• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Namizədlər müəyyən olundu – Oskar mükafatı

Namizədlər müəyyən olundu – Oskar mükafatı

Amerika Kino Akademiyası “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar”a namizəd seçilən 9 filmin adını açıqlayıb.

Mükafatı almağa ən iddialı filmlərdən biri hesab olunan türk rejissor Nuri Bilgə Ceylanın “Qış Yuxusu” filmi namizədlər arasına düşə bilməyib.

Namizədlər arasında qonşu Gürcüstan da var. Gürcü rejissor Georgi Ovaşvilinin çəkdiyi “Qarğıdalı adası” filmi namizədlər sırasında yerini alıb. Qısa siyahıda Postsovet məkanından Rusiya və Estoniya da var. Andrey Zvyagintsevin “Leviafan” və Zaza Uruşadzenin “Mandarinlər” filmi doqquzluğa seçilib.

1947-ci ildən bəri verilən mükafatı indiyədək qitələr üzrə 54 dəfə Avropa, 5 dəfə Asiya, 3 dəfə Afrika, 3 dəfə də Amerika qazanıb. Məşhur italyan rejissor Federiko Fellini bu mükafatı 4 dəfə qazanmaqla rekordu əlində saxlayır. “Xarici dildə ən yaxşı film” mükafatını ölkələr üzrə də ən çox İtaliya qazanıb. Bugünədək 66 dəfə təqdim olunan mükafat 11 dəfə bu nominasiya üzrə, 3 dəfə də xüsusi mükafat formasında bu ölkəyə gedib. İtaliya indiyədək 28 dəfə mükafatın namizədləri arasına seçilib.


İsrailin də bu sahədə özünəməxsus rekordu var. Ölkə indiyədək mükafata 10 dəfə namizəd olsa da, “Oskar”ı qazana bilməyib. Portuqaliya isə indiyədək Akademiyaya 30 dəfə müraciət etsə də, heç vaxt namizədlər arasına düşə bilməyib.

Ötən il bu nominasiya üzrə “Oskar” mükafatına 7 filmin namizədliyi irəli sürülərək rekorda imza atılmışdı. Bu il isə 83 ölkə öz filmi ilə Akademiyaya müraciət edib və ötən ilki rekord təzələnib. Qaydalara əsasən, “Xarici dildə ən yaxşı film” nominasiyası üzrə hər ölkədən bir film namizəd ola bilər. Film oktyabrın 1-dək həmin ölkədə hər hansı kinoteatrda 7 gün fasiləsiz nümayiş etdirilməlidir.

Mükafatla bu il bir yenilik də olacaq. Belə ki, indiyədək mükafat filmin rejissoruna təqdim edilsə də, əslində, mükafatı namizəd ölkə təqdim etmiş sayılırdı. Yəni mükafat, əslində, rejissora yox, ölkəyə verilirdi. Ancaq bu il “Oskar” tarixində ilk dəfə qalib gələn filmin rejissorunun da adı “Oskar” heykəlciyinin üzərinə qeyd olunacaq.

Azərbaycan bu il Amerika Kino Akademiyasına “Nabat” filmini təqdim etmişdi. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında çəkilən “Nabat” filmi Qarabağ müharibəsindən bəhs edir. Filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

“Oskar”ı qazanmağa iddialı olan filmlər bunlardır:

Argentina: “Vəhşi hekayələr” – “Wild Tales”, Demyen Szifron

Estoniya: “Tangerines” – “Mandarinlər”, Zaza Uruşadze

Gürcüstan: “Qarğıdalı adası” – “Corn Island”, Georgi Ovaşvili

Mavritaniya: “Timbuktu”, Abderrahmane Sissako

Hollandiya: “Müttəhim” – “Accused", Paula van der Oest

Polşa: “Ida”, Pav Pavlikovski

Rusiya: “Leviafan”, Andrey Zvyagintsev

İsveç: “Fors Major” – “Fors Majeure", Ruben Östlund

Venesuela: “Xilaskar” – “The Liberator”, Alberto Arvelo

Xəbər lenti

DAHA ÇOX XƏBƏR