Azərbaycanlı sevgilisini tərk edən türk aktrisa: “Ərimi itə də qısqanıram”
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı sevgilisini tərk edən türk aktrisa: “Ərimi itə də qısqanıram”

Əslən azərbaycanlı olan, sevgilisi model və aktyor Kənan İmirzalıoğluyla eşq macərası ilə daim gündəmdə olan Zeynəb Beşlər yenidən öz ampluasına qayıdıb.

İmirzalıoğlu ilə ayrıldıqdan dərhal sonra aktrisa yeni sevgilisi Emir İçgörenlə evlənib. Gözəl aktrisa Türkiyə mətbuatına ailə həyatı və gələcək planları ilə bağlı maraqlı açıqlamalar verib.

Publika.az həmin müsahibəni təqdim edir:

- Ailə həyatı necə gedir?
-
Kənardan evdar qadın kimi görünə bilərəm, amma mənim üçün sərbəst olmağım çox əhəmiyyətlidir. Buna görə də ailə qurmaqdan həmişə qorxmuşam. Ta onunla tanış olana qədər…

- Görünür, ailə həyatı sevincinizi daha da artırıb. Çox xoşbəxt görünürsünüz. Nə dəyişdi həyatınızda, həyata baxışınızda?
-
Olduqca məsuliyyətli bir insan idim. Ailə qurduqdan sonra məsuliyyətim daha da artdı, ancaq həyat şəraitim asanlaşdı. Çünki mənim üçün hər şeyi asanlaşdıran bir insana ərə getmişdim.


- Aşiq olub ailə qurduğunuzu, hətta eynilə filmlərdə olduğu kimi maraqlı evlənmə təklifi aldığınızı bilirəm. Kənardan baxanda evdar xanım kimi görünürsünüz. Sizi bu cür təsvir edəndə həyəcanlanırsınız. Sanki o anı, evlilik təklif edildiyi anı yenidən yaşayırsınız…
-
Bəli! Həqiqətən, çox gözəl evlilik təklifi aldım. Təəccübləndim, həyəcanlandım və xoşbəxt oldum. Düşünürəm ki, evlənməyi hər qadın istəyər. Ancaq mən çox da evdar xanım tipinə məxsus xarakterə malik deyiləm. Çünki sərbəstlik mənim üçün çox vacib idi. Buna görə də ailə qurmaqdan həmişə qorxurdum. Hazırkı statusum, tanınmış olmağım, təbii ki, yaxşıdır, ancaq bunlar həyatımın mərkəzində deyil. Belə olmadığı üçün də bu rəngli həyatın içərisində özüm kimi qala bilirəm. Ən yaxın dostlarım atamla anamdır. Hər şeyimi onlarla bölüşürəm, heç bir gizlinim yoxdur. Ssenarilərimi belə ilk öncə oxuması üçün atama göndərirəm.

- Bu peşənin əsl mahiyyətinin "qurdlar məclisi" olduğundan xəbərdarsınızmı?
-
Bəli, İstanbul və şou dünyası, məncə də, qurdlar məclisidir. Etdiyim hər işi, atdığım hər addımı ailəmlə bölüşüb məsləhətləşirəm. Mənə təklif edilən hər ssenarini öncə atama göndərirəm. Onların dəstəyi sayəsində bu günə gəlib çıxa və bu sistemə ayaq uydura bilmişəm. Ancaq bu bir həqiqətdir ki, bu aləmdə həqiqətən güvənə biləcəyin çox az insan var. Ona görə də həmişə tikan üstündə olursan. Dava-dalaşa, polemikaya qarışmamağa gəlincə, mən həmişə belə idim. Həqiqəti söyləməkdən heç vaxt qorxmadım. İçim necədirsə, çölüm də elədir. Dəyərlərimi unutmadım, çünki yaxşı ailə tərbiyəsi və təhsili aldım. Olduğum yer, məşhur olmaq, təbii ki, çox yaxşı və əyləncəlidir ancaq həyatımın mərkəzində bunlar yoxdur.

- Serial çəkilişindən niyə ayrıldınız? Həyat yoldaşınız istəmədi, yoxsa?..
-
Əslində, tam tərsi oldu. Öncə serial çəkilişindən ayrıldım, sonra evlənə bildim. Serial çəkilişi o qədər ağır idi ki, əgər davam etsəydim, evlənməyə vaxtım olmazdı. Həqiqətən, yorulduğum üçün ayrılmışdım. Sonra da hadisələr bu şəkildə davam etdi. Emir gördüyüm işdə mənə dəstək olur, belə bir problemimiz yoxdur.

- Eşq, məntiq və evlilik… Üçü bir arada… Üstəlik, ətrafda arzulanan adamı tapıb evlənə bilməməkdən şikayət edən bir çox qadın və kişi varkən… Evliliyə doğru aparan yaxşı münasibətin sirri nədir?
-
Həqiqətən, “mən bu insanla həyatımı davam etdirə bilərəm” demək çox çətindir. Həyat artıq o qədər çətin və sürətlidir ki, bu şərtlərdə insanların səbri azalıb, dəyər anlayışları dəyişib, sədaqətləri qalmayıb. Uğurlu münasibətin sirri nədir, bilmirəm, ancaq ən əsası, mühakimə etmədən, götür-qoy etmədən, qeyd-şərtsiz təslimiyyətdir, məncə.

- Serial olmayınca boş vaxtın çox olur yəqin ki. Nə işlər görürsünüz bu vaxtlarda?
-
Uzun müddətdir ki, özümə bu qədər bol vaxt ayırmamışdım. Hər həftəsonu dənizə gedirəm. Həftədə üç gün gimnastikayla məşğul oluram. Evdə olduğum vaxtlarda da yemək bişirir, dostlarımla vaxt keçirirəm, kitab oxuyuram. Həftədə təxminən iki kitab bitirirəm. Əmirlə tez-tez xaricə gedirik.

- Yemək bişirmək?..
- Keçmişdə bu qədər evə bağlı deyildim, ancaq indi evdə vaxt keçirməyi sevirəm. Onsuz da hələ tamamilə köçə bilməmişik. Həmişə görüləcək işlər çıxır. Mətbəx, tikiş, naxış, ütü – hamısını bilirəm və edirəm. İnsan 16 il tək yaşadıqdan sonra məcbur öyrənir.

- Nədənsə insan gənc yaşlarda “hər anı yaşamağın” çox da fərqində olmur. Bu, orta yaş təşvişidir?
-
Ağlıma gələndə az da olsa, təlaşa qapılıram, ancaq sonra keçir. Bu yaşıma qədər çox gözəl həyat yaşadım. “Kaş” dediyim an olmadı, çox şükür. Həyat mənə yaxşı davrandı. Uşaq xaricində bir istəyim yoxdur. Əmir də mən də çox istəyirik ki, övladımız olsun. Plan qurmaq mənə absurd gəlir.

- Sevginizi qısa şəkildə tərif edə bilərsiniz?
-
Tərifi imkansız məhəbbət. Qarışıq duyğudur. Dəlilik kimi. Sistemin dəyişir və buna mane ola bilmirsən. Əlbəttə, insanlardan zərbə də aldım. Çünki belə böyüyüb, yetişir insan. Ancaq beynimdən o qədər şeyi sildim ki, hazırda xatırlamıram da.


- Çılğınlığı sevirsiniz?
-
Keçmişdə, həqiqətən, hədsiz macəra tutqunu idim. Ağlıma gələn hər şeyi edirdim, amma yaş ötdükcə insan qorxur. Artıq macəra yaşamaqdan xoşum gəlmir. Mümkün olduğu qədər sakit həyat tərzi keçirirəm.


- Evləndikdən sonra sizi ekranlarda görə bilmirik…
-
Həyat yoldaşımla tez-tez səyahət etməyə başladıq. Əslində, buna görə çox görünmürəm. Bilirsən, sörfinq idmanı ilə məşğul oluram, yarışlarımız olur.

- Anlaşılan sizin bal ayınız hələ bitməyib!..
-
Vallah, bir az bitməyən bal ayı kimi oldu. Bir il oldu evləndiyimiz, ancaq canım-cicim ayları hələ bitmədi, inşallah, ömür boyu davam edər.


- Münasibətinizə nəzər dəyməsindən qorxursunuzmu?
- Çox qorxuram. Ətrafımıza baxırıq. İki-üç ayda boşananları görüncə üzülürük. Anama-atama baxıram, onlar 36 ildir evlidirlər. Arzu olunan insanla evlənmək çox əhəmiyyətlidir. Bu həyatda evliliyi sürdürmək üçün özünəinam çox güclü olmalıdır.


- Nə kimi fədakarlıqlar edirsiniz?
-
Xüsusilə axşamlar yoldaşım olmadan çölə çıxmıram. Dostlarıma diqqət edirəm, hətta bir çoxu ilə görüşmürəm. Kimsə görüb yanlış bir şey yazar deyə qorxuram. Ona görə çox diqqətli davranmaq məcburiyyətində qalıram.


- Evlilik müqaviləsi bağladınızmı?
-
Bu, inam məsələsi ilə bağlıdır. Biz belə bir şeyə ehtiyac duymadıq. Ağlımın ucundan belə bir şey keçmədi. Bunu edənləri də tənqid etmirəm, hörmət edirəm seçimlərinə.

- Həyat yoldaşınızla aranızda qısqanclıq olurmu?
-
Hər qadın kimi həyat yoldaşımı mən də qısqanıram təbii ki. Amma bu çox cığırından çıxan qısqanclıq halı deyil. Xüsusilə evləndikdən sonra bəzi qısqanclıqlarım olduğunu kəşf etdim. Bu, mənim üçün də bir kəşf oldu.


- Həyat yoldaşınızı nələrə qısqanırsınız?
- Mənə göstərdiyi diqqətdən artığını başqa bir şeyə göstərdiyini görüncə qısqanıram. Bəzən mənə elə gəlir ki, bacımın itini məndən daha çox sevir. Buna çox əsəbiləşirəm. Gülünc haldır, ancaq bu, ona olan sevgimdən qaynaqlanır.


- Həyat yoldaşınız sizi qısqanırmı?
- Geyimimə görə heç vaxt qısqanmır. Mən də elə çox açıq-saçıq geyinən biri olmadığım üçün bu barədə qısqanclıq edəcək hal yoxdur. İş üçün xaricə getdiyində mən də İzmirə gedirəm. Üç gündən artıq ayrı qaldığı vaxtlarda telefonum məşğulsa, “telefonun niyə məşğuldur?” deyə qısqanclıq edə bilir. Əslində, qısqanclığından deyil, mənim üçün darıxdığı üçün edir.


- Bu eşqin bir meyvəsi olacaqmı yaxında?
-
İnşallah, çox istəyirik, ancaq bunun üçün bir plan qurmamışıq. Yoldaşım iki uşaq istəyir, mən bir. Bu məsələdə hələlik heç razılığa gələ bilmirik. Əkiz uşağım olsun deyə dua edirəm.

- Kamera qarşısına keçmək üçün darıxmısınızmı?
-
Darıxdığım çox tərəfi var, ancaq çəkiliş şərtlərinin çətinliyinə görə bunun üçün hazırda edə biləcəyim bir şey yoxdur. Çünki evliliklə ikisini bir arada sürdürə bilmərəm. Həftənin iki-üç günü işləyə biləcəyim kiçik bir rol olarsa, aktrisalığa davam edə bilərəm. Axı işimi də çox sevirəm.


- Sizin baş rol xəstəliyiniz yoxdur…
-
Məni tanıyanlar bilirlər, heç vaxt eqom olmadı. Baş rol xəstəliyinə tutulmaq mənim qanımda yoxdur. Aktrisayamsa, hər cür rolu oynayaram. Bu günə qədər heç komediya oynamadım. Ürəyimə yatan, əslində, komediya ola bilər. Gülüb əylənmək və əyləndirmək istəyirəm.

- Hazırda tamamilə evdar qadınızınız. Evinizin yaxınından keçsək, sizi pəncərə silərkən görə bilərikmi?
- Yox, o qədərini etmirəm. Amma könlümdən keçərsə, edərəm, heç kompleksə düşmərəm.

- Nələr edirsiniz evdə?
-
Hər səhər oyandığımda öncə qəhvəmi içirəm. Sonra evi yığışdırıram. Hər gün olmasa da, tez-tez evi süpürüb tozunu alıram. Mətbəxi silib yığışdırıram, sonra yemək və paltar ütüləyirəm.



- Çətin olmur sizə?
- Yox, 18 yaşımdan sonra tək yaşamışam. Ütü, paltar yumaq, təmizlik işlərini hər qadın kimi mən də edirdim. Məşhur olmağım bunları etmədiyim mənasına gəlməz.

- Seriallar hər gün yarpaq tökülən kimi tək-tək yayımdan çıxarılır. Siz necə dəyərləndirirsiniz bunu?
- Çox kədərlənirəm, üzülərək izləyirəm. O qədər zəhmət çəkilir ki, hər şey bir anda hədər olur. İzləyicilərə qarşı da böyük tərbiyəsizlik edilir. Adam serialı izləməyə başlayır, doqquz seriya izləyir, ancaq sonra pat deyə serial bitir. Məncə sektor bu sistemlə çox ayaqda dura bilməyəcək. Bəzən də başdangetdi çəkilmiş pis seriallar olur, ancaq yaxşı seriallar da yayımdan çıxarılır. Bunun qayda-qanunu yoxdur, şansa qalıb.

- Bir sosial layihəyə dəstək verdiniz.
-
Orqan Bağışlanması Məlumat Platforması adı altında uzun zamandır fəaliyyət göstərirəm. İnsanlarımızın orqan bağışlanması haqqında məlumata sahib olması üçün danışıram. Türkiyədə orqan bağışlanmasını gözləyən 30 min nəfərə orqan təmin etmək üçün qapı-qapı gəzirik.

- Bəs siz orqanlarınızı bağışladınızmı?
- Əlbəttə, yoldaşımla birlikdə orqanlarımızı bağışladıq. Yaxında böyük bir tədbir keçirəcəyik. Orqan bağışlanmasına diqqət çəkmək üçün apreldə sörfinq yarışı təşkil edəcəyik. Bir çox məşhura dəvətnamə göndərəcəyəm və onları da yarışdıracağam. Artıq indidən 50-60 nəfər dəstək verib.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm