri getməyəndə, yarı orda, yarı burda olanda, qalırsan ortada. Sözlə Səs sözü bir yerə qoyanda, adamı o aləmə aparır.

- Siz muğamda həm də Sözü bərpa etdiniz. Məsələn, Nəsimidən oxumaq daha çox Alimdən başladı…

- Hə, cəmi 1-2 qəzəli oxunurdu o vaxt; əslində, mən də çox oxumuram Nəsimidən. Çünki onun sözünü musiqiyə oturtmaq o qədər də asan deyil - sözü çox rahat olsa da. O birilər kimi, Nəsimi qəzəli məndə alışıb-yanmır. Yəqin hələ o mərhələyə, o səviyyəyə gəlib çıxmamışam ki, Nəsimi mənimlə danışsın…

- Ustad, sizinlə "danışan", sizdə alışıb-yanan çoxları ola-ola, birdən-birə sizi Nəsimi sözünə nə apardı?

- Nə deyim… Biz "Yarı pünhan ayrılır" qəzəlinə müraciət etdik… Belə…

- Hürufiliklə maraqlanmısınızmı?

- Yox.

- Niyə?

- Bilmirəm. Bildiyim odur ki, bizdə dərvişlər olub, kənd-kənd gəziblər, hətta möcüzələr göstəriblər - odun üstündə oynayıblar, samavar qaynaya-qaynaya suyu açıb, dəstəmaz alıblar…

- Vəcd - trans halıdır.

- Hə… Yəni o cür dərvişləri görənlər danışıblar bunları mənə. Düşünürəm ki, insan bu dünyanın işlərinə çox baş soxmasa, o hala gəlib çıxar.

- Siz hürufiliyi bilmirsiz, sufilikdən xəbəriniz yoxdur, dərvişlik haqda yalnız ağızdan-ağıza eşitmisiz. Ancaq siz oxuyanda həm sufi, həm hürufi, həm dərviş olursuz…

- Bunu mənə İranda da, Avropada da bir çox alim deyib. Elə bilirlər, mən dərvişəm, yoqa ilə məşğulam, daha nəyəm… Deyirəm, vallah, mən heç nə ilə məşğul olmuram, bu şəkillər məndə ya irsidi, ya…

- Hansısa ocağa, pirə genetik bağlılığınız varmı?

- Mən bilən, yox… Ancaq səs həm ata, həm də ana tərəfimdə olub.

- Səs çoxlarında olub və var, amma heç kim Alim Qasımov deyil.

- Nə bilim, yəqin Allahın sirridir də, qismət…

- Ustad, bayaqdan deyin də bunu - canınız qurtarsın əlimdən. Hə, sadəcə, Allah Vergisi, "katarsis"in yuxarıdan başlaması - vəssalam!

III Rəng

Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi olanda çox şeyləri öyrənmək istəyirmiş, ancaq öz tələbəsinə "40-cı sirri" verməyən ustadlardan hər şeyi tam mənimsəmək asan deyilmiş.

Alim Qasımov köhnə "Moskviç"ini həmişə gətirib saxlayırmış məktəbin qabağında və müəllimi, ustad xanəndə Hacıbaba Hüseynov çıxanda "təsadüfən" qarşılaşırlarmış. Tələbə dərhal ustadı öz maşınında evinə aparmağa təkid edirmiş.

Yol boyu isə söhbət qızışırmış - sənətdən, muğamdan, şöbələrdən, təsniflərdən… Alim Qasımov bəzi "sirli" şöbə, nəfəs, boğazları ustadın səsiylə alırmış. Hacıbaba Hüseynov da bir ağız oxumaqla tələbənin sirlərə vaqif olmayacağını bildiyindən, çox şeylər deyir, oxuyurmuş.

Günlərin birində Hacıbaba Hüseynov "bardaçok"un üstündə göz deşən iri bir süni güldən axır ki, bezir və əsəbi halda "bunu burdan rədd elə də" deyib, gülü qoparmaq istəyir. Gülü dartanda məlum olur ki… Gül - əslində mikrafonu gizlədirmiş. Mikrafonun bir ucu isə oturacağın altında qurulmuş maqnitafona birləşdirilibmiş.

Alim Qasımov söhbətlərimizin birində gülə-gülə bunu təsdiqləmişdi:

- Neyləyim? Öyrətmirdilər, mən də fırıldağa əl atırdım. Sirr açılandan sonra ustad məndən küsdü. Sonra birtəhər barışdıq. Allah ona rəhmət eləsin. Biz belə çətinliklə, oğurluq-doğurluq öyrənmişik, indi isə o qədər disk, səs yazıları var ki, heç bir çətinlik yoxdu - təki öyrənmək istəyəsən.

5. Müalif

(mənası bilinmir, bəzən bunu "yol" kimi düşünürlər)

- Alim Qasımov kimlərə daha çox qulaq asıb?

- Üzdə olanlarımızın hamısını öyrənməyə çalışmışam. Sonra klassiklərimizin plastinkalarına, İran, ərəb, türk, hind milli musiqilərinə diqqətlə qulaq asmışam.

- Kimlərdən bəhrələnmisiniz? Yəni Alim Qasımovun yaratdığı muğam dünyasında kimlərin obrazı var?

- Vallah, çox adamın - Mütəllim, Seyid, Yavər Kələntərli, Qədir Rüstəmov, Cabbar, Zülfü, Meşədi Məmməd, Cabbar, Hacıbaba Hüseynov… hələ gerisini də saya bilərəm.

- Bəs, niyə sizi daha çox Cabbar Qaryağdıoğluyla müqayisə edirlər?

- Cabbarın dövründə böyük sənətkarlarımız çox olub - Şəkili Ələsgər, Meşədi Məmməd Fərzəliyev… Məncə, bunlar bir-birindən əskik sənətkarlar olmayıb, hamızı böyük ifaçılardır. O ki qaldı yaradıcılığa… Eşitmişəm ki, Mirzə Məmmədhəsən oxuyanda toyxanada dizin-dizin gəzirmiş, yəni o qədər hala dolurmuş, özündə olmurmuş. Mirzə Məmmədhəsənin bir balaca səpkisini tutan Yavər Kələntərli oxuyanda baxırsan ki, bu, tamam ayrı bir şeydir. Seyid Şuşinski də deyirmiş ki, mənim gördüyüm sənətkarlar içərisində ən qeyri-adisi Mirzə Məmmədhəsən olub. Məncə, Mirzə Məmmədhəsən fəza musiqisi oxuyurmuş, dərvişanəymiş, ürfaniymiş…

- Sizin də "yer musiqisi" oxumadığınızı deyirlər. Onda sənət ənənənizi Mirzə Məmmədhəsənlə bağlayarıq bundan sonra…

6. Qərrə (işıqlı, parlaq) və ya Qəryə (kənd adı)

(ordunun növbəti döyüş məqamı)

- Ustad, muğamların obrazlarını görürsünüz?

- Hərəsinin öz əhval-ruhiyyəsi var. Əslində, biz o qədər bilgili deyilik ki, muğamın ruhi məqamlardakı rolunu görə bilək. Çünki ənənəni pozmuşuq.

- Yəni muğamın daşıdığı mistik informasiyanı unutmuşuq?

- Hə. Məsələn, mən özüm bilmirəm ki, hansı muğam hansı məqama qaldırır adamı. Bildiyim odur ki, gözəlləşdirir, ruhumu zənginləşdirir - çünki görmüşəm, müşahidə eləmişəm, bu hissi yaşamışam...

7. Müxalif

- Ovqatınızın mahnısı hansıdı? Bax indi, hansı muğama köklənmisiz?

- Bir söz deyim: artıq özümçün çalıb-oxumaq istəyirəm. Çünki həmişə formada olmaq özü çətin bir şeydir, yaş imkan vermir. Ona görə qaçıram, sonra görürəm, formadan düşmüşəm… Çətindir, çox çətindir… Çox vaxt özümü məcbur edirəm. Artıq istəmirəm ey…

- Niyə, oxuyub başa çatdırdınız muğamı?

- Nə danışırsan? Muğam, əslində, mənimçün indi başlayır - o qədər oxunası məqamlar, deyiləsi anlar var ki! Ancaq hövsələm daralıb.

- Səbəbi nədir, Ustad?

- Bilmirəm… (uzun bir fasilə yaranır)… Bəlkə istirahət lazımdır, bir az dincəlməyə ehtiyacım var, nə deyim… Bəlkə də özümün özümə gücüm çatmır. Bilmirəm, səbəbini bir deyən olsa…

- İstəyirsiz, mən deyim.

- De də, noolar…

- Siz həmişə axtarışdasız, həmişə təzə söz demək istəyirsiz, hətta unutduğumuz qədim bir havanı da tam fərqli, özünəməxsus ifa etməkdə israrlısız. Çünki bunu aldığınız kosmik informasiya sizə diqtə eləyir. Və bu informasiyaların təzyiqi altındakı axtarışlarınız sizi yorur.

- Doğru deyirsən, özümə qarşı o qədər tələbkaram ki!

- Axı, niyə bu qədər axtarırsınız? Elə özünüzü oxuyun, hiss etdiklərinizi deyin də.

- Elə hiss etdiyimi ifadə etmək istəyində olur da çətinlik. Özümü təəccübləndirən bir şeylər tapmaq istəyim məni çox yorur.

IV Rəng

- Özünüzü təəccübləndirən oxumalarınızdan bir-ikisinin adını çəkə bilərsiz?

- Onların adını çəkməyim yaxşı düşməz… Bilirsən, bəzən düşünürəm ki, filan yeri adi parça kimi oxuyacam. Ancaq ifa vaxtı bir də görürsən ki, səsimin obrazı, fikrim, deyəcəyim musiqi artıq mənim iradəmdən asılı olmur, sanki ayrı adam oxuyur, mənsə oturub öz-özümə heyranlıqla qulaq asıram. Ən çətini başlamaqdır da…

- Bütün yaradıcı adamlar bu başlamaq çətinliyindən dad eləyir…

- Doğrudan, çox çətindir başlamaq. Bax, bu məşqə, elə səninlə söhbətə də, zülümlə gəlmişəm. Ürəyim istəmirdi. Amma indi ürəyim açılıb, bir-iki ağız oxudum da, gözlərim doldu, ovqata kökləndim…

8. Məxlud (qarışıq, xəlitə)

- Ustad, "başlayanaqədərki zülmü" necə yaşayırsınız, bu əziyyətə necə dözürsünüz?

- Bir az məsuliyyət var da. Axı, sənə söz vermişdim, gəlməliyəm; bilirəm ki, uşaqlarla məşqimiz var, zorla da olsa, gəlirəm…

- Gəlməyə də bilərdiniz.

- (gülür) Görünür, az da olsa, ağlım başımdadır.

- Özünüzü məcbur edirsiniz?

- Əlbəttə. Elə gərginlik, əsəb yaradan da bu öz-özümü məcbur etməyim olur.

9. Mənsuriyyə (qalib)

(Bəstə Nigar qələbə çalır, əsir şah azad olunub çaxta çıxır)

- Alim Qasımov öz obrazını hansı muğamda görür?

- Bəzən deyirlər ki, filan muğam filankəsin adıyla bağlıdır. Amma mən elə fikirləşmirəm. Heç bir muğam mənə ögey kimi baxmayıb. Buna görə də konkret bir muğamda obrazımı axtarmamışam…

Mənsuriyyəni bir nəfəsə keçmək insafdan deyil:

- Sənətdən ayrı dünyanız varmı?

- Sənətdən ayrı dünya beş-on günlükdü. Hərdən adam deyir ki, qurtarım bu aləmlə, məni yordu daha. Beş-altı gündən sonra görürsən ki, sən bu aləmdən kənar heç kimsən, heç nəyə lazım deyilsən.

- Heç ürəyinizdən keçirmi ki, hamının əlindən qaçıb gedəsiniz?

- Özümdən hara qaçacam ki! Hara getsəm, özüm orda olacam… Elə beynimi xarab eləyən özüməm də…

Heç iki nəfəslə də tamamlamaq olmaz:

- Darıxanda özünüz üçün nə oxuyursuz?

- Oxumuram, darıxanda əsəbi oluram, istəyirəm, yan-yörəmdəkiləri acılayım. Sonra da özüm əziyyət çəkirəm ətrafımı sancdığım üçün.

- Nə vaxt darıxırsız?

- Hər an. Darıxmadığım vaxt olur ki! Elə indi də darıxıram.

- Yaradıcı adamların şakəridir, deyəsən.

- Yəqin, elədir. Darıxmaqla yaratmaq əkiz doğulub.

Və yenə qaşını qaldırır, yenə qulağını səsə çevirir - məşq otağından Fərqanə xanımın səsi gəlir.

10. Hüzzal/hüzzar (iştirakçılar)

- Yaxşı oxuyur? Bəlkə, keçək məşq otağına?

- Yox. İndi namaz vaxtıdır, dəstamaz almalıyam.

- Nə vaxtdan ibadətə başlamısınız?

- Çoxdan ürəyimdən keçirdi. Həmişə deyirdim ki, 40 yaşdan sonra başlaram, ancaq bir az gec oldu. Pirquluda, açıq havada övladlarımın toyu oldu ha, bax, ondan sonra Pirqulu dağında - Ocaqda bir qurban kəsdim, sonra da ibadətə başladım.

- Sizi bu Haqq yoluna hansı hiss və qüvvə gətirdi?

- Bu işləri görməyə mənim gücüm çatmazdı, onları Yaradan elədi. Fövqəlqüvvə var və O - Allahdır. Mənə ki bir belə imkanlar yaradıb hər cəhətdən, istədim, Allaha ibadət eləyim.

- Demək, minnətdarlıq hissindən yarandı bu ibadət…

- Təkcə ona görə yox. Sadəcə, Allahın böyüklüyünü dərk elədim. İbadətə başlamaqla mənəvi rahatlıq tapdım.

11. Məğlub

(Qarşı tərəfin uduzması)

- Vurma cədvəlini bilirsiz?

- Yox, bilmirəm.

- Dünya başdan-başa vurub-çıxmadı. Bəs, aləmin qayğılarını vurub-bölmədən, dünyadan necə baş çıxarırsınız?

- Bu dünyadan heç kimin başı çıxmayıb, bunu bilirəm, ona görə də heç başımı bu dünyaya soxmuram da. Əksinə, çalışıram ki, hansı səbəbdənsə bu dünyaya bir az yaxınlaşan başımı kənara çəkim.

Yaxşı, namazın vaxtı çatdı, "Çahar gah"a bir ayaq verəlim:

12. Ayaq

- Muğamdan Alim Qasımov sırf həyati mənada, nə götürdü?

- Təfəkkürümə, insanlığıma, əxlaqıma, qabiliyyətimə təsir elədi muğam. Muğam olmasaydı, davranışlarım ayrı cür olardı.

- Deyirlər, şuluq bir uşaq olmusunuz…

- Şuluq deyəndə, davakar kimi başa düşülməsin. Dava eləməyə canım yoxdu - fiziki baxımdan güc-filan nə gəzir məndə? Amma şuluq işlərə meylim çoxdu da… İnsafımı isə heç vaxt əldən verməmişəm. Həmişə insaf içimdə olub…

- Hansı şuluqluğunuz yadınızdadır?

- Xüsusi bir fərqim yoxdu. Kənd uşaqları necə nadinc olursa, nə şuluq edirsə, mən də elə olmuşam...

ANAR
Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm