• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Toylarımızda erməni mahnısı oxuyan sənətçi kimdir? – ŞOK – FOTOLAR

Toylarımızda erməni mahnısı oxuyan sənətçi kimdir? – ŞOK – FOTOLAR

Şəxsən mənə görə, o, son illər Azərbaycan musiqisinin qazandığı və elə həm də itirdiyi ən yaxşı səslərdəndir.

Çünki Əfqan Quliyev hələ 2004-cü ildə keçirilən “Azəristar” musiqi yarışmasından bir çox mütəxəssislərin diqqətini çəkməyi bacarmışdı. Amma bir müddət efirlərdə görünən ifaçı sonradan mavi ekrandan uzaq düşdü. Elə indi də çox görünmək istəmir.

Onunla söhbətimiz qonağı olduğumuz verilişdən sonraya təsadüf elədi. Sənətçi Publika.az-a bir çox maraqlı açıqlamalar verdi.

- Əfqan, niyə efirlərdə az-az görünürsən? Bəlkə, efirə çıxmaq üçün səndən pul istəyirlər?

- Yox, heç vaxt efirə çıxmaq üçün məndən pul istəməyiblər. Əksinə, bəzi ödənişli verilişlər olub ki, ora təmənnasız dəvət olunmuşam. Yəqin ki, özüm istəmirəm.

- Mən də onun səbəbini soruşuram ki, niyə istəmirsən?

- Bu səbəblərin içində tənbəllik də var.

- Amma bildiyimə görə, mahnılar bəstələyirsən, müəyyən işlər görürsən. Tənbəllik olsa, onu da eləməzsən axı.

- Bəli, mən bəstəkarlıq da edirəm. Amma onları hələ heç kim oxumayıb. Mahnılarımı kimə verim oxusun? Məsələn, elə bəstəm var, bilirəm ki, onu ancaq Brilliant Dadaşova oxuya bilər.

- Yəni “ağır” mahnılar olduğuna görə hər adama etibar etmək istəmirsən?

- Yox, ağır deməzdim, amma sənətkarlıq tələb edən mahnılardır.

- Bəs niyə o mahnıları özün oxumursan? Yetərincə peşəkar ifaçısan, konservatoriya təhsilin var.

- Özümün oxuyacağım bəstələr də var. Bu yaxınlarda 3-4 mahnı ifa edəcəyəm.

- Klipin var?

- Bəli, 3-4 klipim var.

- Sonuncusu nə vaxt çəkilib?

- (gülür) Onu soruşma.

- Bəlkə də, beş ildən çoxdur...

- Hə, olar. Hər adam Qara Qarayev adına orkestrin müşayiəti ilə əsər ifa etmir. Dirijor Teymur Göyçayev sağ olsun ki, 22 nəfərlik orkestrlə məni müşayiət etdilər. Həmin orkestrlə Siyavuş Kəriminin “Ömrümün istəyi” əsərini yazdırdıq. Bəzən də iqtisadi məqamları nəzərə alıb, lazımlı mahnılar oxuyuram. Amma onların da içində bir sənət var.

- Amma məncə, başın toylara qarışdığına görə sənət ikinci planda qalıb. Yəni, gecə 3-də toydan gəlib səhər saat 10-da efirə çıxmaq istəmirsən. Toydan özünə bir gün ağlamaq istəyirsən.

- Elə şeylər də olur. Deyirlər ki, adam çörəyindən qaçmaz. Amma bəzən elə toylar olur ki, onlardan da imtina edirəm.

- Niyə?

- Elə qiymət var ki, onunla razılaşmıram. “Sex”də (hansısa restoranda gündəlik iş müğənnilər arasında belə adlanır –İ.V.) oxuyan müğənnilər var ki, hər gün toydadırlar. Məsələn, mənim ayda 5 toyum olanda, biri də bağ məclisi olur.

- Yəni, vəzifəli adamlar...

- Məni tanıyanlar bilirlər ki, kimlərin məclislərində oxuyuram, kimlərin evinə gedirəm.

- Niyə gündəlik toya getmirsən?

- Qiymət qane etmir.

- Nə qədər verirlər “sex”də?

- 100-200 manat verirlər ki, o da məni qane etmir. Hələ ən yaxşı halda bu məbləğ olur. Bu pulu üst-üstə yığsan, ayda 3-4 min manatdır və heç nazir də o qədər maaş almır. Amma söhbət ondan gedir ki, hər şeyə fikir verən adamam. Yəni, geyim-kecim və sair məsələlələri üst-üstə gələndə o qiymətə heç cür toya getmək olmaz. Uşaq vaxtından belə şeylərə fikir verən adamam. Vasif Adıgözəlov, Firudin Mehdiyev kimi müəllimlərim olub. Teymur Əmrahın da müəllimi olub onlar.

- Birbaşa dərs aldığın müəllimin kim olub?

- Üzərimdə gözəl sənətkarımız Azər Zeynalovun, Firudin Mehdiyevin, Elmira Quliyevanın əziyyəti olub. Elmira xanım Tofiq Quliyevin də qohumudur.

- Atan Əşrəf Quliyev uzun illər SSRİ xalq artisti Zeynəb Xanlarovanın ansamblında idi...

- Bəli, atam 30 il Zeynəb xanımın ansamblında işləyib.

- Yenə də işləyir?

- İndi Zeynəb xanım konsert vermir, deputatdır. Ona görə də ansambl gec-gec yığışır.

- Yadımdadır ki, təxminən 15 il əvvəl atanla efirdə çıxışların olurdu, sintezator çalırdın.

- Bəli, elə şeylər olub. Uşaqlıqdan musiqiyə, sənətə marağım var idi.

- O vaxt oxuyurdun?

- Bəli, gözümü açandan evimizdə musiqi, sənət, sənətkarlar görmüşəm.

- Sizə kimlər gəlib-gedirdi?

- Alim Qasımovdan tutmuş Zeynəb Xanlarovaya qədər. Hətta şəklimiz də var.

- Sənin üçün sənətin zirvəsi nədir?

- Məsələn, mən notları bilirəm də. Həm də pianoçuyam. Notları partitura şəklində yazmağı da bacarsam, bilərəm ki, sənətin zirvəsindəyəm.

- Belə hiss edirəm ki, şou-biznes aləmində baş verənlər sənə gülməli gəlir.

- Həm də çox. Hətta elə verilişlər var ki, ona görə çıxmıram.

- Sənin özünün dinlədiyin müğənnilər kimlərdir?

- Brilliant xanımın ifası üçün ölürəm. Lap köhnələrdən Elmira Rəhimova, Rübabə Muradova...

- Bəs öz tay-tuşlarından?

- Zamiq, Elton.

- Düşünürsən ki, Zamiq yaxşı ifaçıdır?

- Bəli, niyə də yox? Zamiq estrada janrında yeni üslub yaradan müğənnidir. Hərənin öz dəst-xətti olmalıdır. Mən oxuyanda kimsə deyə bilməz ki, kimisə yamsılayıram.

- Başqa kimlərə qulaq asırsan?

- İlqar Muradovun ifasını dinləyəndə adam istirahət edir. Amma istərdim ki, özümü ona bənzədim, gələcəkdə mənə də elə hörmət etsinlər.

- Toya neçəyə gedirsən?

- Ansamblla 3500-4000 manata, elə olub ki beş minə getmişəm. Elə də olub ki, 3 saat oxumuşam, 6 min manat pul qoyublar cibimə.

- Bəs ölkədən kənara toylara gedirsən?

- Təkcə toylara yox, digər məclislərə də gedirəm. Daha çox Ukraynaya, Rusiyaya getmişəm.

- Çoxları bilmirlər ki, Emil Bədəlovla xalaoğlusunuz.

- Bilənlər də var, bilməyənlər də.

- Bəs Emil Bədəlov necə müğənnidir?

- Emil Teymur Göyçayevin tələbəsi olub. Səsində deton yoxdur. İndi əməkdar artistlər, xalq artistləri var ki, başdan-ayağa xaric oxuyurlar. Elələri var ki, mən ona dərs keçərəm. Emilin ifası özünəməxsusdur.

- Canlı yayımda bildirdin ki, Səməd Səmədovun mənə qiymət verməyinə görə fəxr edirəm. Adətən, özündən güclü ifaçının sənə verdiyi qiymət daha sevindirici olur. Düşünürsən ki, o, səndən daha güclü müğənnidir?

- Elə düşünmürəm. Azərbaycanın istənilən müğənnisi ilə üz-üzə gəlməyə hazıram. Damarımdan azərbaycanlı qanı axdığına görə müəyyən qədər muğamı da bilirəm. Bədxah qonşularımız mənim mahnılarımı oğurlayıb, üzərində nəsə düzəldiblər.

- Hansı mahnıdır?

- “Kaş” adlı mahnımı Elnur Talıblı yazıb. Baxdım ki, gözəl bəstədir, maraqlı aranjimandır, oxudum. Bir də eşitdim ki, mahnının minusunun üstündə başqa mahnı oxuyublar. Bir sözlə, aranjimanı saxlayıblar. Mən ermənilərin ən güclü oxuyanlarına qulaq asmıram və heç ona ehtiyacım da yoxdur. Çünki daha yaxşı müəllimlərdən dərs almışam.

- Heç bizimkilər özlərinə sığışdırıb onlardan oğurluq da etməzlər...

- Amma qulaq asanlar da var. Bəzi kanallarımız efirə erməni mahnısı buraxırlar. “Qolubka” mahnısı erməni mahnısıdır və hər yerdə də yayımlanır. Oxuyan da ermənidir. Bir də görürsən ki, efirdə də oxuyurlar. Toylarımızda da erməni mahnısı oxuyurlar, camaat da elə yaxşı oynayır. Heç xəbərləri də olmur.

- Yaxın gələcəklə bağlı planların nədir?

- Artıq yeni işlər görmək istəyirəm. Bu gün efirlərə az-az çıxsam da, öz nüfuzumu gözləyən insanam. Şəxsən tanıyanlar bunu bilir. Adam var ki, vaxtilə bizim dalımızca qaçıb, amma indi efirdədir deyə, davranışları dəyişib. Uşaq da deyiləm, 30 yaşım var. İndi səhnədə 22-23 yaşlı ifaçılar var, at oynadırlar. Daha doğrusu, onlara elə gəlir ki, at oynadırlar. Müğənninin gücü bilirsiniz harada bilinir? Toyda. Sifariş verirlər, mahnını bilmir, ayaqları qalır göydə.

- Kimdir o?

- Belə şeylərdən uzaq adamam. Ona görə də ad çəkmək istəmirəm. Onsuz da bilənlər bilir ki, kimlərdən danışıram. Kimə də nə kömək etmişiksə, hamısının halal xoşu olsun. İstər qız olsun, istər oğlan.

- Ailəlisən?

- Bəli, bu ilin martında ailə qurmuşam. Şou-biznesin hamısı ordaydı.

- Adətən, sənət adamları bir-biri ilə ailə qurmaq istəmirlər. Səbəb nədir? Bir-birlərinin paxırlarını bildiklərini görə yaxın durmurlar?

- Hansı Azərbaycan kişisi götürər ki, həyat yoldaşı səhərə yaxın saat 4-5-də evə gəlsin? Qeyrətli oğlan onu götürməz.

- Ailəli xanım sənətçilər də var.

- Bəli, ailəlilər də var. Onların yoldaşları razıdır ki, mənim yoldaşım efirdə də oxusun, toyda da. Amma oğlan var ki, onu götürmür. Onu demək istəyirəm. Gərək insanın öz qabında da olsun. Ancaq müğənni ilə ailə quran oğlanlara pis baxmağa haqqım da yoxdur. Çünki hərə bir cür fikirləşir də. İnsan var ki, həmin qadından çox qazanır, amma yoldaşı oxuyandır.

- Burda səbəb nədir? Pul deyil yəqin ki.

- Yox, səbəb elə puldur.

- Əgər qadından çox qazanırsa, səbəb necə pul ola bilər?

- Qadın gedib yarım saat bir yerdə oxuyur. Deyir ki, bu mənim işimdir də, məni də belə qəbul edib almısan. Yarım saata 5 min manata oxumayım?

- Yarım saatı beş minə toya gedən müğənnimiz var?

- Hətta 6-7 minə də gedənlər var.

- Xalq artistləridir?

- Xalq artisti olmayanlar da var.

- Bu qiymətə toya Aygün Kazımova, Faiq Ağayev, Röya gedə bilər.

- Bəli, onlar da gedir. Elə ola bilər ki, 5 minə danışıb getdiyimiz toydan 15 minlə də çıxa bilərik. Oxuduğun kiməsə xoş gəlir, çıxarıb deyir ki, yanındakılara da hörmət elə. Azərbaycanın elə oğlanları var ki, dünyanı pulla alarlar.

İntiqam VALEHOĞLU

Xəbər lenti

DAHA ÇOX XƏBƏR