Məşhur müğənnidən etiraf: “Narkotik maddə istifadə etmişəm”
Bizi izləyin

Tabloid.az

Məşhur müğənnidən etiraf: “Narkotik maddə istifadə etmişəm”

Son günlər Türkiyə şou biznesinə savaş açan məşhur müğənni Niran Ünsal gündəmdən düşmək bilmir. Türk sənətçilərinin 90 faizini pornoqrafik şoularda iştirak etməkdə ittiham edən Ünsal “Hürriyyət” qəzetinə maraqlı açıqlamalar verib. Publika.az Ayşə Armanın aldığı həmin müsahibəni təqdim edir:

- İnsanları mühakimə haqqını haradan alırsınız?

- Mən heç kimi mühakimə etmirəm…

- Necə yəni? “Elə olmasın, belə olsun, o edilməsin, bu edilsin! O qadağan olsun!” kimi şəxsi həyata müdaxilə xarakterli cümlələr işlədirsən. Bunu nə ixtiyarla edirsən?

- Mənim şəxslərə ünvanlanmış ifadələrim yoxdur.

- Necə yoxdur, "Ledi Qaqa gəlməsin" demədin?

- "Geyin gəl" dedim. Pis nə isə söyləmişəm?

- Bu, onun tərzidir. O elə Ledi Qaqa olub. “O vəziyyətdə gəlməsin” demək mühakimə etmək deyil?

- Bəli, qadının tərzi ola bilər, ancaq biz də buna etiraz edirik. Yaxşı ki, sosial media vasitəsi ilə etdiyimiz təzyiq bir işə yaradı. Həmin “Porno Şou”ya 18 yaşdan aşağı olan heç bir uşaq valideynsiz buraxılmadı. Bizim səylərimizlə oldu bu. Siz izləmək istəyə bilərsiniz, ancaq mən istəmirəm. Rədd edirəm.

- Sən rədd et, qoy getmək istəyənlər getsin… Necə dünyagörüşdür bu?

- Analıq hissiyyatıdır bu!

- Mən də anayam…

- Ancaq siz fərqlisiniz. Mən insanlara məsləhət verirəm.

- Bunun nəyi məsləhətdir? “Pornodur gəlməsin!” demək əməlli-başlı qadağanedici təfəkkürdür.

- Yox, “Konsert qadağan edilsin” demədim, “Ledi Qaqa gəlməsin” də demədim. “Geyin, elə gəl” dedim. Mən valideynlərə xəbərdarlıq etməyə çalışıram, çünki bu qadın pornoçudur.

- Maddona da pornoçudur?

- Təbii ki, bir az.

- Rihanna cəhənnəmdə yansınmı?

- Nə əlaqəsi var, mənə nə? Ancaq Miley Cryrus Türkiyəyə gəlməsin. Yəni niyə gəlsin ki? Çox izləmək istəyən varsa, ölkə xaricinə getsin, izləsin.

- Eyni şeyi başqaları sənə etsə, xoşuna gələr?

- Mən heç kimin şüuraltına hökm edən pornoqrafik, erotik, yaxud da tamamilə zorakılığa təşviq edən mesaj vermirəm. Bu insanlar bunu edirlər.

- Doğrudan, bu dediyinə özün inanırsan?

- Necə yəni? Təbii ki, inanıram.

- Biz necə bilək ki, sən bunları diqqət çəkmək üçün etmirsən?

- Heç əlaqəsi yoxdur. Diqqət çəkmək üçün o qədər çox şey var ki – Nişantaşında gəzmək, alış-veriş etmək, Mayamiyə getmək, açıq-saçıq geyinmək, çimərlik geyimində gəzmək.

- Bəlkə, indiki zəmanədə diqqət çəkmək üçün “əxlaq keşikçisi” olmaq ən yaxşı üsuldur?

- Yox, nə əlaqəsi var?

- Özünü əxlaq keşikçisi kimi hiss etdiyin olur?

- Əsla!

- Səncə, bütün bu çıxışlarında anormallıq yoxdur? Sən izmirlisən, sərbəst yaşamış bir qadınsan, indi çıxıb tamamilə fərqli şeylər söyləyirsən…

- Sərbəst? Sərbəst yaşamamışam. Bəli, 19 yaşıma qədər İzmirdə olmuşam. Acaq anamın təzyiqinə məruz qaldım. Anam müəllimə idi. Nüfuzlu qadın idi. Mən valideynləri boşanan üç uşağın ortancılıyam. Heç vaxt sərbəst olmadım. İstanbula gəldikdən sonra yarışmada birinci oldum. Öz həyatımı qurdum, ancaq insanlar məni həmişə mahnılarımla xatırladılar, çox şükür.

- Ancaq indi bu çıxışlarınla xatırlanırsan…

- Nə yaxşı, sevinirəm buna. Qürur duyuram bu cür anılmaqdan. Öldükdən sonra arxamca bəstələdiyim mahnılar kimi, bunlar da qalacaq.

- Nə deyəcəklər?

- Deyəcəklər ki, “Niran musiqi üçün soyunmağa son” kampaniyası başlatdı və bu, çox gözəl kampaniya idi…

- Allah xatirinə, bayaq seksi pozalar verdin. Qolların, çiyinlərin açıq, topuqların maşallah. Bədəninə yapışan dar şalvar. O halında seksuallıq yoxdur?

- Yox!

- Necə yəni yoxdur? Seksuallığın sərhədini kim müəyyən edir?

- Mən porno nümayış etdirmirəm.

- Buna kim qərar verir? Kim “Bu, pornodur, bu, erotikadır” deyir?

- Mütəxəssislər…

- Sən bəzi sənətçiləri və klipləri bəyənməyə bilərsən. Onlar uşaqlara zərərli də ola bilər. Bu barədə fikrini söyləyə bilərsən. Düzdür, fikir və söz azadlığıdır, ancaq “qadağan edilsin, yığışdırılsın, filan saatdan sonra göstərilsin, ölkəyə gəlməsin” kimi qadağanedici təfəkkür nədən qaynaqlanır?

- Yox, inan ki, elə deyil.

- Necə deyil axı! Mən bura, əslində, sənin səmimi olub-olmadığını anlamaq üçün gəlmişəm…

- Niyə səmimi olmayım ki? Olduqca səmimiyəm… Mənim porno məsələsində ittiham etdiyim adamlar var. Həmişə açılıb-saçıldılar. Yaxşı ki, indilərdə edə bilmirlər. Artıq bundan sonra edə bilməyəcəklər də. Keçmişdəki kimi olmayacaq həyat. Türkiyədə bəzi şeylər keçmişdəki kimi olmayacaq.

- Sən də bunun fərqinə varıb indidən ona uyğun davranırsan?

- Təbii ki, yox. Mən musiqi və sənətin daha çox diqqətdə olmasını istəyirəm. Yüzdən çox bəstəsi olan, bəstəkar, şərhçi və prodüser kimliyi olan bir insan kimi danışıram.

- Heç öz keçmiş həyatına tənqidi yanaşmısan?

- Təbii ki. Hər şeyi açıq ürəklə söyləyirəm.

- Məsələn, nələr söyləyirsən?

- Dəfələrlə təkrar etməyin vacib olmadığını düşünürəm.

- Bura qədər gəlmişəm, mənə də söylə…

- Yanlışlarım oldu, insanıq, hamımızın olur. Ancaq mən fərdi xətalarımdan bəhs etmirəm. Sənət dünyasında olanlardan bəhs edirəm.

- Yox, mən məhz fərdi olanlardan bəhs edirəm.

- Şəxsi xətaları danışmağa başlasaq, yığın-yığın şeylər tökərəm ortaya. Heç kimin küçəyə çıxacaq üzü qalmaz. Ancaq madam ki, istəyirsən... mən də hər insan kimi keçmişimdə xətalar etdim.

- Mən də elə bunu demək istəyirəm əslində. İnsan hazırda başqalarına “O qadağan edilsin, bu qadağan edilsin” deyirsə, öncə dönüb özünə və keçmiş həyatına baxmalıdır…

- Mən onlar kimi davranmadım…

- Onlar kimdir?

- Sənət dünyasında hazırda məşhur olan bir çox sənətçi.

- Sən onlara qəzəblisən? Məsələ bundan ibarətdir?

- Türkiyədə sənət və pornoqrafiya bu qədər çox bir-biri ilə iç-içə olmamalıdır. Buna hirsliyəm.

- Kim nə edirsə etsin, sənə nə?

- Elə şey olar? Mən pornonun və zorakılığın hər növünə qarşıyam. Subliminal mesajlardan bəhs edirəm. Təkcə musiqidə də deyil, cizgi filmlərində də, reklamlar da var. Misal üçün bir “çips” reklamı göstərilir indilərdə. Zorakılıq ehtiva edən iyrənc bir reklamdır. “Olduqca böyük, olduqca qalın” və s. deyir. Çipsdən tutun, saç boyasına, avtomobil reklamına qədər bu şəkildədir. Qadının avtomobildən düşməsi, ətəyinin açılması və s. hamısı bizə təlqin etməkdir.

- Bayaq yanlış həyat təcrübələrində qalmışdıq… Sənin də yanlış olduğunu düşündüyün həyat təcrübələrin varmı?

- Bəli, yanlış evliliklərim, yanlış sevgi münasibətlərim oldu… Burada şəxsi xətalardan bəhs etmirik. Sektorda adı tez-tez hallanan bir çoxunun şəxsi xətalarını danışmağa başlasaq, həqiqətən, yer yerindən oynayar.

- Yer yerindən oynasın, nə olar xahiş edirəm!

- Onda “google”a girin, ən məşhur sənətçilər, müğənnilər, ya da manekenlər kimdirsə, adlarını yazın və rəsmlərinə baxın, görüm necə olacaq.

- Onlardan biri də sənsən. Girdim “google”a, sənin adını yazdım, narkotik istifadə etməyinlə bağlı xeyli şey çıxdı.

- Onu keç, şəxsi şeylərdən bəhs etmirik.

- Necə yəni! Hazırda əxlaq keşikçiliyi edən biri keçmişdə narkotik istifadə edirsə, bu barədə danışılmayacaq?

- Bu ölkədə Tarkanı belə aldadırlarsa, nəyi mübahisə edirik ki.

- Tarkan “Ledi Qaqa qadağan olunsun!” deyirmi? Bu cür qadağanedici davranışlar edirmi? Keçmişdə bir çox xətalar etmisən, indi durub…

- Hüquqi məsələ ilə şəxsi məsələni qarşıdırırıq hazırda.

- Yəni sən deyirsən ki, mənim səhvlərim oldu…

- Bəli.

- Narkotik istifadə etmisən?

- Bəli.

- Pis işlər də gördün…

-Bəli. Ancaq mən səhnədə insanların gözü qabağında narkotik istifadə etməmişəm. Ledi Qaqa istifadə edir. Alt paltarı ilə səhnəyə çıxan təlxəkdir o. Lütfən, internetə girib baxın görün nələr etdiyini. Məni belə bir şeylə mühakimə edə bilməzsiniz. Mən öz keçmişimlə hesablaşmış bir qadınam. İstədiyiniz qədər mənə bu cür suallar verin, ancaq məni bu şeylərlə vura bilməzsiniz. Buna icazə vermərəm.

- Bacın sosial şəbəkədə sənin əleyhinə xeyli şey yazdı. Nəticə etibarı ilə bacındı. İnsan nə hiss edir?

- Dünya yaranandan bəri Adəmlə Həvvanın uşaqları Habil ilə Qabilin arasında olan qardaş davaları hamımızın içində tarixi və mənəvi bir yaradır. Verəcəyim cavab sadəcə budur.

- Bacın vəziyyətə və adama görə dəyişən qadın kimi danışır səndən…

- Mənim dövrə görə dəyişən heç bir davranışım olmayıb. Mən hər zaman bu ölkənin bayrağına, Atatürkə, hər cür milli və dini inancıma bağlı yaşayıram. Bura qədər doğrudur, ancaq belə bir həqiqət var: məni tapdalayaraq ortaya çıxmağa çalışanlar bu cür bəzək-düzəkli cümlələr işlədirlər…

- Seda Sayan proqramında “Ancaq sən də belə klip çəkdirdin” dedi və RTÜK Seda Sayana cərimə kəsdi…

- O faktsız və yersiz danışdı.

- Sənə elə gəlmir ki, hökumətə arxalanıb hamıya güc göstərmə mövqeyinə keçmisən?

- Nə əlaqəsi var axı? Mən ildə 80 konsert verirəm, əziz Ayşe Arman. Mən neçə illərdir CHP, MHP və AKP bələdiyyələri üçün konsert verirəm. 20 ildir səhnədəyəm. İllər öncə Ahmet Kayanın mahnısını oxudum, məni PKK-çı elan etdilər, biz ona da “eyvallah” dedik. İndi də deyirlər ki, “Nə oldu? AKP-yə yaltaqlanırsan?”. Elə bir şey yoxdur, mən sadəcə doğru hesab etdiyim şeyləri danışıram.

- Əslində, sənin yaxşı səsin və musiqi karyeran var. Bəlkə, düşünürsən ki, daha yaxşı yerlərə layiqsən?

- Yox, əsla. İldə 80 konsert verirəm. Mən Niran Ünsalam, prodüser, sənətçi və bəstəkar…

- Elə danışırsan ki, sanki, bütün sənətçilər lüt gəzib, sinələrini açır…

- 90 faizi açır.

- Məsələn, Nilufər gəlir ağlıma…

- Allah xatirinə, Nilufəri misal çəkmə. İstisnalar qaydanı pozmaz.

- Sezen Aksu gəlir ağlıma…

- İstisnadır onlar.

- Onda sayım adları, Nükhet Duru, Zerrin Özer, Candan Erçetin, Nil Karaibrahimgil, Işın Karaca…

- Bunlar 10%-in içərisindədir.

- Adlarını çəkdiyim hamını 10%-ə daxil edirsiniz. Həmin vaxt həyat yoldaşı qarışır, Gülşen, Demet, Hande deyir.
-
Hə onlar 90%-in içərisindədir. Handeyə “Madonnanın saxtası” deyilir axı. Çin malı saxta Madonna! Bundan betəri varmı?

- Sən özün üçün danış. Başqalarından sənə nə var?
-
Eyni sektordayıq. Olmaz elə şey.

- Hicab geyinməyinin səbəbi nədir? O jurnal üçün şəkil çəkdirdikdən sonra işlərin artacaq deyə düşündün?

- Danışacağam ancaq sözümü kəsməyəcəksiniz, yaxşı? Son çıxışlarımdan sonra mənimlə bir çox reportaj oldu. O jurnal da mühafizəkar təbəqəyə xitab edən bir jurnaldır. Bütün üz qabıqlarına baxdım. Hamısı qapalı idi. Jurnalın anlayışı odur. Ancaq reportaj üçün mənim başı açıq şəkillərim var…

- Normal həyatda hicabla gəzdiyin olur heç?

- Yox, ancaq Allahın huzuruna çıxıdığım vaxt, təbii ki, hicab geyinirəm. Reportaj zamanı hicablı şəklimi xahiş etdilər. Niyə qırım ki? İllər boyu bu ölkədə manekenlər, sənətçilər bir çox dərgiyə az qala lüt-üryan pozalar verdilər. Heç kim səsini çıxarmadı. İndi mən hicablı şəkil çəkdirən kimi qiyamətmi qopdu?

- Bu danışdıqlarının altında qəzəb var…

- Qəzəb deyil, inciklik deyə bilərik.

- Səni “Dəfnimə gəlməsinlər” deyəcək qədər kim incitdi?

- Bu dünyada və həyatda qədir-qiymətimi bilməyən ən yaxınım olsa belə, gəlməsin. İbrahim mənim həm həyat dostum, həm can yoldaşım, həm həyat yoldaşım, həm atam, həm anam, həm oğlum, həm dostumdur. Ona həmişə deyirəm ki, “səni yeni tanıdığım vaxtlar heç nəyim idin, ancaq indi hər şeyim olmusan!”. Mənim həyatda qalma səbəbim uşaqlarım və həyat yoldaşımdır. Ailəmdən heç kim həyatda qalmayıb. İki bacım var, ikisiylə də görüşmürəm. Onlar da bir-birləri ilə görüşmürlər. Hətta yoldaşıma və yaxın çevrəmə vəsiyyət etmişəm. Çox sadə mərasim istəyirəm ölərkən. Və bacılarımı qətiyyən istəmirəm dəfn mərasimimdə. Torpağa basdırıldıqdan sonra gələrlər, qəbirdə görərlər və s. Sənət dünyasından da heç kimi istəmirəm.

- Məncə, bu ifadə səni ifadə edir. Sən bütün dünyaya “Qədir-qiymətimi bilmədiniz” deyirsən. Psixoloqa heç müraciət etmisən?

- Yox, terapiyaya ehtiyacım yoxdur. Tamamilə pul tələsidir. Ən böyük terapiya bilirsən nədir? İbadət!

- Yaxşı, bütün bunların qarşısını necə ala biləcəyini düşünürsən?

- Tükiyədə internet portallarına, televiziyalara bir sıra qadağalar qoyulacaq. Çünki misal üçün mənim 14 yaşındakı oğluma müəllimi ev tapşırığı verib. O da bunu hazırlamaq üçün internetə girib araşdırma apararkən, üç-beş saniyə sonra pornoqrafiya çıxır qarşısına.

- “Google”dan porno izləndiyini bilmirdim…

- Doğrudan, bilmirsən?

- Allah bəlamı versin ki, bilmirəm…

- Siz reportaj üçün biri ilə yatağa girdiniz, necə bilmirsiniz axı… Adamla yataqda

nə işin var sənin?

- Onda sən mənim yatağa girərək şəkil çəkdirməyimin də qadağan edilməsini istəyirsən.

- Bəlkə “Milli qavrayışı qoruma qanun”nun bir maddəsi sizinlə əlaqəli ola bilər. Bunu mütəxəssislərdən soruşmaq lazımdır.

- Mütəxəssis kimdir?

- Bu işlə məşğul olan, qrup.

- İnsanların sənin səmimiyyətinə şübhə ilə yanaşmaları, səncə, anormal haldır?

- Mənim səmimi olmadığıma inanan çox az insan var. Açığı, onlar da mənim çox vecimə deyil. Mənə maraqlı olan çoxluqdur.

- Yaxşı, misal üçün evləndiyin adamın qəlibinə girən biri kimi xatırlanmaq səni üzmür?

- Haqqımda danışılacaq başqa şey tapmayınca, keçmiş, şəxsi işlərim, xətalarımdan vurmağa çalışırlar. Nə etsinlər yazıqlar?

- Yeri gəlmişkən, 90% dediyin o sənətçilərin albomlarını satın alanlar və onlara pərəstiş edənlər var. Bütün onları dinləyənlər də əxlaqsızdır? Türkiyənin yarısını əxlaqsızlıqda ittiham edirsən?

- Bu, rəqabət sahəsidir. Marketinq hər şeydir. Bir şeyi 10 dəfədən artıq insanlara təlqin edərsinizsə, şüuraltlarına təsir edir.

- İndi də ölkənin yarısını axmaqlıqda ittiham etdin!

- Yox, nə əlaqəsi var ki!

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm