• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

DOT teatrı nədir?

DOT teatrı nədir?

Bu teatrın yaradılış məqsədi, müasir teatrın ən yaxşı tamaşalarını İstanbul izləyicisinə çatdırmaq, mədəniyyət-incəsənət sahəsinə tənqidi yanaşmalı, yüksək hərarətli teatr üsulu qatmaq, tamaşaçının aktual və ictimai mövzular ətrafında düşünmə və soruşma dinamikasını canlı tutmaqdır.


DOT İngiltərədə yaranan bir cərəyanı Türkiyəyə gətirən teatrdır. Cərəyanın adı “İn-yer-face”dir. Rəsmi saytında İn-Yer-Face cərəyanı belə açıqlanır: “İn-Yer-Face” teatrı tamaşaçının boğazından yapışan və ismarıcını çatdırana qədər silkələyən bir cərəyandır. Bu cərəyanın aqressiv və provoqativ tamaşaları, laqeyd qalma lüksunuzu əlinizdən alır.”

“İn-Yer-Face” 1990-cı illərdə İngiltərə teatr tənqidçisi Aleks Sayrzın yazdığı məqalədə dövrün tamaşaçıya təsir etmək və hərəkətə gətirmək məqsədli, şok edici, adətən şiddət, söyüş və cinsi məzmunlu tənqidi tamaşalar yazan gənc yazıçıların öz tamaşalarını təsvir etmək üçün istifadə elədiklər və daha sonra teatr cərəyanına dönən termindir.

Əslində, işin məğzi belədir: orda heç nəyə baxmırsınız, sadəcə hiss edirsiniz. Yəni göstərilən hadisənin tamaşaçısı yox, hissedənisiniz. Aktyorlarla eyni otaqdasınız. Səhnə qavramı yoxdur. Onlar sizin şəxsi sahənizə daxil olur və yaşananların film kimi xaricinizdə baş verdiyini hiss etdirmirlər.

Tərkib olaraq bu cərəyanda adətən söyüşlü mətn, şiddət, narahat edici cinsəllik (erotik deyil, məhz insanın cinsi duyğularını istismar etmə məqsədi güdməyən cinsəllik), amma bunların hamısından əlavə sentimental zorakılıq var. Elə bir ekstrim hallardan bəhs edir və elə nəfəs ala bilməyəcək şəkildə oyun sərgiləyirlər ki, tamaşa boyunca gərilirsiniz.

DOT “zamanın ruhu”yla əlaqəlidir. Müasir teatr mətnlərindən repertuar yaradır. Repertuar seçimində əsas prinsipləri şəhər insanının hekayəsini danışmaqdır. Teatr, repertuarı və məkanları üçün hazırlıqları özü edir. Ölkədaxili və ölkəxarici qurumsal ortaqlıq layihələrinə və beynəlxalq bütün ortaq layihə istehsalı təkliflərinə açıqdır.

Əsasını Murat Daltabanın qoyduğu bu teatr mətn seçimi və quruluşuna görə yarandığı gündən bəri öz aktuallığını qoruyur. Ilk yarandığı illərdə tənqdiçilər tərəfindən “DOT nədir? Hər oyunda başqa bir getto məsələsi, qaçqın problemi, cinsi azlıqlar, distopiyalar, durduğunuz yerdə şiddət, söyüş…” deyə qərəzli qarşılanan teatr əks fikirlərə baxmayaraq inkişafını və yeniliklərini daim davam etdirir. Teatrı yaratma səbəbləri və fəaliyyətləri haqqında Murat Daltaban bunları deyib:

“13-14 il dövlət teatrlarında işlədim. Son zamanlar həm repertuar seçimində, həm də idarəçilikdə müəyyən gərginliklər var idi. Gördüyün işdən əlavə başqa problemlərlə məşğul olmaq məcburiyyətində qalırsan. Universiteti bitirəndə teatrla bağlı, özünlə, gələcəyinlə əlaqəli xəyalların olur. Bunun içində gözəl rollar oynamaq, yaxşı repertuar qurmaq da var. mənim teatrla əlaqəli arzularım sadəcə yaxşı roller oynamaqdan ibarət deyildi. Bir müddət sonra dövlət teatrlarının mənim içində olmaq istəmədiyim qurumlar olduğuna qərar verdim. O vaxtlar oğlum Arda da doğulmuşdu. Həyatımı tamamilə dəyişmək qərarına gəldim”.

O deyirdi ki: “Dövlət teatrı çox vacib qurumdur. Diqqətə layiq işlər görüblər. hələ də davam edirlər. Amma mən ora aid deyildim. Və istefa etdim. Sonra da teatrı çox sevdiyim, tamaşalarda oynamağı arzu etdiyim üçün harda işləyə bilərəm deyə, düşünərkən yenidən hər hansı quruma girmək çox ağır və çətin gəldi. Öz teatrımızı qurmaq qərarına gəldik. Və bu minvalla DOT yarandı.

Tamaşalarımız Qərb qaynaqlı kimi görünə bilər. DOT Britaniya mətn teatrından faydalanıb. Amma buna idxal teatrı demək olmaz. Biz öz mətnaltı ismarıclarımızla ssenariləri yenidən şəkilləndiririk. Ssenari seçərkən sadəcə təsirləndiyim tamaşalardan seçirəm. Təsirlənmək, başqa xüsusi bir kriterimiz yoxdur. Tamaşanın yaxşı yazıldığını və təsirləndiyimi düşündümsə, onu oynamaq üçün, oynatmaq üçün əlimdən gələni edirəm. Əslində hər hansı bir tamaşadan təsirlənmənin səbəbi də öz siyasi baxışın, həyat bilginlə bağlıdır. Xüsusilə bu və ya digər tamaşanı seçdiyimi deyə bilmərəm.

Bizim tamaşaçılarımız daha çox böyük şəhər insanı, ali təhsilli bir qrup kimi düşünülə bilər. Amma müəyyən bir profil təsvir etmək düzgün deyil. Bizim kimi bir teatrın varoluş səbəbi böyük cəmiyyətə yayılmaqdan daha çox kiçik, amma olduğu yerdə partlayışlar yaradacaq dinamikaları hərəkətə keçirməkdir. Şəhərin müxtəlif yerindən gələn 50 adam bizim üçün daha vacibdir. Həmin 50 insanın ödənişli, özəl teatrlara, universitet teatrlarına təsir etməsi, ya da ədəbiyyatçıları, musiqiçiləri düşündürə bilməsi bizim üçün daha əsasdır.

Məncə, alternativ adlana bilən teatrların ən əsas vəzifəsi cərəyanın getdiyi yolun məcrasını dəyişmək, hərəkət etdirməkdir. Buna görə də, müəyyən tamaşaçı profile çəkmək düzgün olmaz. Dediyim kimi bu, böyük qruplara tamaşa göstərmək kimi bir başlanğıc nöqtəsi deyil. Əsas olan böyük qurumların – teatrdan kənar qurumlardan bəhs edirəm – canlanmasını tezləşdirən işlər görməkdir. Fikrimcə, geridə qalan 5 il ərzində kiçik də olsa bir hərəkata səbəb olduq. Bəlkə başlanğıc olaraq tamaşa seçimində, senzurada hansı sərhədləri zorlamak mövzusunda bir çox digər teatrlara nümunə olduq. Məkan istifadəsi, səhnəyə qoyma və aktyorluq sahəsində öz təkliflərimiz oldu. Bu kiçik məkandakı nümayişlər ətrafa dalğa kimi yayılır. Belə də olmalıdır”.

Qeyd edək ki, teatr öz pərdələrini 2005-ci ilin oktyabr ayında İstiqlal küçəsi Misir binasında açıb. 2005-2011-ci illər ərzində 15 tamaşa və 18 qısa səhnəciklər sərgiləyib. Bunlardan “Shopping and F***ing /Alışveriş ve S***ş” (4 noyabr 2009 Yazıçı: Mark Ravenhill Rejissor: Murat Daltaban), “Dotmarsta – Punk Rock” (22 aprel 2010 Yazıçı: Simon Stephens Rejissor: Rıza Kocaoğlu), “Dotkoleksiyonda – Festen/Kutlama” (22 yanvar 2011
Yazıçı: David Eldridge Rejissor: Murat Daltaban) və s. adlarını çəkmək olar.


Sahilə

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR