Gələn il hansı çətir dəbdə olacaq?
Bizi izləyin

Tabloid.az

Gələn il hansı çətir dəbdə olacaq?

Çətir 3 min ildir ki, icad olunub, lakin gənc dizaynerlər onu yenidən kəşf etməyə çalışırlar. Çətirləri itirirlər, onlar basabasda adamların gözünə girir, küləkli havada isə özlərini çox pis aparırlar.

Bununla belə, çətir müasir dünyanın klassik dizaynlarından biridir. Mary Poppinsdən tutmuş Mikadoya, burlesk rəqslərinədək çətirlər populyar mədəniyyətin komponentidir. Amazon saytında çətirlərin 5 min modeli satılır. Çinin təkcə Sonksia şəhərində minədək fabrikdə ildə 500 milyon çətir hazırlanır.

Onları müxtəlif ölçülərdə və rənglərdə buraxırlar, lakin bizim çətir barədə bildiyimiz ən əsas keyfiyyət dəyişmir. Adama elə gəlir ki, çətiri bundan o yana təkmilləşdirmək mümkün deyil.

Ən geniş yayılmış çətir yığılan polad millərdən və onları örtən günbəzdən ibarətdir. Belə dizaynlı çətiri ilk dəfə 1852-ci ildə ingilis Samuel Fox satıb. Yığcam, qatlana bilən çətir modelləri 1930-cu illərdən, örtüyü enli qolf üslublu çətirlər isə 1970-ci illərdən geniş yayılıb.

Daha ucuz plastik versiyalar, bir dəfə işlədilən çətirlər də var. Lakeylər çətirləri hökumət və dövlət rəhbərlərinin başları üzərində tuturlar. Britaniya pablarının bağçalarında isə yay günlərində alaçıqşəkilli enli parasolları görmək olar.

Naşı adama belə gələ bilər ki, çətirə nə dəyişiklik mümkündürsə, artıq indiyədək edilib. Lakin dizaynerlər çətiri daha da təkmilləşdirmək istəyirlər.

“Burada inkişaf etdiriləcək çox şey var," - deyir Justin Nagelberg. O Nyu Yorkda yaşayır və yapon kağızqatlama sənəti – oriqaminin əsasında hazırlanan Sa çətirlərinin yaradıcısıdır.

“20 ildən sonra adamların bugünkü çətrilərdən istifadə edəcəklərini düşünmürəm” – deyir ixtiraçı.

Nagelberg düşünür ki, əsl yeniliklər material baxımından edilə bilər. O “zirvəsində papağı olan ponço” – yapıncışəkilli çətir üzərində işləyir. Belə çətirlərin əldə tutulmasına ehtiyac qalmayacaq. Bununla belə, ixtiraçı deyir ki, bu çətir bu gün satışda olan gic-gici “papaq-çətirlərə” də bənzəməyəcək.

Nagelberg Sa çətirləri ideyasını bir müddət təhsil aldığı Tokioda satılan birdəfəlik çətirlərdən götürüb. Sa elə dizayn edilib ki, külək onu içərindən vuranda, yenidən öz ilkin formasına qayıdır.

Çətirin qısa tarixi

  • Alaçıqşəkilli parasollardan günəşdən qorunmaq üçün hələ 3 min il əvvəl Misirdə istifadə edərdilər
  • Belə güman edilir ki, yağışdan qorunmaq üçün çətirlər ilk dəfə qədim Çində ixtira olunub
  • 18-ci əsrin ortalarınadək əsasən qadın aksessuarı kimi istifadə edilən çətiri ilk dəfə ələ götürən kişi ingilis səyyahı Jonas Hanway olub. Əvvəlcə bir az lağa qoysalar da, sonradan başqa kişilər də onun təcrübəsindən öyrəniblər
  • İlk xüsusi çətir dükanı - “James Smith and Sons” Londonun Nyu Oksford küçəsində 1830-cu ildə açılıb və indiyədək işləyir
  • 1950-ci illərdən çətirlərin örtüyü kimi çürüməyən neylondan istifadə etməyə başlayıblar. Yeni materialın möhkəmliyi 1970-ci illərdən iri qolf çətirlərinin yaradılmasına imkan açıb

İstifadə olunaraq atılmış bütün çətirlərin ətraf mühitə təsirini nəzərə alan Britaniya dizayneri Ayca Dündar “Drop” adlı çətirləri icad edib. Ayrılan örtüyü olan bu çətir cəmi altı hissədən ibarətdir. Dizayner deyir ki, belə çətirlərin təmiri çox asandır. Yəni bir yeri xarab olanda, bütün çətiri tullamağa ehtiyac qalmır. Sadəcə həmin hissəni dəyişmək olur.

Dündar başa düşür ki, klassik çətirin daha təkmil dizaynı üçün meydan o qədər də geniş deyil. O deyir ki, əsas keyfiyyət “yararlıq müddəti” olaraq qalacaq. Amma buna baxmayaraq adamların dünya boyunca hərəkətinin çoxalması və şəhərlərdə yaşayanların sayının artması ortaya yeni dizayn vəzifələri qoyur.

“Heç kəs baqajı ilə əlləşdiyi bir vaxtda bir əlində də iri çətir saxlamaq istəmir – deyir Dündar, - Adamlar ictimai nəqliyyatda və ya bar kimi yerlərdə də iri əşyaları gəzdirmək istəmirlər. Elə buna görə də indi mexaniki strukturları səyyar və kiçik edirlər” – deyir Dündar.

Son bir neçə ildə Holland firması “Senz” saatda yüz kilometr sürətli küləyə davamlı çətir ixtira edib. Gerwin Hoogendoornun ixtirası olan bu çətirin örtüyü qayıqşəkillidir və deməli daha aerodinamik keyfiyyətə malikdir. Öz mallarını Avropa, Şərqi Asiya və Şimali Amerikada satan “Senz” hazırda avtomatik olaraq açılıb-bağlanan və velosipedlərə bərkidilən çətir modelləri üzərində işləyir.

“Çətirlərin uzun müddətdən bəridir ki, bir karıxdırıcı xüsusiyyəti var, - deyir kommersiya layihəsinin rəhbəri Marinka Eekman – Əvvəl adamlar inanmırdılar ki, çətiri təkmilləşdirmək olar. Elə indi də adamlar bizim çətirlərimizi gəzdirəndə, başqaları maraqla tamaşa edirlər. Onlar düşünürlər ki, görəsən, çətir niyə bu formadadır”.

“Biz çətiri müasir bazara uyğunlaşdırırıq. Adamlar, xüsusilə də Birləşmiş Krallıqda onların kimliyini təsdiq edən çətirləri istəyirlər. İndi yaxşı çətiri olmaq sosial status məsələsidir. Çətir yaxşı əhval-ruhiyyə, dəblə ayaqlaşmaq deməkdir” – deyir Eekman.

Birləşmiş Krallıq Qəzaların Profilaktikası Cəmiyyətində çətirlə bağlı bədbəxt hadisələrə dair statistika yoxdur, lakin qurum adamlara xəbərdarlıq edir ki, açıq çətirlə ildırım vura biləcək yerlərdə dayanmasınlar.

Avstraliyanın Monaş Universitetinin 2012-ci ildə 38 təcili yardım məntəqəsində apardığı araşdırma orta hesabla çətirlə bağlı 20-dək xəsarət növünü qeydə alıb. Doğrudur, ölən olmayıb, lakin bir neçə adam gözünü zədələyib. Eekman deyir ki, onun şirkəti və başqa firmalar bu cür xəsarətlərin riskini azaltmaq üzərində işləyirlər.

Belə məqsədlərə xidmət edə biləcək gələcək çətir növlərindən biri də Hava Çətiridir. Yaponiyada ixtira edilmiş bu çətirin örtüyü ümumiyyətlə yoxdur. Əvəzində onun dəstəyi isti hava üfürərək sahibinin başı üstündə virtual “çətir” yaradır. Belə çətirdən vuran hava axını yağış damçılarını kənara səpələyir.

Küləkli havalarda və izdihamlı yerlərdə çətirə nəzarət etmək xüsusi bir problemdir. Yaponiyanın “H Concept” şirkəti çətirin millərini içəridə yox, bayır tərəfdə yerləşdirməklə onun küləkli havada çevrilib sınmasının qarşısını alan dizayn ixtira edib. Bu halda “çətiri sındırmalı olan külək”, əksinə onun daha möhkəm dayanmasına xidmət edir.

Britaniyalı ixtiraçı Stephen Collier 7 ballıq küləyə tab gəritən dəbilqəşəkilli “Rainshader” çətirini sınaqdan çıxarıb.

Brunel Universitetinin tələbəsi Simon Warne-nun ixtira etdiyi “Brolli” çətirinin örtüyü dəyişə bilir və örtüyü tutqacın içindən çəkib yığmaq mümkündür. Bu ona görə lazımdır ki, bir evə gələndə çətir döşəməyə su səpələməsin.

Əlbəttə, heç də bütün radikal çətir dizaynları dükanlara yol tapa bilməyəcək. Lakin çətirin qlobal bazarı çox böyükdür. Çin bu bazarın dörddə üçünü tutub və 2010-cu ildə əsa və qamçı ilə birlikdə çətir istehsalından 2, 4 milyard dollar qazanıb.

Bununla yanaşı yeni çətir modifikasiyalarını bazara gətirmək istəyən dizaynerlərə ehtiyac böyük olaraq qalır. Lakin axı, onlar həqiqətən də yeni nə təklif edə bilərlər ki?..

“Klassik çətirin əla dizaynı var və mən bu dizaynı həqiqətən də xoşlayıram” – deyir Nagelberg, - Adamlar da bu dizayna öyrəşiblər. Lakin hər halda yeni dizaynlar barədə düşüncələr də davam edir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm