Diri-diri torpağa basdırıldığı deyilən azərbaycanlı aktrisanın doğum günüdür – FOTOLAR
Bizi izləyin

Tabloid.az

Diri-diri torpağa basdırıldığı deyilən azərbaycanlı aktrisanın doğum günüdür – FOTOLAR

Bu gün tanınmış aktrisa Gülşən Qurbanovanın doğum günüdür.

Onu məşhur ailənin bir üzvü kimi tanıyırdıq. Aktrisa görkəmli aktyor Ağadadaş Qurbanovun qızı, bənzərsiz aktyor Hamlet Qurbanovun bacısı idi.

Hər zaman gülərüzlüyü, pozitivliyi ilə seçilən Gülşən Qurbanovanın nə vaxtsa ürək tutmasından dünyasını dəyişəcəyini heç kim ağlından da keçirməzdi. Amma bu baş verdi. Onun verilişlərin birindən çıxanda halının pisləşməsi və qəfil ölüm xəbəri sevənlərini sarsıtdı. Hətta ölümü ilə də bağlı şayiələr yayıldı. Danışdılar ki, guya aktrisa dünyasını dəyişməyibmiş, sadəcə, kliniki ölüm keçiribmiş. Hətta qızı həmin ərəfədə açıqlama verdi ki, yuxuda anası ölmədiyini və ondan kömək istədiyini deyib. Qızı hətta anasının qəbrinin açılmasını da xahiş edib. Deyilənə görə, qəbir açılıb və kəfənini yırtmağa cəhd etmiş Gülşən Qurbanovanı üz-gözü cırılmış halda görüblər. Xəbər çıxdı ki, kliniki ölüm keçirən aktrisa qəbirdə ayılıb və sonradan onun ürəyi partlayıb.

Bu da bir aktrisanın alnına yazılan tale, qismət idi. Sağ olsa, bu gün 64 yaşını qeyd edəcəkdi. Sənət dostu, xalq artisti Yasin Qarayevlə birgə Gülşən Qurbanovanı yada saldıq:

“Biz Gülşənlə Gənc Tamaşaçılar Teatrına eyni vaxtda gəlmişik. O da Rza Təhmasibin tələbəsi idi, mən də. Gülşən həmin vaxt teatrda böyük sevgi ilə qarşılandı. Çünki bunun da səbəbi vardı. Gülşən Gənc Tamaşaçılar Teatrının təməl daşını qoyan görkəmli aktyor Ağadadaş Qurbanovun qızı idi və ona teatrda böyük məhəbbətlə qucaq açdılar. Gülşən, mən və rəhmətlik Azər Mirzəyev yaxın dost idik. Hər yerə bərabər gedərdik. Tamaşalarda birgə oynayardıq. Hətta bizə “üç muşketyor” adı vermişdilər. Gülşən haqqında danışıram, kövrəlirəm. Onun gözəl xasiyyəti vardı, deyib-gülən, şən, zarafatcıl xanım idi. Şux zarafatlarından heç birimiz inciməzdik. Mən indi baxıb onun səhnədə yerini boş görürəm. Gülşənlə tərəf-müqabili olmaq ayrı bir ləzzət idi. Onun enerjisi sənə keçirdi. Bir baxışdan səhnədə bir-birimizi anlayırdıq. Hələ çox rollarda oynayacaqdıq, əcəl aman vermədi”.

Yasin Qarayev Gülşən Qurbanova ilə son görüşünü də xatırlayır: “Ölümündən bir neçə həftə qabaq eyni verilişdə qonaq idik. Dedik-güldük, hal-əhval tutduq. Çünki axır vaxtlar o, televiziyalarda çox olurdu, veriliş aparırdı. Buna görə də teatrda az-az görüşürdük. Ölümdən qorxardı, tez-tez zarafatla ölümündən danışardı. Həmişə gülə-gülə aktyor dostumuz Azər Mirzəyevdən soruşurdu ki, Azər, mən ölsəm, ağlayacaqsan? Azər də zarafatla deyirdi ki, yox, mənim başım sənin dəfn işlərinə qarışacaq, deyərsən, Yasin ağlayar. Məni nəzərdə tuturdu. Doğrudan da, bir vaxtlar etdiyimiz zarafat çin oldu. Azər onun dəfn işlərinin, demək olar ki, təşkilatçısı oldu, mən də elə gözümün yaşını axıtdım”.

Yasin Qarayev aktrisa ilə bağlı yayılan şayiələrə də aydınlıq gətirdi: “O vaxt yalandan xəbər çıxardılar ki, guya Gülşən ölməyib, şok keçirib, diri-diri basdırılıb. Bunları qızının adından uydurub danışdılar. Yalan söhbətlərdir. Guya onun qəbrini açıb görüblər ki, üzü cırmaq-cırmaqdır. İslamda da var ki, ölən adamın bədəni 40 gündən sonra dəyişir, bədən sümükdən aralanır. Bu, necə ola bilərdi? Gülşən xanım haqqında danışılanların əsası yox idi. Mən inanmıram, onun qızı belə desin. Hər halda, övladdır, anasının ölümünə, görünür, inanmaq istəməyib”.

Qeyd edək ki, bir neçə müddət öncə əməkdar artist Naibə Allahverdiyeva efirdə Gülşən Qurbanova haqqında “Düz üzünə” proqramında hər kəsi təəccübləndirən açıqlamalar verib. Naibə Allahverdiyeva keçmişi ilə bağlı danışarkən inanılmaz açıqlamalar verərək, Gənc Tamaşaçılar Teatrında Gülşən Qurbanova ilə intriqalar yaşadığını və bunun sayəsində xəstəxanalıq olduğunu bildirib:

“Gülşən Qurbanova ilə aramızda böyük intriqa yaşanırdı, özü də sənət qısqanclığı ilə bağlı. Onunla bir tamaşada oynayan zaman məni hədsiz dərəcədə əsəbiləşdirdi. Səhəri gün premyera olmalı idi, amma mən həmin gün premyeraya gedə bilmədim. Məşqdən çıxandan sonra avtobusla evə gedərkən yolu səhv saldım. Göz yaşları içərisində evə çatdım, halım çox pis idi. Bütün əşyalar gözümün önündə böyüyürdü. Səhəri özümü ələ alıb dərman içdim və premyeraya tələsdim. Dayanacaqda gördüm ki, yenə də halım pisləşir, maşınlar gözüm önündə şütuyürdü. Bir oğlan bayıldığımı görüb məni xəstəxanaya gətirdi. Teatrda elə biliblər, yalandan özümü xəstəliyə vurmuşam. Gəlib görəndə məəttəl qaldılar”. (Publika.az)

Yasin Qarayev Gülşən Qurbanova haqqında deyilənləri təkzib etdi: “Gülşən xanım qəddar, kobud insan olmayıb. Hər teatrda xırda söz-söhbətlər olur, amma bunu şişirdirlər. Mən inanmıram Naibə xanım Gülşən xanım barədə indi belə sözlər danışsın. Gülşən xanım dedi-qoduçu, intriqaçı bir aktrisa deyildi. Mən onu bu gün sevə-sevə xatırlayıram və vaxtsız ölümünə çox acıyıram. Gülşən indi də mənim gözümün önündə dayanıb gülümsəyir”.

Qeyd edək ki, Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. İncəsənət İnstitutunu bitirəndən sonra Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

Aktrisa ömrünün sonuna qədər həmin teatrda çalışıb. Onun yaradıcılıq qalereyası çox rəngarəngdir. Həm tetarda, həm kinoda, həm də televiziya filmlərində çəkilərək, fərqli obrazlar yaradıb: Mərcan (“Mənim nəğməkar bibim”), Eyzəngül (“Şirinbala bal yığır”), Çiçək (“Ana laylası”), Nabat (“Tamahkar”), Şahnaz (“Şəhərli oğlan”), Almagül (“Fudzi dağında qonaqlıq”), Gülarə (“Məhəbbət novellası”), Nera (“Zəncirlənmiş Prometey”), Gülnaz (“Pul dəlisi”) ...

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm