Məlik Dadaşovun xatirə gecəsi keçirilib
Bizi izləyin

Tabloid.az

Məlik Dadaşovun xatirə gecəsi keçirilib

Məlik Dadaşov ampula anlayışını darmadağın edən aktyorlardandır. Onun üçün janr məhdudiyyəti olmayıb. Sənətkarı maraqlandıran insan idi. Aktyorun hünəri odur ki, insanın daxili aləmini aça bilsin. Məlik Dadaşov bu işin öhdəsindən gəlməyi bacardı.

AzərTAc xəbər verir ki, bu fikrilər dekabrın 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında teatr və kino aktyoru, Xalq Artisti, Dövlət mükafatı laureatı Məlik Dadaşovun anadan olmasının 90 illik yubileyinə həsr edilən xatirə gecəsində səslənib.

Tədbir iştirakçıları əvvəlcə teatrın foyesində sənətkarın həyat və fəaliyyətindən bəhs edən fotosərgi ilə tanış olublar.

Xatirə gecəsini açan Xalq Artisti Hacı İsmayılov Məlik Dadaşovun Azərbaycan teatr və kino sənətinə töhfələrindən danışıb. Bildirib ki, M.Dadaşov təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb. O, həm də gözəl pedaqoq olub.

Sonra M.Dadaşovun yaradıcılığını əks etdirən slaydlar nümayiş olunub.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, xalq artistləri Azərpaşa Nemətov, Lyudmila Duxovnaya və başqaları M.Dadaşovun yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan M.Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, həmçinin kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. Onun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. M.Dadaşov klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçib.

Vurğulanıb ki, “Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində oynayıb.

Qeyd olunub ki, “Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir. Sənətkar “Dəli Kür” bədii filmində böyük ustalıqla molla Sadıqın daxili aləmini açıb.

Görkəmli aktyor “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.

Görkəmli aktyorun Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaq.

Məlik Dadaşov “Özbəkfilm”in istehsal etdiyi “Təyyarələr enmədi” filmində Yəhya, “Moldovafilm”in çəkdiyi “Dmitri Kantemir” ekran əsərində Vəzir, “Belarusfilm”də istehsal olunmuş “Müsahibə götürən adam” filmində Niyazxan rollarında çəkilib.

Xatirə gecəsində M.Dadaşovun rol aldığı film və tamaşalardan fraqmentlər göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm